Heydər Əliyevin gördüyü işlər, verdiyi qərarlar, atdığı addımlar bir məktəbdir

Siyasi şərhçi Mübariz Göyüşlü ilə ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrü, onun dövlət siyasəti və zəngin mədəni irsi mövzusunda həmsöhbət olduq.

– Xalqların və dövlətlərin taleyində lider fenomeni və liderlik faktoru mühüm yerə malikdir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyində oynadığı rolu necə dəyərləndirirsiniz?

– Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin taleyinin müəyyənləşməsində, onun inkişafında çox böyük rol oynayıb. Azərbaycan xalqı bunu hörmət və minnətdarlıqla yad edir. Hər bir xalqın inkişafında, nailiyyətlər əldə etməsində, bir dövlətin möhkəmlənməsində, inkişafında, güclənməsində tarixi şəxsiyyətlərin, liderlərin, ictimai-siyasi xadimlərin, ziyalıların çox böyük rolu olur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqlardan biridir ki, onun taleyinə Heydər Əliyev kimi bir şəxsiyyət düşüb, Heydər Əliyev kimi bir fenomen onun liderliyini həyata keçirib, dövlət başçısı olub və rəhbərlik etdiyi dövrdə Azərbaycan inkişafı üçün çox önəmli işlərə imza atıb və həmin işlər də xalqımızın gələcək taleyində, dövlətimizin gələcək inkişafında çox böyük əhəmiyyətə malik olan məsələlər olub ki, biz bu gün onların bəhrəsini görürük.

– 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdıraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Bu mənada Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin bu mərhələsini necə xarakterizə edərdiniz?

– 1990-cı illər Azərbaycan xalqının tarixində, dövlətimizin həyatında ən ağır illərdən idi. Dövlətimiz parçalanmaq ərəfəsində idi. Çox böyük problemlər var idi, xalq ümidsiz vəziyyətdə idi. İstər cənubdan, istər şimaldan separatçılıq meylləri güclənmişdi. Ermənilər bir tərəfdən torpaqlarımızı işğal etmişdi, xalqımızın başına gəlməyən faciələr qalmamışdı və beynəlxalq aləmdən də yetəri qədər dəstək ala bilməyən iqtisadi, siyasi, hərbi və s. baxımdan hərc-mərcliyin baş alıb getdiyi bir zamanda Azərbaycan xalqının ümid yeri Heydər Əliyev oldu və xalq ona müraciət etdi, onu hakimiyyətə dəvət etdi və Heydər Əliyev də ikinci dəfə hakimiyyətə qayıdışı ilə xalqımızı düşdüyü bu çətin vəziyyətdən xilas eləmiş oldu. Onun həmin vaxt siyasi çevikliyi, müdrik qərarlar verməsi, möhkəm iradəsi dövlətimizi parçalanma təhlükəsindən, xalqımızı bu ağır durumdan çıxartdı. Ona görə o, həm də xalqımızın xilaskarıdır. Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin bu dönəmlərində faktiki olaraq mümkünsüz ola bilənləri gerçəkləşdirdi. Mən də o dönəmləri xatırlayıram. Uzun çörək növbələri, ərzaq baxımından, siyasi, iqtisadi baxımdan yaşanan çətinliklər, problemlər və s. bu kimi məqamlarda xalqın ümid yeri ancaq Heydər Əliyev idi. Ona görədir ki, artıq xalq şüarlar və plakatlar tərtib etmişdi “Heydər baba, gəl bizi qurtar” deyə. Bir sıra müraciətlər olurdu və Heydər Əliyev də həmin mərhələdə hakimiyyətə gələrək, Azərbaycan adlı gəmini məhvolma təhlükəsindən xilas etdi.

– Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi bilavasitə dövlətimizin gələcəyi üçün önəmlidir. Bu baxımdan, bu irsin ölkəmizin perspektivində, milli dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində rolunu necə dəyərləndirərdiniz?

– Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, bu irsin gələcək nəsillərə ötürülməsi əlbəttə çox önəmli, strateji bir məsələdir. Çünki onun çox böyük, nəhəng fəaliyyəti var idi və böyük bir həyat təcrübəsinə malik idi. Heydər Əliyevin gördüyü işlər, verdiyi qərarlar, atdığı addımlar, etdiyi çıxışlar hər biri bir məktəbdir. Öyrənilməlidir və öyrənilir də. Bunlar Azərbaycanın tarixinin önəmli bir parçasıdır. Heydər Əliyev Azərbaycan xalqının tarixində xüsusi yeri olan bir dövlət xadimidir. Onun irsinin öyrənilməsi və gələcəkdə lazımi məqamlarda tətbiq olunması dövlət və dövlətçiliyimiz baxımından önəmlidir. Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizin qorunmasına çox böyük əhəmiyyət verirdi. By baxımdan onun irsinin təbliği həm də elə milli-mənəvi dəyərlərin təbliği deməkdir. Heydər Əliyev verdiyi qərarlarda hər zaman Azərbaycan xalqının adət-ənənələrini, keçmişdən gələn mədəni-mənəvi irsini, dəyərlərimizi nəzərə alırdı. Bu məsələlərə çox böyük əhəmiyyət verərək, daim qərarlarında, fəaliyyətində bu məqamları əks etdirirdi. O baxımdan, düşünürəm ki, bu gün Heydər Əliyevin irsi yetəri qədər öyrənilir, təbliğ edilir, bundan sonra da bu istiqamətdə çalışmalar aparmaq lazımdı və Heydər Əliyevin irsinin təbliği Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, inkişafı, Azərbaycan xalqının gələcək inkişafını təmin etmək baxımından çox önəmlidir.

– Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edildi. Bu əhəmiyyətli hadisənin mahiyyəti haqqında nə deyə bilərsiniz?

– Heydər Əliyevin 100 illiyinin elan olunması çox əhəmiyyətli bir hadisədir. Biz izləyirik ki, çox müxtəlif rəngarəng tədbirlər, toplantılar, simpoziumlar keçirilir, kitablar nəşr edilir, müzakirələr, aksiyalar təşkil olunur. Ən müxtəlif peşə sahələrinə, ən müxtəlif yaş qruplarına mənsub insanlar bu tədbirlərdə çıxışlar edirlər. Heydər Əliyevin fəaliyyəti ən müxtəlif aspektlərdən təbliğ, təhlil olunur. Onun nəhəng fəaliyyəti Azərbaycan xalqına, geniş ictimaiyyətə çatdırılır. Onun gördüyü işlər, bu işlərin mahiyyəti Azərbaycan dövlətinin inkişafına səbəb ola qərarları, addımları, təhlil olunur. Əslində Heydər Əliyevin fəaliyyəti ilə bağlı hər zaman Azərbaycanda çalışmalar və fəaliyyətlər olmuşdur. Sadəcə olaraq, bu il xüsusi olaraq 100 illiyinin olması səbəbiylə çalışmalar daha da geniş bir formatda keçirilir. İlin sonuna qədər bu çalışmalar davam edəcək və təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da bu Heydər Əliyev ilinə həsr edilən tədbirlər keçirilir. Heydər Əliyevin fəaliyyəti təbii ki, tək Azərbaycanla bağlı deyil, türk dünyası, MDB ölkələri, Avropa ölkələri və s. digər xarici ölkələrdə, təşkilatlarda onun fəaliyyətləri, çalışmaları xatırlanır və biz bu istiqamətdə əcnəbilərin zaman-zaman fikirləri ilə də tanış oluruq. Bəli, Heydər Əliyev məhz belə bir şəxsiyyət idi ki, onun fəaliyyəti çox geniş idi. Bu anlamda Azərbaycan prezidentinin bu ili “Heydər Əliyev ili” elan etməsi çox təqdirəlayiqdir. Düşünürəm ki, xalqımız öz böyük oğlunun 100 illik yaşam tərzini, siyasi çalışmalarını, dövlət başçısı kimi verdiyi qərarlarını, nəhəng şəxsiyyət kimi atdığı bütün önəmli addımlarını, məsələləri bu il çərçivəsində geniş təhlilini və təqdimatını təşkil edəcək. Bu da çox önəmli bir məsələdir.

– Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz yeni nailiyyətlərə imza atır. Azərbaycanın indiki reallıqlarını və perspektivi necə qiymətləndirirsiniz?

– Heydər Əliyevin əsasını qoyduğu siyasəti prezident İlham Əliyev çox uğurla davam etdirir. Heydər Əliyev tərəfindən zamanında əsası qoyulan məsələlərin bu gün əksəriyyəti gerçəkləşdirilir. Ən əsas məsələ: Heydər Əliyev torpaqlarımızın işğaldan azad olunması üçün elə bir özül, Azərbaycan xalqı üçün elə bir miras qoydu ki, biz 2020-ci ildə 44 günə bu problemi həll etmiş olduq. Heydər Əliyev həmişə inanırdı ki, Azərbaycan torpaqları işğaldan azad olunacaq, bu istiqamətdə çalışırdı. O, istər xaricdə, istər daxildə bu istiqamətdə daim təbliğat aparırdı, çıxışlar edirdi, ordumuzu modernləşdirirdi, xalqımızın imkanlarını genişləndirirdi, dövlətin iqtisadi siyasətini gücləndirdi. Onun vəfatından sonra bu işlər İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildi. Heydər Əliyev məktəbinin layiqli məzunu, davamçısı olan İlham Əliyev bu gün bu işləri çox yüksək səviyyədə icra edir və Azərbaycan artıq bölgənin, Cənubi Qafqazın ən güclü dövlətdir. Azərbaycan regionda və dünyada qlobal məsələlərlə bağlı aktiv rol oynayan bir dövlətdir. Azərbaycan 1990-cı illərdə başı öz problemlərinə qarışan, öz problemlərini belə həll etmək gücündə və imkanında olmayan bir dövlət səviyyəsindən gəlib bu gün regional və qlobal problemlərin həllində aktiv rol oynayan bir dövlət səviyyəsinə çıxıb. Məhz Heydər Əliyevin o zamanlar gördüyü işlərin uğurla davam etdirilməsinin nəticəsidir. İstər beynəlxalq təşkilatlarda, istər beynəlxalq konfranslarda Azərbaycan öz layiqli sözünü deyir, təkliflərini verir və bir sıra problemlərin həllinə nail olur. Eyni zamanda daxili siyasətlə də bağlı görülən işlər təbii ki, Heydər Əliyevin əsasını qoyduğu işlərdir ki, bu gün uğurla davam etdirilir. Mən inanıram ki, gələcəkdə də bu siyasət uğurla davam etdiriləcək və Azərbaycan inkişaf etməyə davam edəcək, daha da güclənəcək, dünyada öz sözünü deyən dövlətlərdən birinə çevrilməyi bacaracaq və Azərbaycan xalqı öz imzasını dünya xalqları içərisində layiqli şəkildə atmaqda davam edəcək.

Röyalə Xəyal