Hüquqşünas hakimdən Ombudsmana şikayət etdi – MƏTN

Bakı Apellyasiya Məhkəməsinin hakimi mətbuata qarşı “Yapı Kredi Bank”a tərəfkeşlik edir?

Artıq bir neçə aydır ki, “Yapı Kredi Bank Azərbaycan” QSC ilə “Qafqaz Xəbər Agentliyi” MMC və  Araz Kərəm oğlu Məmmədov arasında məhkəmə çəkişməsi gedir.

Məlumdur ki, hansısa şirkət müəyyən bir KİV-də gedən hər hansı məlumata görə məhkəməyə müraciət edə bilər və bu da həmin şirkətin, yaxud şəxsin təbii haqqıdır. Lakin bu məhkəmə çəkişməsində “Qafqaz Xəbər Agentliyi” MMC-nin saytlarında yox, başqa KİV-lərdə gedən yazıların məhz Qafqaz Xəbər Agentliyinə aid “Facebook” səhifəsində paylaşılması müzakirə olunur. Agentlik və  Araz Məmmədovun hüquqlarını qoruyan hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov isə bu günlərdə Bakı Appelyasiya Məhkəməsində üzləşdiyi hallarla bağlı Azərbaycan Respublikası Ombudsmanı, İnsan Hüquqları Üzrə Müvəkkili Elmira Süleymanovaya məktubla müraciət edib.

Həmin müraciətin mətnini oxuculara təqdim edirik:

Azərbaycan Respublikası Ombudsmanı İnsan Hüquqları Üzrə Müvəkkili Elmira xanım Süleymanovaya


Ş  İ  K  A  Y  Ə  T

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vüqar Təvəkkül oğlu Həsənovun qanunazidd hərəkətlərindən

Azərbaycan Konstitusiyasının 47-ci maddəsinə əsasən, Azərbaycanda hər bir vətəndaş söz və fikir azadlığı hüququna malikdir. Həmçinin, “KİV haqqında” Qanunun 1-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.

“Yapı Kredi Bank Azərbaycan” QSC “Qafqaz Xəbər Agentliyi” MMC tərəfindən onun  “İşgüzar nüfuzuna zərər vuran məlumatların “Facebook” səhifəsində paylaşdığına görə üzr istənilməsi, həmin məlumatların səhifədən çıxarılması tələbinə dair iddia ərizəsi ilə 5 may 2017-i il tarixdə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdi. Bank iddiasında “Qafqaz Xəbər Agentliyi”ni və Məmmədov Araz Kərəm oğlunu cavabdehlər qismində məsuliyyətə cəlb edilmələrini məhkəmədən tələb etmişdir .

Əslində iddiaçı bank özü Facebook səhifəsində paylaşılan məlumatların mənbələrini ərizəsində göstərmişdir ki: cavabdeh “Qafqaz Xəbər Agentliyi” özünün facebook səhifəsində 30.03.2017-ci il tarixdə: “365info.az” saytında verilmiş 21.03.2017-ci il tarixli “Yapı Kredi Bank” Azərbaycanın başını qara buludlar alıb, Nüanslar”; 31.03.2017-ci il tarixdə isə: “365info.az” saytında verilmiş 28.03.2017-ci il tarixli “Yapı Kredı Bank Azərbaycan” Anar Məmmədovu məhkəməyə verib?-Araşdırma”; “Azerbaycaninfo.az” saytında verilmiş 2015-ci il tarixli ”Yapı Kredi Bank Azərbaycan” vətəndaşları necə aldadır?”; “Anaxeber.az” saytında verilmiş 15.09.2016-cı il tarixli “Fətulla Gülənin Azərbaycandakı gizli bankı-“Yapı Kredı Bank Azərbaycan”ın əsl sahibi kimdir?-ÖZƏL”; “Teref.info” saytında verilmiş 20.10.2016-cı il tarixli “Daha bir bank bağlanır-“Yapı Kredı Bank Azərbaycan” İDDİA”; “Ölkə.az” saytında verilmiş 17.04.2015-ci il tarixli “Yapı Kredı Bank Azərbaycan” müştərilərini aldadır-FOTOFAKT” başlığı altında yazılan məlumatları paylaşmışdır. Cavabdeh “Qafqaz Xəbər Agetliyi”- qafqaznews.az  məlumatları yoxlamadan, həmin məlumatları hazırlayan saytlarla və ya “Yapı Kredı Bank”dan məlumatların həqiqiliyini öyrənmədən paylaşmışdır ki, bunun da bankın işgüzar nüfuzuna xələl gətirdiyini əsas gətirmişdir.

İddiaçı birinci instansiya məhkəməsindən Qafqaz Xəbər Agentliyi və Məmmədov Araz Kərəm oğlunun üzərinə “Yapı Kredi Bank”dan rəsmi qaydada üzr istəməsi, özünün şəxsi facebook səhifəsindən bank haqqında qərəzli, həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatların çıxarılması və Agentliyin “Facebook” səhifəsində və qafqaznews.az internet portalında bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılmasının qadağan edilməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul etməyi tələb etmişdir.

İddiaya cavab olaraq Qafqaz Xəbər Agentliyi “KİV haqqında” Qanunun tələblərini pozmadığına və Məmmədov Araz Kərəm oğlunun isə agentliyə aidiyyətinin olmaması barədə müvafiq sənədləri təqdim etməklə iddianın əsassız və qanunazidd olduğunu məhkəməyə bildirmişdir.

Nərimanov rayon Məhkəməsində araşdırma zamanı hakim Qanunun tələblərinə uyğun olaraq cavabdeh olmayan tərəfi – Qafqaz Xəbər Agentliyini əsl cavabdehlə, yəni ilkin mənbə kimi məqalələri dərc etmiş saytlarla əvəz etməyi iddiaçı “Yapı Kredi Bank”a təklif etdikdə, bankın nümayəndəsi bundan imtina edərək, tələblərinin ancaq Qafqaz Xəbər Agentliyin olduğunu bildirmişdir. Bu isə iddiaçının özünün qərəzli mövqedə olduğuna dəlalət edir.

İddiaçı bank qafqaznews.az saytını və Məmmədov Araz Kərəm oğlunu da cavabdehlər qismində məhkəməyə cəlb olunmalarını təkidlə məhkəmədən tələb etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir.

Məhkəmədə hakimin “Məmmədov Araz Kərəm oğlunun adını hardan götürüb iddiada göstərmisiniz?” sualını iddiaçı bankın nümayəndəsi Hacıyev Aydın belə cavablandırmışdır: “İnternetdə dərc olunan yazılara görə. Həmin vaxt saytlarda “Mətanət A” şirkətinin onu məhkəməyə verdiyi barədə yazılar gedirdi” (?).

Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyev 03.07.2017-ci il tarixli qətnaməsi ilə “Yapı Kredi Bank”ın cavabdehlər Qafqaz Xəbər Agentliyi və Məmmədov Araz Kərəm oğluna qarşı “işgüzar nüfuza zərər vuran məlumatların dərc edilməsinə görə üzr istənilməsi, həmin məlumatların çıxarılması” tələbinə dair iddianı rədd etmişdir.

Həmin Qətnamə ilə razılaşmayan iddiaçı “Yapı Kredi Bank” apellyasiya şikayəti vermişdir.

Apellyasiya Məhkəməsinin hakimi Vüqar Təvəkkül oğlu Həsənov şikayəti qismən təmin edərək, yeni qətnamə ilə agentliyin üzərinə iddiaçıdan üzr istənilməsi həvalə etməklə özünün şəxsi Facebook səhifəsindən “Yapı Kredı Bank” haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatlar çıxarılmaqla, özünün şəxsi “Facebook” səhifəsində və qafqaznews.az internet portalında “Yapı Kredi Bank” haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılmasının qadağan edilməsini qət etmişdir.

Hakim Vüqar Həsənov bu qətnaməsi ilə Qafqaz Xəbər Agentliyinin qanunvericilikdə nəzərdə tutulan maddi və prosessual hüquqlarını pozmuşdur. Qətnamədən açıq-aşkar görünür ki, “Yapı Kredi Bank”a aid olsa da, lakin 1-ci instansiya mənkəməsində araşdırılmayan və iddiaya heç bir aidiyyəti olmayan materiallar işə əlavə olunaraq, onlardan sübut kimi istifadə edən hakim qətnaməsini bu yolla əsaslandırmağa çalışmışdır..

Belə ki, hakim Vüqar Həsənovun qətnamədə göstərdiyi, aşağıdakı xüsusatların heç biri bankın iddia ərizəsində göstərilməmişdir və 1-ci instansiya məhkəməsinə təqdim olunmamışdır.  Mülki Prosessual Məcəllənin 372-ci Maddəsinə əsasən: Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır”.

Qətnamədə göstərilən:

– “İşin materiallarında olan “Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(060)-506/2017 saylı qərardadından məlum olur ki, “Yapı Kredı Bank Azərbaycan” QSC-in “Cumhuriyyet.az” internet informasiya portalına qarşı iddia ərizəsi iddiaçının ərizəsi əsasında baxılmamış saxlanmışdır.

İş materiallarına əlavə edilmiş “cumhuriyyet.az” saytının 12 dekabr 2016-cı il tarixli çıxarışından məlum olur ki,… …“Yapı Kredi Bank Azərbaycan” bitir: FƏTÖ ittihamı maliyyə problem yaradıb” başlığı altında…” və iddiaya aidiyyəti olmayan məqalənin uzun-uzadı məzmunu. (səh.6, abz.1);

1-A). Yenə eyni ilə “İş materiallarında olan 20 oktyabr 2016-cı il tarixli “anaxeber.az” saytından çıxarışdan məlum olur ki, “Yapı Kredı Bank Azərbaycan bitir: FƏTÖ ittihamı maliyyə problemi yaradıb” adlı məqalə dərc olunmuşdur və göstərilmişdir ki, “cumhuriyyet.az”-a daxil olan məlumata görə…” (səh.7, abz.4);

–  “…qafqaznews.az saytında isə 21 mart 2017-ci ildə yayımlanmışdır” (səh.7, 1-ci sətir);

–  “…qafqaznews.az saytında isə 29 mart 2017-ci ildə yayımlanmışdır” (səh.7, abz. 1);

–  “İşin materiallarında olan Ağdam rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(13)-1618/2017 saylı qətnaməsindən məlum olur ki, cavabdehlər “politika.az” informasiya agentliyi… Qətnamənin məzmunundan müəyyən olunur ki, politika.az rəsmi internet portalında “dollardan ən çox qazanan bank faş oldu: FƏTÖ-çu “Yapı Kredı Bank” haqqında iddialar” adlı məqalə dərc etmişdir.” (səh.8, abz.1);

–  Və yenə eynilə: “Bundan başqa, Ağdam rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(13)-1618/2017 saylı qətnaməsindən məlum olur ki, cavabdeh “politika.az” informasiya agentliyi … “dollardan ən çox qazanan bank faş oldu: FƏTÖ-çu “Yapı Kredı Bank” haqqında iddialar” adlı məqalə dərc etmişdir” (səh.9, abz.3);

–  “İşin materiallarında olan məqalədən müəyyən edilir ki, mülki iş üzrə məhkəmə icraatı dövründə-24 oktyabr 2017-ci ildə Qafqaz Xəbər Agentliyinə məxsus “qafqazxeber.az” saytında “Yapı Kredı Bank Azərbaycan” müştərilərini aldadır-FOTOFAKT” adlı məqalə yenidən oxşar məzmunla yayımlanmış və məqalədə digər mənbəyə istinad göstərilməmişdir” (səh.8, abz. 3) – bu məqalə barədə iddia ərizəsində göstərilməmişdir;

–  “İş materiallarında olan Teref.info tərəfindən 20.10.2016-cı il tarixdə dərc olunmuş və 31.03.2017-ci il tarixdə Qafqaz Xəbər Agentliyinin facebook səhifəsində yayımlanmış “Daha bir bank bağlanır-“Yapı Kredı Bank Azərbaycan” adlı məqalənin… …“cumhuriyyet.az” saytının 12 dekabr 2016-cı il tarixli “Yapı Kredı Bank Azərbaycan” haqda yazılanlar təsdiqini tapmadı” başlıqlı məqaləsi ilə  20 oktyabr 2016-cı il tarixdə yayımlanan “Yapı Kredi Bank Azərbaycan” bitir: FƏTÖ ittihamı maliyyə problemləri yaradıb”  başlığı altında yer alan yazıda  məqalə…” (səh.9, abz. 1) QEYD: yayımlanan məqalə ilə təkzib olunan məqalənin başlıqları və mətni eyni deyildir.;

–  “Məhkəmə Kollegiyası bu nüansla bağlı bildirir ki, …21 və 29 mart 2017-ci il tarixlərdə isə qafqaznews.az saytında yayımlanmışdır.” (səh.10, abz.2) – bu məqalələrə dair iddia ərizəsində göstərilməmişdir.

İddia ərizəsinə əlavə olmayan və 1-ci instansiya məhkəməsində araşdırılmayan bu sənədlər, heç apellyasiya məhkəməsində də rəsmi qaydada təqdim olunmamış və cavabdeh tərəfə də bildirilməmişdir.

İddiaçının ərizəsində göstərilməyən, iddia tələbi irəli sürülməyən yazıların qafqaznews.az saytında 21 və 29 mart 2017-ci il tarixlərdə dərc edilməsinin, həmçinin Apellysiya məhkəməsinin öz qətnaməsində göstərdiyi kimi “…məhkəmə icratı dövründə-24 oktyabr 2017-ci ildə Qafqaz Xəbər Agentliyinə məxsus qafqazxeber.az saytında “Yapı Kredi Bank Azərbaycan” müştərilərini aldadır – FOTOFAKT” adlı məqalə yenidən oxşar məzmunla yayımlanmışdır” faktının 5 ay sonra qafqazxeber.az saytında dərc edilməsinin Qafqaz Xəbər Agentliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində 30-31 mart 2017-ci il tarixlərdə başqa mənbələrdən götürmüş olduğu 6 məlumatı paylaşmasına dair iddiaya əsassız birləşdirən hakim nə qədər haqlıdır?

İddiaçı bankın Qafqaz Xəbər Agentliyinə qarşı iddia ərizəsində bu məqalənin olmadığı halda Agentlik məsuliyyət daşımalıdırmı?

“Kütləvi informasiya vasitələri haqqında” Qanunun “Təkzib, düzəliş və cavab vermək hüququ”nu müəyyənləşdirən 44-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslər həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

Həmin Qanunun “Təkzib, cavab və düzəliş verilməsi qaydası”nı təyin edən Maddə 45.-in 6-cı hissəsinin 5-ci bəndində göstərilmişdir ki: “Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər: məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə”.

İddiaçı “Yapı Kredi Bank” isə “Qafqaz Xəbər Agetliyi”nin 30-31 mart 2017-ci il tarixlərdə paylaşdığı yazılar barədə agentliyin redaksiyasına ümumiyyətlə müraciət etməmişdir. 05.05.2017-ci il tarixdə, yəni 1 aydan çox müddət keçdikdən sonra isə məhkəməyə müraciət etmişdir.

Apellyasiya Məhkəməsinin Qətnamədə göstərilmişdir ki: “…qafqaznews.az internet portalında “Yapı Kredi Bank” haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılması qadağan edilsin”.

Qafqaz Xəbər Agentliyinin özünün facebook səhifəsində paylaşdığı hər hansı bir məlumata görə “qafqaznews.az” saytı məsuliyyət daşımır və daşıya bilməz. Mülki iş üzrə cavabdehlik daşımayan və daşıması mümkün olmayan “qafqaznews.az” internet portalına gələcəkdə hər hansı bir əməli törətməyi Apellyasiya məhkəməsinin qadağan etməsi hansı qanuna uyğundur?

Bundan başqa,  qətnamədə Qafqaz Xəbər Agentliyindən özünün şəxsi Facebook səhifəsindən ”məlumatların çıxarılması” tələbi isə qanunvericilikdə nəzərdə tutulmamışdır.

Qətnamədə göstərilir ki: “Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli,… …20 oktyabr 2016-cı il tarixli “anaxeber.az” saytında dərc olunmuş “Yapı Kredi Bank Azərbaycan bitir: FƏTÖ ittihamı maliyyə problemləri yaradıb” adlı məqalənin Qafqaz Xəbər Agentliyi tərəfindən 31.03.2017-ci ildə facebook səhifəsində yayımladığı üçün  “Qafqaz Xəbər Agentliyi” MMC-in üzərinə “Yapı Kredi Bank” QSC-dən üzr istənilməsi…” (səh.11, abz.5).

20 oktyabr 2016-cı il tarixdə “anaxeber.az” saytı belə başlıqlı bir məqaləni dərc etməyib və Qafqaz Xəbər Agentliyi 31.03.2017-ci ildə facebook səhifəsində paylaşmadığı halda hakimin bütün bunları nəyin müqabilində öz qətnaməsinə yerlşdirməyi və Qafqaz Xəbər Agentliyinin üzərinə üzr istənilməsi vəzifəsini qoymaq üçün belə bir üsuldan istifadə etməsi məhkəmənin nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vüqar Təvəkkül oğlu Həsənovun sədrliyi ilə 14.11.2017-ci il tarixdə qəbul edilmiş 2(103)-9831/2017 saylı qətnamənin ləğv edilməsi barədə Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki  İşlər  Üzrə  Məhkəmə  Kollegiyasina Qafqaz Xəbər Agentliyi tərəfdən kassasiya şikayəti verilmişdir.

Hörmətli Elmira xanım,

Göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vüqar Təvəkkül oğlu Həsənovun hərəkətlərini qanunazidd olmaqla qanunsuz məhkəmə aktı qəbul edərək ölkəmizin azad mətbuatının fəal bir nümayəndəsi olan “Qafqaz Xəbər Agentliyi”nin pozulmuş hüquqlarının bərpa edilməsində öz səlahiyyətinizlə müdaxilə etməyinizi Sizdən xahiş edirik.

Hörmətlə, baş hüquqşünas İlqar Abbasov