Mənsum İbrahimov: “Muğam ciddi musiqidir, bütün kütlə üçün deyil” – MÜSAHİBƏ
Azərbaycan muğam sənəti, sözün həqiqi mənasında, könül oxşayan, ruhu təsəlli edən bir xəzinədir. Bu xəzinənin hər zərrəsi özündə əsrlərin hikmətini, xalqımızın keçdiyi yolun ağrı-acısını və sevinclərini daşıyır. Muğam yalnız bir musiqi deyil, həm də həyat fəlsəfəsidir; zaman və məkan məhdudiyyətlərini aşaraq, insan qəlbinin dərinliklərinə nüfuz edir. Bu fəlsəfənin ən incə sirlərini ifadə edərək bizlərə çatdıran sənətkarlar isə muğamın canlı tarixçiləridir.
Bu gün sizə həmin sənətkarlardan biri ilə söhbətimizi təqdim edəcəm. Mənsum İbrahimov – Azərbaycan muğam səhnəsinin parlaq ulduzu, sözün əsl mənasında, Məcnun obrazının müasir dövrümüzdəki təcəssümü. Hər kəsin sevdiyi, səhnədəki güclü xarizması ilə muğama can verən bu sənətkar illərdir ki, səsləndirdiyi hər muğamla yaddaşlarda silinməz iz buraxır. Lakin Mənsum müəllim təkcə ifaları ilə deyil, həm də gənc nəsillərə muğamı öyrətməklə, gələcəyin xanəndələrini yetişdirməklə seçilir. Sözü çox uzatmadan, onunla etdiyimiz səmimi söhbəti sizə təqdim edirəm.
– Mənsum bəy, bu yaxınlarda birindən belə bir fikir eşitdim: “Muğam məndə narahatedici duyğular oyandırır, çox dinləyə bilmirəm”. Onu “kədərli” adlandıranlar da var. Siz muğamı necə təsvir edərsiniz?
– Maraqlı sualdır… Muğam fəlsəfədir. Belə bir deyim var: “Muğamı yetkin beyin qəbul edir”. İnsanın yaşı az olanda daha çox hərəkətli musiqilərə diqqət edir. Həyatı hələ tam dərk etmədiyinə görə daha çox dinamikanı sevir. Müəyyən yaş dövrü gəlir və insan həyatı dərk etdikcə hərəkətlərinə, geyiminə, oturuşuna-duruşuna, danışığına daha çox fikir verir. Yetkinləşdikcə artıq daha ciddi musiqilərə qulaq asır. Biri də var ki, həmin mühitdə böyüyürsən. Məsələn, mən Ağdamda böyümüşəm. Gözümü açandan muğamın içində olmuşam, onunla tərbiyələnmişəm. Muğam Azərbaycanın keçdiyi bütün tarixi özündə əks etdirir. Muğam özü bir əxlaq, tərbiyədir. Muğam Azərbaycan xalqının bütün tarixi ənənələrini özündə əks etdirən musiqi janrıdır. Musiqimizin kökü 2 janrdan ibarətdir: aşıq musiqisi və muğamımız. Təbii ki, onun üzərində sonradan musiqi janrları əmələ gəldi, amma musiqimizin əsas kökü bu iki janrdan ibarətdir. Muğam mənim üçün həyatdır, həyat dərsidir. Mən özümü muğamsız təsəvvür edə bilmirəm, çünki bütün ömrümü ona həsr etmişəm. Muğam insanı mənən təmizləyir, kamilləşdirir. Muğam ifaçıları ilə başqa janrın ifaçılarının geyimlərinə, hərəkətlərinə, səhnədəki performanslarına baxın. Burda tamam ciddilik var, çünki muğamın yazılmamış qanunları var. O da bundan ibarətdir: “Ustaddan şagirdə”. Ailəni düşünün, bir ailədə ata olur, necə ki övlad atadan tərbiyə götürür, adət-ənənələri öyrənir. Muğam bir dəryadır. Sadəcə olaraq hər kəs oradan gücü çatan bir damcını götürə bilir. Muğam bizim milli, tükənməyən sərvətimizdir.
– Əvvəlki dövrlərin muğam ənənələri ilə çağdaş dövrün muğam ənənələri arasında hansı fərqlər var?
– Fərq təbii ki, zamandadır. Məsələ budur ki, texniki baxımdan inkişaflar var. Baxışlar eynidir, amma əvvəl sosial şəbəkələr yox idi, insanların zamanı çox idi. Ona görə oturub saatlarla dinləyirdilər. Qarabağda, Bakıda, Şirvanda muğam məclisləri olurdu. Məsələn, Qarabağda “Məclisi-üns” olub. Burada şairlər yığışar, öz yeni şeir və qəzəllərini oxuyarmışlar. Xanəndələr də həmin qəzəllərdən ifa etməyə başlayarlarmış. Muğam, şeiriyyatla bağlı müzakirələr gedərmiş. Dövr onu tələb edirdi, amma bu gün yanaşma tamam fərqlidir. İndi insanların səbri də yoxdur, meydan da yoxdur. Gənc muğam ifaçılarımız haqlı şikayət edirlər ki, müəllim, muğamı öyrənmişəm, bu dəstgahı harada oxuyum? Meydan yoxdur. Televiziya efirlərinə gedirsən, üç-beş dəqiqə vaxt verir. Bəzən deyirlər ki, muğamı qısa et. Yenə də bizim böyük salonlarımız var. Bu gün dövlətimizin milli musiqimizə çox böyük diqqət və qayğısı var. Xüsusi olaraq Heydər Əliyev Fondunun. 2004-cü ildən – Heydər Əliyev Fondu yaranan gündən bizim milli musiqimizə, muğamımıza böyük diqqət ayrıldı. Deyərdim ki, muğamımızın ikinci inkişaf dövrü başladı. 2005-ci ildən Muğam Televiziya Müsabiqələri, 2009-cu ildən başlayaraq Beynəlxalq Muğam Festivalları başlandı. Bu günə qədər 8 Muğam Televiziya Müsabiqəsi, 6 Beynəlxalq Muğam Festivalı keçirilib. Onun nəticəsində də bizim onlarla gənc ifaçılarımız sənətə gəlib. Artıq bir çoxunun fəxri adları var. Otuzadək muğam müsabiqəsi qalibi ana televiziyamızda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş rollar oxuyurlar. Eyni zamanda müsabiqədə qalib olan Azərbaycan Milli Konservatoriyası tələbələri bu gün artıq burda müəllimdir. Bizimlə çiyin-çiyinə ustad kimi fəaliyyət göstərirlər. Onlar artıq bizimlə bərabər Azərbaycanın milli musiqisini həm Azərbaycanın daxilində, həm ölkəmizdən kənarda layiqincə təmsil edirlər.
– Mənsum bəy, müsabiqələrdən söz düşmüşkən, bəziləri düşünür ki, müsabiqələr arasındakı fasilə uzun olmalıdır, 2 il çox azdır. Bu bu haqda siz necə düşünürsünüz?
– Burda fərqli yanaşmalar var. Müsabiqəni keçirən təşkilat Heydər Əliyev Fondudur. Biz də icraçıyıq. Hər dəfə insanlar deyirdilər ki, yəqin bununla bitdi, bir daha yaxşı ifaçı olmayacaq. 2 il keçir, baxırıq ki, yenidən gözəl ifaçılar gəlir. Çünki ölkəmizin potensialı çox böyükdür. Müxtəlif bölgələrdən gözəl ifaçılarımız yetişir. Əvvəldən regional mədəniyyət idarələrinə məlumat verilir, ifaçılar müraciət edirlər, gedib bölgələri gəzirik və seçimləri orada edirik. Harda gözəl səslər varsa, seçib Bakıya gətiririk. Nəticədə iyirmiliyi seçirik və 3 ay ərzində onu canlı efirlə xalqımıza təqdim edirik. Xalqımızın gözünün önündə həmin ifaçılar həftəbəhəftə formalaşır. Əslində onların hamısı yaxşıdı, amma kim daha çox öz üzərində çalışır, daha çox zəhmətkeşdir, öz müəllimi ilə daha çox çalışırsa, nəticədə o qalib olur. Bu, xalqın gözü önündə baş verən prosesdir. Seçilən ifaçıların hamısı bu gün meydandadır. O demək deyil ki, seçilməyənlər zəifdir, xeyr. Sadəcə hər adam gərginliyə dözə bilmir. Müsabiqə ağır imtahandır. Hər həftə yeni repertuar, qəzəllər, muğamlar, təsniflər… Təbii ki, ağırdır. Həmin müsabiqələrin bu gün bizə çox böyük xeyri oldu. Mən bütün muğam ustadları adından Mehriban xanım Əliyevaya təşəkkür edirəm ki, bu gün muğamımızın inkişafında bizə müstəsna dəstəyi var. Onun nəticəsində bu gün bizim muğamımız ən yüksək intibah dövrünü yaşayır.
– Müğənni Mənsum İbrahimov, yoxsa xanəndə? Hansı Mənsum İbrahimovu daha düzgün təsvir edir?
– Təbii ki, ikisi də eyni ifadədir, amma mən xanəndəyəm. Xalq məni xanəndə kimi qəbul edir.
– Gənc ifaçılar yetişdirirsiniz, müasir gənclərin muğama olan münasibətini necə dəyərləndirirsiniz? Sizcə, muğam müasir dövrdə öz populyarlığını itirmir?
– Muğam öz populyarlığını heç vaxt itirə bilməz. Muğam dəb musiqisi deyil. Muğam fəlsəfədir, ciddi musiqi janrıdır, bütün kütlə üçün deyil. Onun dinləyiciləri var. Bu hər zaman belə olub. Yüksək səviyyəli, həyatı dərk edən, yetkin beyni olan insanlar, ziyalılarımız, muğam sevərlərimiz muğamı dinləyiblər. Bütün dünyada bu proses gedir ki, bayağı musiqi baş alıb gedir. Çox təəssüf ki, özəl kanallarımız da buna yol açıb. Bu, gənclərimizin zövqünü korlayan böyük problemdir. Geniş diskussiyalar da gedir, hələ ki bunun qarşısını almaq olmur. Düşünürəm ki, nə vaxtsa ciddi senzura olacaq. Bunun başqa yolu yoxdur. Yaxşı yerə getmir. Gənclərimizin zövqü ilə bərabər onların əxlaqına da ciddi təsir edir. Çox şit, bayağı sözləri olan, yad musiqilər, məzmunsuz musiqilərə sosial şəbəkələr, özəl kanallar yol açır. Həmişə belə görmüşük ki, televiziyada nə göstərilirsə, deməli bu, yaxşıdır, keyfiyyətlidir. Sovet vaxtında hər şeyə – kino, serial, musiqilərimizə senzura, nəzarət olub. Təəssüf ki, bu gün özəl kanallarda bu yoxdur. Ümumiyyətlə cəmiyyətə mənfi təsir göstərir.
– Görürəm ki, bir sənətkar kimi bu məsələ sizi çox narahat edir.
– Bu, hamımızı narahat edir. Bütün ziyalılarımızı. Bilirsiniz bizə nə qədər zənglər edirlər? Bütün ziyalılarımız, tarixçilərimiz, muğam sevərlərimiz deyirlər ki, bu hara gedir? Bunun bir sonu olmalıdır.
– Bu vəziyyətin qarşısının alınması üçün nə təklif edərdiniz?
– Bir ara televiziyalarda bədii şuralar yarandı, amma formal olaraq qaldı. Heç bir təsiri olmaldı. Ümumi nəzarət üçün bir şura yaradılmalıdır ki, onun bütün kanallara, sosial şəbəkələrə nəzarət etmək imkanı yaransın və təsiri olsun.
– Müəllimlik fəaliyyəti sizə nə verir, eyni zamanda, sizdən nə alır?
– Müəllimlik mənim üçün çox müqəddəs peşədir. Hər kəs müəllim ola bilməz. Çox adam dərs deyir, hər dərs deyən müəllim ola bilməz. Bizim sahəmizdə bizim məhsulumuz ifaçıdır. Mənim bir tərifim var: “Başqasının uğuruna sevinə bilən insan müəllim ola bilər”. Burda hər kəs iddialıdır, istedadlı insanlar gəlirlər. Biz onları ifaçı kimi yetişdirib cəmiyyətə göndəririk. Ona görə də əgər müəllimin içində eqoistlik varsa, o, tələbəni yaxşı yetişdirə bilməyəcək. Eqoistlik ona imkan verməyəcək. Bu gün mən tələbələrimlə, yetirmələrimlə fəxr edirəm. Artıq onlarla dövlət tədbirlərinə, konsertlərə gedirik. Tələbələrimin uğuruna öz uğurumdan çox sevinirəm. Ona görə müəllimlik mənim üçün çox ali bir şeydir. Eyni zamanda müəllimliyin faydalı cəhəti odur ki, hər gün o muğamları təkrar edirsən, mütaliə edirsən, tələbəylə bərabər oxuyursan. Bu sənə çox şey verir. Özünü də mükəmməlləşdirir, öyrədir. İnsan ömrünün sonuna qədər öyrənir. Heç kim heç vaxt deyə bilməz ki, mən mükəmmələm, hər şeyi bilirəm. İnsan doğulandan dünyasını dəyişənə qədər öyrənir. Həyat budur. Bəs məndən nə alır? Zamanımı alır. İnsan əgər öz sənətini sevmirsə, onun üçün işgəncədir. Mən sənətimi sevdiyim üçün bu, mənə zövq verir. Mən öyrətməkdən və öyrənməkdən zövq alıram.
– Xarici səfərlərdə çox olursunuz, muğamımıza münasibət necədir?
– Hər millətin öz milli musiqisi çox maraqlıdır. Bizim musiqimiz, muğamımız çox zəngindir. Dünyanın harasında olsaq da, əgər ifaçı peşəkardırsa, onun ifası dinlənilir. Azərbaycanın muğamı dünyanın hər yerində maraqla qarşılanır, sevilir. Mən bunun dəfələrlə şahidi olmuşam ki, bütün muğam ustadlarımızı necə qarşılayıblar.
– Xarici tamaşaçıların yadınızda qalan reaksiyalarından danışa bilərsiniz?
– Çox olub belə hadisələr. Məsələn, 2011-ci ildə Kopenhagendə Womex musiqi festivalı keçirilirdi. Həmin festival hər il bir ölkədə keçirilir. “Qarabağ” muğam qrupu olaraq Azərbaycanı təmsil edirdik. 30 ildir muğam qrupum var. “Qarabağ” muğam qrupunun digər üzvləri Xalq artisti Elçin Həşimov (tar), əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovdur (nağara). Biz orda 45 dəqiqə çıxış etdik. Dostum Emin Musavi də aparıcı idi. Orda danimarkalı jurnalist azərbaycanlıların əlindəki kiçik bayraqlarımızdan birini aldı və dizini yerə qoyub bayrağımızı öpdü. Dedi ki, belə musiqisi olan xalqın qarşısında baş əyirəm. O zaman biz qürur hissi keçirdik. Hardasa 10 il olar ki, Latviyada konsertdə idik. Latviyanın prezidenti orda iştirak edirdi. Sonra bizi qəbul etdi və dedi ki, mən sizə qulaq asdım. Sözləri təbii ki, anlamırdım, amma mənə belə gəldi ki, bu Yer musiqisi deyil, kosmik musiqidir. Qətərdə mədəniyyət günlərində “Leyli və Məcnun”u göstərirdik. Qətərin mədəniyyət naziri səhnənin arxasına gəldi və Nəzakət xanımla, mənimlə görüşdü. Bizə baxdı və dedi ki, sözlərini anlamadım, amma siz ikiniz də məni dəfələrlə ağlatdınız. Bu, bizim musiqimizin, muğamımızın gücüdür. Onu ağladan bizim muğamımız, musiqimizin təsiridir. Demək istəyirəm ki, doğrudan da Azərbaycanın milli musiqisi, bizim muğamımız çox zəngindir, bəşəri bir musiqidir. Qədim olduğu qədər də müasirdir. Muğamımız hər ifaçı ilə yenilənir, hər ifaçı muğama bir nəfəs gətirir.
– Azərbaycan teatrında Məcnun rolunu dəfələrlə canlandırmısınız. Sizcə, Məcnun obrazı muğam sənətində hansı dərin mənaları simvolizə edir?
– İstər Leyli obrazı, istər Məcnun obrazı ifaçı üçün bir zirvədir. Xanəndələr üçün ən zirvədir. Hər xanəndə arzulayır ki, heç olmasa bir dəfə Məcnunu ifa etsin. Mənim də bəxtimə yazılıb. 1993-cü ildən bu günə qədər Məcnunu ifa edirəm. Məni operaya Şövkət Ələkbərova aparıb. Asəf Zeynallı adına Musiqi Kollecində üçüncü kurs tələbəsi idim. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı Respublika Muğam Müsabiqəsi keçirildi. Müsabiqədə birinci yeri tutdum. Həmin müsabiqədə Şövkət xanım, Gülağa Məmmədov və Nəriman Əliyev münsif idi. Mənim səsim Şövkət xanımın çox xoşuna gəlmişdi. Həmin ildən Şövkət xanımın məsləhəti ilə məni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə götürdülər. Artıq 31 ildir ki, opera səhnəsinin Məcnunuyam. Bununla da fəxr edirəm. Təbii ki, artıq fəal səhnədə deyiləm. İldə bir və ya iki dəfə oxuyuram. Gəncləri aparmışıq ora, amma tamaşaçı bizi də istəyir. Ona görə, ildə bir, ya iki dəfə ustad dərsi kimi tamaşanın yarandığı gün Nəzakət xanım Teymurova ilə tamaşanı oxuyuruq. Yeri gəlmişkən, 2025-ci il yanvarın 11-də – tamaşa yarandığı gün Nəzakət xanımla “Leyli və Məcnun”u oxuyacağıq.
– Qısa müddət öncə Məcnun obrazını tələbələrinizdən olan Orxan Hüseynlinin ifasında dinləmişəm. Onu səhnədə izləmisiniz?
– Bəli.
– Səhnəmizin “Məcnun”u və Orxan bəyin müəllimi olaraq onun səhnəsi haqqında nə düşünürsünüz?
– Orxan mənim ən gözəl tələbələrimdəndir. Çox gözəl ifaçıdır. İnanıram ki, onu qarşıda daha böyük uğurlar gözləyir. Orxan Respublika və Beynəlxalq Muğam Müsabiqələrinin qalibidir. Mənim yetirməmdir. Onun gələcəyinə böyük ümidlər bəsləyirəm.
– Müsahibələrinizin birində “Biz “Qarabağ” adını haralara aparmadıq. Hər yeri gəzirdik, öz torpağımıza gedə bilmirdik” deyə bir ifadə işlətmisiniz. Qarabağ ifalarınızda dünyanı gəzdi. Şükür ki, torpaqlarımızı azad etdik. Getdiniz və Qarabağı gördünüz, amma necə gördünüz?
– Bu, çox ağrılı sualdır. 30 il səsi qazandığım torpağa həsrət qaldım. 2020-ci il noyabrın 20-də Ağdam “Dəmir Yumruq”un sayəsində qayıtdı. Allah bütün şəhidlərimizə rəhmət etsin! Bütün qazilərimizə can sağlığı versin! Allah Ali Baş Komandanımızı qorusun! Biz, müzəffər ordumuzun sayəsində torpaqlarımızı qaytardıq. Ağdam qayıdandan 5 gün sonra öz yetirməm, əməkdar artist Təyyar Bayramovla Ağdama getdim. Təsəvvür edin, möhtəşəm şəkildə qoyub çıxdığımız Ağdam yoxdur. Bildiyimiz xarabaya döndəriblər. Biz məscid var, onun da sanki “skeleti” qalmışdı. Vandallar orda heyvan saxlamışdılar, heç yaxşı vəziyyətdə deyildi. Bir gözümüz güldü, bir gözümüz ağladı. Sevindik ki, torpağımız qayıdıb, torpağımızın üstündəyik. Ürəyimiz qan ağlayırdı ki, Ağdam xarabalığa dönüb. Mən məscidə daxil oldum, ömrümdə ilk dəfə azan verdim. Heç vaxt azan verməmişdim. Allaha bir təşəkkürüm idi ki, torpağımız qayıdıb. O hissi bir dəfə Kəbədə yaşamışdım. İlk dəfə mədəniyyət günlərinə gedəndə Kəbəni ziyarət etdik, Məkkəyə daxil oldum və Kəbə qarşıma çıxdı. Həmişə televiziyadan, şəkillərdən görmüşdüm, amma ilk dəfə canlı qarşısında dayanmışdım. Dedim, Allahım, sən məni hara gətirib çıxartmısan. O hissi ikinci dəfə Ağdamda keçirdim. Ondan 3 gün sonra Hikmət Hacıyev xarici səfirləri Ağdama aparanda məni də dəvət etdi. Dram teatrının uçuq binasının qarşısında xarici səfirlərə konsert verdim. İlk dəfə Ağdamda konserti də mən verdim, məsciddə azanı da. Bu, mənim qismətimə yazılmışdı. Şükür bu günə ki, artıq Qarabağımız sürətlə inkişaf edir, qurulur. Artıq orda xeyli insan məskunlaşıb. İnanıram ki, az vaxtda Qarabağın əvvəlki şöhrəti özünə qayıdacaq və ora yenə də çal-çağır, muğam mərkəzi olacaq.
– Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. Bəs, özümüzdə?
– 2004-cü ildən, Heydər Əliyev Fondu yaranan gündən muğamımızın yeni inkişaf dövrü başladı. Muğama müxtəlif vaxtlarda müxtəlif münasibətlər olub. Məsələn, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində ölkədə bir xaos var idi. Birinci Qarabağ müharibəsi, məcburi köçkünlərimiz, separatçıların hərəkətləri və başqa hadisələrin təsiri ilə muğama diqqət yox səviyyəsinə endi. Amma 1993-cü ildən Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra bizim muğamımıza diqqət dəyişdi. Heydər Əliyev Fondu yaranandan sonra artıq muğam layihələri başladı. Fond tərəfindən muğama dəstək başladı. Bu gün arxamızda dövlətimizi hiss edirik. Xüsusi olaraq Heydər Əliyev Fondu deyərdim ki, muğamımızın himayəçisidir. Bizi hər zaman hər yerdə dəstəkləyir.
– Xalqın münasibətini necə dəyərləndirirsiniz?
– Xalqın münasibəti həmişə əla olub. Bu, bizim xalqın musiqisidir, kənardan gətirməmişik. Xalq həmişə muğamı dəstəkləyib. Xalqın həmişə muğama ehtiyacı olub, hər zaman dinləyib. Bütün bölgələrdə bu belə olub, xüsusilə də deyərdim ki, Qarabağ, Şirvan, Bakı, Şimal, Lənkəran və başqa bölgələrdə. Xalqımız həmişə yüksək münasibət bəsləyib. Sadəcə olaraq müxtəlif vaxtlarda vəziyyətdən asılı olaraq muğama münasibət fərqlənib. Keçirilən muğam müsabiqələrinin nəticəsində bu gün gənclərimizin muğama olan axını yüksək səviyyədədir.
– Əvvəllər muğam toylarda yaşadılırmış. Artıq muğam dəstgahlarımız toylarda oxunmur. Necə oldu ki, bu adət-ənənə unuduldu?
– Bax, bu yaralı yerimizdir. Çox təəssüflər olsun. Çox doğru vurğulayırsınız, bu gün muğamlarımız toylarda çox az ifa olunur. Bakı kəndlərində, Qarabağ, Şirvan, Lənkəran bölgələrində müəyyən yerlərdə bu adət qalıb. Çox təəssüf ki, çox azdır. Xanəndələr dəvət olunurlar, amma dəstgah şəklində çox çətindir. Gənclərimizə meydan lazımdır. Bu sənət unudulmamalıdır, yaşamalıdır. Bu sənət bizim tariximizi özündə əks etdirir. Bu sənət bizim əxlaqımız, tərbiyəmizdir, yeni qəzəliyyatımız, yeni şeiriyyatımızdır. Düşünürəm ki, hər kəs buna diqqət etməlidir. Ən azı hər kəs öz övladının toyunda buna diqqət edə bilər. Mən demirəm ki, müasir 4-5 saatlıq toylarda ancaq muğam dəstgahı oxusun. Bu, mümkünsüzdür, çünki toyun bir ssenarisi var. Yenə də bəzi bölgələrdə muğam ifaçılarının dəvət olunması yaxşı haldır.
Qiymət Mahir