Azərbaycan danışıqlarda diqtə edən tərəf rolunda çıxış edir

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri  yerinə yetirməkdən başqa yolu yoxdur.

Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş 9 noyabr üçtərəfli razılaşmanın müddəalarının icra vəziyyəti artıq Avropaya daşınıb. Məsələ Soçi görüşündən sonra Brüsseldə, lakin fərqli formatda müzakirəyə çıxarılıb. Bu dəfə  Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə bəyənat qəbul edilib. Sənəddə Ermənistan tərəfinin iddia etdiyi “status” məsələsinə birmənalı olaraq toxunulmayıb, üstəlik ölkəmizin maraqlarına cavab verən bir sıra nüanslar əksini tapıb.  Bəyənata görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki liderə Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib. Hər üç liderin ortaq məqsədi regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli iki üçtərəfli bəyanat çərçivəsində götürülmüş əsas öhdəliklərə əməl ediləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş anlaşmaların reallaşmalı olduğunu təsdiqləyiblər. Prezident Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra gərginliyin azaldılmasını təmin etmək üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirib. Xüsusilə, Prezident Mişelin köməkliyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin uğurla qurulması vurğulanıb. Bu mexanizm gələcəkdə baş verə biləcək insidentlərin qarşısını almağa və yerdə gərginliyin azaldılmasına kömək etməklə müsbət təsir göstərə bilər. Aİ Şurasının Prezidenti Şarl Mişel əsas humanitar məsələlərin həllinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan tərəfindən bu yaxınlarda saxlanılan on erməninin azad edilməsini və bütün qalan mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsini alqışlayıb. O, hər iki tərəfin humanitar jestlərinin etimadı gücləndirdiyini və sülhə və barışığa doğru irəliləyiş üçün əlverişli mühitin yaradılmasına kömək etdiyini qeyd etməklə yanaşı, digər saxlanılanların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli kimi bütün qalan humanitar problemlərin tam və tez həllinə çağırıb. Aİ humanitar minatəmizləmə səylərini, həmçinin, ekspert məsləhəti və münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və rekonstruksiyaya dəstək verməyə davam edəcək. Aİ həmçinin Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə davam edəcək. Prezident Əliyev və Baş nazir Paşinyan razılaşıblar ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılması kontekstində yerlərdə gərginliyin azaldılması və danışıqlar üçün əlverişli mühitin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır. Prezident Mişel həm İrəvanı, həm də Bakını fəal şəkildə xoş niyyətlə təmasda olmağa və gərginliyin azaldılması istiqamətində işləməyə çağırıb. O vurğulayıb ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasının vacib elementidir. Aİ hər iki ölkəyə texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini dəstəkləmək üçün ekspert missiyası- məsləhətçi qrupu təqdim edəcək. Aİ Şurasının Prezidenti Şarl Mişel, həmçinin, bütün ölkələrin suverenliyinə tam hörmət edilərək Ermənistan və Azərbaycan arasında xüsusilə də Cənubi Qafqaz kommunikasiya infrastrukturunun bərpasının vacibliyini vurğulayıb. Qarşılıqlılıq prinsipi əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə, dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb. Maraqlıdır, Brüssel görüşü 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli  üçtərəfli razılaşmaların icrasına hansı töhvəsini verəcək?

xxx

Millət vəkili Vüqar Bayarmov bildirib ki, Bəyanatda bir sıra vacib məqamlar diqqəti çəkir. Əvvəlla, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında əhatəli sülh müqaviləsinin bağlanmasını dəstəkləyir və marağını ifadə edir. İkincisi, Brüssel də ötən il noyabrın 9-da bağlanmış üçtərəfli razılaşmada nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin tərəfdarıdır. Üçüncüsü, Avropa İttifaqı iki ölkə arasında birbaşa müzakirələrin təşkilində maraqlıdır və Müdafiə Nazirlərinin qarşılıqlı fikir mübadiləsinin təşkilini əlaqələndirmək niyyətindədir. Dördüncüsü, bəyanatda Ermənistan tərəfindən mina xəritələrinin tam təqdim olunması və itkin düşənlər ilə bağlı məsələlər də xüsusi qeyd olunur. Avropa İttifaqı həmçinin minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir. Beşincisi, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətindəki səylər Brüssel tərəfindən dəstəklənir və ittifaq bu məsələdə aktiv olmaq niyyətindədir. Altıncısı, Avropa İttifaqı ölkələrin suverenliyi gözlənilmək şərti ilə regionda kommunikasiyaların yenidən bərpasını dəstəkləyir: “Vətən Müharibəsində əldə edilən Zəfərdən sonra regionda formalaşan yeni düzəni artıq aparıcı ölkələr də qəbul edirlər. Bəyanatdan göründüyü kimi, Avropa İttifaqı sülh müqaviləsinin imzalanması və bütövlükdə regionda dayanıqlı stabilliyinin formalaşmasında yaxından iştirak etmək niyyətindədir. Son bəyanat  və eləcə də iki tərəfli görüşdə müzakirə olunan məsələlər bir daha təsdiq edir ki, regionda kommunikasiyaların yenidən bərpası sadəcə zaman məsələsidir. Zəngəzur Dəhlizinin məhz dəhliz statusu ilə bərpası məsələsində Azərbaycanın mövqeyi daha da güclənməkdədir: regionda olan bütün dəhlizlərə bir yanaşma olmalıdır və olacaq. Son proseslər göstərir ki, daha yaxın zamanlarda Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa quru nəqliyyat əlaqəsinin reallaşması mümkün olacaq.  Proseslər isə hərtəfli sülh müqaviləsinin imzalanmasına doğru gedir”.

xxx

Millət vəkili Sahib Alıyev hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın ötən il noyabrın 10-da imzaladığı təslimçilik aktında üzərinə götürdüyü bütün öhdəlikləri  yerinə yetirməkdən başqa ayrı yolu yoxdur. Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan  və  Ermənistanın dövlət başçıları  arasında keçirilən görüşün nəticəsi haqda rəsmi bəyanatı məhz bundan xəbər verir:  “Sənəddə  açıq şəkildə vurğulanır ki,  Avropa Birliyi  üçtrəfli Bəyanatda nəzərdə tutulan öhdəlikərin yerinə yetirilməsini,  Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, bununla bağlı birbaşa danışıqlara başlanmasını, minalanmış ərazilərinin xəritələrinin tam təqdim edilməsini, itkin düşmüşlərlə(birinci Qarabağ savaşı zamanı bizim 4 minə yaxın belə soydaşımız olub) bağlı dəqiq bilgilər verilməsini istəyir. Brüssel səhrədlərin dəqiqləşdirilməsinin də tezləşdirlməsinin tərəfdarıdır və bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır. Ermənistanın baş naziri Nikol Paşinyan özünə xas populistliklə bunu qələbəsi kimi  təqdim etməyə çalışsa da,  dəhliz məsələsində də Avropa Birliyinin sərgilədiyi mövqe bununla bağlı indiyə kimi stol üzərində olan digər təklifdən açıq deməliyik ki,  Azərbaycanın maraqları baxımından daha əlverişlidir. Paşinyan dəhlizdən danışarkən burada gömrük və sərhəd qaydalarına əməl olunacağını vurğualıyır. Amma onun açıqlamasında həmən qaydaların  tərəflərin suverenliyinin qarşılıqlı gözlənilməsi şərtilə tətbiq ediləcəyi də öz əksini tapıb ki, bu da  Prezident İlham Əliyevin Zəngəzur dəhlizində Ermənistan gömrük postu və sərhəd məntəqəsi qurduğu halda Azərbaycanın da  Laçın yolunda da oxşar addım atmaq haqqının olduğu haqda tələbinin yerinə yetirilməsi deməkdir. Və bu, o deməkdir ki, Ermənistandan Qarabağa gələnlərlə gətirilənlər artıq Rusiyanın oradakı hərbi kontingentinin deyil, Azərbaycan sərhədçi və gömrükçülərinin kontrolundan keçəcək.  Beləliklə, Brüssel danışıqlarından və danışıqların sonunda  Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin rəsmi açıqlamasından gəldiyim nəticə bundan ibarətdir ki, rəsmi Bakının  xarici siyastətdəki balanslı davranışı  postkonflikt dönəmində də davam edəcək. Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur və olmayacaq. Və əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək istəsə, ümumiyyətlə vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə olduğu kimi danışıqlarda da dominant və diqtə edən tərəf rolunda Azərbaycan çıxış edir, edəcək. Onu da qeyd edim ki, bəziləri  Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsini gözdən salmaq üçün Zəngəzur dəhliziylə Laçın yolunun eyni status daşımasının guya Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinin gələcəkdə Ermənistanın bir hissəsi sayılması təhlükəsini yaratdığını bildirirlər.  Sərsəmləmədir. Bütün dünya, Rusiya özü də Prezidenti səviyyəsində Qarabağın da Naxçıvan kimi  Azərbaycan torpağı olduğunu deyir. Hətta Paşinyan belə arada buna eyham vurur. Və bir də heç kəs yaddan çıxarmasın ki,  Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsi dedikdə söhbət ətrafında Azərbaycan ordusunun iyrimiyə yaxın hərbi hissəsinin, yüzdən artıq döyüş-xidmət postunun və yaxın gələcəkdə yüz minlərlə  soydaşımızın yerləşəcəyi torpağımızdan gedir”.

Alim

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP