Rəsmi Ankara bölgədəki siyasətin köklü dəyişməsinə qərar verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri bir çox mətləbləri üzə çıxartdı. Ərdoğan, iranlı həmkarı Həsən Ruhani ilə Suriya böhranını, İraqdakı vəziyyəti, eləcə də İraqın kürd muxtariyyətinin “müstəqillik haqqında referendumu”nun nəticələrini müzakirə etməklə yanaşı, həm də gələcəkdə qarşılıqlı iqtisadi yaxınlaşmanı da önə çəkdi. Amma səfərin məqsədi, təkcə sadaladığımız məsələlərdən ibarət olmadığını dolayısı ilə təsdiqləyir. Dünyanın diqqətini çəkən və başçılıq etdikləri ölkələrin burnunun ucunda baş verən kənar müdaxilələrə qarşı yəqin ki, birgə tədbirlər planı nəzərdə tutulub.
Türkiyə ilə İran münasibətlərinin mövcud vəziyyəti bir daha təsdiqləyir ki, əlaqələr tarixə həkk olunmuş ziqzaqvari ənənəyə tam uyğundur. Hazırda münasibətlərdə yaxınlaşma getdikcə daha çox hiss olunur. Buna bir neçə səbəb olsa da, bölgədəki qeosiyasi vəziyyət iki mühüm dövlətin eyni mövqedən çıxış etməsini qaçılmaz edir. Hələ 2011-ci ildən Ankara ilə Tehran arasında ciddi anlaşılmazlıqlar özünü büruzə verməyə başlamışdı. Bölgə siyasətində iki dövlət tərs-mütənasib yanaşmalar sərgiləməklə, demək olar barışmaz rəqibə çevrildilər. Tehran israrla Ankaranın Suriya problemindəki mövqeyi ilə barışmayaraq, açıq bəyan etdi ki, Türkiyə səhv yoldadır və buna görə tezliklə peşman olacaq. Əlbəttə ki, rəsmi Ankara da bununla razılaşmayıb müəyyən etdiyi kursa davam etdi. 2016-cı ildən bəri Türkiyənin siyasi elitası, Yaxın Şərq məsələsində açıq-aydın Amerikanı tənqid edərək, sabiq prezident Barak Obamanı böyük bəlaların cavabdehi kimi ittiham etdi. Faktiki olaraq, Ankara özünün yanlış kursda olduğunu dolayı yolla etiraf etdi.
Rusiyanın iştirakı ilə Astana prosesi heç də asan başa gəlmədi. Lakin davamiyyət Qərbin münasibəti fonunda çoxlu ümidverici alternativlərin olduğunu göstərdi. Bunun da nəticəsi olaraq, Ankara ilə Tehran bir-birinin sözünə və əməlinə diqqətlə yanaşmağa başladılar.
Hazırki durumda Suriya və İraqda vəziyyət nisbətən sabitləşsə də, qarşıdan gələn təhdidlər bölgə məmləkətlərini ümumi rislkərlə bağlı vahid mövqedən çıxış etməsini aktuallaşdırır. Kürdüstan problemi Ankara ilə Tehranı ümumiyyətlə yaxınlaşmağa məcbur edir. Artıq iki qonşu dövlətin müdafiə nazirləri qarşılıqlı səfərlər etməklə, hərbi-texniki sahədə öz ölkələrini birliyə aparırlar. ABŞ və İsrail İraqın parçalanmasını gizlətmədən dəstəkləyirlər. Bu isə, region ölkələri üçün böyük təhlükədir. Bir halda ki, Vaşinqton və Təl-Əviv bölgədə köklü dəyişikliklərin baş verməsinə şərait yaradırlar, o zaman İran, Türkiyə və digər məmləkətlər gözəl analayırlar ki, sözügedən dəyişikliklər böyük ərazidə parçalanmaya təkan vermək məqsədi güdür. Yəni, Yaxın və Orta Şərqin siyasi xəritəsinə yeni hökmlər verilir və bundan irəli gələn cərəyanlar heç də ürəkaçan olmayacaq.
Təxminən beş il əvvəl Ankara Amerikanın narahatlığına şərik olaraq, şiə zolağının güclənməsindən ehtiyatlanaraq, Qərb koalisiyasının ortaya qoyduğu plana kortəbii şəkildə “hə” demişdi. Lakin indi Türkiyə anlayır ki, Qərb və onun yaxın müttəfiqləri təkcə şiə amilinə qarşı deyil, ümumiyyətlə gələcəkdə güc mərkəzinə çevrilə biləcək ölkələrin hamısına qarşı məxvi plan çızıb. Türkiyə özü də Qərbə təhlükə törədən amillər sırasına daxil edilib. Vəziyyətdən belə görünür ki, Ankara artıq bu məxfi planın reallığına şübhə etmir və bölgədəki siyasətin köklü dəyişməsinə qərar verib.
Ümumi təhlükələr indi İranla Türkiyəni getdikcə bir-birinə yaxınlaşdırır. Artıq iki ölkənin ali rütbəli hərbçiləri Ankara və Tehrandaki görüşləri zamanı çəkinmədən siyasi ruhlu açıqlama və bəyanatlarla çıxışlar da ediblər. Bu qonşuların strateji yaxınlaşmaya üstünlük verdiyini göstərir. Rəcəb Tayyib Ərdoğanın Tehran səfəri təkcə ikitərəfli münasibətlərdə deyil, eləcə də bölgə siyasətində yeni nizamın yaranmasında həlledici rol oynayacaq. Ümumi razılaşmalar, Qərb koalisiyasiı ilə İsrailin birgə planlarının qarşısının alınmasında ciddi rol oynaya bilər. Çox guman ki, bunu Rusiya da istəyir. Çünki hazırda ən böyük narahatlıq oturuşmuş dövlətlərin parçalanması ilə əlaqəlidir. Məmləkətlərin dağılması baş alıb gedərsə,böyük xaos qaçılmaz olacaq. Təxribatları işləyib ortaya atan tərəflər bu qaynar məkandan uzaq olduqları üçün özlərini rahat hiss edirlər. Onlar Şərqi atəşə qərq etməklə, yürütdükləri geosiyasəti şah əsər kimi bəsləyib gerçəkləşdirmək niyyətindədirlər.Bu isə nə Türkiyəyə, nə İrana, nə Rusiyaya və nə də digər bölgə ölkələrinə lazım deyil…
Tofiq Abbasov