Etibar Əliyevin yarıtmaz layihəçiliyi, çörək-çörəkçi məsələsi və Prezidentin bütün fitnələri kəsən bir sözü… Aydın QULİYEV yazdı…
Pis və yaxşı fikirlər olmur, fikirlərin pis və yaxşı təqdimatı olur. Jurnalistlərin binası ətrafında Etibar Əliyevin böyük qalmaqal yaratmış təklifi kimi. Orda-burda guya kiminsə sifarişini yerinə yetirmək məcburiyyətində qaldığını söyləməklə, özünə haqq qazandırmağa çalışsa da, artıq mənasızdır, qatar gedib, ölkənin həssas sosial qrupları arasında sarsılmaz həmrəyliyin mövcudluğunu və bunun daha çox mənəvi prinsiplər üzərində qurulduğunu bütün dünyaya bir daha göstərmək şansını buraxdıq, müstəsna dövlətçilik əhəmiyyəti kəsb edə biləcək bir ideya kobud, vulqar və qıcıqlandırıcı təqdimatın qurbanı oldu.
Jurnalistlərin binasının qazilərə və şəhid ailələrinə verilməsi barədə Etbar Əliyevin ilk yazısı yayılan anda artıq uzaqgörən adamların heç birinə sirr deyildi ki, ideya çox dərin qıcıq yaradacaq, çat verəcək. Ona görə yox ki, jurnalistlərin mənzillərinin digər həssas təbəqə təmsilçilərinə verilməsi ideyası özlüyündə qıcıqlandırıcıdır. Ona görə ki, ideya çox ziyanlı, zəkasız və siyasi fəhmsiz üslub və tonla təqdim edilmişdi. Təsəvvür edirsinizmi, Prezidentin çağırışı ilə bir can kimi qucaqlaşaraq erməni gülləsinin qarşısına çıxan, bir-birlərinin yolunda hər şeylərini qıymağa hazır olan jurnalistlər və qeyri-jurnalist döyüşçü-hərbçilər dünənki silah yoldaşına MƏNZİL güzəşt edə bilməyəcək dərəcədə hərislik həddinə gəlmişdilər. Beş ay, ya bir il sonra paylanılacaq mənzili gözünə almadan nə qədər jurnalistlərimiz könüllü və ya ümumi səfərbərlik xətti ilə müharibəyə getdilər. Onlar həmin anda mənzil haqda yox, öz ailələri haqda yox, hamımızın vətəninin azad edilməsini düşünürdülər. Şəhid olanlar da oldu, yaralı qazi kimi qayıdanlar da. Həmin günlərdə erməni gülləsinin, mərmisinin üstünə birlikdə atılmağa hazır olan döyüşçü jurnalistlər və qeyri-jurnalist döyüşçülər, hərbçilər bir-birindən heç nəyi əsirgəməyən bir vəhdət halında idilər. Eyni sözləri arxa cəbhədə öz peşə qabiliyyətlərini döyüşən əsgərlərimizin qələbə çağırışlarına tam uyğunlaşdırmağa çalışan jurnalistlərimiz haqqında da demək olar. Həmin günlərdə jurnalist və hərbçilərimiz bir nəfər kimi görünürdü, nə mənzil, nə sənin, nə mənim kimi mübahisələrə heç ehtimal da verilə bilməzdi. Azmı oldu ki, həmin günlərdə Gəncədən, Tərtərdən, Bərdədən erməni raketlərinin məcburi köçkün etdiyi çoxlu sayda vətəndaşımız Bakıda qəbul olundular, kimsənin təşkilatçılığı ilə yox, vicdan, soydaşlıq və vətən təəssübkeşliyinin təhriki ilə qəbul olundular. Onlar lap aylar, illərlə burada qalmalı olsaydılar, kimsə onlara verdiyi sığınacaqları geriyəmi alacaqdı? Əsla… Neçə jurnalistimiz öz mənzilində tanıdığı, tanımadığı “raket köçkünlərinə” sığınacaq verməyə hazır idi, dəvətlər səslənirdi…
Bəs nə baş verdi ki, cəmi 8-9 ay əvvəl bir-birinə hətta canını qurban etməyə hazır olanlar indi mənzil üstündə “mənim-sənin” mübahisəsinə düşdülər? Axı onlar dünən səngərdə birinə tuşlanmış erməni gülləsinə öz sinəsini verməyə hazır olan qardaşlar deyildilərmi? İndi onların biri qazi kimi, gözü yaşlı şəhid ailəsi kimi, o biri isə mənzil gözləyən jurnalist kimi bir-birinə xor baxanlar oldular. Daha doğrusu, onları belə etmişdilər…
Etibar Əliyevin siyasi fəhmsizlik və naşılıqla təqdim etdiyi ideya onları bu duruma salmışdı. Təbiidir ki, jurnalistlər də, qazi və şəhid ailələri də mənzil haqqına mübahisəsiz şəkildə sahibdirlər. Ancaq birinin haqqını başqasının haqqına girməklə ödəmək şəklində kobud həll yolu təklif etmək yaxşı nəyəsə gətirib çıxara bilməzdi. Üstəlik deyəsən ki, jurnalistlər, media, mətbuat dəyərini itirdiyi üçün onlara çatası şeyləri başqalarına vermək lazımdır. Etibar Əliyevin təqdimat üslubu həm jurnalistlərin, həm də qazilərin mənzil haqqını param-parça edərək yerlərə sərdi. Yaxşı ideyanın pis və dağıdıcı təqdimatı məhz belə olur. Etibar Əliyev jurnalistləri “ölsəm də vermərəm” iddiası ilə süngüyə sardı, qaziləri isə “özgəyə ad edilmiş əmlaka sahiblənib qarğış yiyəsi ola bilmərəm” kimi haqlı düşüncədə imtina ovqatına köklədi. Etibar Əliyevin belə nəhəng sosial pozucu gücə malik “ideologiyanı” məqsədli, ya düşünmədən yaydığını söyləmək hələ çətindir. Aydın olan odur ki, jurnalistlərlə qazilərin ev məsələsini onları qarşı-qarşıya qoymaqla yox, onları dünən ayrıldıqları səngərlərdəki kimi “bir ürək, bir can” vəziyyətinə gətirərək həll etmək lazım idi.
Təəssüf, müstəsna həmrəylik nümunəsi yarada biləcək unikal bir layihə siyasi fəhmsizlik üzündən uğurlu sonluğa yetişə bilmədi. Etibar Əliyev bütün cəmiyyət miqyasında sağlam müzakirələr doğurmalıykən aləmi bir-birinə vuran dağıdıcılığa səbəb oldu. O, lap əvvəldən ya “bu mənim yüküm deyil” deyərək ideyanı cəmiyyətə təqdim etmək fikrindən daşınmalı idi, ya da bu ideyanı hansısa jurnalistə, hansısa media orqanına qarşı qərəzli qisas silahına çevirmək kimi kəmfürsət düşüncədən uzaq durmaqla müzakirəyə çıxarmalı idi. Bax onda özü də yanmazdı, iki həssas qrupun arasını da soyutmazdı, həm qazilərin, həm də jurnalistlərin gözündən düşməzdi. O öz aləmində jurnalistlərdən qisas alıb qazilərin gözündə yaxşı olmaq istədi. Nəticədə hər ikisini itirdi, qaş düzəltdiyi yerdə vurub gözü də çıxardı…
Həvəslə müzakirə edilən nüanslardan biri Etibar Əliyevin yarıtmaz olsa da, bu işi şəxsi iradə və ya tapşırıqla başlamasıdır. Hətta tapşırıq icraçısı olmuş olsaydı belə, bu icraçılığı Etibar müəllim üçün qəbahət saymaq siyasi olaraq düz olmazdı. Çünki dünyanın bütün ölkələrində mühüm daxili və hətta xarici siyasət layihələrinə “xod” verməzdən öncə müxtəlif yollarla ictimai nəbz yoxlamaları çox normal idarəçilik taktikası kimi özünü göstərir. Sadəcə olaraq Etibar Əliyevin öz gücünü qiymətləndirmədən qaldıra bilməyəcəyi yükün altına niyə girməsinə izah və haqq verməkdə böyük çətinlik var. Daha böyük çətinlik odur ki, eyni ideyanın sonrakı davamçılarının da yoluna ağır daşlar diyirlətdi… Etibar Əliyevdən sonra 38 nəfər tanınmış şəxs də Prezidentə müraciət etdilər. İnsafən onların müraciəti nisbətən arqumentli və mötədil analitik tonda yazılmışdı. Lakin qəribədir ki, 38-lərin müraciəti daha artıq qıcıq yaratdı. Çünki Etibar müəllimin fəhmsiz təqdimatı öz ziyanlı rolunu artıqlaması ilə oynamışdı. Böyük ehtimalla demək olar ki, Etibar Əliyevin təşəbbüskarlığı ümumən olmasaydı, 38-lərin müraciəti xeyli fərqli ictimai reaksiya doğura bilərdi… Doğrudan da “çörəyi gərək çörəkçiyə verəsən”…
Ancaq jurnalistlərimiz də, qazilərimiz də hər şeyin vaxtını və üsulunu hamıdan məsuliyyətlə dəyərləndirə bilən Prezident İlham Əliyevin daha böyük layihələrinin “bir naşının şikəst qələm məhsulu” üzündən pozulmasına imkan verməz dərəcədə həssas və yetkindirlər. Yaranmış vəziyyətdə sözsüz ki, çox çətin də olsa rəsmi bir qərar olacaq. Nə qədər mürəkkəb olsa da əminəm ki, Prezident ən müdrik variantı tapacaq. Çünki Prezidentin bir sözü yüzlərlə belə naşının fitnəsini yox etməyə, bir fitnədən incimiş bütün həssas qrupları eyni sapın boyunca düzərək yenidən böyük hədəflərə doğru aparmaq gücündədir…
İndi müzakirə və mübahisələrin içində olan hər kəsin borcu ölkə başçısından gələcək rəsmi qərara formal yox, ürəkdən uymaqdır, ən müdrik variant kimi…
Bir də “çörək üçün çörəkçi axtaranda” Etibar bəyin yarıtmaz “layihəçi” olduğunu qulağımızda sırğa etməyi bacaraq…
Aydın QULİYEV
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP