İndi sürücü Vaqif Əsədova, yoxsa Kamran Əliyevə inansın? – QALMAQAL
Ötən gün mətbuatda ən oxunan və yadda qalan yazılardan biri də sükan arxasında söhbət edən sürücünün yol polisi tərəfindən saxlanılacağı xəbəri oldu.
Xəbərə aydınlıq gətirmək üçün əvvəlcə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədova müraciət olunaraq, mübahisəyə səbəb olan məsələyə münasibəti öyrənilib. V.Əsədov Ölkə”az-a deyib ki,”Nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıracaq hərəkətlərin edilməsi qanunla qadağandır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Bundan başqa, sükan arxasında su içmək və şüşəsini avtomobildən kənara atmaq, musiqiyə səs verib nəqliyyat vasitəsinin şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək. Ümumiyyətlə, sürücülər avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlər etməməlidir. Çünki bu, qəzalara səbəb olur”.
O,sükan arxasında söhbət edən sürücülərin yol polisi tərəfindən necə müəyyən edilməsinə də aydınlıq gətirib: “Sərxoş və təhlükəsizlik kəməri vurmayan sürücüləri yol polisi necə müəyyən edirsə, sükan arxasında söhbət edənləri də elə müəyyən edəcək”.
V.Əsədovun dedikləri böyük söz-söhbət yaratdığı üçün, bu dəfə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət olunub. K.Əliyev “Report”a açıqlamasında bildirib ki, sürücülərin avtomobil idarə edən zaman yanında əyləşən digər şəxslə söhbət etməsi qanunla qadağandır. O, sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı DİN və BDYPİ rəhbərliyindən xüsusi bir göstəriş gəlmədiyini də əlavə edib.
Kamran Əliyev lent.az-a açıqlamasında isə bildirib ki, bir çoxları bu məsələni fərqli şəkildə təqdim edir: “Bu məsələdə söhbət sürücünün sükan arxasında danışmasından getmir. Bilmirəm, mətbuatda niyə məsələni bu qədər şişirdirlər ki, sürücü sükan arxasında söhbət edə bilməz. Birmənalı olaraq, sürücü üçün söhbət etməyin qadağası yoxdur. Burada məsələ diqqətin yayınmasına səbəb olan söhbətdə iştirakdan ibarətdir. Məcəllənin 342.1.2-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin istismar qaydasının pozulmasını özündə əks etdirir. Burada qeyd edilib ki, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə nəzərdə tutulur.
Hər iki sözçü “Yol hərəkəti haqqında” Qanunun tələblərini nəzərə çatdıraraq, fikirlərini bildirdilər. Lakin izahlar fərqli şəkildə olduğu üçün, bu da çaşqınlıq yaradıb. Vaqif Əsədovun: “Sərxoş və təhlükəsizlik kəməri vurmayan sürücüləri yol polisi necə müəyyən edirsə, sükan arxasında söhbət edənləri də elə müəyyən edəcək” deməsi ilə, Kamran Əliyevin sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı DİN və BDYPİ rəhbərliyindən xüsusi bir göstəriş olmadığını deməsi arasında təzada fikir verdikdə sual yox, suallar yaranır: DYP rəsmiləri hər hansı bir məsələyə aydınlıq gətirməzdən əvvəl, öz aralarında məsələni müzakirə edirlərmi? Əgər edirlərsə, o zaman bu fikir ayrılığı hardandır? DYP təmsilçiləri bir-birini təkzib etmirlərmi? İndi sürücü Vaqif Əsədova, yoxsa Kamran Əliyevə inansın? Haqlı suallardır.
Ümumiyyətlə, DYP rəsmilərinin bir-birini təkzibetməsi ilk hal deyil. Yaxşı olardı ki, hər iki sözçü, hər hansı bir məsələni öz aralarında götür-qoy etdikdən sonra, yekun fikirlərini ictimaiyyətə çıxarsınlar. Düşünürük ki, təkcə sürücülərdə yox, ictimaiyyətdə yaranan bu anlaşılmazlığa konkret aydınlıq gətiriləcək.
MediaZona.az