İranın Azərbaycanla tarixi düşmənçiliyi var ….
Ağrı Qaradağlı: “Rejim ölkədə sabitlik yaratmaq üçün bölgədə gərginlik yaradır”
Ötən il dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə başda Azərbaycan olmaqla türk dünyasını yaxından maraqlandıran çox təəccüblü qərar qəbul edilib. Qərara əsasən, əhalisinin 95 faizi türk olan Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən açıqlanıb. Erməni konsulluğu üçün türklərin ən çox yaşadığı şəhərlərdən olan Təbrizin seçilməsi türk dünyasına qarşı mesaj kimi şərh edilib. Məlum olduğu kimi, Tehran rəhbərliyi uzun illər Təbrizdə Azərbaycanın analoji tələblərinə cavab verməyib və konsulluğa icazə bürokratik danışıqlardan sonra verilib. Məsələ ilə bağlı suallarımızı Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin sözçüsü Ağrı Qaradağlı cavablandırıb.
-Ağrı bəy, Təbrizdə Ermənistan konsulluğunun açılmasına razılıq verməsində İranın məqsədi nədən ibarətdir?
-İran rejimi işğalçı Ermənistanla qardaşlığını o həddə çatdırıb ki, artıq Təbriz şəhərinin tarixi Azərbaycan torpağı olmasına baxmayaraq istəyir ki, orada Ermənistanın baş konsulluğunu açsın. Təbii ki, bu məsələyə nəinki Güney Azərbaycan Milli Oyanış Hərəkatı üzvləri, hətta bu Hərəkata mənsub olmayan şəxslər də narahatlıqlarını bildiriblər. Buna baxmayaraq İran israrlıdır ki, Təbriz şəhərində konsulluq açılsın. Ola bilər ki, bu konsulluq rəsmi şəkildə açılsın, amma beş-altı ay çəkməz ki, bağlanar. Çünki, bizim Milli Hərəkat Təbrizdə Ermənistan konsulluğunun fəaliyyətinə icazə verməyəcək. Konsulluğun fəaliyyəti elə bir çətin vəziyyətə çatacaq ki, ya başqa bir şəhərə köçürülməsi zərurəti yaranacaq, ya da tamamilə bağlanacaq. Məlum olduğu kimi bizim dünya azərbaycanlıları ilə ciddi əlaqələrimiz var, onlar istəyirlər ki, indidən nəsə bir iş görsünlər. Ancaq bu İran daxilində başqa bir məcraya yönələr deyə, dostlara təmkinli olmalarını demişik. Lakin bu təmkinçilik İranın özündən asılıdır, yəni İran bu məsələdə son nöqtəyə qədər gedərsə, vəziyyət ciddiləşə bilər. İran nə qədər qüvvə ilə o konsulluğu qoruya biləcək ki, onun təhlükəsizliyini təmin etsin? Konsulluğun təhlükəsizliyi üçün bir ordu yeritməyəcək ki… Nəzərə almaq lazımdır ki, orada qüruru incimiş bir milli hərəkatın nümayəndələri var. Ona görə də həmin konsulluğun fəaliyyəti beş-altı aydan artıq davam edə bilməz.
-İran bilməmiş deyil ki, Təbrizdə konsulluğun açılması ciddi narazaılığa səbəb olacaq. Belə halda niyə fikrində israrlıdır?
– İran bununla istəyir ki, Azərbaycana bir mesaj versin. Başqa sözlə, bu, İranın Azərbaycanla düşmənçiliyinin nə dərəcədə ağır və üst səviyyədə olduğunu göstərir. Bu münasibətin bizə müsbət bir təsiri var ki, artıq getdikcə İranın iç üzünü daha yaxşı tanıyırıq. Artıq “biz Azərbaycanla qardaşıq”, “qonşu dövlətik” kimi açıqlamaları kimsənin beyninə yeridərək bizim insanları özünə tərəf çəkə bilməz. Məlumdur ki, din məsələsindən istifadə edib bəzi insanların beynini yuyurdular, amma bir az zəkası, ağlı olan insanlarımız nə qədər dinlə bağlı olsa belə İran rejiminin toruna düşməməlidir. Çünki İran rejimi bölgədə də, Türkiyədə də şiəçiliyi yaymaq istəyir. İranın tarixən Azərbaycanla düşmənçiliyi var və öz addımları ilə bunu mütəmadi olaraq gündəmə gətirir.
-İranın bölgədə yürütdüyü dağıdıcılıq siyasəti nəyə hesablanıb?
-İran daxildə baş verən kütləvi etirazlar zamanı çox çətinliklə onu səngitməyə çalışdı. İran artıq bilir ki, gənc nəsil nə panfarsizmi, nə hicabı, nə də İslamı düşünmür. Gənclik sadəcə olaraq sərbəst olmaq, tam demokratik şəraitdə yaşamaq istəyir. İran düşünür ki, bunun qarşısını almaq üçün etirazlar səngimişkən bölgədə gərginlik yaratsın. Bölgədəki Amerika, İsrail bazaları ilə savaş açmağa, onlarla gərginlik yaratmağa başladı ki, bəlkə bu halda ölkə daxilində sakitçiliyə nail olsun. İnsanlara desin ki, baxın, mən hələ xarici qüvvələrlə savaşıram, siz dayanın, sizin istəklərinizi sonra yerinə yetirəcəyik. Qasım Süleymaninin ildönümündə baş verən terror hadisəsi zamanı yüzdən artıq insanın ölməsindən də bu məqsədlər üçün istifadə edildi. Bunun İran, yaxud İŞİD tərəfdən ediməsinə baxmayaraq, İran bundan təhlükəsizilik məsələsi kimi istifadə etdi ki, baxın, ölkədə terror təhlükəsi var. Hansı ki, iddialardan biri odur ki, terroru guya İran özü törədib. İŞİD bunu boynuna alsa da hadisənin baş verməsi onu göstərir ki, İranın təhlükəsizlik problemi var. Belə məlum olur ki, istənilən an, İranın istənilən ərazisində terror hadisəsi törədilə bilər. Düzdür, biz təşkilat olaraq hər zaman terrora qarşı olmuşuq və heç zaman terroru dəstəkləməmişik. Çünki terrorda ən çox ölən sivil insanlar olur ki, bu da bizi çox üzür. Amma dediyim kimi, içəridəki xalqı sakitləşdirmək üçün qonşu ölkələrdəki Amerika, İsrail bazalarına hücumlar olur. Fikrimcə, HƏMASı bu səviyyəyə çatrdıran, İsraillə savaşa təhrik edən İrandır. Çünki, əslində bu gün savaş İsraillə İran arasında gedir. HƏMASa hərtərəfli dəstək verən isə İranın SEPAH qüvvələridir. Hizbullahın özünü İran yetişdirib, indi də bəsləyir. Bunlar hamısı İranın terror qüvvələridir ki, qonşu dövlətlərdə gərginlik yaradır. Bu gərginlikdən istifadə edib istəyir ki, etirazçıları sakitləşdirsin. Düzdür, cüzi də olsa hicaba sərbəstlik verilib, əvvəlki kimi sıxma-boğma yoxdur. Rejim deyir ki, hələlik bununla kifayətlənin, sizin istəklərinizi bilirik və yerinə yetirəcəyik, amma hələlik bölgədə vəziyyət gərgindir.
İran rejiminin idarəçilyində belə bir təcrübə var. İnqlab dönəmində Xomeyni çox böyük vədlə gəlmişdi, guya insan haqları qorunacaq, ana dilində təhsilə icazə veriləcək. Dərhal Təbrizdə Müsəlman Xalq Hərəkatı yarandı. Fikirləşdilər ki, bunun qarşısını necə almaq olar, İran-İraq savaşı başladı. Səkkiz il dedilər ki, savaşdayıq, savaş bitdikdən sonra dedilər ki, savaş dönəmində dağıdılan iqtisadiyyatı bərpa edirik, bundan sonra sizin istəyinizə gələcəyik. Bu zaman yumşalma onunla müşahidə olundu ki, türk dilində dərgilər çıxmağa başladı. Mahmudəli Çöhrəqanlının seçki kompaniyası başladı, orada türk dilində danışıqlar və dərgilərin çap edilməsi məsləsi gündəmə gəldi. Gördülər bunun qarşısını ala bilməyəcəklər, baxmayaraq ki, Mahmudəli Çöhrəqanlı səs toplamışdı, onu geri oturtdular, işgəncə verdilər ki, seçkidən geri çəkilsin. İndi də İran rejimi ölkədə sabitlik yaratmaq üçün bölgədə gərginlik yaradır.
Nurlan
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP