“Fransa xristian və müsəlmanların, ağdərili və qaradərililərin qarşıdurma meydanına çevirilib”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru  Aydın Quliyev  Olaylar.az-a  Fransada baş verən hadisələrdən və həmin hadisələrə səbəb olan amillərdən danışıb:

-Aydın bəy, hazırda Fransada baş verən iğtişaşlar hansı proseslərin davamıdır?

-Hazırda Fransada baş verən hadisələr birinci növbədə prezident Emmanuel Makronun idarəçilikdə və xarici siyasətdə etdiyi səhvlərin nəticəsi və davamıdır. İkinci səbəb isə onun hakimiyyətə uğursuz başlanğıcla gəlməsidir. Bunlar 2019-cu ildən sonra “Sarı jiletlilər” kimi etiraz aksiyalarının  davamıdır. Makron hakimiyyətə gələn zaman fransız cəmiyyəti parçalandı. Təsadüfi deyil ki, Makron seçkilərin birinci turunda qalib gələ bilmədi. Fransız müxalifəti az qala Makronu məğlub etmək üzrə idi. Sonradan müəyyən gizli oyunların nəticəsində Makron seçkinin ikinci turunda qalib gələ bildi. Buna baxmayaraq, müxalifətdən olan ən yaxın rəqibi ilə Makron arasında toplanan səs faizində çox da böyük fərq yox idi. 50-60 milyona yaxın əhalisi olan Fransada Makron cəmi 18 milyon səslə prezident seçildi. Yəni, o, Fransa cəmiyyətinin kəskin parçalanma şəraitində hakimiyyətə gəldi. Sonradan idarəçiliklə parçalanmış cəmiyyəti birləşdirə bilmədi. Fransa da qarşıdurma meyilləri daha da kəskinləşdi. Digər tərəfdən Makronun ağır şərtlərə söykənən sosial-iqtisadi siyasəti pis nəticələr verdi. 2019-cu ildən Fransanı  “Sarı jiletlilər” hərəkatı bürüdü. Hərəkat çox böyük iqtisadi tələblərə malik idi. Pandemiyanın ortaya çıxması Makronu “Sarı jiletlilər” hərəkatının əlindən xilas etdi. Ancaq, sonraki dövrlərdə də Makron normal sosial-iqtisadi siyasət aparmadığına görə ölkədə vəziyyət yenidən qarışmağa başladı. Biz bu gün də görürük ki, Fransada əsasən sosial-iqtisadi, siyasi şüarlar üzərindən etirazlar ölkəni bürüyüb.
Bunlardan başqa Makronun istilaçı, təcavüzkar xarici siyasəti mənfi rol oynadı. Fransada hazırda baş verən bu hadisələr Fransanın Afrikada, Yaxın Şərq ölkələrində apardığı siyasətin labüd nəticələri kimi özünü göstərməkdədir. Necə ki, Fransa Yaxın Şərq, Afrika ölkələrini daim qatıb-qarışdırmaqla məşğul idi, həmin ölkələrdəki anarxiya və xaos prosesləri bu gün Fransanın özündə yaşanır. Makronun apardığı siyasətin Fransa üçün ağır nəticələr verdiyi istiqamətlərdən biri də Cənubi Qafqazla bağlıdır. Makron öz ölkəsində sülh yarada, birləşdirmə siyasəti yeridə bilmir. Ancaq, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında, özü də tam yanlış, ziyanlı prinsiplərlə sülhə vasitəçilik etmək iddiasındadır. Açıq-aşkar ermənipərəst mövqe tutması, ölkə daxilində bir qrup erməni lobbisinə dəstək çıxması Fransanı “bu günə” gətirib çıxardı.
Beləliklə, xarici siyasətdə uğursuzluq, Cənubi Qafqazda fiasko, ard-arda Afrika ölkələrini tərk etmək məcburiyyətində qalması, başqa dinlərdən və millətlərdən olan insanlara qarşı fobia siyasəti Fransanın bu günki kimi ağır vəziyyətə salıb.
Yəni, bütün bunların kökündə əsasən, Makronun uğursuz siyasəti dayanır. O, qaradərili insanlara, müsəlmanlara qarşı siyasət yürütməsəydi vəziyyət fərqli ola bilərdi. Bütün bunlara səbəb Makron olduğu üçün, həmin prosesləri dinc məcraya qaytarmağın yolu Makronun hakimiyyətdən getməsidir.

-Həm İranda,həm də Fransada çaxnaşmalar gənclərin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra başladı. Hər iki dövləti birləşdirən ortaq cəhətlər hansılardır?

– Həqiqətən, həm Fransada, həm də İranda dinc aksiya iştirakçılarına qarşı aparılan siyasət və istifadə olunan üsullar bir-birinə bənzəyir. Hətta, sanki bir-birinin davamıdır. İranda da, Fransada da etiraz üçün ayaqlanan yeniyetmələr və gənclərdir. İranda necə ki, təqib üsullarına əl atılırdı, eynilə, Fransada da həmin üsullara əl atılır. Fransa dinc aksiya iştirakçılarına qarşı gizli xüsusi xidmət orqanlarının fəaliyyətindən, zorakı polis qüvvələrindən, milli qvardiyadan istifadə olunur. Eynilə İranda da gizli polis və xəfiyyə təşkilatlarının əli ilə iştirakçılara divan tutulur.
Yeganə fərq ondan ibarətdir ki, Fransada hərəkatın əsas aparıcı qüvvələri Makronun siyasətindən əziyyət çəkən miqrant gənclərdir. İranda isə bu kimi etirazların mərkəzində əsasən öz vətəndaşları dayanır.
Makron hərəkat iştirakçılarına qarşı İransayağı, faşist qarşılıq verməyi getdikcə artırır. Bu, onun hakimiyyətdən getmək qorxusu ilə bağlıdır.
Əslində hazırda Fransada vətəndaş müharibəsi gedir. Makron bu gün Fransanı xristian və müsəlmanların, ağdərili və qaradərililərin qarşıdurma meydanına çevirib. Onun məqsədi ölkədə hakimiyyətini sürdürmək, bunun üçün istənilən cəza üsullarından istifadə etməkdir. Fransanın sabahı olduqca qaranlıq görünür.

-Hazırda Avropada İslamafobianın geniş vüsət almasında Fransanın rolu hansılardır?

-Avropada islamafobianın geniş yayılmasında Makronun təcrübəsi böyük rol oynayır. Bəllidir ki, o, Fransada fransız xalqının yox, maraqlarına xidmət etdiyi dairələrin istəyinə uyğun hərəkət edir. Xüsusilə, siyasətində erməni maraqlarına dəstək olması qəti şəkildə şübhə doğurmur. Onun erməni lobbisinə verdiyi dəstək İslam dininə, müsəlmanlara qarşı çevrilən siyasət xarakteri alıb. Bu da Fransada islamafobianın getdikcə gücləndiyindən xəbər verir. Orada Azərbaycan səfirliyinə edilən gücum, jurnalistlərə edilən zorakılıq, müharibə dövründə bizə düşmən mövqeyi, BMT-yə Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək cəhdləri Fransanın islamafob siyasətinin təzahür formalarıdır. Qardaş Türkiyəyə də düşmən münasibəti eyni səbəbdən yaranır. Fransanın Yaxın Şərqdə, xüsusilə, Liviyada, Suriyada etdiklərinin hər birinin kökündə antiİslam siyasəti dayanır.
Fransanın apardığı bu siyasətin nəticələri getdikcə Avropanın digər ölkələrini də bürüyür. Avropa ölkələrində radikal siyasi cərəyanlara qoşulmaq meyilləri son 15-20 ildə artmaqdadır. Biz Fransada İslam dininin müqəddəslərinə qarşı təhqiramiz ifadələr görmüşük. Ən pisi də budur ki, atılan bu cür addımlara Fransada rəsmi olaraq dövlət səviyyəsində reaksiya verilməyib. Bu cinayətlər sonuna qədər araşdırılmayıb. Bunun nəticəsində İslamafob cərəyanlar güclənir.
Fransanın siyasəti nəticəsində müxtəlif Avropa ölkələrində Quran yandırılır, İslam dini təhqir edilir. Bütün bunlara isə rəsmi reaksiya gəlmir.
Bütün bunlar ilk növbədə Avropanın özünə yaxşı gələcək vəd etmir. Məsələ xristian və müsəlman qarşıdurmasına qədər dərinləşirsə, sonda onlar üçün arzuolunmaz vəziyyət yaranacaq. Çünki, müsəlman mənşəli  miqrantlar  Avropada böyük qüvvəyə çevriliblər. Bunun da məsuliyyəti daha çox Makronun üzərinə düşür.
Avropa ölkələri onu hakimiyyətdən uzaqlaşdırmağı düşünməsələr, yeritdiyi siyasət bütün Avropaya sıçraya bilər.

-İlham Əliyev çıxışında Fransanı kəskin   tənqid etdi. Dünyada başqa hansı dövlət başçıları bu addımı atmalıdır ki, şər yuvası öz xislətindən əl çəksin?

-Azərbaycan Prezidenti artıq neçənci dəfədir ki, Fransanın yeni müstəmləkəçi siyasətinin mahiyyətini ifşa edən bəyanatlar verir. Ötən il Ərəb Liqasının Əlcəzairdə keçirilən zirvə görüşünə İlham Əliyev dəvət olunmuşdu. Həmin konfransda İlham Əliyev bir neçə məsələ haqqında danışdı. O, Fransanın ƏlCəzairdə törətdiyi soyqırımı, antihümanist mövqeyi haqqında bir çox faktlar sadaladı. Bu, Ərəb Liqasına üzv olan müsəlman dövlətlərdə olduqca rəğbətlə qarşılandı.  İki gün öncə Qoşulmama Hərəkatının görüşü çərçivəsində də İlham Əliyevin çıxışı Fransanın siyasi simasının ifşasında böyük rol oynadı. Fransa 21-ci əsrdə hələ də müstəmləkəçilik siyasəti aparan ölkələrdən biridir. Hələ də Qəmər adalarından biri olan Mayorti adasına müstəqillik vermək istəmir. Başqa ölkələri müstəmləkə altında saxlamağa çalışır. Malidən, Burkina Fasodan və başqa ölkələrdən çəkilməsinə baxmayaraq, hələ də daxili işlərinə qarışmağa davam edir. Bütün bunların İlham Əliyev tərəfindən sadalanması olduqca əhəmiyyətlidir. Fransanın  müstəmləkə siyasətinə qarşı dünyaboyu yeni cəbhə açılır. Azərbaycanın bu cür cəsarətli mövqeyinə artıq dəstək verənlər var. Bir neçə ay əvvəl Bakıda keçirilən beynəlxalq konfransda Malinin prezidenti Fransanı açıq-aşkar ittiham etdi. İttiham etdi ki, Fransa hələ bu gün də qul əməyini istismar edir, demokratiyanı boğur. O bildirdi ki, Mali Fransadan daha demokratik ölkədir.
Bütün bunlar Makronun ucbatından fransız demokratiyasına vurulan şillədir. Azərbaycanın başlatdığı bu mübarizəyə Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlərin dəstək olmasına şübhə etmirəm. Çünki, Makron Frankafoniya təşkilatı çərçivəsində Azərbaycana qarşı qətnamə qəbul etmək cəhdi baş tutmadı. Orada iştirak edən müsəlman dövlətləri Makronun siyasətinə etiraz etdi. Nəticədə bəyənnamənin məzmunu tamamilə dəyişdirildi. Getdikcə Azərbaycana verilən dəstəklər artacaq. Avropada Fransa mütəffiqlərinin bizə qatılmasını gözləmək olmaz. Ancaq QH-a üzv olan 120 dövlət ardıcıl şəkildə Fransanın etdiyi müstəmləkə siyasətinə görə üzr istəməyə vadar edə bilər.
Məsələn, Almaniya Hitler faşizmi dövründə digər xalqlara qarşı törətdilən cinayətə görə üzr istəyib. Holllandiya qul əməyindən istifadəyə görə Latın Amerika xalqlarından rəsmi şəkildə üzr istədi. Nəyə görə Fransa Əl-cəzairdə yarım milyondan artıq insanın qətlə yetirilməsinə görə üzr istəmir?
Əminəm ki, Qoşulmama Hərəkatı İlham Əliyevin bu siyasətini sonuna qədər müdafiə edəcək.

-Fransanın antiAzərbaycan siyasəti öz dövlət xətti maraqlarına qulluq edir?  Yoxsa erməni lobbisi fəaliyyətini son zamanlar daha da aktivləşdirib?

-Təəssüf ki, Fransanın İslamafob siyasətində hər iki amilin rolu var. Fransanın dövlət siyasəti İslam dünyası, qaradərili insanlara qarşı qisasçılıq zəminində qurulub. Son 100-120 ildə Afrika və ərəb ölkəkələrində Fransanın böyük rolu olub. Birinci dünya müharibəsindən sonra Suriyanı, ikindi dünya müharibəsindən sonra Afrikanın bir çox ölkəsini itirdi. Buna baxmayaraq, Fransa Afrikanın 13 ölkəsini son dövrlərə qədər əsarət altında saxlayırdı. Həmin ölkələrdən Fransa ildə beş yüz milyard dollardan artıq qazanc əldə edirdi. Bu ölkələrin qiymətli sərvətləri Fransaya daşınırdı. Bu gün nüvəsi olduğu üçün öyünsə də, 30%-i Nigeriyadan istismar edilmişdi. Sonuncu dəfə Mali ilə Burkina Fasodan fransız qoşunları biabrçı şəkildə çıxarıldı. Ötən il yay aylarında Makron ölkələrdən birinə səfər etmişdi. Qonşu dövlətlər etiraz etdi ki, bizim ölkəmizə gəlməsin. Bu, Makronun Afrikadan qovulması deməkdir. Nəticədə Makronun siyasəti Afrika ölkələrindən olan insanlara qarşı qisas siyasətinə çevrilir. O, Fransada olan Afrika əsilli, müsəlman miqrantlara təzyiq göstərməklə, əslində onların təmsil etdiyi ölkələrin siyasətinə təzyiq göstərməyə çalışır. Təsadüfi deyil ki, qətlə yetirilən gənc Əl-cəzair əsillidir.
Sanki Makron Afrika kimi “yağlı tikə” nin əlindən çıxmasının qisasını insanlardan alır. Halbuki onlar dinc sakinlərdir. Fransanın müstəmləkə siyasətinə görə ölkələri qarışıb, bir tikə çörəyə görə Fransaya üz tutublar. Fransa Suriyanı, Liviyanı qarışdırmasaydı insanlar öz ölkələrindı rahat yaşayardılar. Nəticədə yaşamaq üçün özlərini Aralıq dənizinin sularına vurmazdılar. Bir sözlə, Fransa xarici siyasətindəki uğursuzluğun qisasını əslən müsəlman və Afrika kökənli insanlardan alır.

Əfsanə Kamal

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP