Əməkdar hıəkim: “Xəstələrin çoxu türkəçarəyə inamla ağrılardan xilas olur”

“Tibbi maska əsəb pozğunluğu yaradır”

 

“Neyrocərrahi əməliyyatlarda ölüm riski həddən artıq çoxdur”

 

Əməkdar həkim, neyrocərrah, tibb elmlər doktoru, professor Sabir Etibarlının Modern.az-a müsahibəsini təqdim edirik:

 

– Müsahibəyə sizin tibb sahəsinə gəlişinizdən başlamaq istərdik. Maraqlıdır ki, niyə məhz neyrocərrahiyəni seçdiniz? Bu barədə fikirlərinizi bilmək maraqlı olardı…

 

– Orta məktəbdə oxuyarkən bədii kitabları oxumağa maraq göstərirdim. Hələ 5-ci və 6-cı sinifdə oxuyarkən təsadüfən neyrocərrahiyəyə aid kitablara rast gəldim. Beyində gedən əməliyyatlarla bağlı məqamlar mənə maraqlı gəlirdi. O vaxt oxuduğum “Zərgərliyə bənzər cərrahlıq məqaləsi” mənə çox təsir etdi. Səhv etmirəmsə, 1967-1968-ci ildə bizim kəndçilərimizdən birini Bakıda əməliyyat etmişdilər. Dedilər ki, filankəsi əməliyyat ediblər, beynindən irin çıxıb. Hər kəs maraqlandı, onu ziyarət etdilər ki, doğrudanmı, belə bir əməliyyatdan adam salamat çıxıb. Mən də uşaq həvəsi ilə getdim, gördüm ki, kişi yeriyir, yaxşıca danışır. Bütün bu hadisələr məni neyrocərrah olmağa yönəltdi. Bundan sonra neyrocərrahiyəyə aid materiallarla daha dərindən maraqlanmağa başladım. Artıq 8-ci sinifdə oxuyarkən neyrocərrah olmağa qərar verdim.

 

– Həkim, bildiyimiz kimi uzun müddətdir bu sahədə çalışırsınız. Heç olubmu ki, başqa sahəni seçmədiyinizə təəssüflənmisiniz?

 

– Xeyr. Düşünürəm ki, elə ən düzgün seçimi etmişəm. İstədiyi işlə məşul olmaq insanı xoşbəxt edən səbəblərdən biridir. Bu, mənim ürəyim istəyən peşədir. Əlbəttə, bu sahə çətindir. Əməliyyatların mürəkkəb olması, çoxsaylı ağır xəstələrlə ünsiyyət bu sahəni təbabətin digər sahələrindən daha çətin edən faktorlardır. Ancaq bütün bunlara baxmayaraq, mən neyrocərrahiyəni istəyərək seçmişəm. Qətiyyən peşman deyiləm. Hətta özümə haqq qazandırıram ki, yaxşı edib bu sahəni seçmişəm.

 

– Əməliyyatlar adətən mürəkkəb olur. Digər əməliyyatlarla müqayisədə neyrocərrahi əməliyyatlarda ölüm riski çoxdurmu?

 

– Bəli, neyrocərrahi əməliyyatlarda ölüm riski həddən artıq çoxdur. Çünki beyində aparılan əməliyyatdır. Beyindən irin, şiş, qan çıxarmaq risklidir. Əməliyyatda ölüm hər an gözlənilə bilər.

 

– Pasiyentlər sizə müraciət edərkən, daha çox nədən şikayət edirlər?

 

– Bildiyiniz kimi, baş və onurğa beyin xəstəlikləri çoxdur. Bununla nervopatoloqlar da məşğul olur. Biz baş-beyin və onurğada olan cərrahi xəstəliklərlə məşğul oluruq. Bu xəstəliklərə beyində olan şişlər, tramvatik zədələnmələr, kəllə beyin tramvaları, fəqərə sütunu tramvaları, insult, beyində apses yaranması daxildir. Hazırda ən məşhur neyrocərrahi xəstəlik onurğa sütununda olan xəstəliklərdir. Ostexandrozlar, disk yırtıqları bizim ən çox rast gəldiyimiz xəstəliklərdir.

 

– Bəs, bu xəstəliklərin olmasının əsas səbəbləri nələrdir?

 

– Orqanlarda, xüsusilə də beyində olan şişlər bütün dünyada geniş yayılmış bəladır. Heç kim bu şişlərin nədən əmələ gəldiyini bilmir. Şişlərin əmələ gəlməsinin konkret səbəbi yoxdur. Eləcə də, beyin şişlərinin səbəbi məlum olmur. O ki qaldı, fəqərə sütunu travmaları, beyin və kəllə beyin travmalarının əmələ gəlməsinə, bunlar insanların hərəkətdə olmağı, texnikanın, maşının və başqa mexanizmlərin sayının artması ilə əlaqədardır.  Eyni zamanda yollarımız da o qədər geniş deyil. Yəni maşınların, texnikaların səsi burada rol oynayır.

 

Onu da qeyd edim ki, bir sıra xəstəliklər əksinə azalır. Biz təzə işləməyə başlayanda beyində exinokok, abses xəstəlikləri var idi. Bunlar insanların həyat səviyyəsinin, keyfiyyətinin yüksəlməsi ilə əlaqədar nisbətən azalıb. Ancaq travmatizmlər, şişlər artıb. Ümumiyyətlə, şişlər dünyada artım tempinə malik xəstəlikdir. Son 20-25 il ərzində şişlərin ümumi sayı iki dəfəyə qədər artıb. Bu bizə məlum olmayan səbəbdən qaynaqlanır. Mən şəxsən düşünürəm ki, bu daha çox stresdən qaynaqlanır. Həyat gərgindir. Həyat gərgindir deyə, şişlərin də sayı artır. Çox səbəblər var. Bizə dəqiq səbəblər məlum olmasa da, müşahidələr göstərir ki, burada stress əsas faktordur.

 

– Uşaqlarda anadangəlmə neyrocərrahi xəstəliklərin olması nədən qaynaqlanır, burada valideyn faktoru varmı?

 

– Anadangəlmə qrup xəstəliklər var. Burada müalicə üsullarından biri də anadangəlmə qüsurların cərrahi müalicəsidir. Yəni uşaq qüsurlu doğulur, daha doğrusu, uşağın hidrosefaliya xəstəliyi var. Uşağın beyninə su yığılır. Anadangəlmə onurğa yırtığı, anadangəlmə beyin yırtığı kimi xəstəliklər var ki, bunlar qüsurlu xəstəliklərdir. Bunlar elə xəstəliklərdir ki, 100 faiz demək olmaz ki, səbəbi nədir. Ancaq biz düşünürük ki, valideynlərin düzgün olmayan həyat tərzi, içki, siqaret, narkotik kimi zərərli adətlər və hamiləlik dövründə uşağın aldığı psixoloji travmalar uşağın qüsurlu doğulmasına səbəb olur. Bir qrup uşaq var ki, müəyyən yaşlarda biz onları müalicə edirik və qüsuru aradan qaldırırıq. Onu da deyim ki, son zamanlar qüsurlu uşaqların sayı da artıb. Bu da yenə həyat tərzi ilə əlaqədardır.

 

– Uşaqların əməliyyatı uğurlu olurmu?

 

– Bəli, uğurlu olur. Ancaq əməliyyatların uğurlu olmasında əsas faktor uşaqdakı qüsurun vaxtında aşkar olunmasıdır. Yəni beyninə su yığılan uşağı valideyni vaxtında həkimə gətirsə, əməliyyatdan sonra uşaq normal olacaq. Ancaq xəstəlik gecikəndə, uşaq gec gətiriləndə uşaqda elə əlamətlər əmələ gəlir ki, uşaq şikəst kimi qalır, əqli və fiziki inkişafdan geri qalır. Xəstəliyi aşkar etmək üçün optimal vaxt var. Həmişə vaxtı tutmaq lazımdır. Bu zaman uşaqda xəstəlik aşkar olunur və cərrahi əməliyyat həyata keçirilir. Bu da effektiv olur. İndi bizdə belə xasiyyət var ki, ağrı 5-10 gün, hətta 1 ay mütəmadi olur, ancaq həkimə müraciət olunmur. Ancaq nə vaxt ki, ayaq yerimir, onda həkimə müraciət olunur. Şişlər də elədir ki, çox gecikmiş şəkildə müraciət olunanda, kəsilib çıxardılsa da, mütləq qüsur qalır. Çünki ətraf damarları beyni o qədər sıxır ki, bəzən onu tam çıxarmaq olmur. O da inkişaf edir, böyüyür və beyindəki vacib törəmələrə sirayət edir. Biz onları çıxarmağa çətinlik çəkirik.

 

– Siz daha çox əməliyyata, yoxsa əməliyyatsız müalicəyə üstünlük verirsiniz?

 

– Bizim sahəmiz neyrocərrahi olduğu üçün daha çox əməliyyatla məşğul oluruq. Ancaq son zamanların tendensiyası belədir ki, hiperdiaqnoza üstünlük verilir. Yəni xəstəlik şişirdilir, daha çox əməliyyat edilməsinə üstünlük verilir. Gənclərimizin bir qrupu bu işlərlə məşğul olur. Mən əməliyyat üçün optimal şərait olanda, buna üstünlük verirəm. Nəyinsə xatirinə tez əməliyyat edim, belə şey yoxdur. Xəstə bel ağrısı şikayəti ilə gəlibsə, yaxud ona disk yırtığı diaqnozu qoyulubsa, mütləq deyil ki, əməliyyat olunsun. Orada klinika ilə MRT göstəricilərini gərək üst-üstə qoyasan ki, bu halda hansı müalicənin daha yaxşı olduğunu biləsən. Hazırda bu məsələ bir az axsayır. Bəzən mən nevropatoloqların da mənfiliklərindən bəhs edirəm. Onlar daha çox konservativ müayinəyə üstünlük verir. Müalicə effekt verməyəndə xəstəni neyrocərrahiyəyə yönəltməlidirlər. Ancaq onlar deyirlər ki, yox, qoy biraz da müalicə edim. Bunu müəyyən səbəblərdən xəstəni əldən buraxmamaq üçün edirlər. O da xəstəni gecikdirir. Yəni nə neyrocərrahlar əməliyyat etməyə tələsməlidirlər, nə də nevropatoloqlar gecikməlidirlər. Qızıl ortanı tapmaq lazımdır. Bu zaman əməliyyatların effekti daha çox olacaq.

 

– Sizə müraciət edən xəstələr arasında əməliyyata ehtiyac olanlar üstünlük təşkil edir, yoxsa müalicə üçün gələnlər?

 

– Əməliyyat ediləsi xəstələr çoxdur. İndi sığortanın tətbiqi ilə əlaqədar əməliyyat halları artıb. Çünki insanların maddi vəziyyəti müharibə və pandemiya ilə əlaqədar aşağı idi. Ona görə də, xəstə hələ həkimin nə deyəcəyini bilmədiyinə baxmayaraq, hətta risk edib həkimin yanına gəlmir. Yəni onlar düşünürlər ki, bu işə imkanı olacaq, yoxsa yox. Ancaq sığorta belə xəstələrin köməyinə çatdı. Düzdür, sığortada da problemlər var. Hələ tam təkmilləşməyib. Ancaq bundan sonra əməliyyat olunan xəstələrin sayı xeyli artıb. Görürsən ki, müalicəyə, əməliyyata ehtiyacı olan insanlar çoxdur. Ancaq müəyyən səbəblərdən həkim yanına gələ bilmirlər.

 

– Vətəndaşlar bəzən disk yırtıqları ilə əlaqədar türkəçarə üsullara maraq göstərirlər, türkəçarə effekt verə bilərmi?

 

– Ümumiyyətlə, fəqərədən olan xəstəliklər geniş yayılıb. İndi disk yırtıqları geniş yayılıb deyə, onun adını daha çox çəkirik. Ancaq fəqərədə xəstəlik çoxdur. El arasında duzlaşma adlanan osteoxondroz, kanalın daralması, fəqərlərdə sürüşmələr, iltihab xəstəliklər olur. Bu da belədir ki, 40-50 yaş arasında olan insanların 60 faizində bu hallar bir dəfə baş verir. Bel ağrısı olduğu üçün burada daha çox türkəçarəçilər peyda olur. Bəzən adamın adi beli soyuqlayanda gedir həkimə, o saat həkim deyir ki, gəl sənin belinə iynə vurum. Bu zaman xəstə bildirir ki, hələ beş gündür ağrınıram, mənə nə olub ki, iynə vurulur? Bu zaman türkəçarəyə müraciət edir. Türkəçarə ilə məşğul olan şəxs onun belinə yaxmalar qoyur və deyir ki, get beş gün evdə yat. Doğrudan da, bu xəstənin belinin ağrısının kəsilməsinə səbəb olur. Ancaq həkim də ona eyni sözləri deyəcəkdi. Əgər fəqərədə sürüşmə, disk yırtığı varsa, bu artıq mexaniki məsələdir. Mütləq neyrocərrah bununla məşğul olmalıdır. Xəstələrin çoxu türkəçarəyə inamı ilə ağrılarından xilas olur. Deyir ki, məndən qabaq filankəs yaxşı oldu, mən də yaxşı olacam. Mən buna tamamilə mənfi hal kimi baxmağın əleyhinəyəm. Çünki Türkiyədə də, Rusiyada və Ukraynada da belə hallar olur. Bu işlə məşğul olanların bəziləri görür ki, heç bir şey edə bilmir və deyir ki, get həkimə. Ancaq bəziləri deyir yox, yenə gəl. Burada da söhbət şübhəsiz ki, maddiyyatdan gedir.

 

– Koronavirusdan sonra yaddaş pozuntusundan əziyyət çəkənlərin sayının artdığı deyilir, sizə bununla bağlı müraciət edənlər varmı?

 

– Təbii ki, belə xəstələr çoxdur. Bu virus xətəliyidir. Virus elə şeydir ki, bütün orqanizmi zədələyir. Ən çox ağciyər zərər görür və fəsadlaşma çox olduqda bundan beyin də təsir görür. Virusun toksinləri beyini zədələyir. Bu da həm müxtəlif psixoloji pozuntulara, həm də orqanik pozuntulara, beyində olan dəyişikliklərə, məsələn, yaddaşın pozulmasına, əsəb sisteminin pozulması kimi xəstəliklərə gətirib çıxarır. Bütün bunlar xəstəliyin fəsadıdır. Əsas xəstəlikdən xilas olduqdan sonra psixoterapevt və nevropatoloqlara müraciət etmək lazımdır. Bu, ümumiyyətlə uzun müddətə bərpa olunan prosesdir.

 

– Pandemiya dövründə tibbi maskanın insan orqanizminə ziyanları barədə müxtəlif fikirlər səsləndirilirdi. Bəs, maska taxmağın beyinə zərəri varmı?

 

– Təbii ki, var. İndi pandemiya ilə əlaqədar biz bütün dünyada olduğu kimi maska taxmağa məcbur idik. Ancaq maska taxmağın beyinə zərərləri var. Əsasən də tənəffüsə. Bizim yuxarı tənəffüs yollarımız var. Burun, burunun əlavə cibləri – bunlar hamısı beyinə oksigen aparan yollardır. Maska bu yollarda az da olsa, maneə yaradır. Bu da istər-istəməz beyinda oksigen azlığına səbəb olur. Bu da əgər uzun müddət olarsa, beyində zəifliyə, əsəb pozğunluqlarına səbəb olur.

 

– Sonda bilmək istərdik ki, beyinə xüsusi faydası və zərəri olan qidalar hansılardır? 

 

– Təbii ki, sağlam qidalanma beyin üçün önəmlidir. Beyinə faydalı olan qidaları, daha çox zülallı qidaları, meyvələri misal göstərmək olar. Meyvələrin tərkibindəki şəkərlər beyin üçün çox faydalıdır. Ətli və soyalı qidalar da beyin üçün faydalıdır. Zərərli olan məhsullara isə qarmaqarışıq olan qidaları, xüsusilə şirniyyat məhsullarını, “fast food” kimi qidaları göstərmək olar.

Türqay Musayev