Türk dünyasının media birliyi: Jurnalistlərin dostluq qrupu yaradıla bilər

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan arasında münasibətlər günü-gündən inkişaf edir. Prezident İlham Əliyevin iyunun 21-22-də Özbəkistana rəsmi səfəri münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. İki illik pandemiya fasiləsindən sonra Azərbaycan liderinin ilk rəsmi səfərini məhz qardaş Özbəkistana etməsi dövlətlər arası əlaqələrin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.

 

Səfər zamanı müxtəlif sahələr üzrə faydalı müzakirələr aparıldı, Özbəkistanla əlaqələrə yenidən nəzər salındı. Bundan əlavə, Prezidentin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər münasibətlərdə dərin köklərə dayanan yeni mərhələnin hər iki tərəf üçün böyük perspektiv vəd etdiyini deməyə əsas verir.

 

Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi, media müstəvisində də təmasların genişləndirilməsinə qərar verilib. Belə ki, ötən həftə Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində hansı ortaq layihələr həyata keçiriləcək?

 

 

Bununla bağlı Özbəkistanın nüfuzlu media orqanlarından olan Qalampir.uz saytının təsisçisi Qamariddin Şayxov Modern.az-a danışıb. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin inkşafı medianın üzərinə daha böyük məsuliyyət qoyur və bu yolda qardaş ölkələrin mediası ortaq mövqedən çıxış etməlidir:

 

“Özbəkistan və Azərbaycan arasında əlaqələr bütün sahələrdə, eyni zamanda media sahəsində də inkşaf edir. Bizim keçmişə dayanan tariximiz, mədəniyyətimiz var. Amma Özbəkistanın yeni tarixindən başlayaraq iki ölkə arasında əlaqələr daha da inkşaf edib. Bu əlaqələrin güclənməsi üçün iki ölkənin mediası daha məsuliyyətli olmalıdır.

 

2017-ci ildən başlayaraq yeni Özbəkistan dünyaya açılıb. Bu fonda Azərbaycanla əlaqələri xüsusi olaraq qeyd etmək lazımdır. Biz media sahəsini götürsək deyə bilərik ki, son illərdə Özbəkistandan Azərbaycana gedən jurnalistlərin sayı atır. Ölkəmizdə iki minə yaxın media orqanı varsa, oların bir neçə nümayəndəsi hazırda Azərbaycandadır. Hətta onlar Qarabağa qədər gedib çıxıblar. Bu da Azərbaycan və Özbəkistan media orqanları arasında əlaqələrin keçdiyimiz dörd-beş il ərzində nə qədər inkşaf etdiyini göstərir”.

 

 

Qamariddin Şayxov vurğulayıb ki, iki ölkə arasında əlaqələrin inkişafı media sahəsində ortaq işlərə də təsir edəcək:

 

“Azərbaycan və Özbəkistan arasında əlaqələri media dünyaya çatdırır. Biz Azərbaycanın 44 günlük Vətən müharibəsində gördük ki, qardaş ölkənin dərdinə şərik olan sadəcə qardaşları idi. Müharibə zamanı Azərbaycana qarşı dünya mediasında qərəzli mövqe vardı. Azərbaycanın doğru narazılığını dünyaya çatdıran medialardan biri də Özbəkistan mediası idi. Həmin vaxt bütün Özbəkistan mediası, eyni zamanda mənim də rəhbəri olduğum media platforması Qarabağın sahibinin kim olmasını dünyaya tanıtmaq üçün xidmət edirdi”.

 

Özbəkistanlı jurnalist qeyd edib ki, Türk dövlətləri jurnalistlərinin dostluq platforması yaradılmalıdır:

 

“Media sahəsində əlaqələrimiz daha da inkşaf edilməlidir. Dünyada vəziyyət ürəkaçan deyil. Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, pandemiya, qlobal terrorizm, ölkələrin miqrant problemi, aclıq və s. Deyə bilmərik ki, bu problemlərin heç biri ölkələrimizə təsir etməyəcək. Belə vaxtda Türk Dövlətləri Təşkilatının üzərindəki yük artır. Doğru xəbərin xalqlarımıza çatdırılması üçün əl-ələ çalışmalıyıq.

 

Mənim fikrimcə, Türk dövlətlərinin ortaq media platforması yaradılmalıdır. Bu, Türk dövlətləri jurnalistlərinin dostluq qrupu ola bilər. Belə platforma sayəsində Türk dövlətləri ilə bağlı məlumatlardan daha tez xəbət tuta bilərik.

 

Məsələn, bu ilin əvvəlində Qazaxıstanda baş verən hadisələr hamıya məlumdur. Ölkə daxilində cərəyan edən hadisələr zamanı internet kəsildikdən sonra düzgün məlumat almaq çətinləşdi. Yalnız bir neçə mənbədən xəbər alırdıq, amma həmin xəbərlərin nə qədər doğru olduğu sual altında idi. Əgər bizim ortaq platformamız olsaydı, Qazaxıstanda olan hadisələri daha dəqiq bilərdik”.

 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

Aysel Məhərrəm