Rusiya universitetləri Boloniya prosesindən çıxarıldı

Rusiyanın bütün təhsil müəssislərini Boloniya təhsil prosesindən çıxardılar. Bu barədə TASS informasiya agentliyi Rusiya Təhsil və Elm Nazirinin müavini Dmitri Afanasyevə istinadən məlumat verib. “11apreldə Boloniya qrupu Rusiya və Belorusun Boloniya prosesindəki bütün strukturlarda nümayəndəliklərinin fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib.” -deyə Afanasyev bildirib. Nazir müavininin dediyinə görə təhsil müəssisələrinin rəhbərləri Rusiya Universitet Rektorları İttifaqının  Prezidentin Ukraynadakı xüsusi hərbi əməliyyat həyata keçirmək haqqında qərarını dəstəkləmişlər. Buna görə də universitetlər də daxil olmaqla təhsil təşkilatları Boloniya prosesindən çıxarılmışlar. ” Mən deyərdim ki, Boloniya sistemi bizdən çıxdı, biz ondan deyil.”

Boloniya prosesinin təməlində  Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirlərinin  1998-ci ildə imzaladıqları Sarbonna Bəyannaməsi dayanır.Bu bəyannamənin əsas prinsipi belədir: Avropa  baza təhsil mərhələsi-bakalvr – 3 ildən az olmayaraq müəyyən olunan təhsil kontinentinə çevrilir. Bu ixtisaslaşma  üçün Avropa səviyyəsində yetərli hesab edilir. Bakalavr  mərhələsinin  əsas xüsusiyyəti isə ondan ibarətdir ki, burada illər deyil əldə olunan kredit vahidləri (ECTS -Avropa transfer və bal toplama sistemi) əsas götürülür. ECTS burada tələbənin təhsil yükünü müəyyənləşdirən ölçü vahididir. İlk mərhələ-bakalavr pilləsi 180-249 kredit vahidinə, magistr dərəcəsi 300-320 kredit vahidinə bərabər götürülür. Doktor dərəcəsi ilə birlikdə tam təhsil mərhələsi 7-8 il üçün nəzərdə tutulur.

Boloniya prosesinin əsası dövlətlər səviyyəsində 1999-cu ilin 19 iyununda 29 nazirin öz dövlətləri adından ” Boloniya Bəyannaməsini” imzalamaqla    qoyulub. Praqa konfransında bu prosesə qoşulan dövlətlərin sayı 33-ə çatıb. Rusiya 2003-cü ildə digər altı ölkə ilə birlikdə bu sistemə qoşulması haqqında müqaviləni imzalayır. Boloniya prosesindən çıxdıqdan sonra bakalavr və magistratura pillələrinin Rusiya təhsil sistemində qalıb -qalmayacağı barədə hələ dəqiq məlumat verilmir. Amma Afanasyevin sözlərinə görə bakalavriat və magistratura Rusiyada təhsilin səviyyəsini inkişaf etdirməyib. O, hesab edir ki, 4 illik bakalavriat elm, savad, təcrübə əldə etmək baxımdan yetərli deyil. Bir qədər əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın Boloniya prosesinə inteqrasiyasındakı uğursuzluğu barədə məlumat vermişdi.

May ayının 24-də Rusiyanın Boloniya prosesindən imtina etmək və öz ali təhsil sistemini qurmaq istəməsi ilə bağlı məlumat daxil olmuşdu. Bu ideyanı Dövlət Dumasının vitse spikeri Pyotr Tolstoy elm və ali təhsil komitəsinin 1-ci müavini  Oleq Smolin dəstəkləmişdilər. Rusiya kütləvi informasiya vasitələrində Boloniya prosesinin Rusiya üçün əhəmiyyəti və ziyanı barədə geniş müzakirə açıldı. Bu barədə rəy bildirənlərin əksəriyyəti Boloniya təhsil prosesinin Rusiya təhsil sistemi üçün əlverişli olmaması və köhnə sovet təhsil sisteminə qayıtmağın zəruriliyini müdafiə edirdilər. İndi məlum olur ki, bu müzakirələr Rusiya təhsil sistemində çalışan və ali məktəblərdə təhsil almaqda olanları Boloniya prosesindən çıxmağa hazırlayırmışlar. Müzakirələr elə təqdim olunurdu ki, sanki Rusiya özü Boloniya  prosesindən imtina edir. Amma indi məlum olur ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla olduğu kim Boloniya prosesindən də Rusiya öz istəyi ilə çıxmayıb. Sadəcə bu ölkənin Boloniya prosesindəki fəaliyyətinə xitam veriblər. Belə olan halda Rusiya elm və təhsilini qarşıda nə gözləyir? Rusiya Boloniya prosesinə alternativ hansı təhsil sistemini inkişaf etdirəcək? Yenidən 5 illik Sovet təhsil sisteminə keçidmi olacaq?

Rusiya Boloniya prosesi ilə əlaqəni kəsdikdən sonra onu ali təhsil sferasında  ciddi problemlər gözlədiyindən xəbərdardır. İlk növbədə  elm və təhsil sahəsində universitetlərarası beynəlxalq əlaqələrə ciddi ziyan dəyəcək, ali təhsil almaq üçün Rusiya universitetlərinə qəbul olan əcnəbi vətəndaşların sayı ciddi şəkildə azalacaq. Rusiya hər il əcnəbi tələbələrin təhsilindən əldə etdiyi orta hesabla 130-140 milyon dollar həcmində gəlirdən  məhrum olacaq. Hətta Rusiyada öz vətəndaşlarının ali məktəblərə qəbul qaydalarında dadəyişikliklərin olacağı  proqnozlaşdırılır. Çünki Birdəfəlik Dövlət İmtahanı da Boloniya təhsil sisteminnə uyğun olaraq həyata keçirilirdi.Daha ciddi problem MDB məkanında olan ölkələrin ali məktəbləri ilə əlaqələrin bundan sonra hansı formada davam etdirilməsində yaranacaq. Axı bu ölkələr də uzun müddətdir ki, ali təhsildə Baloniya sitemini tətbiq edirlər. Onların Rusiyanın ardınca bu sistemdən imtina edəcəyi  istisna olunur. Belə olan halda Rusiya universitetləri təkcə Avropa universitetləri ilə deyil, eyni zamanda  MDB ölkələrindən olan universitetlərlə də əlaqəni zəiflətmək məcburiyyətində qalacaq.

Bu sualların cavablandırmaq indiki halda çox çətindir. Ona görə ki, Rusiya elm və təhsili heç gözləmədiyi yerdən ciddi zərbə aldı. Gözlənilən budur ki, Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar Boloniya prosesindən çıxarılmaqla elm və təhsilinə tətbiq olundu. Hələ müharibə başa çatdıqdan sonra bu ölkənin iqtisadiyyatının dirçəlməsi üçün 10 illərlə vaxt sərf olunacağı kimi elm və təhsili də əvvəlki vəziyyətə qytarmaq üçün uzun illər lazım gələcək.

Əlimusa İbrahimov

Ekspert

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP