İşğaldan azad edilən ərazilərin içməli su təminatı necə həyata keçirilir
Bir ildən artıqdır ki, işğaldan azad edilən ərazilərdə geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilir. İlk növbədə düşmən tapdağından azad edilən şəhər və rayonlarımızın kommunal infrastrukturunun yenidən bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlər çərçivəsində artıq xeyli müddətdir ki, işğaldan azad edilən şəhər və rayonların içməli su təminatının təşkili məqsədilə işlər görülür. Artıq demək olar ki, müəyyən nəticələr də əldə edilib. Hətta bəzi işğaldan azad edilən ərazilərdə sayğaclaşma işləri də həyata keçirilib.
“Azərsu” Açıq Tipli Səhmdar Cəmiyyətin mətbuat katibi Anar Cəbrayıllı deyib ki, artlq Səhmdar Cəmiyyətin işğaldan azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var. Səhmdar Cəmiyyət rəsmisi qeyd edib ki, hazırda “Azərsu”nun işğaldan azad edilən ərazilərdə 4 briqadası fasiləsiz olaraq fəaliyyət göstərir: “Bunlar “Azərsu”nun Şuşa, Kəlbəcər, Zəngilan və Xocavənddə olan briqadalarıdır. Həm hərbi obyektləri, həm də orada tikinti və minatəmizləmə işləri aparan mülki əhalini su ilə təchiz edirik. Abunəçilərlə müqavilə bağlayıb sayğaclar quraşdırmışıq. İlk vacib işimiz isə Ağdamda olub. Ötən il burada Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin su təchizatı sistemlərini yenidən qurmuşuq. Belə ki, Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində 2 km içməli su və 1,3 km tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib. Bundan başqa, Ağdamın su mənbələrinin müəyyən olunması ilə bağlı kompleks işlər aparmışıq. İki ədəd qiymətləndirmə-kəşfiyyat quyusu qazılıb. O quyularda məhsuldarlıq və suyun keyfiyyəti normalara tam uyğundur. Həmin quyular imkan verdi ki, biz Ağdamın su təchziatını subartezian quyuları vasitəsilə quraq. Gələcəkdə baş plana uyğun olaraq görüləcək işlər çərçivəsində magistral kəmərin, anbarın tikintisi, daxili şəbəkənin yenidən qurulması işlərini həyata keçirəcəyik”.
Anar Cəbrayıllı məlumat verib ki, Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Qeyd edim ki, Xıdırlı kəndində və ətraf ərazilərdə işğaldan əvvəl içməli su təchizatı sistemləri mövcud olmayıb. Kəndə suyun verilməsi ilə bağlı “Azərsu” ASC mütəxəssisləri tərəfindən tədqiqat və qiymətləndirmə işləri aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, ərazidəki obyektlərə içməli suyun subartezian quyusundan verilməsi qərara alınıb. Layihənin icrasına ötən ilin sonlarında başlanılıb və artıq subartezian quyusunun, 6,5 km uzunluğunda magistral və paylayıcı su xətlərinin tikintisi yekunlaşıb. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılıb. Hazırda subartezian quyusunun işə salınması üçün elektrik təchizatı sistemlərinin qurulması işləri görülür”.
Anar Cəbrayıllı onu da deyib ki, paralel olaraq Ağdam şəhərinin və ətraf kəndlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 2 kəşfiyyat quyusu qazılıb və hazırda su mənbəyinin yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir. Onu da diqqətə çatdırım ki, Şuşa, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsindən sonra işğaldan azad olunmuş daha bir şəhərdə – Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb: “Xidmət sahəsi Zəngilan və Qubadlı rayonlarına, həmçinin Laçın rayonunun bəzi kəndlərinə xidmət göstərir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Zəngilan şəhərində yararsız tikililərdən biri təmir olunaraq inzibati bina kimi istifadəyə verilib. İşlərin operativliyini təmin etmək məqsədilə xidmət sahəsi xüsusi nəqliyyat vasitələri ilə təmin olunub. Ötən müddətdə Zəngilan rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib. Şəhər ərazisində və bəzi kəndlərdə, eləcə də sərhəd məntəqələrində yerləşən hərbi bölmələrin su təchizatı sistemi araşdırılıb, mövcud magistral və şəbəkə su xətlərinin qəzalı hissələri təmir olunub. Su ilə təmin olunmayan obyektlərin su təchizatı məqsədilə yeni xətlər çəkilib, zəruri yerlərdə hidrofor tipli nasoslar quraşdırılıb. Görülmüş işlər nəticəsində Zəngilan şəhərində və kəndlərdə 34 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunub. Həmçinin Qubadlı şəhərinin mövcud su təchizatı sistemi araşdırılıb, magistral və şəbəkə xətlərinin dağıdılmış hissələri bərpa edilib. Şəhər ərazisində 1 su anbarı, 2 suqəbuledici qurğu və 10 km müxtəlif diametrli su xəttləri bərpa olunub. Hazırda Qubadlı şəhərində 70 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunur. Qeyd edə bilərəm ki, “Azərsu” ASC tərəfindən Zəngilan və Qubadlı rayonları ilə yanaşı, Şuşa şəhəri, Kəlbəcər və Laçın rayonlarında, eləcə də Hadrut, Talış və Suqovuşan qəsəbələrində fasiləsiz xidmət təşkil olunub”.
Anar Cəbrayıllı onu da bildirib ki, işğaldan azad edilmiş ərazilərin içməli su ilə təminatı istiqamətində görülən mühüm işlərdən biri də Şuşa şəhərini əhatə edir. Belə ki, Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupu yaradılıb və İşçi Qrupunun bu günlərdə növbəti iclası keçirilib: “Şuşa şəhərində baş tutan iclasda Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər və perspektiv layihələr barədə məlumat verilib, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri ilə bağlı təqdimatlar edilib.
Qeyd edim ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Şəhər ərazisində davam edən abadlıq-quruculuq və tikinti-quraşdırma işləri, yeni tikiləcək yaşayış və qeyri-yaşayış obyektləri içməli suya tələbatı xeyli artıracaq. Mövcud mənbələrin məhsuldarlığı yay mövsümündə tələbatı tam ödəməyəcək. Bütün bunlar nəzərə alınaraq alternativ mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması nəzərdə tutulur. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla dayanıqlı içməli su təminatı məqsədilə çayın məcrasında yeni su anbarının layihələndirilməsi işləri davam etdirilir. Zarıslı çayının məcrasında yaradılacaq anbarda toplanan suyun şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 km uzunluğunda təzyiqli su kəmərinin inşası planlaşdırılır”.
Ümumiyyətlə, “Azərsu” ASC-nin işğaldan azad edilən ərazilərin içməli su təminatı ilə təchizatı istiqamətində görülən işlər çoxşaxəlidir. Səhmdar Cəmiyyət sözçüsü deyib ki, belə tədbirlərdən biri də Suqovuşan və Talış kəndlərini əhatə edir. Anar Cəbrayıllı qeyd edib ki, Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində və Talış kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir: “Suqovuşan qəsəbəsi və Talış kəndində aparılan işlər təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir və yaşayış məntəqələrinə içməli suyun verilməsini əhatə edir. Hər 2 yaşayış məntəqəsində vaxtilə subartezian quyuları qazılsa da, işğal dövründə yararsız hala salınıb və istismar edilməyib. “Azərsu” ASC mütəxəssisləri tərəfindən həmin quyuların imkanları qiymətləndirilib və təkrar istismara qaytarılmasına qərar verilib. Bu məqsədlə Suqovuşan qəsəbəsi və Talış kəndindəki subartezian quyularının hər birində yeni nasos və generator quraşdırılacaq. Quyu ərazisindən yaşayış məntəqələrinə müxtəlif diametrli polietilen borularla 3 km uzunluğunda magistral su xətti çəkilir. Artıq Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşan qəsəbəsində isə işlər başa çatmaq üzrədir. Ümumilikdə magistral su kəmərlərinin 90 faizi inşa edilib. Yeni inşa edilən su xətlərindən obyektlərin daxili sistemlərinə birləşmələr veriləcək. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində 8 ədəd siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur”.
Anar Cəbrayıllı onu da diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mənbələri var: “Keyfiyyət də tam standartlara uyğundur. Ona görə də əlavə bir çətinliyimizin olacağını düşünmürük. Qeyd etdiyim kimi artıq bu günə qədər Laçındakı hərbi obyektlər, Qubadlı, Zəngilan və Cəbrayıldakı obyektlər su ilə təmin edilib. Eyni zamanda Ağdam və Füzuli şəhərlərinin baş planı təsdiq olunub. Füzuli şəhərində də yeraltı mənbələrin istifadə olunmasına qərar verilib. Bu istiqamətdə mühəndis-axtarış işləri davam edir. Cəbrayılda da çox güman ki, mənbə yeraltı sular olacaq. Qubadlı, Laçın və Kəlbəcərdə yerüstü mənbələr daha çoxdur. Həmin ərazilərdə araşdırmaların nəticələri olaraq qərar veriləcək”.
Süleyman
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP