Təhsil Nazirliyi, “xalxın uşaq” larının sayı niyə azalır?

Dövlət İmtahan Mərkəzinin hər il təşkil təşkil etdiyi buraxılış imtahanları qasırğadan fərqlənmir. 2021-2022-ci il tədris ilini də yekunlaşdırmağa hazırlaşırıq. Bir çox məktəbli sevinc qarışıq, böyük bir məyyusluq içərisindədi. Əminik, bu il “son zəng” çalınan zaman uşaqlar sadəcə məktəbdən ayrıldıqları üçün yox, universitetə qəbul olmadıqları üçün də göz yaşı axıdacaqlar. Çünki tədris ilinin birinci buraxılış imtahanı mərhələsindən  sadəcə iki abituriyent “xalxın uşağı” adını qazana bilib. Məktəblilər pandemiyadan, səmərəsiz onlayn dərslərdən yeni- yeni yaxalarını qurtaran zamanda tezləşdirilən imtahanın stressi yapışdı yaxalarından. Əsas məsələ nəyə görə minlərlə uşağın heç 200 bal belə toplaya bilməməsidir. Necə olacaq bu uşaqların aqibəti?
Son dönəmlər ildən ilə abituriyentlər aşağı nəticə göstərdikcə, qəbul balları da aşağı endirilir. 180-190 bal toplayan yeniyetmənin tələbə adı qazanması doğrudurmu? Xeyr. Bir neçə il bundan əvvəl 180 balla müsabiqə mərhələsinə qatılmaq belə mümkün deyildi. Savadsız şagirdi məktəbdən universitetə ötürməkdən başqa bir şey deyil bu. Bəs bunun altında hansı səbəblər yatır ?
Hər il minlərlə şagird tələbə adı qazanır, diplomu alır və başqa işlə məşğul olur. Bitirdiyi ixtisasda vakansiya yerinin az olması ən böyük səbəblərdən biridir. Bunları DİM bilmir? Əlbəttə, bilir. Sadəcə tələbə sayı dolmalı, az bal toplayan tələbə isə illik təhsilinə azı 2000 manat pul ödəməlidir. Bu isə büdcə üçün əlavə gəlir deməkdir. Təhsilin keyfiyyətinə isə baxan yoxdur.
Nəticədə hər il diplomlu, işsiz gənclərin sayında artım müşahidə olunur.
Şagirdlərin aşağı bal toplamasında tək səbəbkar DİM ola bilməz. Çünki, şagirdləri imtahan mərhələsinə qədər yetişdirən Təhsil Nazirliyidir.

  Bu qədər abituriyentin aşağı nəticə göstərməsinin səbəblərini araşdırmaq üçün təhsil eksperti  Qoşqar Məhərrəmov ilə həmsöhbət olduq.

-Qoşqar bəy, bildiyimiz kimi bu il buraxılış imtahanında sadəcə 2 abituriyent maksimum nəticə göstərə bilib. Sizcə, bunun səbəbləri nələrdir? Nəzərə alsaq ki, hazırki dönəmdə ibtidai sinif şagirdləri belə repetitor dəstəyi alır. 

-Burada bir çox səbəb var. Birincisi təhsil sistemimizin dəyişiklik dövrü yaşamasıdır. Biz istəyirik ki, şagirdlər daha idraka söykənən, dərin öyrənməni həyata keçirə bilsin. Təhsil Nazirliyi istəyir ki, şagirdlər sadəcə biliklə kifayyətlənməsin. Anlama, tətbiq etmə, analiz, sintez qiymətləndirmə kimi öyrənmənin yuxarı mərhələlərinə də hakim olsun. Kurikulum sisteminin tələblərini  isə  Azərbaycan müəllimi  reallaşdıra bilmir. Səbəbi isə bir qisim müəllimin səriştəsizliyi,  bir qisminin isə səriştəsi olmasına baxmayaraq, işə əhəmiyyətsiz yanaşmasıdır.  Valideynlərin də bu prosesi dəstəkləməməyi böyük rol oynayır. Öyrəşilən təhsil sistemi artıq dövrün tələblərinə cavab vermir. Ona görə də kurikulumda daha dərin öyrənmələr nəzərdə tutulur. Suallar da bu səpkidə hazırlanır. Abituriyentlər əzbərçi olmayan suallarla ilk dəfə qarşılaşdıqları üçün bu onlara çətin gələ bilər. Onlar  bu vasitə ilə özlərinə bəraət qazandırırlar. Digər ehtimal isə Dövlət İmtahan Mərkəzinin suallarının çətin olmasıdır. Bu ehtimalı Dövlət İmtahan Mərkəzi hər zaman təkzib edir. Bəlkə proqrama uyğun deyil? Ancaq biz bunu təhlil edə bilirik. Əslində DİM dərslikdə nə verilirsə, sualları da o səpkidə hazırlayır. Deməli, biz müəllimlər şagirdləri yaxşı yetişdirə bilmirik. Məsələ sadəcə imtahan deyil, şagirdlərimiz dərketmə, tətbiq etmədə çətinliklər çəkir.

-Repetitor olmadan çox az abituriyent ali təhsil şansı əldə edə bilir. Bu baxımdan məktəblərdə əskik olduğunu düşündüyünüz sütunlar hansılardır ? 

-Ən böyük problemlərdən biri siniflərin genişliyidir. Müəllimlərin səriştəsizliyi, motivasiya zəifliyi, təlim-tədris üsullarını bilməməyi. Hətta bəziləri öz fənnlərini belə tədris edə bilmir. Təmayülləşmə düzgün aparılmır. Üçüncü qrup abituriyentlərin birinci qruplarla  eyni təmayül siniflərə yerləşdirilir ki, siniflər dolsun, müəllimə dərs saatı verilsin. Bunların hamısı həm şagirdi dərsdən soyudur, həm son iki ildə şagirdlərin dərsə gəlmə faizini azaldır. Bundan əlavə, şagirdlər 9-cu sinifdə imtahan vermələrinə baxmayaraq, 11- ci sinifdə yenidən 8-9-10-11- ci sinifin materialları əsasında 5 fənndən imtahana tabe tutulur. Nəticədə şagird  25 kitabı bitirmək məcburiyyətində qalır. Bu isə həddən artıq böyük yükdür. İxtisas seçimi üçün 3 fənn yetərlidir, məncə. Abituriyent belə olan halda repetitora ehtiyac duyur. Bəzi müəllimlər məktəbi repetitorluğa uşaq yığmaq üçün vasitə olaraq görür. Çalışırlar məktəbdən evlərinə şagird apara bilsinlər.

-Test kitablarının, dərsliklərin həddən artıq baha və çoxsayılı olması tədrisə necə təsir göstərir? 

-Bu əslində dünyanın bir çox yerində belədir. Təhsildən vəsait əldə edən çoxsayılı insanlar var. Biz çalışmalıyıq ki, şagird məktəbdə öyrəndikləri ilə universitetə müraciət edə bilsin. Əlbəttə belə olan halda da əlavə dərsliklərə, repetitora ehtiyac ola bilər. Ancaq bunlar zəruri ehtiyac olmamalıdır. Şagirdə məktəb dərsliklərindən istifadə yetərli olmalıdır. Bunlar əlbəttə şagirdi yorur, stress yaradır. Hər il intihar hadisələrinin şahidi oluruq. Bu təəssüfedici halı aradan qaldırmaq üçün dərs yükünü azaltmaq lazımdır. Bu həm də maddi yükün azaldılması deməkdir.

– Buraxılış imtahanlarının tezləşdirilməsinin altında hansı səbəb yatır və bu ilki nəticələrə təsiri necə oldu? 

-Ümumiyyətlə, buraxılış imtahanı tezləşdirilirsə, ilin axırına qədər şagird məktəbdə necə dayanacaq? Şagird məktəbə gələcəkmi?  Bunlar ciddi problemlərdir. İmtahanı tezləşdiririksə, bilməliyik ki, şagirdə imtahandan sonra dərs keçmək çox çətin olacaq.  İmtahanı mümkün qədər gec tarixdə həyata keçirmək lazımdır ki, şagird məktəbdə imtahana hazırlaşsın. Fənnlərin sayı azaldılmalıdır, oxu zalları, əlavə dərslər təşkil olunmalıdır. Məktəb öyrənmə mühitinə çevrilməlidir. Qrup işləri, fərdi işlər üçün məktəbdə çalışma mühitləri yaradılmalıdır. Şagirdlər sosiallaşmalıdır. İndi bir çox hallarda şagirdlər məktəbə gəlir, çıxıb repetitor yanına gedir. Məktəbin missiyası dəyişir. Nəticə olaraq imtahanın tez təşkil edilməsi, həm imtahanın nəticəsinə həm də tədrisin gedişatına mənfi təsir edir.

-İmtahanların pullu şəkildə həyata keçirilməsinə münasibətiniz necədir ? DİM tərəfindən təşkil olunan imtahanlara tələb olunan xərclə, imtahan üçün tələb olunan toplam vəsaiti müqayisə edə bilərsinizmi? Bu tam ehtiyacdırmı yoxsa pul tələsi?

-Hər bir halda Dövlət İmtahan Mərkəzi dövlət qurumudur. Dövlət təhsil müəssisəsinin şagirdləri imtahanda iştirak etmək istəyirsə, imtahan pulsuz təşkil olunmalıdır.Yəni, başqa imtahanlardan DİM kifayət qədər gəlir əldə edir. Orta məktəb şagirdindən pul qazanmasa da olar. Mənim düşüncəm bu yöndədir. DİM imtahanlardan külli miqdarda gəlir əldə edir.  Ona görə də şagirdlərdən pul tələb etməmək daha doğru olar. Magistatura, doktorantura və s. imtahanlar onsuz da ödənişli şəkildə həyata keçirilir.

-Son olaraq nələri qeyd etmək istərdiniz?

-Ümumi olaraq, təhsilin inkişafı yönündə, məktəblərdə arzuladığımız mənzərəni görməyimiz üçün yolumuz uzundur. Bağçalardan, məktəblərdən, universitetlərdən bu istiqamətdə işlər gözlənilir.  Eyni zamanda da dövlətdən də fundamental dəyişikliklər, islahatlar gözlənilir. Bunlar olmasa, təhsildə müsbət nəticələri görmək çətindir. Təhsildə nəticələri  qısa zamanda görmək mümkün deyil. Şagirdlərimiz beynəlxalq qiymətləndirmə olan PİSA imtahanında zəif nəticə göstərir. Zəif nəticələri gördükcə buraxılış imtahanlarındaki zəif nəticə bizdə təəccüb doğurmur. Gözlənilən nəticə olur bizim üçün. Buna görə də müəllim, direktor yetişdirməklə, valideynlərin maarifləndirilməsi ilə bağlı, qiymətləndirmələr ilə bağlı ciddi islahatlara ehtiyac var.

Əfsanə Kamal

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP