Gülhüseyn Kazımlı: “Şuşa İli” bütün xalqımızın həyatında yeniliklər ili olacaq

Muğam irsimizin və mədəniyyət tariximizin yorulmaz tədqiqatçılarından olan, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ictimai xadim, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı növbəti ad gününü qeyd edir. O, 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Dörd ali təhsilə yiyələnib, müxtəlif vəzifələrdə çalışıb. Dövri mətbuatda xeyli elmi-publisistik yazıları dərc olunub, dəyərli araşdırma əsərləri çap edilib. AZƏRTAC-ın əməkdaşı doğum günü ərəfəsində Gülhüseyn Kazımlı ilə həmsöhbət olub.

– Gülhüseyn müəllim, ömrün 72-ci zirvəsindən arxada qalan illər necə görünür? Bizə görünən odur ki, bu illər ərzində harada olmağınızdan və hansı işi görməyinizdən asılı olmayaraq, hər zaman mənsub olduğunuz millətin musiqisini, incəsənətini tanıtmağa və bu sahədə axtarışlara üstünlük vermisiniz…

– Ötən dövrlərdə müxtəlif vəzifələrdə çalışmışam. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “Elm və təhsil” baş redaksiyasında redaktor, Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri və digər işlərdə çalışsam da, heç vaxt özümü ədəbiyyatdan, musiqidən ayrı hiss etməmişəm. Hələ televiziyada işləyərkən görkəmli sənətkarlar, Xalq artistləri Arif Babayev və Sara Qədimova haqqında yazdığım radiooçerklər Azərbaycan radiosunda səslənib. Təhsil aldığım ali məktəblərdən biri də sovet dövrünün ən nüfuzlu ali təhsil ocaqlarından olan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin İctimai Elmlər Akademiyası idi. Həmin ideoloji akademiyada oxuyanların əksəriyyəti partiya tarixi, elmi kommunizm və digər kafedraları seçirdilər. Ancaq mən qəlbimdə musiqiyə, mədəniyyətimizə olan hissləri əsas götürərək “Mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi kafedrası”nı seçdim. Dissertasiya işimin mövzusu sovet yazıçılarının yaratdıqları obrazlarda daxili konfliktlərin mübarizəsi vasitəsilə insanın özünüdərkinin, özünütəmizləmənin mümkünlüyü barədə idi. İnsanın daxili aləmində baş verən pozitiv dəyişikliklər, bu zaman mənfidən müsbətə doğru inkişafın mümkünlüyü mövzunun əsas leytmotivini təşkil edirdi. Yusif Səmədoğlunun “Qətl günü”, Mövlud Süleymanlının “Dəyirman”, Andrey Bitovun “Puşkin evi”, Quram Pancikidzenin “Spiral” kimi əsərlərində daxili psixologizmin təhlilini aparmışdım. Bunları deməkdə əsas məqsədim odur ki, ideoloji akademiyada təhsil alsam da, götürdüyüm mövzu da mədəniyyətə, ədəbiyyata aid idi, seçdiyim mövzunun nə partiyaya, nə elmi kommunizmə, nə də sırf həmin dövrün çağırışlarına aidiyyəti vardı. Elmi işi uğurla müdafiə edib filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Bir sözlə, harada, hansı vəzifədə işləməyimdən asılı olmayaraq həmişə mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın tədqiqinə, təbliğinə çalışmışam. Bu, mənim həyat kredom olub.

-İndiyə qədər dərc olunan kitablarınızdan, qələmə aldığınız şeirlərdən, mahnıya çevrilən əsərlərinizdən danışmadınız…

-Ötən müddət ərzində 20-yə qədər kitabım çap olunub. Xalqımızın sevimli şairi Məmməd Arazın xeyir-duası ilə ədəbiyyatda ilk addımlarımı atmışam. “Vətən sevgisi” adlı ilk şeirlər kitabım 1978-ci ildə işıq üzü görüb. Sonralar “Yollarda ömür”, “Mənə inan”, “İnsanın dərki”, “Ümid yeri”, “Heydər Əliyevin yadigarları” və digər kitablarım işıq üzü görüb. Şeirlərimə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar 30-dan çox mahnı bəstələyib. “Vətən sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”, “Əsgər yuxuları” kimi mahnılar bu qəbildəndir. Sözlərimə yazılmış mahnıları Baba Mahmudoğlu, Flora Kərimova, Oqtay Ağayev, İlhamə Quliyeva, Səkinə İsmayılova, Təranə Vəlizadə, Eldar Axundov, Eyvaz Həsənov və başqa tanınmış müğənnilər ifa ediblər.

İndiyədək otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olmuşam və həmin səfərlərdə müşahidələrimi şeirə, sözə çevirmişəm. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alıram. Xüsusilə, muğamlarımızın vurğunuyam.

– “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” sizin yaradıcılığınızda və müasir ədəbiyyatşünaslığımızda müstəsna yer tutur. Həmmüəllif olduğunuz “Bülbülcan” və “Qarmonun əfsanəsi” kitabları da mədəniyyət tariximizin araşdırılması baxımından olduqca maraqlı nümunələrdir. Hazırda tarixin arxivlərində qalan mədəniyyət və incəsənət irsimizin üzə çıxarılması sahəsində hansı işlər görürsünüz?

– XIX əsrdə fəaliyyət göstərmiş məşhur “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adıgözəlbəyin nəvəsi dramaturq, yazıçı, maarifçi, Əsgər Ağa Adıgözəlov Gorani haqqında “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabı illərlə apardığım araşdırmaların nəticəsində ərsəyə gəlib. Onu da deyim ki, Mirzə Adıgözəlbəy də, Əsgər Ağa Gorani də Nizami Gəncəvinin məqbərəsini öz vəsaitləri hesabına yenidən təmir etdiriblər. Əsgər ağa Gorani Nəcəf bəy Vəzirovla birlikdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdı. Onlar Bakıda gimnaziyada da bir yerdə oxumuşdular, yaxın dost idilər. Əsgər ağa Gorani, eyni zamanda hüquq sahəsində çalışırdı, 30 ilə yaxın Tiflisdə və Kutaisidə bu sahədə işləmişdi. 1906-cı ildə yenidən Gəncəyə qayıtmışdı. Burda onu indiki anlamda desək, bələdiyyə başçısı seçmişdilər. Həmin dövrdə o, Gəncədə ilk dəfə olaraq qızlar məktəbi açmışdı. Seyid Əzim Şirvani həmin hadisəni öz şeirində qələmə almışdı, o, uçulub dağılmış Nizami Gəncəvi məqbərəsini öz vəsaiti hesabına təmir etdirmişdi. İctimai fikir tariximizin görkəmli nümayəndələrindən biri olan Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuş “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabı 2016-cı ildə Bakıda “Şuşa” nəşriyyatında yüksək poliqrafik üslubda çap olunub. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, kitab yaradıcılığımda və eləcə də müasir ədəbiyyatşünaslığımızda əlahiddə yer tutur. Bu monoqrafik tədqiqatı tamamilə yeni metodoloji əsasda, fərqli rakursda, maraqlı üslubda qələmə almışam. Əsəri Əsgər ağa Goraninin 2017-ci ildə tamam olan 160 illik yubileyinə layiqli bir töhfə də hesab etmək olar. Nəyə görə Mirzə Adıgözəlbəydən, Əsgər Ağa Goranidən belə çox danışdım, çünki mən bir müddət sonra Beynəlxalq Muğam Mərkəzinə gəldim və gəlişimin səbəbi onların haqqında yazdığım kitabla əlaqədar idi. Kitab üzərində işləyərkən artıq bilirdim ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, virtuoz pianoçu Murad Hüseynov Əsgər ağa Goraninin nəticəsidir. Söhbət əsnasında Murad müəllim məni mərkəzdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət etdi.

Bülbülcan adıyla daha çox tanınan Əbdülbağı Zülalov haqqında kitabı yorulmaz tədqiqatçı Vasif Quliyevlə birlikdə yazmışıq. Kitab Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan və gürcü dillərində çap olunub. Bakıda Beynəlxalq Muğam Mərkəzində, həmçinin Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində gürcü ictimaiyyətinin iştirakı ilə əsərin təntənəli təqdimatı keçirilib. Yeri gəlmişkən deyim ki, Beynəlxalq Muğam Mərkəzi məni Tbilisiyə ezam etdi, axı Bülbülcan ömrünün 30 ilini həmin şəhərdə yaşayıb. Mən Bakı arxivləri ilə yanaşı, Gürcüstandakı arxivlərdə də işlədim və yeni mənbələr aşkar etdim. 2016-cı ildə Beynəlxalq Muğam Mərkəzində Bülbülcanın 175 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi. İndi də bu sahədə işlər davam edir.

“Qarmonun əfsanəsi” kitabı isə dörd yaşında gözləri dünya işığına həsrət qalan qarmon ustadı Əhəd Əliyev haqqındadı. Bu əsər də Beynəlxalq Muğam Mərkəzi tərəfindən çap edilib.

Tədqiqat işlərimi yenə də davam etdirirəm. Pandemiya ilə əlaqədar olaraq bəzi layihələrin icrası ləngidi. Artıq həyat öz əvvəlki axarına qayıdır və yarımçıq qalmış işləri davam etdirməyə başlayacağam.

– Yeri gəlmişkən, siz Beynəlxalq Muğam Mərkəzində bir çox mühüm mədəni layihələrin həyata keçirilməsinin yaxından iştirakçısısınız və muğam irsinin, mədəni xəzinəmizin yorulmaz təbliğatçılarından biri kimi çalışırsınız. Bu sahədə gördüyünüz və görəcəyiniz işlər nədən ibarətdir?

– Beynəlxalq Muğam Mərkəzində müqavilə şərtləri ilə işləyirəm. Azərbaycan musiqisi 3 lad intonasiya sistemi üzərində qurulub. Bunların birincisi muğamlar, ikincisi aşıq mahnıları, üçüncüsü isə bəstəkar yaradıcılığıdır. Beynəlxalq Muğam Mərkəzi də həmin istiqamətləri əsas götürüb. Mərkəzdə istər muğam və xalq mahnılarının, klassik və müasir bəstəkar mahnılarının, istərsə də aşıq mahnılarının, eləcə də Qərb musiqisinin təbliğinə geniş yer verilir. Beynəlxalq Muğam Mərkəzi həm də böyük bir mədəniyyət məbədi olaraq müasir musiqini də təbliğ edir. Yəni mərkəzin əhatə dairəsi çox genişdir.

Mənim mərkəzin rəhbərliyinin dəvəti ilə iştirak etdiyim layihələrdən biri qədim və müasir musiqimizin elmi-nəzəri məsələlərinin müzakirə olunduğu dəyirmi masa, digəri isə “Unudulmayanlar” layihəsidir. Hər iki layihənin əsas məqsədi muğam korifeylərinin-ilk növbədə, Beynəlxalq Muğam Mərkəzində büstü olan korifeylərimizin, sonra isə unudulmuş, unudulmaqda olan muğam ifaçılarımızın bədii portretlərini yenidən işləmək, yenidən arxivlərdə araşdırma aparmaq və onların həyat və yaradıcılığına aid olan maraqlı məlumatları üzə çıxarmaqdır. Artıq 6 ilə yaxındır ki, bu sahədə axtarışlar aparırıq və bu illər ərzində görkəmli korifey sənətkarlar haqqında çoxsaylı xatirə gecələr keçirilib.

– 30 ilə yaxın davam edən yurd, torpaq həsrətindən sonra yenidən doğma Cəbrayılda olarkən hansı hisslər yaşadınız….

– Uzun illərin həsrətindən sonra Cəbrayıla getməyimi və orda keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Çünki 28 ilə yaxın idi ki, biz doğma yurd həsrəti ilə yaşayırdıq. Cəbrayıla getməyə dəvət alanda sevincimin həddi-hüdudu yox idi, özümə yer tapa bilmirdim. Təəssüratlarıma gəlincə… ifadə etmək çətindir… Çünki həm Cəbrayıla getmişdik, həm də getməmişdik. Mənim tanıdığım Cəbrayıl yox idi, başdan-başa xarabalıqdan, təkəmseyrək daş-divarı qalmış evlərdən və boş səhradan ibarət idi. Mərkəzdə üstündə qartal şəkli olan bir dağ var, yalnız onun vasitəsilə onu oxşatmaq olurdu. Buna baxmayaraq, Vətən torpağına ayaq basmaq, Vətən havası udmaq özgə bir hissdir. Əsas torpaqdır, sonradan onun üstündə hər cür şərait yaratmaq olar. Cəbrayılda olanda bizə rayonun baş planını göstərdilər. Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılın təməlqoyma mərasimində iştirak etdik.

Orda Prezidentin cəbrayıllı ziyalılarla görüşündə bir bayatı səsləndirdim:

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə igid olsa,

Heç verməz ordu bada.

Doğurdan da dövlət başçısı ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, ölkəmizin ərazi bütövlüyünü bərpa edən müdrik lider, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

-“Şuşa İli”nə bir yaradıcı insan kimi hansı töhfəni verməyi düşünürsünüz?

-Azərbaycan mədəniyyəti, muğam və musiqisinin çox böyük bir dövrü Şuşa ilə bağlıdır. Əbəs yerə Şuşanı Azərbaycanın konservatoriyası adlandırmamışlar. Ulu öndər Heydər Əliyev demişdir: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa hər zaman xalqımız üçün müqəddəs bir məkan olub. 2022-ci ilin ölkə başçısının Sərəncamı ilə “Şuşa İli” elan olunması bu qədim şəhərin irsini bir daha dərindən öyrənməyə, araşdırmağa sövq edir.

Haqqında kitab yazdığım Bülbülcan Şuşada doğulub, orda yaşayıb-yaradıb. Onun şəhərdə evi olması barədə müəyyən faktlar var. Mən Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən bu məsələ ilə əlaqədar məlumatlar topladım. Araşdırmalarımı tamamlamaq üçün yenidən Şuşaya getmək istəyirəm. Həmçinin Beynəlxalq Muğam Mərkəzi tərəfindən ekranlaşdırılan “Bülbülcan” sənədli filminin bəzi detallarının Şuşada çəkilməsi nəzərdə tutulur.

Ötən il Bülbülcanın anadan olmasının 180 və ustad xanəndə Cabbar Qaryağdıoğlunun 160 illiyi tamam oldu. Pandemiya ilə əlaqədar olaraq onlara həsr olunmuş tədbirlərin geniş şəkildə keçirilməsi mümkün olmadı. Bu ayda hər iki sənətkarın yaradıcılığına həsr olunmuş dəyirmi masa və konsert proqramlarının təşkili nəzərdə tutulub. İnanıram ki, “Şuşa İli” bütün xalqımızın həyatında rəngarəng yeniliklərlə əlamətdar olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP