Fransanın Azərbaycana qarşı qərəzi nə ilə bağlıdır? – Cavanşir Feyziyevdən CAVAB
“Fransanın Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə Azərbaycana qarşı atdığı qərəzli addımların klassik mənada siyasətlə heç bir əlaqəsi yoxdur”.
Bunu Milli Məclisin deputatı, Fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, bu daha çox Fransa hakim dairələrində siyasətsizliyin əlamətidir. “Son 1 il ərzində Fransanın bölgəmizdə baş verən hadisələrə göstərdiyi münasibət heç bir diplomatik etikaya sığmayan, beynəlxalq hüquq normalarına uyğun gəlməyən və beynəlxalq münasibətlər sisteminin qanunauyğunluqlarına cavab verməyən ziddiyyətli bir münasibətdir. Bu da daha çox Fransa rəhbərliyinin, ayrılıqda Fransa prezidenti Emanuel Makronun siyasətdə naşı adam olması ilə əlaqədardır. Belə təsəvvür yaranır ki, Makron beynəlxalq siyasət arenasında Fransanın yerinə və imicinə uyğun olmayan emosional qərarlar qəbul edir, Fransa Respublikasının adına nüfuz gətirməyən qeyri-adekvat addımları düşünmədən atır və sonra bu barədə fikirləşməyə başlayır. Bu isə artıq nə Şarl de Qol, nə Mitteran, nə də heç olmasa Jak Şirak Fransasıdır. Bu daxili və xarici siyasəti deqradasiyaya uğrayan yeni bir Fransadır. Bu özünü təkcə Azərbaycana qarşı münasibətdə göstərmir. Fransanın daxili siyasətində, Avropa Birliyi daxilində öz müttəfiqləri ilə münasibətlərində və eləcə də ABŞ və NATO ilə münasibətlərdə də deqradasiya meyllərini görməmək mümkün deyil”.
“Fransanın tarixi müstəmləkəçilik siyasəti özünün qəddarlığı ilə tarixin arxivində qalmaqdadır və müasir dünyaya da yaxşı məlumdur” – deyə, deputat əlavə edib:
“Sivil dünya müstəmləkəçilik siyasətinə son qoyduğunu hələ keçən əsrdə elan etsə də Fransa öz keçmişindən ayrıla bilmir və hələ də özündə dünyanın müxtəlif bölgələrində müxtəlif xalqlar üzərində hökmranlıq iddiasını boğa bilmir. Sonuncu Fransa inqilabının “Azadlıq, Bərabərlik və Qardaşlıq” şüarı altında Korsika və Yeni Kaledoniya kimi müstəmləkə rejimində çabalayan xalqları istismar etməkdə hələ də davam edir. İstər Korsikada, istərsə də Fransadan 9 min km məsafədə yerləşən Yeni Kaledoniyada yerli xalqların tələbi ilə keçirilən seçkiləri və referendumları öz emissarları vasitəsilə saxtalaşdıraraq Fransa hakimiyyətini həmin ərazilərdə qoruyub saxlamağa nail olur. Bütün bunlar Fransa siyasətinin qoruyub saxladığı müstəmləkəçilik xüsusiyyətləri ilə bağlıdır. Cənubi Qafqaza gəlincə, burada Fransanın aktiv təmsilçiliyi 1992-ci ildə Minsk Qrupunun yaranması ilə başlayıb. Ehtimal edirəm ki, məhz Fransanın bu qrupda təmsilçiliyi Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmayaraq uzun müddət üçün dondurulmasına gətirib çıxaran səbəblərdən biridir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi bölgədə sülh yaratmaq üzrə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə bu bölgədə münaqişənin mövcudluğunu uzatmaq istiqamətində çalışıb. Bu da bir daha Fransanın öz keçmişindən ayrıla bilmədiyini göstərir. Mənə elə gəlir ki, bugünkü Fransa hələ də regiona Antantanın gözü ilə baxır”.
Cavanşir Feyziyev bildirib ki, Fransanın Afrika qitəsində törətdiyi soyqırımları sübutları, dəlilləri açıq olan və hətta bəzi yerlərdə canlı şahidləri də yaşayan faktlardır.
“Qabon, Seneqal, Benin, Tunis, Qvineya, Burkino-Faso, Çad, Kamerun, Cibuti, Əlcəzair və Ruandada Fransa tərəfindən həyata keçirilən dövlət çevrilişləri, işğallar və süni surətdə yaradılan münaqişələr zamanı qətlə yetirilmiş insanların sayı milyonlarla hesablanır. Amma bu faktların rəsmi sənədlərlə təsdiq olunmasına Fransanın BMT Təhlükəsizlik Şurasının üzvü olması mane olur. Məhz bu kimi səbəblərdən BMT bütövlükdə, onun Təhlükəsizlik Şurası isə ayrılıqda yeni dünya nizamına uyğun gəlməyən struktur kimi xarakterizə olunur və müasir dövrdə bir çox hallarda bu qurum meqa-siyasi sistemin yeni və daha mütərəqqi inkişaf pilləsinə qalxmasını əngəlləyən maneə kimi qiymətləndirilir. Dünyanın demək olar ki, bütün bölgələrində BMT-nin fəaliyyətində köklü islahatların aparılmasına çağıran çoxsaylı təşəbbüslər də məhz bundan qaynaqlanır”.
Onun sözlərinə görə, “Erməni soyqırımı”, “Qarabağdakı ermənilərin hüquqları”, “Azərbaycanın Ermənistana qarşı təcavüzü” kimi qondarma məsələlərin tez-tez Fransa daxili siyasətinin gündəminə gətirilməsi isə olduqca bəsit və bayağı səbəblərlə bağlıdır.
“Prezidentliyi dövründə seçicilərin etimadını və dəstəyini itirmiş Makronun növbəti seçki ərəfəsindəki gedişləri suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Siyasi dəstək defisitinin göz qabağında olduğunu görən Fransa prezidenti çarəsizlikdən sayı 400 mindən çox olan erməni əsilli vətəndaşlarının da mümkün səslərini itirmək istəmir. Onu da unutmaq olmaz ki, Fransada yaşayan erməni icması təkcə səslə deyil, maliyyə resursları ilə də prezident seçkilərinə təsir göstərmək iqtidarındadır. Buna da Makronu ermənilərə loyallaşdıran səbəblərdən biri kimi baxıla bilər. Fransanın yaxın keçmişində seçkilərdə qeyri-qanuni vəsaitlərdən geniş istifadə olunmasını Fransa məhkəməsi özü təsdiq edib. Amma Fransa siyasi estebleşmentinin Azərbaycana qarşı atdığı destruktiv addımlar bölgəmizdəki mövcud vəziyyəti, xüsusilə Azərbaycanın Vətən müharibəsi nəticəsində yaratdığı yeni reallıqları dəyişmək iqtidarında deyil”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP