Qalib Azərbaycan Cümhuriyyətin arzuladığı qüdrətli dövlətdir

Hər bir xalqın özünün müstəqil dövlətinin olması çox önəmli məsələdir. Ötən əsrin əvvələrində ölkəmizdə gedən ictimai-siyasi prosesləri təhlil edərkən  Azərbaycan Xalq Cümhuriyyətinin də əsl dəyəri, mahiyyəti və müstəqilliyə gedən yolda oynadığı tarixi rolu daha aydın şəkildə görünür.  Belə ki, 103 il əvvəl xalqını ürəkdən sevən, milli azadlıq ideyalarının çarçıları olan vətənpərvər ziyalımızın siyasi əməyi nəticəsində Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) öz istiqlaliyyətini elan etdi.

Xalqımızın milli dövlətçilik tarixinin şanlı səhifəsi və salnaməsi olan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyət dövrü hər zaman xalqımız tərəfindən qürurla xatırlanır, dövlətçilik tariximizdə iftixarla qeyd edilən mühüm hadisəyə çevrilib. 1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövr olubdur. Azərbaycan məhz bu dövrdə ilk dəfə olaraq dövlət suverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışıbdır. Bu dövr millətin həyatında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəyinin və istiqlalının bünövrəsini qoyub. Düzdür, iki il tarix üçün o qədər də böyük zaman kəsiyi deyil. Lakin bu iki ildə Azərbaycan Cümhuriyyətinin gördüyü işlərin miqyası, əhəmiyyəti və mənası Azərbaycan xalqının həyatında olduqca böyük hadisədir. Az bir vaxtda Azərbaycan parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, milli rəmzlərə və dövlət atributlarına malik, vətəndaş haqlarını və hüquqlarını hər şeydən uca tutan demokratik bir respublikaya çevrildi. XX əsrin əvvəllərində monarxiya hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitar dövlət ilk dəfə Azərbaycanda quruldu. Cümhuriyyətin rəhbərliyi çox çətin şəraitdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı mühüm işlər-sosial-iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza olan iqtisadi qanunlar qəbul etdi, dövlətin iqtisadi siyasətini həyata keçirən strukturlar, o cümlədən vergi və maliyyə orqanlarını, Dövlət Bankını formalaşdırdı. Cümhuriyyətin dövlət quruculuğunda göstərdiyi bütün cəhdlərə baxmayaraq, hadisələrin sonrakı gedişi nəzərdə tutulan tədbirlərin çoxunu həyata keçirməyə imkan vermədi. Onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının taleyində isə çox mühüm hadisə idi. Qısa müddətdə öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan Azərbaycan Cümhuriyyətinin topladığı böyük tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və inkişaf etdirilir.

Azərbaycan Demokratik Respublikası həm də Azərbaycan sözünün müasir siyasi-hüquqi məzmun, rəsmi dövlət statusu almasına səbəb olub. Dövlətçilik atributlarımızı, ordumuzu, himnimizi, gerbimizi yaradan Xalq Cümhuriyyəti bütövlükdə Türk dünyasında, müsəlman Şərqində parlaq bir hadisəyə çevrilib. Ulu öndərimiz Heydər Əliyev Cümhuriyyətimizi xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi kimi dəyərləndirərək qeyd edirdi ki, “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır”. Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətini xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirməsində müstəsna rol oynadığını xatırladaraq cümhuriyyətin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ona rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının xidmətlərini yüksək qiymətləndirmişdir. Fəxr və qürurla bildirirdi ki, bu günkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin əmanətidir”. Prezident İlham Əliyev də milli dövlətçilik tariximizin qürur və şərəf səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə dərin ehtiram hissi ilə yanaşır, Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verir, bu tarixi günü daim əziz tutur. Onun bu diqqətinin nəticəsində Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirilib, həm ölkəmizdə, həm də bir çox xarici dövlətlərdə Respublika günü yüksək xalq bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə olan dərin ehtiramının nümunəsi olaraq AXC-nin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində abidə ucaldılıb. 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və həmin il çərçivəsində ölkəmizdə və xarici dövlətlərdə silsilə tədbirlərin keçirilməsi, Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyinin qeyd olunması, sentyabrın 15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradın keçirilməsi milli mənlik şüurumuzun, milli dövlətçiliyimizin şah əsəri olan Cümhuriyyətimizə diqqət və qayğısının göstəricisidir. Dövlətimizin başçısının iftixarla bildirdiyi kimi bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaradırıq”.

1988-ci ildən respublikamızda başlamış milli azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də o vaxtkı Ali Sovetdə Müstəqillik Aktının qəbul edilməsi ilə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu və H.Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı.1995-ci ildə  müstəqil dövlətimizin qəbul etdiyi Konstitusiya, respublikada qəbul edilmiş hüquqi və siyasi aktların hamısı dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə, insan haqlarının qorunmasına, demokratiyanın inkişafına xidmət edir. Azərbaycanın müstəqilliyi dövründə keçdiyi tarixi yol hamımız üçün əziz olmalı, görülən işlərin əhəmiyyəti, onların xalqımızın maraqlarına  tam cavab verməsi layiqincə  qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti çox möhkəmlənmiş, dünya miqyasında onun imici daha da artıbvə bu gün ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Məhz bunun nəticəsidir ki, Müzəffər Azərbaycan Ordusu 30 il Ermənistanın işğalı altında qalmış Qarabağı azad etməyə nail oldu.

Alim

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP