“Amerikan baharı” və ya siyasi macəraçılığın amerikan variantı

Son onillikdə Yaxın Şərq ölkələrində həyata keçirilmiş “Ərəb baharı” əməliyyatları, Qərb siyasət mütəxəssislərinin dediyinə görə, ərəb ölkələrinə siyasi, iqtisadi və sosial “bahar” gətirməli idi: demokratiya bərqərar olunmalı, insan haqları təmin olunmalı və ədalət qələbə çalmalı idi. Qərb texnoloqlarının hazırladığı ssenarilər üzrə Misir, Tunis, Liviya, Suriya, Yəmən və digər ərəb ölkələrində yerli hakimiyyətlərin devrilməsinə və Qərb dünyasının maraqlarını təmin etməyə hazır olan yeni siyasətçilərin hakimiyyətə gətirilməsinə hesablanmış inqilabların hamısı iflasa uğradı. Nə demokratiya gəldi, nə insan haqları təmin olundu, ədalətdən danışmaq isə ümumiyyətlə utanc bir məsələyə çevrildi. Qərb öz istəyinə nail ola bilmədi. 7-8 il öncə başlamış “bahar” inqilabları vətəndaş müharibəsinə çevrilərək hələ də ərəb xalqlarına siyasi xaos, iqtisadi-sosial fəlakət və mənəvi sarsıntılar yaşatmaqdadır. ABŞ və Avropa İttifaqı tərəfindən şirnikləndirilmiş çevrilişlərin yeganə qurbanı həmin ölkələrin xalqları oldu. İnkişafdan geri qalan ölkələrin xalqlarına xoşbəxtlik gətirməyi iddia edən Qərb siyasəti yeni əsrin ən böyük qaçqın dalğasını – xalqların növbəti kütləvi köçünü meydana gətirdi. “Ərəb baharı” on minlərlə şəhər və kəndlərin darmadağın olmasına, milyonlarla insanın öz ata-baba yurdundan didərgin düşməsinə və 1 milyona yaxın insanın həyatını itirməsinə səbəb oldu. “Ərəb baharı”nın istisinə qızınmayıb, tüstüsünə kor olan qaçqınlar isə dünyanın hər yerinə səpələndilər. Saysız-hesabsız qaçqın ordusunun böyük hissəsi ən təhlükəsiz məkan hesab etdikləri Türkiyəyə pənah gətirdi. Dünyanın ən inkişaf etmiş ölkələrinə sığınmış qaçqınlar isə hazırda ən sadə yaşam-məişət normalarının belə təmin olunmadığı qaçqın düşərgələrində sağ qalmaq uğrunda mücadilə aparırlar. Qərb növbəti dəfə, sadəcə, öz vədinə xilaf çıxmadı, həm də sabit həyatına zəhər qatdığı Şərq xalqlarına sahib çıxmadı. Nəticədə “Ərəb baharı” ərəb xalqlarına 1-ci və 2-ci dünya müharibələrinin Şərqi Avropa ölkələrinə yaşatdığı sarsıntılardan daha çox fəlakət gətirmiş oldu.

Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Amerikan baharı” və ya siyasi macəraçılığın amerikan variantı” adlı məqaləsində yer alıb.

“Ərəb baharı” təkcə ərəbləri təsirləndirmədi. Avropa ölkələrində əsrlərboyu formalaşmış ənənəvi həyat tərzi ilə uyğunlaşa bilməyən bəzi qaçqınlar vaxtaşırı dünya gündəmini sarsıdan hadisələrin iştirakçılarına çevrilir, məhv edilmiş taleyinin qisasını “məhv edənlərdən” aldıqlarını düşünürlər. Qərb siyasəti bir qayda olaraq onları “islam terrorçuları” adlandırırlar, amma heç vaxt bu hadisələri doğuran səbəbləri və terrorçu adlandırdıqları bu şəxslərin motivasiyasını anlamaq və dərk etmək istəmirlər. Ən başlıcası isə hadisələrin bu yerə gəlib çatmasında öz günahlarını etiraf etməkdən çox uzaqdırlar.

Bu günlərdə Vaşınqtonun Kapitoli təpəliyində baş verənlər də “ərəb baharı”nı xatırladır və maraqlı bir sual doğurur. Dünyada azadlıq və demokratiya ənənələrinin nümunəsi sayılan, dünyanın ən böyük iqtisadi və hərbi gücünə sahib olan Amerikanın nəyi çatmır? Onlara niyə inqilab lazım oldu? Əlbəttə, ABŞ-da yaşanan gərginliyin ərəb ölkələrindəki kimi kənardan gətirilən “demokratiya” və “insan haqları” şüarları altında baş verdiyini iddia etmək mümkün deyil. Trampın 4 illik prezidentliyi dövründə işsizliyin ən aşağı həddə çatdırılması, ölkə iqtisadiyyatının yalnız müsbət dinamika üzrə inkişaf etməsi də təkzibedilməz faktlardır. 2016-cı il seçkilərində olduğu kimi Rusiyanın “kiber-müdaxiləsi” də söz konusu deyil. Amerika Konqresinə hücum həm respublikaçıları, həm də demokratları o qədər çaşdırıb ki, növbəti dəfə Rusiya və Çin kimi vahiməli “düşmənləri” günahlandırmaq da siyasi texnoloqların yadına düşməyib. Trampın başa çatmaqda olan prezidentliyi dönəmində onun idarəçiliyinə qarşı irad tutula biləcək yeganə səbəb pandemiyanın qarşısının alınmasında hökumətin yarıtmaz fəaliyyəti ola bilərdi. Amma üsyançıların səsləndirdiyi əsas tələb şüarı seçki saxtakarlığı ilə bağlı idi. Səslərin yenidən sayıldığı bir neçə ştatda və son olaraq Corciya ştatında da bu ehtimal təsdiq olunmadı. Faktiki olaraq inqilab doğuracaq heç bir səbəb yox idi.

Adətən, rəngli inqilablar dünyanın başqa bölgələrində baş verdikdə onların səbəbləri insan haqları, demokratiya və sair bu kimi şüarlarla izah olunurdu. Amma ABŞ-da eyni hadisənin baş verməsi göstərdi ki, “ərəb baharı” tipli inqilabların səbəbi heç də demokratiyanın yoxluğu, insan haqlarının qorunmaması və hökumətin fəaliyyətinin yarıtmazlığı ilə bağlı deyil. Səbəb daha sadə imiş. Bəzən ABŞ-dakı kimi cəmi bir neçə nəfərin həyatına son qoyan, digər ölkələrdə isə milyonlarla insanın taleyinə bədbəxtlik gətirən rəngli inqilabların səbəbi sadəcə bir və ya bir neçə adamın siyasi macəraçılığı ilə bağlıdır. Trampın macəraçılığı isə heç kimdə şübhə doğurmur. Beləliklə, 4 illik hakimiyyət dövrü siyasi macəralarla yadda qalacaq Tramp dünyanın ən qənaətbəxş ölkəsində inqilabi vəziyyət yaratmağa nail oldu. Konqres binası qarşısındakı nümayişçilər addım-addım binaya daxil olduqca Trampın növbəti 4 il üçün hakimiyyəti ələ keçirmək həvəsi də artırdı. Ona açılan zənglər, edilən xahişlər də hakimiyyət hərisini öz tərəfdarlarına müraciət edərək qeyri-qanuni hərəkətlərdən çəkindirməyə sövq edə bilmədi. Ən yaxın silahdaşlarının, o cümlədən vitse-prezident Maykl Pensin də müraciəti eşidilmədi və nəhayət, ölkənin 2-ci adamı M.Pens baş verən hadisələrin qarşısını almaq üçün Konqres binasına polis qüvvələri yeridilməsi haqqında əmr verməli oldu. Vaşinqton meri saat 6-dan etibarən komendant saatının tətbiq olunduğunu elan etdi. Hadisələrin daha təhlükəli istiqamətə yönəlməsinin qarşısı alındı və nəhayət, Tramp da hələlik təslim oldu.

Bu hadisələrdən belə nəticə çıxarmaq olar ki, rəngli inqilabın baş verməsi üçün cəmiyyətdə siyasi, iqtisadi-sosial, humanitar və sair böhranların baş verməsi heç də əsas şərtlər deyil. Bu cür inqilabların əsas determinantı siyasi macəraçılıq zəminində baş tutan təxribatlardır. Təxribata uyan varsa, deməli inqilabi şəraiti yaratmaq üçün sadəcə siyasi macəraçılığı sevən təxribatçı lazımdır. “Ərəb baharları” təcrübəsi də göstərir ki, inkişafdan geri qalmış, kütləvi savadsızlığın hökm sürdüyü cəmiyyətlərdə belə təxribatçıların tapılması heç də çətin iş deyil. Əfqanıstanda Bin-Ladenin, Misirdə Mürsinin, İraqda Əl-Bağdadinin, Ermənistanda Paşinyanın siyasi macəraçılıq zəminində hansı təxribatlara getdiyi və hansı nəticələrə yol açdığı göz qabağındadır. Görünür hakimiyyət hərisi olan siyasi macəraçıların daha mükəmməl siyasi texnologiyalara yiyələnməyə və məhz vicdanlı siyasi rəqabət yolu ilə hakimiyyətə gəlməyə səbirləri çatmır. Nəticədə siyasətdən uzaq və uzaq olduğu qədər də günahsız olan minlərlə, bəzən yüz minlərlə insan bu macəraların qurbanı olurlar.

Əlbəttə, Amerika Liviya və ya Suriya deyil. Orada siyasi xarakterli qeyri-qanuni cəhdlərin qarşısı dərhal və qətiyyətlə alınır. Amma ABŞ və Qərb ölkələri eyni yanaşmanı başqa ölkələrin siyasi hakimiyyətləri üçün məqbul saymır. Əslində bu da Qərb siyasətinin başqa ölkələrin xalqlarına, onların hüquqlarına sərgilədiyi macəraçı münasibətin təzahürü və qeyri-qərb cəmiyyətlərində alovlandırılan rəngli inqilablara “demokratiya” və “insan haqları” adlı siyasi don geyindirmək cəhdləridir.

Təbii ki, sadə xalq kütlələrinin belə mürəkkəb oyunları anlamaq imkanı məhduddur. Siyasət mürəkkəb elmdir. Siyasət bütün elmlərin, elm hesab olunan və olunmayan çoxsaylı xarakter, vərdiş və bacarıqların mürəkkəb kombinasiyalarından yapılan siyasi gedişlər, uğurlar, məğlubiyyətlər və qələbələr silsiləsidir. Bu gedişlərdə məğlubiyyəti də, qələbəni də siyasi əxlaqa söykənən ləyaqətlə qəbul etmək əsas şərtdir. Bu şərti qəbul etməyib siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələri məqbul hesab edənlərin siyasət kimi mürəkkəb məsələlərdən uzaq durması həm özləri üçün, həm də mənsub olduqları xalqlar üçün daha faydalı olacağı şübhəsizdir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP