Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” ölkələrinin yüksək vəzifəli rəsmilərinin iclası işə başlayır

Bu gün Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası öz işinə başlayır.

Trend-in məlumatına görə, iclasdan sonra “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər Konfransı keçiriləcək. Konfransda “Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə iştirak edən və Prosesə dəstək verən ölkələr və beynəlxalq təşkilatlar iştirak edəcəklər.

“Asiyanın Qəlbi – İstanbul Prosesi” çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci il noyabrın 2-də İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında yaradılıb. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir.

“Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu Proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Ümumilikdə Prosesdə Azərbaycan da daxil olmaqla 14 dövlət tamhüquqlu üzv, 17 dövlət və 12 beynəlxalq təşkilat isə dəstəkçi qismində iştirak edir.

Azərbaycanın beynəlxalq nüfuzu və malik olduğu imkanlar nəzərə alınaraq, 2012-ci ildə ölkə bu Prosesə dəvət edilib. Azərbaycan tərəfi regionda sülh, sabitlik və əmin-amanlığın təmin olunmasına dair maraqlarından çıxış edərək və Əfqanıstanla malik olduğu yaxın siyasi və iqtisadi əlaqələri nəzərə alaraq Prosesə qoşulub.

İstanbul Prosesinin daimi həmsədri Əfqanıstandır. Bununla yanaşı, Prosesin illik əsasda dəyişən həmsədri var. Azərbaycanın Proses çərçivəsində aktiv rolu və regionda inkişaf və sabitliyə verdiyi töhfələr nəzərə alınaraq, 2016-cı ilin 4 dekabr tarixində Hindistanın Amritsar şəhərində keçirilmiş “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 6-cı Nazirlər Konfransında Prosesə 2017-ci il üzrə həmsədrlik etmək Azərbaycana həvalə edilib.

Azərbaycanın “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrliyi dövründə Proses çərçivəsində yüksək səviyyəli rəsmilərin görüşü 17 mart 2017-ci il tarixində Bakıda təşkil olunub.

Proses çərçivəsində regionda sülh və sabitliyin təmin olunmasına dair müntəzəm siyasi müzakirələr aparılır və praktiki əməkdaşlığı təmin edən müxtəlif mexanizmlər fəaliyyət göstərir. Hazırda ölkəmiz İstanbul Prosesi çərçivəsində Rusiya ilə birlikdə narkotik vasitələr əleyhinə işçi qrupuna və Türkmənistanla birlikdə regional nəqliyyat dəhlizləri üzrə işçi qrupuna həmsədrlik edir.

Azərbaycan və Əfqanıstanın xarici işlər nazirlərinin müavinlərinin həmsədrliyi ilə keçiriləcək iclasda görülmüş işlərlə bağlı hesabatların verilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunması nəzərdə tutulur.