Telekanallara çıxan yalançı həkimlərə görə jurnalistlər nə etsin?
“Space”nin icraçı direktoru Kamil Şahverdi: “Ya gərək Səhiyyə Nazirliyi bizə siyahı versin, ya da… “; Ələsgər Məmmədli: “Milli Teleradio Şurası bununla bağlı monitorinq aparmalıdır”
Xəbər verdiyimiz kimi, ötən həftə Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər.
Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir.
Belə ki, ginekoloq Natiq Məhərrəmov bəhs etdiyimiz verilişdə tez-tez reklam edilir, mükəmməl, peşəkar, xeyirxah, xəstələrini düşünən biri kimi göstərilir. Bu yolla da verilişi izləyən minlərlə insan həkimin tələsinə düşüb, onun qəbuluna yollanıblar.
Amma telekanallara çıxıb populyarlaşan həkimlər mövzusu bununla yekunlaşmır. Bu günlərdə “Səni axtarıram” verilişində iştirak etmiş Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Dr. Mircəlal Kazıminin də yanlış diaqnozu ilə yeniyetmənin həyatını təhlükəyə atması xəbərləri yayıldı.
O, bir müddət öncə yardıma ehtiyacı olan Göytəpə şəhərə sakini 17 yaşlı Nərmin Xudiyevanı müayinə edib. Həkim müayinədən sonra xəstəyə qaraciyər sirrozu diaqnozu qoyub. Bununla yanaşı, Xudiyevanın ailəsindən 10 min manata yaxın pul alıb. Xəstənin həyatının xilası üçün əməliyyatın vacib olduğunu söyləyib. Əməliyyatın gerçəkləşməsi üçün isə ailədən 40 min manat pul istəyib.
Eyni zamanda həkim Nərminin özündəngetmə hallarının artmasından sonra isə xəstəxanaya yatırılması üçün 2500 manat depozitin qoyulmasını bildirib. Lakin xeyirxah insanların köməkliyi və araşdırmasından sonra məlum olub ki, diaqnoz yanlış qoyulub. Sən demə, N.Xudiyeva əslində qaraciyər sirrozundan deyil, Vilson xəstəliyindən əziyyət çəkirmiş. Onun sağalması üçün əməliyyata heç bir ehtiyac yoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstan Baş Prokurorluğu Mircəlal Kazımi barədə məlumat yayıb. Məlumatda həkimin pasientlərini böyük həcmdə pul vəsaitinin mənimsənilməsi cəhdi ilə bağlı başlanmış cinayət işi üzrə ittiham olunduğu deyilib.
Bir həftə ərzində iki belə faktın üzə çıxması təbii ki, təsadüfi deyil. İnsanlar sözügedən verilişlərə baxır, həmin həkimlərin qəbuluna yazılır və həyatlarını onlara əmanət edirlər. Başlarına gələn hansısa halda isə birbaşa telekanalı suçlayırlar. Çünki kanalın onların etibarından sui-istifadə etdiyini düşünürlər. Bu, əslində çap mediası üçün də keçərlidir. Zaman-zaman ekspert rəyi aldığımız həkimlərin fəaliyyətinə nə dərəcədə zamin dayana bilirik? Ümumiyyətlə, zamin dayanmalıyıqmı?
“Yeni Müsavat” bu mövzu ilə bağlı ötən həftə canlı yayımda müzakirə də açmışdı. Media eksperti Ələsgər Məmmədli həmin müzakirədə bildirmişdi ki, ümumiyyətlə, Z.Baxşəliyevin verilişindəki həkimin adının xüsusi hallandırılması da araşdırılmalıdır. Onun bildirdiyinə görə, prokurorluğun açıqlaması ittihamdır. Qanun isə tələb edir ki, məhkəmə qərarı olmadan kimisə mafiya, banda adlandırmaq olmaz: “Bunun bu formada mediada yayılması ciddi pozuntudur. Bu adamların heç biri məhkəmə qərarı ilə suçlu deyil. Bir insan haqda ehtimal olunan suç ola bilər. Mediada bu formada təkrarlamaq etik deyil, suça ortaq olmaqdır. Bəli, orada 100 həkim var. Hansı ittihamda qeyri-müəyyən rəqəm olar? Bu, biriləri üçün uyğun pozisiya yaradır. 2011-ci ildən bu araşdırma davam edir. O zaman lisenziya verən, nəzarət edən qurum hara baxırdı?”
Ə.Məmmədli medianın bu məsələdə bir platforma olduğunu və dərmanlar haqda məlumatın alınması, yayılması üçün münbit məkan olduğunu dedi: “Qanunvericilik bu dərmanların peşəkarlar arasında tanıdılmasını qadağan edə bilməz. Müəyyən zamandan sonra bunun geniş kütləyə yayılmasını tələb edirsə, bunun elmi dərgilərdə yayılmasını da mütləq edir. O ki qaldı, konkret həkimlə bağlı yayılan ittihama, burada mütləq qarşı tərəf, yəni zərərçəkən olmalıdır. Çünki bu qanun vətəndaşların sağlamlığının daha yaxşı qorunması üçün nəzərdə tutulub. Amma media etikasını da bu məqamda unutmamalıyıq. Bu gün bizim radiolarda ən çox qarşımıza çıxan da budur. Bir saatda ancaq 9 dəqiqə reklama ayrıla bilər. Teleticarət və qurumun öz reklamları da efirə girirsə, reklamın müddəti bir saat ərzində 12 dəqiqəyə çıxır. Bəzən sponsor verilişlər də olur ki, burada qanun fərqlidir. Sponsor öndə, ortada və sonda elan olunmalıdır. Amma verilişin mahiyyətinə ayrılaraq, aparıcı səsləndirə bilər. Verilişdən ayrı elan etməlidir ki, sponsor filan şirkətdir. Amma bizdə bütün veriliş o sponsorun üzərində qurulur. Dərman reklamıdırsa, bütün veriliş ona həsr olunur. Ya da maşın yağıdırsa, elə absurd şəkildə təqdim edilir ki, sanki bunlar olmasa maşın hərəkət etməz. Həmin dərman olmasa, insan yaşaya bilməz. Bu isə yanıldıcı xarakter daşıyır”.
Media ekspertinin dediyinə görə, bunun günahı ilk növbədə buna nəzarət edən Milli Teleradio Şurasındadır. Ə.Məmmədli dedi ki, MTRŞ 24 saat ərzində kanalda monitorinq apardığı üçün dərhal müdaxilə etmək səlahiyyətinə malikdir. Amerikada ancaq tamaşaçı şikayət edəndə qurum müdaxilə etdiyi halda, bizdə MTRŞ-nin avtomatik belə bir hüququ var.
“Space” kanalının icraçı direktoru Kamil Şahverdi isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələdə telekanalların durumu o qədər də ürəkaçan deyil. Onun sözlərinə görə, həkimin öncədən nə işlə məşğul olması, öz işində hansı peşəkarlıqda olmasını bilmək mümkün deyil. Hər eksperti efirə çıxarmadan öncə Səhiyyə Nazirliyinə müraciət etmənin də qeyri-mümkünlüyünü dilə gətirən icraçı direktora görə, bu halda telekanal da pis durumda qalır:”Amma bununla yanaşı, telekanal efirə çıxardığı hansısa həkimin fəaliyyətindəki neqativ hallara görə məsuliyyət daşımır”.
Müsahibimiz dedi ki, “Space” kanalında ekspert həkimlərin iştirakı ilə hər hansı verilişlər yayımlanmır. Daha öncə Səhiyyə Nazirliyi ilə ortaq sağlamlıq proqramlarının olduğunu deyən K.Şahverdiyev bu baxımdan özlərini sığortaladıqlarını vurğuladı: “Amma yenə də bu, çox çətin məsələdir. Adı çıxan, tanınmış həkimlər var ki, insanlar onun qəbulunda gözləyir. Bunu da ekspert kimi cəlb edib, efirə çıxarırsan. Sonra başqa məsələ çıxanda qalırsan belə. Ya gərək Səhiyyə Nazirliyi telekanallara etibarlı həkimlərlə bağlı siyahı versin ki, yalnız bunları efirə çıxarmaq olar. Ya da başqa bir formasını tapmaq lazımdır. Çünki Səhiyyə Nazirliyi də həkimlərin gələcəkdəki bütün fəaliyyətinə zəmanət verə bilmir”.
Sevinc TELMANQIZI,
“Yeni Müsavat”