Serj Sərkisyan sərhəd protokolunu ləğv etdi – niyə indi?
Ermənistan-Türkiyə protokollarının ləğv edilməsinin pərdəarxası; politoloq: “Sərkisyan nəhayət, anladı ki, Ermənistan Azərbaycan torpaqlarını boşaltmayana qədər Türkiyə bu ölkə ilə nə sərhədi açacaq, nə də diplomatik münasibətləri bərpa edəcək”
Ermənistanın prezidenti Serj Sərkisyan ölkədəki prezident seçkisindən bir gün qabaq Türkiyə ilə imzalanmış protokolları ləğv etdi. Xəbər verildiyi kimi, Sərkisyan bu qərarını Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
2009-cu ilin oktyabrında İsveçrənin Sürix şəhərində, ABŞ dövlət katibi, Rusiya və Fransa XİN rəhbərlərinin vasitəçiliyi və şahidliyi ilə Türkiyə və Ermənistan xarici işlər nazirlərinin imzaladığı protokollar əslində kağız parçasından başqa bir şey deyildi. İmzalanma mərasimindən sonra Azərbaycanda və eləcə də qardaş Türkiyədə bu anlaşma kəskin etiraz doğurmuşdu. Nəticədə Türkiyə hökuməti etirazları nəzərə alaraq, Azərbaycan ərazilərinin işğalına cavab olaraq Ermənistanın üzünə qapadığı qapılarını açmayacağını bəyan etdi. Vəziyyəti belə görən işğalçı Ermənistanın hakim koalisiyası protokolların ratifikasiyasını 2010-cu ilin aprelində dayandırılması haqqında qərar verdi. 2015-ci ilin fevralında isə S.Sərkisyan protokolları Ermənistan parlamentindən geri çəkdi. Sonrakı dönəmlərdə İrəvan bir neçə dəfə Türkiyəni mövqeyindən döndərmək üçün uğursuz cəhd göstərdi. 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında çıxış edən Sərkisyan bəyan etdi ki, Ermənistan-Türkiyə protokollarının reallaşmasında müsbət irəliləyişlər olmadığından ölkəsi onları ləğv edəcək. Bu ilin fevralında keçirilən Münhen Təhlükəsizlik Konfransında isə S.Sərkisyan daha da uzağa gedərək, Ankaranı hər hansı şərt irəli sürmədən yeni protokollar üzərində işləməyə çağırdı. S.Sərkisyan özünü “mələk” libasında təqdim etməyə uğursuz cəhd göstərərək Türkiyəni Azərbaycanın maraqlarını bir kənara qoyub sərhəd projesini dirçəltməyə çalışdı. Lakin Türkiyənin cavabı özünü gözlətmədi. Prezident Rəcəb Tayyib Ərdoğan bunun ardınca Xocalı soyqırımı ilə bağlı bəyanat verdi bu dəhşətli cinayəti törədənlərin cəzalandırılmasını tələb etdi. Əslində bu, Ermənistanın əlaqələri “şərtsiz” (!) bərpa etmək çağırışı idi. Bu mənada Xocalı qatili S.Sərkisyanın prezidentliyinin son günlərində protokolları ləğv qərarı verməsi həm də ondan xəbər verir ki, o, Ankaradan gözlədiyini ala bilmədi.
Paralel olaraq S.Sərkisyan heç şübhəsiz ki, protokollarla bağlı qərar verərkən həm də baş nazir kürsüsünə sahiblənmək üçün erməni diasporundan və Rusiyadan dəstək qazanmaq istəyib. Fakt budur ki, erməni diasporu Türkiyə-Ermənistan anlaşmanın olmasında maraqlı deyil, hətta Türkiyədən torpaq qoparılması kimi sərsəm iddianın başında dayanıb. Kreml isə çox istərdi ki, Ermənistan adlı yükünü azaltsın, lakin bu qondarma ölkəni əldən verməmək şərtilə. Odur ki, Rusiya Ermənistanın Türkiyə üzərindən dünyaya çıxışına heç vaxt maraqlı olmayıb. Kremldə Ermənistanın xəyanətkar siyasətinə yaxşı bələd olduqları üçün onu çox da “uzağa” buraxmaq istəmirlər. Bəs, protokolların ləğvi bölgəyə, Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı hansı perspektivlər vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Ermənistan prezidentinin İsveçrə razılaşmasından çıxacağı gözlənilən idi: “Serj Sərkisyan Türkiyənin yedəyində sürünmək istəmədi və özü sazişdən imtina etdi. Çünki Sərkisyan prezident və parlament seçkisi öncəsi müxalifətin “siz niyə Türkiyə ilə sazişdən imtina etmirsiz” sualı ilə üzləşmək istəmədi. Sərkisyan nəhayət, anladı ki, Ermənistan Azərbaycan torpaqlarını boşaltmayana qədər Türkiyə bu ölkə ilə nə sərhədi açacaq, nə də diplomatik münasibətləri bərpa edəcək. Sərkisyanın və onun ətrafının son illərə qədər azacıq da olsa ümidi var idi ki, bəlkə Ankara mövqeyini dəyişib Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla münasibətləri normallaşdıra bilər. Bəlkə də Türkiyənin rəhbərliyində Rəcəb Təyyub Ərdoğan deyil, məsələn, Əhməd Davudoğlu kimi birisi olsaydı, Ermənistanla münasibətlərin normallaşmasına başlana bilərdi. Ancaq Ərdoğan buna getmədi və Davudoğlunu xarici işlər naziri ikən hazırladığı planı son anda rədd etdi. Ərdoğan Azərbaycana səfər edərək Milli Məclisdə çıxışında dedi ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmayana qədər Ermənistanla heç bir əlaqələri olmayacaq. Üstündən təxminən 9 il keçib və Ərdoğanın siyasətində dəyişən bir şey yoxdur. Ərdoğan Amerika kimi super dövlətin qarşısında baş əymir, öz sözünü deyir, Ermənistan nədir ki, ermənilər istəyir deyə bu ölkə ilə sərhədi açsın. Ermənistanın İsveçrə protokollarından imtinasının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərrə qədər də təsiri yoxdur”.
E.Şahinoğlu əmindir ki, Azərbaycan və Türkiyənin sözü eynidir: “İşğal davam etdikcə Ermənistanla heç bir münasibət qurulmayacaq. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasının yolu işğaldan imtina etməsindən keçir. Ancaq Ermənistanın indiki separatçı hakimiyyəti torpaqları azad etməyə hazır deyil. Demək, Ermənistanın iki qonşusu ilə münasibətləri heç zaman normallaşmayacaq. Bizim isə məqsədimiz Ermənistanın problemlərini artırmaqdır. Onlar torpaqlarımızı işğal edərkən xoşbəxt olacaqlarını düşünürdülər, tam əksinə həm qonşuları ilə düşmən oldular, həm itkiləri artır, həm də siyasi, iqtisadi və sosial böhranın dərinliklərinə yuvarlanıblar. Ancaq belə olmaya da bilər. Bu, onların seçimidir”.
Politoloq bildirdi ki, İsveçrə protokollarına qayıtmaq üçün Ermənistanın siyasəti dəyişməlidir: “Ermənistanda nə vaxtsa hakimiyyət dəyişərsə və o, işğaldan vaz keçməyə qərar verərsə, bu halda nəinki İsveçrə protokollarına qayıdış olacaq, eləcə də bu protokollara Azərbaycan da qoşulub bütün itkilərə rəğmən, Ermənistanla münasibətlərin normallaşması dövrünə qədəm qoyula bilər. Bu siyasətin reallaşması Ermənistandan asılıdır. Ancaq bu ssenari hazırda reallıqdan uzaqdır. Çünki Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında birbaşa iştirak edən və planlaşdıran Serj Sərkisyan hələ bir müddət də hakimiyyətdə qalmağı düşünür”.
Ekspert Rusiyanın və erməni lobbisinin bu məsələdə Sərkisyana təsir etdiyini düşünmür: “Ona qalsa, gərək Sərkisyan Rusiyanın və erməni lobbisinin qorxusundan Türkiyə ilə protokolları imzalamazdı”.
Tamamilə mümkündür ki, S.Sərkisyanın protokollarla bağlı qərarını parlamentdəki prezident seçkisindən bir gün elan edilməsi həm də hakim partiyanın namizədinin daha böyük dəstək almasına hesablayıb. Qeyd edək ki, martın 2-də Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib və gözlənildiyi kimi, ölkənin Böyük Britaniyadakı səfiri, Ermənistanın sabiq baş naziri Armen Sərkisyan 90 nəfər lehinə, 10 deputat əleyhinə olmaqla işğalçı ölkənin yeni prezidenti seçilib. Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçəcək. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək. S.Sərkisyan öz namizədini prezident kürsüsünə oturtduqdan sonra özü baş nazir postunu ələ keçirməyə çalışacaq və proseslər buna doğru gedir. Elə onun “Türkiyə ilə sərt və barışmaz” siyasətinin arxasında bu hədəfin dayandığı şübhə doğurmur.
Elxan Şahinoğlu hesab edir ki, Ermənistanda yeni mərhələ başlayır: “Prezident sıradan fiqura çevrilib, əsas söz sahibi baş nazir olacaq. Böyük ehtimalla bundan sonra Azərbaycan prezidenti ilə görüşlərə də Ermənistanın baş naziri qatılacaq”.
Türkiyənin Ərciyəs Universitetinin müəllimi, ermənişünas alim Qafar Çaxmaqlı isə qəzetimizə dedi ki, əvvəlcədən razılaşdırıldığına görə Armen Sərkisyanın prezident seçilməsi təəccüblü olmadı: “Ermənistanda həmişə belə olub. Dövlətin başına gətirilən adam erməni millətinin maraqları naminə fəaliyyət göstərəcəksə onu seçirlər. Armen Sərkisyan dünyada nüfuzlu adamdır, Britaniya kral sarayı ilə təmasları var. Bir neçə amerikan və ingilis şirkətləri ilə ortaqlığı var. Onun dəvət olunması Qərbin gələcəkdə Ermənistana verəcəyi dəstəyə hesablanıb. Həm də bu adam Erməni diasporu tərəfindən də qəbulediləndir və onların adamı sayıla bilər”. Q.Çaxmaqlı dedi ki, nə prezident Ərdoğanın Xocalı bəyanatı, nə Serj Sərkisyanın sərhədlərin açılması və Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması ilə bağlı imzalanmış protokollarla bağlı məsələlər bir-biri ilə əlaqədar deyil: “Ermənilər onsuz da bu protokolların taleyini onu imzalayandan sonra Konstitusiya Məhkəməsinə göndərərkən həll etmişdilər. Məhkəmə onu təsdiq edə bilməzdi, çünki bu, həmin Konstitusiya Məhkəməsi idi ki, Türkiyəyə qarşı ərazi iddialarını irəli sürən bəyannaməni qəbul etmişdi. O zaman mən müşahidə etmişdim ki, ermənilər deyirdilər əgər bu protokollarda nəzərdə tutulan müddəalar qəbul edilsə, o zaman Ermənistan bir daha Şərqi Anadoludakı Türkiyə vilayətlərinə iddia irəli sürməyəcək, dolayısı ilə bu əraziləri Türkiyənin olaraq tanıyacaq. Diasporanın basqıları bu prinsiplərə görə idi. Amma özü bu protokolları arxivə atan Sərkisyan suçun Türkiyədə olduğunu irəli sürməklə buradan divident qazanmaq istəyir və əlbəttə, hökumətin başına keçmək üçün bu faktordan istifadə etməyi hədəfləyir. Onun Türkiyənin şərtsiz buna getməsini istəməsi də o deməkdir ki, Ermənistan Dağlıq Qarabağda işğalçılıq siyasətini hələ uzun müddət davam etdirəcək”.
Ermənişünas-alim bu fikirdədir ki, hələ uzun müddət nə Ermənistan-Türkiyə sərhədləri açılacaq, nə də Dağlıq Qarabağda işğal bitəcək. Türkiyə və Azərbaycan bu oyuncaq dövləti heç nəyə baxmadan yerində oturdub onu məcbur etməlidirlər.
Bunun üçünsə ermənilər də Afrində terroristlərə vurduqları “osmanlı tokatı”nın dadını bilməlidirlər. Başqa yol yoxdur”. Sərkisyanın bu qərarına Türkiyədəki münasibətlərə və reaksiyalara gəlincə, Q.Çaxmaqlı dedi ki, türklər bunu faciə hesab etmirlər: “Son nəticədə ermənilər özlərini təcrid edir və geridə qalırlar. Olsun, cəhənnəmə ki…”