Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb
Prezident İlham Əliyev Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Agyol.az xəbər verir ki, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılsın.
Müəyyən edilir ki, “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” (bundan sonra – Agentlik) ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir; Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılsın və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçirilsin; Agentlikdə Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır; Agentliyin Müşahidə Şurası iqtisadiyyat nazirindən, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır; Agentliyin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir; Agentliyin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirir; Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.
Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
– Azərbaycan Respublikasının Prezidentinə:
– Agentliyin nizamnaməsinin və strukturunun təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
– Agentliyin yenidən təşkil və ləğv edilməsi;
İqtisadiyyat Nazirliyinə bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılır.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş funksiyaları yerinə yetirən struktur bölmələrinin (qurumlarının) ləğv edilməsini və onların maddi-texniki bazasının Agentliyin balansına verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin; bu Fərmanın 4.4-cü bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün tədbirlər görsün; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.
Fərmanda nəzərdə tutulan dövlət orqanları Agentliyin Müşahidə Şurasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidirlər.
Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.