Bakı “Expo-2025” sərgisinin təşkili üçün ən layiqli namizəddir

Bakı “Expo-2025” Ümumdünya sərgisinin keçirilməsi üçün ən layiqli namizəddir və mən bu beynəlxalq tədbirin məhz sizin şəhərdə keçirilməsini arzulayıram.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində “Cross Border Club” şirkətinin baş meneceri, investisiyalar üzrə tanınmış ekspert Kazuyasu İşida deyib.

Məşğul olduğu fəaliyyət sahəsi ilə əlaqədar səkkiz ildir Azərbaycana səfərlər etdiyini vurğulayan K.İşida bildirib ki, ölkəmizin regionları, qədim tarixi, zəngin mədəniyyəti ilə yanaşı, müasir inkişafının da canlı şahidi olub. Məhz buna görə də bu qənaətə gəlib ki, “Expo-2025” sərgisinin Bakıda təşkili daha çox müsbət nəticələr verə bilər.

K.İşida deyib: “Son illər bizim şirkətin təşkilatçılığı ilə 500-dən artıq yapon iş adamı Azərbaycana səfər edib, Bakıda iki dəfə yapon məhsullarının sərgisini keçirmişik. Bu gözəl ölkəyə səfər edən yapon iş adamları burada qarşılaşdıqları zəngin mədəniyyətə, qədim tarixə, ecazkar təbiətə və müasir inkişafa həmişə heyran olduqlarını bildiriblər. Klubumuzun üzvləri dəfələrlə Azərbaycana səfər etməkdən böyük zövq alırlar. 2025-ci ildə Ümumdünya sərgisinin təşkil ediləcəyi şəhərlər arasında Bakının namizədliyinin olması xəbəri bizi çox sevindirdi. Azərbaycanı, xüsusən Bakı şəhərini çox yaxşı tanıdığıma görə qətiyyətlə deyə bilərəm ki, paytaxtınız bu sərginin təşkili üçün ən layiqli namizəddir və mən sərginin məhz sizin şəhərdə keçirilməsini arzulayıram”.

Azərbaycanın həm Şimal ilə Cənub, həm də Qərb ilə Şərq arasındakı nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyini, Asiyanı Avropa ilə birləşdirən körpü rolunu oynadığını qeyd edən K.İşida deyib ki, məhz bu geostrateji mövqe sərginin təşkili üçün Bakını ideal məkana çevirir.

“Bilirəm ki, namizəd şəhərlər arasında Azərbaycan paytaxtı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərləri də var. Ümumdünya sərgisi Parisdə və Osakada artıq bir dəfə keçirilib. Buna görə də düşünürəm ki, sərginin Bakıda təşkili daha ədalətli olar. Bununla yanaşı, Bakı müasir dövrümüzdə xüsusi əhəmiyyət kəsb edən ictimai cəhətdən sabit və təhlükəsiz şəhər kimi tanınıb. Digər Avropa şəhərlərindən fərqli olaraq burada terror aktları törədilmir. Azərbaycan rəhbərliyinin balanslaşdırılmış siyasəti ölkənin beynəlxalq mövqeyini günbəgün möhkəmləndirir. Eyni zamanda, Bakı dünya miqyaslı tədbirlərin təşkili baxımından da möhtəşəm potensiala və böyük təcrübəyə malikdir. Yaxşı bilirəm ki, burada son illər böyük beynəlxalq tədbirlər, idman və musiqi yarışları yüksək səviyyədə təşkil edilərək keçirilib. Digər tərəfdən, Azərbaycan bütün dünyada yüksək qonaqpərvərliyi, ləziz mətbəxi, əsrarəngiz təbiəti və turizm infrastrukturu ilə tanınmaqdadır. Bütün bunlar Bakının ən layiqli namizəd olduğunu deməyə əsas verir”, – deyə K.İşida qeyd edib.

Yapon ekspert “Expo-2025” sərgisinin Bakıda təşkilinin Azərbaycanı dünyada tanıtmaq baxımından da əhəmiyyətli olacağını vurğulayıb. Bildirib ki, bu, Azərbaycan rəhbərliyinin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı xəttinə də mühüm təsir göstərəcək.

Bakının qalib gələcəyi təqdirdə Azərbaycan paytaxtında təşkil ediləcək sərgiyə böyük məmnuniyyətlə qatılacağını qeyd edən K.İşida bildirib ki, başçılıq etdiyi şirkətin Yaponiyanın müxtəlif şəhərlərində ölkəmizlə bağlı təşkil etdiyi seminarlarda “Expo-2025” sərgisində Bakının ən layiqli namizəd olduğunu da təşviq edəcəklər.