Paşinyanı sülh sazişi imzalamağa qoymayanlar KİMLƏRDİ…
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən mətbuat konfransında çıxış edib. Baş nazir Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından danışıb. “Ermənistan bu ilin noyabrına qədər Azərbaycanla sülh müqaviləsi bağlaya bilər”, – o deyib.
Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparıb. Almatıda keçirilən görüşdə tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlib.
Paşinyanın çıxışı ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizilik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, Nikol Paşinyanın səmimi olub-olmadığı onun verdiyi bəyanatın icrasında görünəcək:
“Çox istəyərdik ki, tez bir zamanda sülh müqaviləsi imzalansın. Hər halda bizim təkliflərimiz açıqdır. Azərbaycan sülh təkliflərini artıq 3 ildən çoxdur ki, Ermənistana çatdırıb. Ermənistan sülh sazişinin bağlanmasını uzatdı, onun himayədarları sənədin imzalanmasına razılıq vermədilər. Çünki özləri vasitəçi olmaq, prosesi uzatmaq istəyirdilər. Lakin biz Azərbaycanla Ermənistan arasında danışıqların vasitəçisiz olmasını təklif etdik. Ermənistan bununla razılaşdı.
Mayın 10-11-də Almatıda iki ölkənin xarici işlər nazirləri görüşdülər. Onlar danışıqların davam etdirilməsinə razılaşıblar. Azərbaycan tərəfindən hesab edirəm ki, heç bir problem yoxdur. Hər halda biz öz fikrimizi söyləmişik. Təcrübə də göstərdi ki, sülh müqaviləsinə o vaxt daha tez nail ola bilərik ki, ortada vasitəçilər olmasın. Vasitəçilərin hamısının öz maraqları var. Yəni onlar məsələlərə öz maraqları kontekstindən yanaşır, prosesi uzatmaq istəyirlər. Bu da öz səmərəsini verir. Biz çox gözləyirik ki, Ermənistan tərəfi verdiyi bəyanatlara əməl eləsin. Hər halda top onlardadır”.
Komitə sədrinin fikrincə, həmin çıxışından sonra qlobal güclərin Paşinyana müdaxiləsi istisna deyil:
“Çünki Ermənistanda iğtişaşlar başlayıb və buna din xadimləri də qoşulub. Əslində din xadimlərinin vəzifəsi sülhə çağırmaqdır. Ermənistanda isə əksinə, başqa situasiya yaranıb. Ermənistandakı çaxnaşmaların başında duran sanki elə din xadimləridir. Bu da görünür ki, xarici təsirsiz ötüşmür. Ermənistanın öz daxilində də revanşist qüvvələr, sülhün imzalanmasını istəməyənlər var. Bunlar Ermənistanda gah Baş nazirin istefasını tələb edir, gah da müharibəyə çağırış edirlər. Mənə elə gəlir ki, Ermənistan rəhbərliyinin möhkəm siyasi iradəsi olarsa, bunların öhdəsindən gələ bilər. Yetər ki, Ermənistan sülh sazişinin imzalanmasında maraqlı olsun. Digər məsələlər ötəridir. 4 kəndin qaytarılmasından narazı olanlara Paşinyan belə cavab vermişdi: “Bura Azərbaycanın kəndləridir. Ermənistanın suverenliyini qorumaq üçün biz buna getməliyik. Bizim başqa çıxış yolumuz yoxdur”. Ermənistanda sülh sazişi imzalanmayacağı təqdirdə bu ölkənin suverenliyinin sual altında olduğunu anlayırlar”.
Z.Əsgərov Zəngəzur dəhlizinin açılmasından da danışıb:
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üçtərəfli bəyanatdan irəli gələn öhdəliyidir. İndi onların dəhliz sözündən xoşu gəlmir. Adını nə qoyurlarsa-qoysunlar, bizə əsas Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında magistiral və dəmir yolu açılması lazımdır. Bu yollar sovet dövründə də olub. Ermənsitan Baş naziri üçtərəfli bəyanata imza ataraq həmin yolun açılacağına söz verib. Proseslər indiki kimi müsbət formada irəliləyərsə, biz Zəngəzur dəhlizinin açılmasına və işə düşməsinə də nail olacağıq”.
Siyasi şərhçi Nazim Cəfərsoy ciddi məsələlərin çoxunun həllinə nail olunduğunu söyləyib:
“Son 4 ildə aparılan müzakirələrin nəticəsinə baxanda demək olar ki, ciddi əngəllərin çoxu aradan qaldırlıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağın statusu ilə bağlı məsələnin ortadan qalxması, separatçıların bölgəni tərk etməyə məcbur qalması, sərhədlərin delimitasiyasına başlanması kimi məsələlərin hamısı Azərbaycanın təkidi, israrı, hərbi, zaman-zaman diplomatik gücü sayəsində həll edilib.
Kəndlər məsələsi də delimitasiya və demarkasiyanın müzakirəsi zamanı həll olunacaq. Ermənistandakı müxalif qüvvələr 4 kənd məsələsini böhrana çevirməyə çalışır. Hazırda görünən odur ki, Paşinyan o prosesi də idarə edə bilir. İndi ortada iki məqam qalıb. Bunlardan biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Burada da Ermənistanın buna nə qədər hazır olması və onun təhlükəsizliyini necə təmin etmək kimi məqamlar var. Son dövrlərdə bu istiqamətdə müsbət açıqlamalar verilir. İstər Paşinyandan, istərsə də Ararat Mirzoyandan bu barədə müəyyən açıqlamaların şahidi olduq.
İkinci məsələ isə sülh müqaviləsinin imzalanması ilə əlaqədardır. Hər iki tərəfin rəsmilərinin açıqlamalarından belə anlaşılır ki, tərəflər sülhə kifayət qədər yaxındırlar. Xüsusilə də, cənab Prezident İlham Əliyevin bu istiqamətdə bir neçə dəfə çıxışları olub. Azərbaycan bu məsələlərə həssas yanaşır”.
“Sülh sazişi ilə bağlı müxtəlif detalların necə razılaşdırılacağı məsələsi var. Sülh sazişi ilə bağlı 9 dəfə fikir və layihə mübadiləsi olub. Müqavilənin harada imzalanacağı məsələsi aktuallaşacaq. Müqavilənin imzalanması bölgədəki geosiyasi bağlantılar baxımından önəmlidir. Sülh müqaviləsi Rusiyadamı, Avropadamı, Vaşinqtondamı, yoxsa tərəfsiz ərazidəmi imzalanacaq, bu, əhəmiyyətlidir. Həm qlobal aktorların, həm də Azərbaycanla Ermənsitan arasında verilən mesajlara baxdıqda noyabra qədər sülh müqaviləsinin imzalanma ehtimalı artıqdır. Ancaq risklər də var. Ermənistan daxilindəki proseslər və region öllkələrinin, İranın proseslərə müdaxilə imkanları, Rusiyanın bu məsələdə oyanaya biləcəyi rol, ABŞ-dakı erməni diasporunun Vaşinqton vasitəsilə təsir etməsi kimi müəyyən risklər var. Bunları da nəzərə almaq lazımdır”,- deyə politoloq əlavə edib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP