İlham Əliyevin ağlasığmaz planı
44 günlük müharibə bitəndən – 10 noyabr bəyanatı izmalanandan Azərbaycan cəmiyyəti iki hissəyə bölünmüşdü: qaliblər və məğlublar; Xüsusilə Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini və Xankəndi, Xocalı, Xocavəndin adının açıqlanmaması əsas müzakirə mövzusu idi.
Bu barədə siyasi şərhçi Asif Nərminalı ötən gün Xankəndidə Azərbaycan bayrağının ucaldılmasına münasibət bildirərkən qeyd edib.
O, 14 noyabr 2020-ci il tarixində yazdığı “Əliyevin ağlasığımaz planı” adlı yazısını ixtisarla yenidən təqdim edib:
“14 noyabr 2020-ci il tarixində “Əliyevin ağlasığımaz planı” adlı yazı yazmışdım. Xankəndinə, Xocalıya, Xocavəndə bayrağın sancıldığı gün həmin yazını ixtisarla yenidən paylaşıram:
İlham Əliyevin ağlasığmaz planı: məğlublar və qaliblər olaraq haçalanmış cəmiyyəti düşündürən sualların cavablarını soyuq başla təhlil edərkən, baş verənlərə belə bir ad verə bilərik. Çünki Əliyev təkcə müharibəni yox, münaqişəni də qazandı, həm də 30 illik problemin müəllifinin – Rusiyanın əli ilə…
Sülhməramlılar niyə gəlməli idi sualına gəlməsəydi nə olardı sualı kontekstində cavab axtaraq:
– Müharibəni qazanacaqdıq, amma bitməyəcəkdi;
– Müharibənin bitməməsi azad olunan ərazilərə əhalinin qayıdışına mane olacaqdı;
– Ermənilər Paşinyanı devirəcək və Rusiyanın dəstəyi ilə yeni hücumlar edəcəkdi;
– Və ən əsası müharibə bitsə də, münaqişə davam edəcəkdi;
Bakı ordu ilə müharibəni qazandı, diplomatiya ilə münaqişəni bitirdi.
Niyə rus sülhməramlıları? Tarixi yaddaş fonunda cəmiyyətdə haqlı olaraq yaranan sualın cavabı bəlkə də İlham Əliyevin ağlasığmaz dediyimiz planının ən vacib detalıdır.
1. Rusiya bölgəyə girəcəkdi və biz onların düşmən tərəfindən deyil, bizim tərəfimizdən, bizim şərtlərimiz altına girməsini həyata keçirməklə neytrallaşdırdıq;
2. Sülhməramlıların ruslar olması Ermənistanın kapitulyasiyaya imza atmasını şərtləndirən əsas amildir;
3. Bundan sonra Rusiya Ermənistanı münaqişəni yenidən başlanması üçün silahlandırmayacaq (ən azı qarşıdakı illərdə bu baş verməyəcək);
4. “Azərbaycan ermənilərə qətliam törətdi” təxribatının qarşısı alındı (bu təxribata hazırlıq getdiyi dəqiqdir);
5. Və münaqişəyə müəllifinin əli ilə son qoyuldu, bu ən mühüm məqamdır;
Bu, prosesin bir tərəfidir, görünməyən tərəfinə, Əliyevin böyük oyununa baxaq:
Birincisi, Rusiyanın əli ilə Minsk qrupunun digər iki üzvü – ABŞ və Fransa oyundan kənarlaşdırıldı;
– Fransanın prosesə müdaxiləsi bəyanatdan o tərəfə keçmir, çünki bölgədə sülhü təmin edən ruslardır.
– Başı seçkiyə qarışmış ABŞ da yalnız bəyanat verə bilir: Bayden demokratların ənənəvi siyasəti olan anti-Türkiyə və erməniyönümlü olaraq tanınır; müharibənin uzanması Bayden Amerikasının Ermənistan mövqeyindən müdaxiləsi riskini artırırdı; İlham Əliyev məhz Baydeni təbrik etdiyi gün münaqişəni həll etdi və bu, heç də təsadüfi deyil;
İkincisi, Rusiyanın özünü qalib hesab etməsinə şərait yaratdı; Moskvaya mesaj verildi: “Bəli, Rusiya bölgədə hakimdir, biz bunu qəbul edirik”.
Bu, ABŞ və Fransanın oyundakənar buraxılması, Türkiyənin bölgəyə Azərbaycanın qarantı kimi daxil olmasını təmin etmək üçün incə, həm də tarixi gedişdir. Əliyev Türkiyəni bölgəyə gətirmək, münaqişənin region ölkələri tərəfindən həll etmək üçün Rusiyaya hakim olduğunu göstərdi: sağı göstərib solu vurmaq kimi… Rusiya Qarabağda “Pirr qələbəsi” qazandığını sülhməramlılar bölgəyə girəndə anladı.
Və bütün bunların fonunda Xankəndi, Xocalı və Xocavəndin adının açıqlanmaması da planın bir parçasıdır: Azərbaycan münaqişəni həll etdi; Dağlıq Qarabağa heç bir status vermədi; erməni qoşunları tamamilə çıxarılacaq; ermənilərə bizim vətəndaşımız kimi yaşamaq hüququ verilir və onlar üçün bu ərazilər ayrılır;
***
Üç il sonra buna nail olduq. Siyasətdə üç il kiçik zaman kəsimidir”, – o fikrini yekunlaşdırıb.