Fazuil Mustafa: “Mənim 20 il öncəki ideoloji təsbitim suya düşdü”
Millət vəkili Fazil Mustafa öz facebook hesabında cəmiyyətdə formalaşan ən aktual fikirlərə aydınlıq gətirib. Marasqlı paylaşımı oxucuların diqqətinə çatdırırıq:
“ANA SUALIMIZ: Azərbaycanda korrupsiya varmı? Əlbəttə var. Bəs işsizlik necə? Həmişə olduğu kimi. Ədalətsizlik necə? Yetərincə. Demokratiya necə? Əsər-əlamət yox. Bu kimi suallara şablon cavablar 2020-ci ilin noyabr ayına qədər müxalif cinahda belə verilirdi. Ancaq bütün bunlardan öncə müxalif olan və ya olmayan hər kəs bu ana sualı önə çəkirdi: “Azərbaycanda axı Qarabağ da yoxdur!” Hətta 20 il öncə mən özüm də sərt cəbhəçi inancımla cəmiyyəti əmin edirdim: “Bu iqtidar üçün öz hakimiyyəti Qarabağdan əzizdir və Qarabağı heç vaxt geri qaytarmayacaq!”
Ancaq 2020-ci ilin noyabr ayından başlayaraq mənim 20 il öncəki ideoloji təsbitim suya düşdü. Korrupsiyanı da, demokratiyasızlığı da, işsizliyi də, ədalətsizliyi də dövlət və cəmiyyət olaraq müəyyən ölçülərdə bu tarixlərə daşısaq da, məhz Qarabağsızlığı daşımadıq, onu çözdük, Qarabağsızlığı tarixə gömdük. Azca yarımçıqlarımız qalıb, Xadkəndisizlik, Ağdərəsizlik kimi, onların da çözülməsi üçün zaman bütün hallarda bizim xeyrimizə işləyir. Çünki Ermənistanda rəsmi səviyyədə “Qarabağ Azərbaycanın daxili işidir!” deyənlərin zingiltisini qulağımız tez-tez duymağa başlayır.
İllərdir müharibənin acısını Azərbaycan torpaqları yaşayırdı. İndi Ermənistan savaşı öz içində, öz gönündə və öz gözündə hiss edir. İki il öncəkindən daha da irəli getdik. Köçürdük Ermənistana savaşın acılarını. Özümüzün də aclarımız böyük. Şəhid veririk, yarılılarımız var, ancaq unutmayaq ki, itkilərimiz yaxın keçmişimizdə olduğu kimi mövqelərimizin əldən verilməsi bahasına deyil, düşmənin mövqelərinin ələ keçirilməsi hesabınadır.
İllərdir deyirik ki, İran birbaşa ABŞ-la gizli sövdələşmə əsasında Ermənistana dəstək verir. Təsdiqini tapdımı? İndi tutuşdurun görək ABŞ Departamentindən gələn açıqlamadakı hədələrlə İrandan gələn hədələr arasında dil fərqindən başqa bir şey görürsünüzmü? İran birbaşa ABŞ-ın sözcüsü kimi bölgədə davranır. Bir az da sadə dildə anlaşılsın deyə açıqlayım: “Amerikanın ölkəmizdəki oyuncaqları ilə İranın oyuncaqlarının açıqlamaları arasındakı uyğunluğu necə, sezə bilirsinizmi?” İranın sərhədə qoşun yığmasına, Ermənistana qahmar çıxan mövqeyinə qarşı guya vaxtilə anti-İran cəbhəsi sayılan Cibheyi-Xəlqdən bir açıqlama duydunuzmu? “Laçını buraxıb niyə Zəngəzurdan danışırsınız” deməklə hətta baxıcı Zirəddin qədər siyasi proqnoz verə bilməyən Əli Kərimli, Laçını yekunlaşdırıb Zəngəzura ayağımızı qoyanda niyəsə susmalı oldu. Çıxıb üzr də istəmədi ki, ay camaat, bağışlayın, sizləri aldatmışam, Azərbaycan ordusunun Laçına girəcəyini ağlıma belə gətirməmişdim. Ancaq nədənsə susmadığı bir məqam vardı. Ermənistandakı hadisələrə münasibət bildirərkən bu zat ən azı beş dəfə Rusiyanın qarışdırıcı rolundan yazdı və Rusiya təhlükəsinə qarşı bütün qüvvələrin birləşməsinin vacibliyini vurğuladı. Əlbəttə, ölkəmizə qarşı Rusiya təhlükəsi həmişə qalmaqdadır və bunu diqqətdə saxlamalıyıq. Ancaq hazırda əsas təhlükə BMT Təhlükəsizlik Şurasında Azərbaycanı təhdid edən siyasi kursun müəllifi ABŞ-dan və “ermənilər bizim qırmızı xəttimizdir” deyən yaşılbaş İrandan gəldiyini bu gün Azərbaycanda bilməyən kimsə qalıbmı? Ancaq bircə kəlmə də olsun ABŞ-ın son hadisələrlə bağlı Ermənistana verdiyi dəstəyini dilə gətirmədi, Ermənistanla sərhəddə qoşun yığmış İranla bağlı bir cümlə də işlətmədi. Anlaşılandır ki, qumşiklərin həbsxanadan göndərdirdiyi bəyanatları yaymaq səviyyəsində bir icraçılığı öz üzərinə götürən bu zat öz dəstəyinin kəsilməyini gözə ala bilməzdi ki… Xaricdən “Azərbaycan Ermənistan torpaqlarına təcavüz edib” deyən şərəfsizlərin də bank kartına Qumdan və Vaşinqtondan köçürülən vəsaitlərin həcmini biləndə bunları anlayacaqsınız. Bu ləyaqətsizlər xarici ölkələrdən söyüşü də pulsuz söymürlər. Zaman keçdikcə daha aydın şəkildə anlayacaqsınız ki, bunlar ABŞ və İranın birgə oyuncaqlarıdır. Necə ki, Zəngəzur məsələsində İran birbaşa ABŞ-ın tapşırığı ilə pozuculuq işini öz üzərinə götürməkdədir.
Bəs bu şəraitdə, Azərbaycan ordusunu dövlətimiz üçün həyati və strateji hədəfləri gerçəkləşdirdiyi bir məqamda ləyaqətli azərbaycanlı necə davranardı? “Müxalifəm, hakimyyətə qarşıyam, hətta nifrət edirəm. Ancaq sevmədiyim bu hakimiyyət mənim sevdiyim dəyərləri bir-bir bərpa edir. O dəyər Vətən torpağıdır. Qarabağdır, indi də Zəngəzurdur. Beynəlxalq hüququ biz də bilirik, ancaq o hüquq bizə Qarabağsız yaşamağa razılaşmanı diqtə edirdi. Bu saxta hüququn üstünə çıxıb, onun əzib Qarabağı azad etmişik. Sonadək imkan tanıyaq, bu yolu açacaq iradəni dəstəkləyək” deyərdi. Vallah, billah, Allah haqqı, Həzrət Abbas haqqı, İmamzada haqqı, Göy Tanrıya and olsun mənim dərindən tanıdığım həqiqi cəbhəçi, milliyətçi, bütöv azərbaycançı, turançı və ən başlıcası da insançı Əbülfəz Elçibəy məhz bunu deyərdi. Bizlər də elə bunu deyirik də… İndi qibləsi Quma yönəlmiş cibheyi- xəlqişlər, turanşiklər, bütövşiklər, qumşiklər təfəkkürcə, əxlaqca bunları söyləməkdən çox-çox uzaqdırlar. Ona görə də düşmənin yanında foto çəkdirməsəniz də, həvəslə düşmənin torbasından loto çıxarırsınız! Ancaq əmin olun ki, bu dövlətin hər uğuru sizin kimi saxta siyasət lotularını loto kimi o torbaların içinə birdəfəlik qaytaracaq!
Hamısı məyusdur. Addım-addım hədəflərə yaxınlaşdıqca bu adamlar hakimiyyətə gəlmək xəyallarından uzaqlaşırlar. Ona görə də hər şəhid xəbərinə yalandan qara-qışqırıq salıb sinə döyənlərlə onlara Vətən sevgisinin işığında ağlayanlar bir-birindən fərqlənirlər.
Və üzülürsən ki, Füzulidə doğma kəndi azad olunmuş Qubad İbadoğlu kimi oxumuş bir adam başqa əlacı qalmadığını görüb 71 şəhidin duyğu sömürüsü üzərindən yeni bir irad icadına baş vurur. Ay millət, 71 şəhid vermişik, buna görə Şanxay Əməkdaşlıq Təşkilatında iştirak edən Azərbaycan prezidentinin üzündə məyusluq görmədiyini söyləmək birbaşa sözün bitdiyi yer sayılmalıdır. Orada olub-bitənləri izlədikdə görsən ki, az qala hər gün şəhid verən Türkiyənin rəhbəri də diplomatik müzakirələrdə təbəssümünü qoruyurdu. Hər gün yüzlərlə əsgərinin məhvi xəbərini alan Putin də etiket qaydalarına uyğun olaraq tədbir boyu təbəssümlə söhbətləşirdi. Qəfildən xatırladım ki, ötən gün şəhid mərasimindən geri döndükdən sonra pəşdmürdə halda seyr etdiyim “Qarabağ”ın Fransa təmsilçisinin qapısına vurduğu qola necə qışqırıb sevinmişəmsə, masanın üstündəki stəkan yerə düşüb çilik-çilik olub. Baxdım ki, stadionda da futbolçular və azarkeşlər eyni coşqu ilə qələbənin həzzini yaşayırlar. Yuxarıdakı iradlardan belə anlaşılardı ki, gərək heç “Qarabağ” meydana çıxmayaydı, o qədər insan da futbola getməyəydi və üstəlik də sevinməyəydilər.
2020-ci ilin noyabr ayının 8-də xəstəxanada reanimasiyadan çıxmış, yenidən dirilmiş, canlanmış, şanlanmış bir Azərbaycan var. Bu Azərbaycan Ermənistan adlanan yaramaz bir maşanın sərhəddindəki zirvələrdən qədim Oğuz yurdunu süzən bir qartala bənzəyir. Bu qartalı seyr edərək düşünürəm: Azərbaycanda korrupsiya, işsizlik, ədalətsizlik azalmalıdır, insanlar yaxşı yaşamalıdır, təhsilimizi qaldırmalıyıq, iş adamlarının önünü açmalıyıq, inhisarçılığı azaltmalıyıq, ayrı-ayrı imtiyaz sahiblərinin fəaliyyət dairəsini məhdudlaşdırmalıyıq. Ancaq unutmayaq ki, ana sual özü də yeniləşib: sərhəddə təhlükəsizliyimiz təminat altındadırmı? Hələ ki, yox! Şəhidləri də məhz buna görə veririk. Demək ki, yenə də ana sualı çözməliyik: Dövlətin, millətin düşmən təcavüzündən qorunması! Ancaq bu sualın çözümü digər sualları cavablandırmaqdan yayınmağa da kimsəyə əsas vermir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP