“Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq Azərbaycandan gözləntilərimiz yüksəkdir”- MÜSAHİBƏ-ÖZƏL
Ufuk Turganer: “Qarabağ savaşında tarixi qələbədən sonra əlaqələrimizin daha da irəli gedəcəyi və gözlənilən nəticələrin əldə olunacağına olan ümidlərimiz də çoxdur”
“İşğaldan azad edilən Azərbaycan ərazilərinə getməyi çox istəyirəm”
Əksər hallarda Azərbaycanda diplomat kimi fəaliyyət göstərən bu və ya digər ölkələrin təmsilçiləri səlahiyyət müddətləri bitib geri döndükdən sonra belə ölkəmizlə əlaqələrini kəsmir, buranı özlərinə ikinci Ana Vətən hesab edirlər. Təbii ki, bu da Azərbaycan xalqının mehribançılığı, qonaqpərvərliyindən irəli gəlir. Elə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycana yenidən, ikinci dəfə nümayəndəsi kimi təyin olunmuş Ufuk Turganer də belə düşünür.
Həm Azərbaycanda yenidən nümayəndəlik rəhbəri kimi təyin olunması, həm də Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə rəsmi Bakı arasında mövcud olan əlaqələrə nəzər yetirmək üçün Ufuk Turganerlə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə KKTC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer hazırda Kıbrıs məsələsinin (probleminin) həlli ətrafında mövcud olan vəziyyətdən də danışıb.
-Ufuk xanım, Siz ikinci dəfə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəıhbəri kimi təyinat alırsınız. Maraqlıdır, KKTC-nin diplomatiya tarixində bu cür anoloji hallar yaşanırmı ki, bir şəxs təkrarən eyni ölkəyə diplomat kimi təyinat alır. Yoxsa bu bir ilkdir?
-Öncəliklə yenidən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərməkdən çox şad olduğumu ifadə etmək istəyirəm. Sualınıza gəlincə, bildirmək istəyirəm ki, bir şəxsin ikinci dəfə hər hansı bir ölkəyə nümayəndəlik rəhbəri olaraq təyin edilməsi ilk dəfə baş verən bir hadisə deyil. Əvvəl ayrı-ayrı ölkələrdə nümayəndəlik rəhbəri olaraq fəaliyyət göstərən bir sıra həmkarlarımdan da təkrarən həmin ölkəyə təyinat alanlar var.
-Sizə yenidən Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsi təklif ediləndə tərəddüd edib düşünmək üçün zaman istədinizmi?
-Xeyr. Açıqca heç bir tərəddüd etmədən seçimimi Azərbaycan olaraq etdim. Azərbaycanda səlahiyyət müddətim bitib Kuzey Kıbrıs Türk Cümhuriyyətinə geri döndüyüm andan yenidən Bakıya qayıtmaq istəyimi dilə gətirirdim. Ötən iki il ərzində də Azərbaycanla heç bir halda əlaqələrimizi kəsmədik, burada baş verənləri yaxından izlədik. Ona görə də yenidən Azərbaycana qayıtmaq və burada Kuzey Kıbrıs Türk Cümhuriyyətinin nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərmək istəyim var idi. Bir sözlə yenidən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi kimi fəaliyyət göstərməkdən şadam.
-İstənilən şəxsin ona həvalə edilən işə başlayanda qovluğunda planlar, görəcəyi işlər yer alır. Bəs Sizin qovluğunuzda, iş masanızda yeni dönəm üçün hansı planlar var?
-Təbii ki, müəyyən planlarımız var və onların həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bir sözlə qovluğumuz dolu gəlib və orada olan işləri tədricən həyata keçirməyə başlayacağıq. İndidən hansı planlar, nə kimi işlər olduğunu söyləmək hesab edirəm ki, doğru deyil. Zaman-zaman onlar həyata keçirilməyə başlayanda ətraflı məlumat verəcəyik. Əsas məqsədimiz odur ki, görəcəyimiz işlər, həyata keçirməyi nəzərdə tutduğumuz planlar hər iki ölkə üçün xeyirli olsun.
-Siz ilk dəfə KKTC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri olarkən ölkəmizin 20 faiz əraziləri işğal altında idi. Yenidən bu vəzifəni icra etmək üçün Bakıya gələndə isə artıq Azərbaycan qalib ölkə rolunu alıb. Azərbaycan vətəndaşını əvvəlki illərlə müqayisədə bu dəfə necə gördünüz?
-Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi yenidən buraya döndüyümdə insanların daha güvəncli, rahat, başı dik olduğunu müşahidə etdim. Bir növ çiyinlərində illərlə olan yükün alındığını hiss etdim. İnsanlar daha qürurlu görünürlər və bu da bizi daha fərqli bir atmosferlə qarşılaşdırır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan İkinci Qarabağ savaşında çox gözəl bir zəfər qazandı. Təbii ki, bundan Kıbrıslı Türklər də çox böyük bir qürur hissi keçirir.
-Yeni fəaliyyət dönəmində Azərbaycanın işğaldan azad edilən ərazilərinə, Şuşaya səfər etmək barədə düşünürsünüzmü?
-Təbii ki, çox istəyirəm və işğaldan azad edilən Azərbaycan ərazilərinə getməyi arzulayıram. İnşallah, ilk fürsətdə həmin ərazilərə səfər edə biləcəyimi düşünürəm.
-Yəqin ki, İkinci Qarabağ savaşını Kuzey Kıbrıs Türk Cümhuriyyətində həyəcanla izləyirdiniz
-Əlbəttə. Gün boyunca həm yerli, həm də xarici televiziya kanallarından savaşı izləyirdik. Azərbaycanın savaşı qazanmasını eşidəndə təbii ki, çox duyğulandıq, eyni zamanda həddən artıq qürur hissi keçirdik. Fürsətdən istifadə edib Vətən torpağının azadlığa qovuşmasında canını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyir, qazilərə isə tezliklə sağalmaları və uzun ömür sürmələrini arzulayırıq.
-Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Konyada olarkən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarla da görüşdü. Yüksək səviyyədə baş tutan ikitərəfli görüşmələr ölkələr arasında əlaqələrin inkişafına nə dərəcədə müsbət təsir göstərəcək?
-Öncəliklə onu qeyd edim ki, Türkiyə Cümhuriyyətinin evsahibliyi ilə Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti prezidentləri arasında yüksək səviyyəli bir görüş keçirildi. Təbii ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq Azərbaycandan gözləntilərimiz yüksəkdir. Qarabağ savaşında tarixi qələbədən sonra əlaqələrimizin daha da irəli gedəcəyi və gözlənilən nəticələrin əldə olunacağına olan ümidlərimiz də çoxdur.
-Hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə rum tərəfi arasında görüşlər hansı səviyyədədir?
-Bildiyiniz kimi hazırda tərəflər arasında heç bir müzakirə getmir. Onun xaricində biz öz mövqeyimiz, görüşümüzü ortaya qoymuşuq. Bu mövqe də ondan ibarətdir ki, iki bərabərhüquqlu, suveren və bərabər beynəlxalq statusa malik dövlət kimi beynəlxalq hüquq çərçivəsində qəbul edilməliyik. Bunun xaricində hansısa bir formulu qəbul etmirik. Bu günə qədər bütün üsul və vasitələrdən, diplomatik fəaliyyətlərdən istifadə edildi. Ancaq Güney Kıbrıs Rum tərəfi bütün cəhdlər, həll variantlarına heç bir müsbət cavab vermədi. Təbii ki, burada Rum tərəfinin Avropa Birliyinin üzvü olması, beynəlxalq aləmin haqsız olaraq yalnız Rum tarafını ” Kıbrıs Cümhuriyyəti” olarak tanıması onun əlinə əlavə şans verir. Proseslərin belə davam edəcəyi təqdirdə Kıbrıs məsələsinin həllində hər hansı bir irəli doğru atılmış addımın olması da mümkün görünmür.
Yuxarıda da qeyd etdiyim kimi hazırkı durumda Kıbrıs məsələsinin həlli ilə bağlı gündəmdə hansısa bir müzakirə, görüş söhbəti yoxdur.
Rum tərəfi Kıbrıs türk xalqının özlərini tanıtması, gerçəkləri söyləməsi, ayrı-ayrı ölkələrlə əlaqələr qurmasını qəbul edə bilmirlər. Düzdür, bütün ölkələr bu durumu anlayır, ancaq təəssüflər olsun ki, bu reallığı açıq şəkildə ifadə etmək, mövcud durum barədə nəsə söyləmək cəsarəti nümayiş etdirə bilmirlər.
Fürsətdən istifadə edib bir məqama da xüsusi diqqət çəkmək istərdim. Bir qayda olaraq Kıbrıs problemi nədir və nə zamandan meydana gəlib sualını verdikdə, dərhal 1974-cü il cavabı verilir. Halbuki bu tamamən yalnış bir yanaşmadır. O zaman 1964-cü ildə BMT-nin sülhyaratma missiyası adaya nə üçün gəlmişdi sualına cavab tapmaq lazımdır. Bildiyiniz kimi 1963-1974-cü illərdə Kıbrıs türk xalqı böyük çətinliklər yaşadı. Şükürlər olsun ki, 1974-cü ildə Türkiyə Cümhuriyyəti beynəlxalq müqavilələrdəki haqlarından dolayı Kıbrısa gəldi və bununla həm kıbrıslı türklər, həm də kıbrıslı rumlara sabitlik, sülh gətirdi. Ona görə də Kıbrıs konusu nədir sualı verdikdə onun tarixini dəqiq anlatmaq lazımdır.
-Proseslər belə davam edəcəyi təqdirdə irəlidə nələr baş verə bilər və gözləntilər nədən ibarətdir? Xüsusilə də yunan tərəfinin son vaxtlar adalarda təxribat xarakterli addımlar atması yeni bir savaşın meydana çıxmasına yol aça bilərmi?
-Biz öz yolumuza davam edirik və bundan sonra da eyni addımları atacağıq. O ki qaldı yeni bir savaşın meydana çıxmasına, mən bunu düşünmürəm. Bizim mücadiləmiz masada olan diplomatik mücadilədir. Bütün halda Kıbrıs türk xalqı və Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq önümüzə baxmalı, doğru bildiyimiz addımları atmalıyıq. Xüsusilə də müxtəlif sahələrdə haqsız olaraq qarşılaşdığımız izolyasiyaların azaldılması istiqamətində çalışacağıq.
-Türkiyənin qlobal və regional gücünün artması Kuzey Kıbrıs Türk Cümhuriyyətini apardığı mübarizədə nə dərəcədə güvənli edir?
-Türkiyə Cümhuriyyəti təbii ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq bizim xaricə açılan qapımızdır. Məhz Türkiyənin gücü, qüdrəti sayəsində biz özümüzü güclü, güvənli hesab edirik.
Kuzey Kıbrıs Türk Cümhuriyyəti Adadakı təhlükəsizliyin yeganə qoruyucusu olan Türkiyənin dəstəyi ilə Kıbrıs Türk xalqının siyasi haq və çıxarlarını qoruma qəararlılığını sürdürməyə davam edəcək.
Sonda bir daha qeyd etmək istəyirəm ki, dost ölkə Azərbaycanda yenidən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərməkdən böyük sevinc və qürur hissi duyuram.
Süleyman İsmayılbəyli
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP