Musiqi və elm sahəsində Azərbaycanı dünyada tanıdan Aleksandriya Sultan-zadə fon Brusseldorfun qeyri-adi TƏDQİQATI

O, dünyada səs elmləri sahəsində ilk elmi araşdırma aparır 

Azərbaycan musiqi ifaçılığı sənətinin inkişafında böyük xidmətlər göstərmiş məşhur qarmonçalan, “Kor Əhəd” kimi tanınmış Əhəd Əliyevin adı bu gün də hörmət və ehtiramla xatırlanır. Ustad sənətkar haqqında çox yazılıb, çox danışılıb…

Bu yazıda Kor Əhədin nəticəsindən – Amerika Birləşmiş Ştatları və digər ölkələrdə Aleksandriya Sultan-zadə fon Brüsseldorf  kimi tanınan Sevinc Sultan-zadədən bəhs edəcəyik. Daha doğrusu, onun musiqi sahəsindəki fəaliyyətindən və elmi araşdırmasından…

O, Bakıda – mühəndis Çingiz Sultan-zadənin ailəsində doğulub. Babası Əməkdar mühəndis-energetik Həsən Sultan-zadə və nənəsi “Fəxri dəmiryolçu” Leyla Sultan-zadə tərəfindən böyüdülüb. 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət  Konservatoriyasının hazırlıq fakültəsinin opera bölməsinə qəbul olunub, 1991-ci ildə isə ali musiqi təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirmək şansı qazanıb.

Aleksandriya Sultan-zadə fon Brüsseldorf  2006-cı ildə ABŞ-ın Riçmond şəhərindəki Virciniya Birliyi Universitetinin (VCU) opera ifaçılığı istiqaməti, musiqi üzrə bakalavr dərəcəsinə yiyələnib.

2013-cü ildə isə ABŞ-ın qədim Prinston şəhərinin mərkəzində yerləşən, dünyanın öndə gedən Rayder Universitetinin Vestminister Xor Kollecinin Opera İfaçılığı və Elmi Vokal Pedaqogika üzrə magistr dərəcəsini alıb.

ABŞ-da yaşayarkən “Crestar Bank” təqaüdünü alıb, “Operafestival di Roma” Beynəlxalq Opera Təlim Proqramına qəbul edilib və laureat olub, Romada peşəkar vokal sənətini, italyan dilini öyrənib.

2012-ci ildə İtaliyanın Florensiya şəhərində Florensiya Opera Proqramında, 2013-cü ildə Avstriyanın Vyana şəhərində Vyana Lider Romans Proqramında və eyni ildə Avstriyanın Qraz şəhərində Amerika Müsiqişünaslıq İnstitutu (AİMS) proqramında iştirak edib, bir sıra fəxri fərman və şəhadətnamələrlə təltif edilib.

28 il Amerikada yaşamış, orada həm bakalavr, həm də magistr təhsili almış Aleksandriya xanım hazırda ABŞ və Azərbaycan vətəndaşıdır.

O, indi soprano, vokal pedaqoq, səs elmi (Voice Science) üzrə tədqiqatçı və elmlər namizədidir.

Vokal ifaçısı olaraq Amerika və Kanada şəhərlərinin, Avropa ölkələrinin opera və konsert zallarında solist kimi çıxış edən Aleksandriya Sultanzadə fon Brüsseldorf  Bakıda – Beynəlxalq Muğam Mərkəzində, Dövlət Filarmoniyasında da konsertlər verib. Onun ifa etdiyi məkanların siyahısı xeyli genişdir: Vaşinqtondakı Con F.Kennedi Mərkəzi, Nyu-Yorkun Linkoln Mərkəzinin Julliard konsert zalı, Virciniya Opera Teatrı, Kanadanın Niaqara Festivalı, Vyanada Şubert və Motsart tarixi muzeyləri, Avstriyanın tarixi Eggenberq Palace sarayı, Romanın Palazzo S. İvo Alla Sopianza sarayı…
Bu məkanlarda Azərbaycan operalarından oxuduğu ariya və romanslar ona başucalığı gətirib. Aleksandriya xanım öz ifaları ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin ABŞ-da tanınması və tərənnüm edilməsində əvəzolunmaz xidmətlər göstərib.

Amma Aleksandriya Sultanzadə fon Brüsseldorf təkcə ifaçılıqla məşğul deyil. O, həm də diaspor işində yaxından iştirak edir və elm sahəsində qeyri-adi tədqiqat aparır.

Bu günlərdə Modern.az-la həmsöhbət olarkən “Öz doğma vətənimi Amerikada layiqincə təmsil etməyə çalışmışam” deyən müsahibimizdən öyrənirik ki, okeanın o tayında Azərbaycanın adı və mədəniyyəti ilə bağlı bir çox tədbirlərə qatılaraq, ürəkdən iştirak edib. Amerikada yaşadığı müddətdə Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatası, ABŞ Ticarət Palatası, Azərbaycan-Amerika Cəmiyyəti kimi peşəkar təşkilatların üzvü olub. Bir sıra diplomatik tədbirlərdə Azərbaycan musiqi mədəniyyətinin təbliği ilə bağlı məruzələr və ifalarla çıxış edib.

Yəni uzun müddət qürbətdə yaşasa da, daim qəlbən, ruhən Azərbaycana bağlı olub, doğma vətənin adı ilə bağlı olan istənilən tədbirə cani-dildən qatılıb.

2006-cı ildən etibarən Tomris Azərinin rəhbərlik etdiyi “Amerika Azərbaycan Cəmiyyəti”nin xətti ilə, eləcə də ölkəmizin ABŞ-dakı səfirliyi və BMT-dəki nümayəndəliyi tərəfindən reallaşdırılan əksər tədbirlərdə, həmçinin diaspor təşkilatlarının işində ictimai fəal kimi yaxından iştirak edərək yüksək qiymətləndirilib, iki dəfə fəxri fərmana layiq görülüb.


“Heç zaman yadımdan çıxmaz, 2012-ci ildə Azərbaycanın Müstəqillik Günü münasibətilə “Amerikanın Azərbaycan Cəmiyyəti” tərəfindən  Nyu-Yorkdakı “Empaer Steyt” sarayında təşkil olunmuş tədbirdə  bir vokalçı kimi hər iki ölkəmin – həm Azərbaycanın, həm də ABŞ-ın himnini oxumuşdum. Azərbaycanın ABŞ-dakı səfirliyinin, BMT-nin, Türkiyənin, Bolqarıstanın, Makedoniyanın, Özbəkistanın və təbii ki, Birləşmiş Ştatların 100-dən artıq siyasətçi və diplomatının iştirak etdiyi  rəsmi-siyasi tədbirdə hər iki ölkənin himninin ifası azərbaycanlı sənətçiyə etibar edilmişdisə, bu, mənə və bizə göstərilən inamın, etimadın təzahürü idi”, – deyən müsahibimiz diaspor sahəsindəki fəaliyyətinin kiçik bir epizodunu xatırladıb.

“Bütün bunlar mənim mənəvi borcumdur”, – Aleksandriya Sultan-zadə fon Brüsseldorf vurğulayıb.

O, həm də ABŞ-da Azərbaycanla bağlı olan bir sıra tədbirlərin təşəşəbbüskarı və təşkilatçısı olub.

Məsələn, 2008-ci ildə görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə və Azərbaycan Demokratik Respublikasının qurulmasının 90 illiyinə həsr olunmuş Nyu-Yorkdakı ən mötəbər və tarixi ünvanlardan birində –  Aleksandr Hamiltonun ev-muzeyində keçirilən təntənəli tədbir və konsertin təşkilatçılarından biri, koordinatoru və prodüseri, eyni zamanda  fəal iştirakçısı olmuş Aleksandriya Sultan fon Brüsseldorf  həm də Azərbaycan və Amerikanın dövlət himnlərini oxumuşdur.

Yaxud, 2008-ci ildə Niaqara Kamera Musiqisi Festivalında Heydər Əliyev Fondunun sponsorluğu və “İpək yolu üstündə dayanacaq” orkestrinin müşayiəti ilə təşkil olunmuş “Azərbaycanın qədim ənənələri” konsert proqramının solisti kimi məhz o çıxış edib.

Bundan başqa, o, 2009-cu ildə Nyu-York şəhərində Kolumbiya Universitetinin nüfuzlu Şapiro Mərkəzində keçirilmiş Azərbaycan Demokratik Respublikasına həsr olunmuş “Pax Turcica – 2009” adlı konfransın müsiflər heyətinə dəvət almış və eyni zamanda həmin konfransda çıxış edərək bəstəkar Üzeyir Hacıbəylinin opera fəaliyyətindən, Azərbaycan qadınlarının musiqidəki yerindən bəhs etmişdir.

Aleksandriya Sultan-zadə fon Brüsseldorf xeyli vaxtdır Bakıdadır. Onun Azərbaycana qayıdışının bir neçə səbəbi var. Bu haqda müsahibimizin özü maraqlı məlumatlar verib:

“Bakıya gəlişimin birinci məqsədi elmi fəaliyyətimlə bağlıdır. Amerikada magistr pilləsində təhsil alarkən dünyada ilk dəfə araşdırmağa başladığım xanəndə və aşıqların səs imkanları və boğaz quruluşları ilə bağlı novator işimi daha dərindən tədqiq etmək üçün 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının doktorantura pilləsinə qəbul olundum.
Konservatoriyada “Muğam ifaçılarının (xanəndələrin) səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi” adlı dissertasiy üzərində işləyirəm. Bu dissertasiya bir ilkdir və səs elmləri sahəsində dünyada birinci araşdırma sayılır”.
Aleksandriya xanım bu elmi iş çərçivəsində Almaniya və Azərbaycan otolarinqoloq həkimlərinin konsultasiyası ilə muğam ifası zamanı fizioloji cəhətdən xanəndələrin səs tellərinin endoskopik və fibrostroboskopik müayinəsini aparır, səsin akustik parametrlərini ölçən kompüter tətbiqlərindən istifadə edərək orijinal araşdırmalar həyata keçirir.
Aleksandriya Sultan-zadə fon Brüsseldorf tədqiqat layihəsinin təşəbbüskarı və nümayəndə heyətinin rəhbəri olaraq 2019-cu ildə öz elmi işi çərçivəsində, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Xalq artisti Mənsum İbrahimov və onun tələbəsi, muğam ifaçıları müsabiqələrinin laureatı Sədəf Budaqovadan ibarət nümayəndə heyəti ilə Almaniyanın Frayburq Universitetinin Radiologiya və tibbi fiziki klinika kafedrasında xanəndə səslərinin tədqiqi ilə əlaqədar elmi səfərdə olub.
Bu səfər zamanı ilk dəfə olaraq Mənsum İbrahimov və Sədəf Budaqovanın səs aparatları “Bayatı-Şiraz” və “Mahur-hindi” muğamlarını ifa edərkən real zaman rejimində maqnit rezonans tomoqrafiyasından (MRT) keçirilib. MRT tədqiqatı Aleksandriya Sultan-zadə fon Brüsseldorfun məsləhətçiliyi ilə dünya şöhrətli alim, Frayburq Universitetinin professoru, doktor Yurgen Henniq tərəfindən qeydə alınıb.

Özünün də qeyd etdiyi kimi, səs elmləri sahəsində dünyada ilk araşdırma sayılan bu dissertasiya işi çərçivəsində bir sıra məşhur azərbaycanlı xanəndələrin boğaz aparatının akustik və fizioloji xüsusiyyətləri tədqiq olunur. Tədqiqata cəlb edilən sənətkarlara misal olaraq, Xalq artistləri Alim Qasımov, Aygün Bayramova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Arif Babayev, Canəli Əkbərov və digər xanəndələrin adını çəkmək olar.
Maraqlıdır ki, Aleksandriya xanım sözügedən elmi iş çərçivəsində həm də keçmişdə yaşamış Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Seyid Suşinski kimi məşhur Qarabağ xanəndələrinin, eləcə də görkəmli sənətkarlar Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyevin səslərini də kompakt disklər üzərindən araşdırır.
Müsahibimiz deyir ki, elmi işində muğam və aşıq ifalarında səsin empirik, fizioloji, texniki-akustik xüsusiyyətlərini və səsin idarə olunmasında səs tellərinin və səs aparatının, oxuma texnikasının funksional rolunu araşdıraraq, onun qorunması yollarını göstərməyə çalışır ki, bu ifalarda tonal idealların saxlanmasına səbəb olsun.

Hazırda tədqiqatlar nəticəsində əldə edilmiş məlumatlar Aleksandriya Sultan-zadə fon Brüsseldorf tərəfindən təhlil edilir və araşdırılır.

Aleksandriya xanımın azərbaycanlı xanəndələrin səs imkanları, boğaz quruluşları ilə bağlı apardığı bu elmi tədqiqat xarici mütəxəssislərin də diqqətindədir, hamı maraqla bu işin nəticəsini gözləyir.

Yeri gəlmişkən, sözügedən elmi tərqiqat işi əsnasında Aleksandriya Sultan-zadə fon Brüsseldorf daha bir mütərəqqi təkliflə çıxış edib. Belə ki, o, Azərbaycan Milli Konservatoriyasının nəzdində ilk dəfə ictimai əsaslarla “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın yaradılması təşəbbüsünü irəli sürüb. Və bu laboratoriyanın yaradılması 2022-ci ildə Milli Konservatoriyada xüsusi təşkil edilmiş şurada müzakirə edilərək təsdiqlənib.

Onun musiqi sahəsindəki digər təşəbbüslərini də qeyd etmək yerinə düşər. Bir neçə ildir ki, məhz Aleksandriya xanımın təklifi ilə Ümumdünya Səs Gününə həsr olunmuş elmi-praktiki seminarlar keçirilir. Özü də bütün bu tədbirlərə qatılaraq, elmi işi çərçivəsində muğam ifaçılarının boğaz quruluşu, səs telləri, boğaz quluşunun əzələləri, səslərinin fizioloji və akustik parametrləri barəsində çıxışlar edir.
Aleksandriya xanımın vətənə qayıdış məqsədlərindən biri də ulu babası, Azərbaycanın birinci peşəkar qarmon ifaçısı və muğam virtuozu, qarmonu azərbaycanlaşdıran və milliləşdirən Əhəd Əliyevin – Kor Əhədin adının əbədiləşdirilməsi olub. O, artıq bu istiqamətdə kifayət qədər işlər həyata keçirib. Belə ki, Əhəd Əliyevin həyat və yaradıcılığına aid televerilişlər hazırlanmış, tədbirlər reallaşmış, elmi məqalələr dərc olunmuş, konfranslarda barəsində danışılmış, filmlər nümayiş olunmuşdur. Bundan başqa, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlmiş, müəllifi Aleksandriya Sultan-zadə fon Brusseldorf və həmmüəllifi Gülhüseyn Kazımlı olan, akademik Nizami Cəfərovun redaktoruluğu ilə “Qarmonun Əfsanəsi” adlı kitab çap edilərək işıq üzü görmüşdür. Məhz onun sayəsində Kor Əhədin kim olduğu artıq hamıya məlumdur.

Aleksandriya Sultan-zadə fon Brüsseldorf  hazırda peşəkar musiqi təşkilatlarının, o cümlədən UNESCO yanında Beynəlxalq ənənəvi musiqi şurasının (ICTM), Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) və ABŞ-da yerləşən nüfuzlu Beynəlxalq  Səs Fondu “The Voice Foundation”adlı təşkilatın üzvüdür.

O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəniyyətin və muğamın qorunmasında gördüyü irimiqyaslı işlərdən ilham aldığını deyir.
Qəlbi yaradıcılıq eşqi ilə döyünən, bütün varlığı ilə sənətə bağlı olan Aleksandriya Sultan-zadə fon Brüsseldorf  Azərbaycana qayıdandan sonra elmi fəaliyyətilə əlaqədar bir çox beynəlxalq konfranslarda və tədbirlərdə çıxış edib. Bundan başqa, o, Londonda yerləşən Qoldsmits Universitetində Təhsil, Musiqi və Psixoloji Tədqiqat Cəmiyyətinin (SEMPRE) təşəbbüsü ilə keçirilmiş “Sistemli Musiqişünaslıq (SysMus 14)” adlı konfransında, Tükiyənin Kadir Has Universitenin Konqres Mərkəzində keçirilmiş “İSME Legacy İstanbul 2019” adlı beynəlxalq konfransda, 2022-ci ildə Tükiyənin İstanbul şəhərində keçirilmiş “VoiceIstanbul 2022” konfransında, UNESCO-nun musiqi şəhəri Kırşəhər beynəlxalq musiqi konfransında mükafatlandırılıb.
Yaxın zamanlarda Portuqaliyanın  Lissabon şəhərində keçirilməsi nəzərdə tutulan UNESCO yanında Beynəlxalq ənənəvi musiqi şurasının (ICTM) və Avstraliyanın Brizben şəhərində keçirilməsi planlaşdırılan Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) konfranslarında iştirak etməsi üçün dəvət almış Aleksandriya xanım hazırda həmin tədbirlərdə öz elmi işini təqdim etmək üçün bütün istedadı ilə hazırlaşır.
Amerika, Kanada, Böyük Britaniya, Avstriya, Almaniya, İtaliya, Türkiyə, Avstraliya, Portuqalya, İspaniya və digər ölkələrdə mədəniyyətimizi, musiqi sənətimizi tanıdan Amerika və Azərbaycan opera ifaçısı, vokal səs üzrə elmi tədqiqatçı, Aleksandriya Sultan-zadə fon Brüsseldorf əsl azərbaycanlı kimi doğma vətəni layiqincə təmsil edir… O, vətənlə, doğulub boya-başa çatdığı Bakı ilə nəfəs aldığını, doğma musiqimizin vətəndan uzaqlarda ləyaqətli təmsilçisi olmağa çalışdığını vurğulayır. Bu işdə ona daha böyük uğurlar arzulayırıq…

Ə.Qafarlı

Modern.az

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP