Bakı metropoliteni Beynəlxalq İctimai Nəqliyyat İttifaqının postpandemiya konfransına qatılıb
İstanbulda şəhər bələdiyyəsi və metropoliteninin təşkilatçılığı ilə Beynəlxalq İctimai Nəqliyyat İttifaqının (UİTP) Avrasiya regionunda pandemiyadan sonrakı dövrdə ictimai sərnişindaşıma nəqliyyatı sisteminin fəaliyyətinə həsr olunmuş geniş konfransı keçirilib. Dünyanın müxtəlif regionlarının ictimai nəqliyyat sektorunu təmsil edən 300-dən artıq nümayəndə arasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov da olub.
QSC-dən bildirilib ki, UİTP-nin postpandemiya dövrünə keçid müddəti üçün təşkil etdiyi ilk böyük tədbirdə və son iki ildə qurumun ilk konfransında ictimai sərnişin nəqliyyatı sektorunun üzləşdiyi problemlər, qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Hidayət Məmmədovun sözlərinə görə, dünyanı bürümüş iqtisadi böhran və daha sonra COVID-19 pandemiyasının təsirləri və vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Ümumən, bütün ictimai nəqliyyat sektorunun əsas itkiləri bir-birinə yaxın hesab edilə bilər. Bu səbəbdən qarşıdakı müddət yeni axtarışlar dövrü kimi xarakterizə olunsa da, hətta fərqli sistemlər üzərində qurulmuş nəqliyyat növləri üçün ortaq təcrübə çox səmərəlidir.
Hidayət Məmmədov dövrün çağırışları da nəzərə alınmaqla, toplantının çox səmərəli keçdiyini, səfərdən yerli mütəxəssislərlə müzakirə olunması üçün təhlil xarakterli kifayət qədər faydalı məlumatla geri döndüyünü qeyd edib. Qarşılıqlı təcrübədən faydalanaraq, ən qısa müddətdə faydalı əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsi də günün vacib məsələlərindəndir. Bu xüsusda daşımaların yenidən 2019-cu ildəki statistik göstəricilərə yaxınlaşmaqda olması sərnişin məmnunluğu baxımından təhlükəsizlik, pandemiya dövrünün diktəsi ilə maliyyə və əməliyyat, o cümlədən ödənişlə bağlı optimal və yeni texnoloji qərarlar Bakı metropoliteninin nümayəndəsinin diqqətini çəkib.
Pandemiya dövrünün iqtisadi çətinlikləri və fəaliyyət davamlılığı, maliyyə mənbələri, rəqəmsallaşmanın səmərəli fəaliyyətdə artan rolu, pandemiyanın neqativlərinə rəğmən bir sıra texnoloji yeniliklərə dair yaratdığı fürsətlər, idarəetmə və inzibati strukturlaşma yenilikləri və sair məsələlər tədbir zamanı müzakirə panellərinin əsas mövzuları olub.
Son illərdə Bakı və İstanbul metropolitenlərinin səmərəli əməkdaşlığı dərinləşməkdədir. Bu münasibətlərin genişləndirilməsi baxımından səfər çərçivəsində “Bakı Metropoliteni” QSC-nin sədr müavini istanbullu həmkarları ilə tunel, yol, dəmiryol infrastrukturu sahələrində qarşılıqlı əməkdaşlıq perspektivlərinə əhəmiyyətli təsir göstərəcək fikir və təcrübə mübadiləsi də aparıb.
Hidayət Məmmədov səfər çərçivəsində UİTP-nin rəhbər və nümayəndə heyəti, konfransın işinə qatılmış bir sıra metropolitenlərin təmsilçiləri ilə görüşlər keçirib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP