Əbdülhəmid Avşar: “Qarabağın işğal altında qalması hər türkün ürəyinə düşən bir atəş idi”
Əbdülhəmid Avşar: “Qarabağın işğal altında qalması hər türkün ürəyinə düşən bir atəş idi”
Bu günlər Bakı daha bir beynəlxalq tədbirə evsahibliyi edib. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə ADA Universitetində “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilib. Konqresin əhəmiyyəti, bu sahədə atılan addımlar, eləcə də qardaş Türkiyə ilə elm və təhsil sahəsində həyata keçirilməli vacib olan layihələrlə bağlı İstanbul Ticarət Universitetinin professoru, uzun illər Azərbaycanda TRT-nin təmsilçisi kimi çalışmış Əbdülhəmid Avşarla söhbətləşdik.
-Əbdülhəmid bəy, öncəliklə Azərbaycana səfərinizin məqsədi barədə soruşmaq istərdim. Artıq bir neçə gündür ki, Azərbaycandasınız və səfərdə məqsəd nədir?
-Bildiyiniz kimi bu günlərdə Azərbaycanda “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir. Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə ADA Universitetində baş tutan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək məqsədilə Azərbaycana gəlmişəm.
-Uzun müddətdir Azərbaycana gəlmirsiniz?
– 2017-ci ilin sonunda mənim burada TRT Azərbaycan təmsilçisi olaraq səlahiyyət müddətim bitdi və 2018-ci ilin əvvəllərində Türkiyəyə qayıtdım. Sonrakı illərdə 1-2 dəfə qısa müddətli səfərlərim oldu və Azərbaycana gəlmək imkanı yarandı.
-Qeyd etdiyiniz kimi siz bir müddət TRT Azərbaycaın təmsilçisi olmusunuz və həmin illər Azərbaycan əraziləri erməni işğalı altında idi. Azərbaycan 44 günlük Vətən müharibəsinə başlayarkən yenidən TRT Azərbaycan təmsilçisi olmaq, döyüş meydanlarından reportajlar hazırlamaq kimi duyğular yaşadınızmı?
– Məncə, Qarabağın işğal altında qalması hər türkün ürəyinə düşən bir atəş idi. Xüsusən biz Azərbaycana daha çox sevgi, məhəbbət ilə yanaşdığımız, buranı öz vətənimiz bildiyimiz üçün belə əziz bir torpağın işğal altında olması ürəyimizi daha çox yandırırdı. TRT Azərbaycan təmsiçisi kimi çalışdığım illərdə, Qarabağın erməni işğalı altında olduğu zamanlarda Ağdama getmişdik və erməni işğalına qədər Qarabağda yaşayanlar, oranı görənlərlə bir reportaj hazırlamışdıq. Onların içindəki həsrət və sevgi bizi təsirləndirirdi. Təbii ki, belə bir torpağın heç gözlənilməyən bir anda azadlığına qovuşması çox sevindirici və qürurverici bir hal idi. Belə bir hadisə, Qarabağın işğaldan azad edilməsi kimi tarixi anlarda burda olub, hadisələri daha yaxından izləmək, döyüş meydanlarında bunun əyani şahidinə çevrilmək təbii ki, daha yaxşı olardı və bunu çox istərdik. Çünki o başqa bir duyğudur.
-“İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iştirakçılarının Qarabağa, Şuşaya səfəri nəzərdə tutulurmu?
– Proqramda belə bir səfər yoxdur. Onu da qeyd edim ki, konqresdə Dağlıq Qarabağ məsələsi ilə bağlı ictimai rəyin necə formalaşması ətrafında çıxış etdim.
Bilirsiniz, XIX əsrin ikinci yarısından etibarən ana dilində qəzetlər yayımlanmağa başladıqdan sonra hər iki coğrafiyada – həm Türkiyə, həm Azərbaycanda ictimai rəy həmin dövrün ziyalıları sayəsində formalaşmışdı. Amma sovetlərin zamanında əlaqələr kəsildiyi üçün bu sahədə bir qədər axsama baş verdi. Sonradan Qarabağ məsələsi, ermənilərin bu torpaqları işğal etməsi ilə ictimai rəy yenidən ayaqlandı. Təbii ki, ictimai rəyin ayaqlanmasında medianın da rolu var idi və media bir növ ictimai rəyi formalaşdırırdı. Nəticə etibrilə Tükiyədə 3-5 insan deyil, bütün Türkiyə əhalisi Qarabağı öz savaşı olaraq qəbul etdi. 44 günlük Vətən müharibəsində də ürəkdən Azərbaycanın qalib gəlməsi üçün dua etdilər, hər kəs həyəcanla qələbə gününü gözlədi. Hər yeni gələn zəfər xəbəri, hansısa torpağın azad edilməsi müjdəsi sanki Türkiyənin savaşda qazanması kimi əks-səda doğurdu. Bu da Azərbaycana, Qarabağa olan sevginin göstəricisidir.
– 44 günlük Vətən müharibəsində Türkiyə də müxtəlif istiqamətlərdə xarici təsirlərlə üzləşdi, Azərbaycanın yanında olduğu üçün ona basqılar edildi. Amma buna rəğmən Ankara sona qədər Bakının yanında yer aldı
– Həqiqətən 44 günlük müharibə dönəmində Türkiyə hökuməti çox ciddi şəkildə, sarsılmadan, bir çox xarici təsirlərə məruz qalmasına baxmayaraq sona qədər Azərbaycanın yanında oldu. Tarixdən də bildiyimiz kimi Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Yeri gəlmişkən onu da qeyd edim ki, mənim müəllifim olduğu kitabda bu mövzuya, yəni Azərbaycanın müstəqil ölkə kimi tanınması məsələsinə, o vaxtkı tarixi reallığa geniş yer verilib. Belə ki, Azərbaycanın müstəqilliyinin tanınması qərarı açıqlanarkən ABŞ, Rusiya, İngiltərə, NATO nümayəndələri buna qarşı çıxır və “aman, tanımayın”, “gözləyin” deyə təzyiq göstərirdilər. Buna rəğmən Türkiyə Azərbaycanı tanıyan ilk dövlət oldu. İndi də eyni addımı etdi. Bu gün ölkələrimiz arasında həqiqətən çox güclü bir münasibət var. Bütün bunların təməlində də iki qardaş xalqın XIX əsrdən etibarən güclənən ictimai rəyi dayanır.
-Siz həm də İstanbul Ticarət Universitetində də çalışırsınız. Bəs, elm və təhsil sahəsində iki qardaş ölkə arasında əlaqələr hansı səviyyədədir və bu sahədə əlavə hansı addımlar atmaq mümkündür?
-Əslində ən önəmli sahə elm və mədəniyyət sahəsidir. Yəni, orada sağlam münasibətlər qoymadığın zaman bir müddət sonra siyasət də, digər şeylər də dəyişə bilər. Mənim müşahidəm budur ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra elm və mədəniyyət münasibətləri qurduğu ən yaxın ölkə Türkiyə Cümhuriyyəti olmuşdur. Hazırda universitetlərdə hər sahədə çox sayda azərbaycanlı akademik var. Mədəniyyət olaraq da Türkiyə insanı Azərbaycanı digər Cümhuriyyətlərdən daha çox tanıyır. Amma deyəcəksiniz ki, kifayətdir? Xeyr, deyil, bu sahəni daha da genişləndirəcək çox şey var. Bunun üçün də həm universitetlər, həm mədəniyyət, həm də yazarlara jurnalistikaya, kinoteatrdan teatra qədər mədəniyyətin hər sahəsində münasibətlərin gücləndirilməsinə ehtiyac var. Məsələn, bir Azərbaycan teatrının Türkiyəyə, eyni ilə Türkiyə teatrının Azərbaycana səfərə gəlməsi, bir Azərbaycan filminin Türkiyədə Azərbaycan türkcəsində nümayiş etdirilməsi bu münasibətlərin daha da inkişaf etməsinə gətirib çıxaran amillərdəndir.
-Bu günlərdə Bakıda “TEKNOFEST” festivalı keçirildi. Bu haqda fikirləriniz maraqlı olardı
– Bakıda keçirilən “TEKNOFEST” festivalını televiziya proqramlarından izlədik, Türk ulduzlarının Azərbaycan qırıcıları ilə bərabər şousunu seyr etdik. Bu bir sirr deyil ki, dövlətlərin ayaqda qalması üçün hərbi sahədə güclü olmaq lazımdır. Başqalarının texnologiyalarına möhtac olduğunuz zaman, çətinlik çəkirsən. Türkiyə bunu PKK ilə mübarizədə yaşadı. Avropa dövlətləri, Amerika “bizim verdiyimiz silahları istifadə edə bilməzsən” deyə Türkiyəni bir sıra hallarda əngəllədi. İsrail, ABŞ silah vermədi. Ona görə də özümüz öz texnologiyamızı inkişaf etdirməyə başladıq. Nəticədə əldə etdiyimiz nailiyyətdən Ukraynada döyüşlərdə, Azərbaycanda Qarabağ savaşında istifadə edildi. Günümüzdə də dünyanın bir çox dövləti bunu alır. Yəni güc bizdədir. Bu mənada Türkiyənin bu texniki inkişafından yararlanmaq, eyni zamanda Azərbaycanın malik olduğu texnikik yaradıcılıq potensialından istifadə etmək, bununla bağlı layihələr ortaya çıxarmaq, gəncləri hərəkətə gətirmək mənasında “TEKNOFEST” festivalı çox önəmli bir hadisədir. Azərbaycan da sürətli şəkildə sadəcə hərbi texnologiyalarını deyil, başqa milli toxnoloji cəhdlərini də ortaya qoya bilər. Artıq elektronik texnologiya çox irəliləmiş haldadır, insan ağlına gələ bilməyəcək, amma texnologiya ilə bağlı mərhələ açılır. Bu mərhələ ilə ayaqlaşmaq və bu ona uyğun hərəkət etmək dövlətin gərəkli mexanizmalarına təsir edəcək.
-Belə demək mümkündürmü ki, artıq türk əsrinə qədəm qoymuşuq?
– Biz ona inanırıq. Siz də onun üçün çalışırsınız, biz də. Zaman özü ona gətirəcək. Biz zamanın gərəkli tələblərinə uymalıyıq. Mən görürəm və inanıram ki, irəliləmə, inkişaf türk əsrinin olmasına gətirib çıxaracaq. Biz indi sanki uzaqda görürük ki, orda bir yazı var, türk əsri yazılıb. Yavaş-yavaş o daha çox parlayacaq. İnanırıq ki, olcaq. Şükürlər olsun ki, Azərbaycan torpaqlarının bütövlüyünü bərpa etdi, qanayan yarasını sardı. Özbəkistan, Qazaxıstanda yeni bir mərhələ başlayır. Eyni zamanda aramıza Qırğızıstan, Türkmənistanı alıb birlik, bütövlük yaradarıq. Türk Dövlətləri Təşkilatı da buna təkan verən bir proses oldu. Gedişat onu göstərir.
Röyalə Xəyal
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP