“Bu gün çəkilən filmlərin 90 faizində solğunluq var, bir çoxunun janrı bəlli deyil”- Xalq artisti Xalidə Quliyeva
Gününü səhnədə keçirənlərlə ömrünü sənətə həsr edənlər arasında çox böyük fərq var. Müsahibim xalq artisti Xalidə Quliyeva da ömrünü sənətə həsr edən sənətkarlardandır. Söhbətimizdə xalq artisti kinomuzun bu günündən danışdı.
-İlk olaraq “Nəsimi” filmi ilə başlayaq. Filmlə bağlı hansı xatirələriniz var?
– “Nəsimi” filmi ilə bağlı xatirələrim çoxdur. Mən o filmə dəvət almazdan bir il əvvəl rejissor Tofiq Tağızadənin “Flaminqo- qızıl qaz” filmində çəkilmişdim. Həsən Seyidbəyli məni həmin filmdə görüb “Nəsimi” filminə dəvət etdi. O zaman tələbə idim, universitetin 1-ci kursunda oxuyurdum, həmin filmin 2-ci rejissoru Əşrəf Mamoyev mənə dedi ki, Həsən Seyidbəyli səni çağırır. Mən Əşrəf müəllimlə Kino İttifaqına gəldim və bu mənim ittifaqa ilk gəlişim idi. Hər şey mənim üçün ilk idi. Orda Həsən Seyidbəyli məni elə qarşıladı ki, sanki yüz ildir məni tanıyır. Söhbətimiz qısa oldu. O, sadəcə mənə ssenarini verdi və dedi ki, bunu oxu və hansı rolu bəyənsən, onu seç. Orda da mənə uyğun iki rol var idi: “Fatimə” və “Şəms”. Mən də “Fatimə”ni seçdim. Ssenaridə istədiyim obrazı seçmək şansını isə bir tələbənin ən böyük uğuru kimi qiymətləndirirəm.
Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olanda, kino şöbəsi ilə dram-teatr şöbəsi bölündü. Mən də kino şöbəsinə seçildim. Müəlliməm də Elmira Şabanova idi. Bütün bunları qismətlə əlaqələndirirəm. Uşaqlıqdan kino mənim üçün əlçatmaz idi. Kinoda həyat başqa cür olur. Düşünürəm ki, kino, yaşadığımız həyatdan daha rəngarəng, daha emisional, daha hadisəli prosesdir.
O dövrdə rejissorlar, gənc aktyor və aktrisalarla çox səmimi davranırdılar. İstedadı boğmurdular. Əksinə, işıqlı bir gənc görən kimi, onu kinoya və ya teatra dəvət edirdilər. Məsələn, Həsən müəllim Rasim Balayevi Azərbaycan kinosu üçün kəşf etdi. Düşünürəm ki, hər bir uğurlu iş istedadla yanaşı, səmimi münasibətin bəhrəsidir. Oynadığım bütün rollarda səmimi olmağa çalışmışam. “Nəsimi” filminin ssenarisində ədəbi qəhrəman və məkan anlayışı var idi. Bir sözlə, burada oynamağa material var idi. Çox təəssüf ki, bu gün çəkilən filmlərin 90 faizində bir solğunluq var. İndiki filmlərin bir çoxunun janrı bəlli deyil. Ssenarilərə baxanda hiss edirsən ki, bu yazıları dramaturq yazmayıb.
Çəkiliş meydançasında flmin ssenari müəllifi proresə müdaxilə edirdi. Bəzi hallarda bu, davaya səbəb olurdu. Ancaq nəticədə mükəmməl iş alınırdı.
-Sizi kino aktrisası kimi tanıyırıq. Yolunuzu heç teatrdan salmadınız?
Əslində ilk dəfə teatrda rol oynamışam. O zaman məktəbli idim. Ədəbiyyat müəllimim tamaşa hazırlayırdı, həmiş tamaşada rol almışdım. Hələ 8-ci sinifdə oxuyanda teatr dərnəyində çıxış edirdim. “Vaqif” tamaşasında “Xuraman” borazını canlandırmışdım. Daha sonra ” 26-lar adına xalq teatrı”na gəldim. Orada da hər janrda rollar ifa etmişəm. Ali məktəbə qəbul olana qədər teatrda çalışdığım üçün teatr mənə əlçatan idi, amma kino yox.
– Sizi rejissorlar filmdən- filmə kəşf ediblər. Biraz da “Milli”dən danışaq…
– Rasim Ocaqov “Nəsimi” filminə baxandan sonra, məni “Tütək səsi”nə dəvət etdi. Milli adı obrazın xarakterinə uyğun addır. O dövrün ağrı- acılarını heç kəsə bildirməyən, dərdlərini köksünə sıxan bir qız obrazıdr. Daha sonra “Xoşbəxtlik qayğıları”na dəvət aldım.
Ümumiyyətlə Həsən Seyidbəyli aktyorlarını seçirdi. Uğurlu aktyorları həmişə kinoya dəvət edirdi.
-İndiki dövrdə də bu ənənə davam edir?
-Bəli, indi də belədir. Ancaq mənim kinoda çox qəribə taleyim var. Demək olar ki, bütün rejissorlarla işləmişəm. Hər rejissorun da özünəməxsus tərzdə kino sənətinə yanaşması var idi.
-Bu gün çəkilən seriallar sizi qane edir?
– Bu sual ətrafında çox geniş danışmaq olar. Ancaq heç vaxt heç kəsi tənqid etməyi sevməmişəm. Çünki, bu məsələ təkcə rejissor və aktyordan aslı deyil. Bu işin texniki və maddi tərəfləri də var. Seriala çəkildikləri üçün aktyorları qınayırlar. Bəs aktyor ailəsini dolandırmaq üçün hardan gəlir əldə etsin? Seriallar olmasa aktyorların maddi vəziyyəti qətiyyən yaxşı olmaz. Bu məsələdə sənət arxa planda qalır. Mən reallıqdan danışıram. Bu gün kino sahəsində maddi vəziyyət heç də ürəkaçan deyil. Serial tamaşaçıya mesaj ötürmək üçündür. O qədər real hadisələrdən bəhs etməlidir ki, bu günümüzlə səsləşə bilsin. Bütün çatışmazlıqlara rəğmən yaxşı seriallarımız da var. Bu gün gənc rejissorlar az madiyyatla çox işlər görmək istəyirlər. Bunun üçün çox çabalayırlar.
– Bir çox istedadlı rejissorların işləmək istəməməyi nə ilə bağlıdır?
-Bu, hamımızın bildiyi səbəbdir. Bəzən maddiyyat olur, ssenari yaxşı olmur. Bəzən də əksinə, yaxşı ssenariyə heç kəs vəsait ayırmaq istəmir. Məsələn, Elxan Cəfərov kino sənətini mükəmməl bilən rejissordur. Ancaq indi dediyim məlum səbəblərə görə işləmir.
Bir müddət əvvəl “Köhnə çamadanlar” filminə baxdım. Mən kino adamıyam, o filmə baxanda çox şeyin çatışmadığını gördüm. Filmdə rejissor və aktyorların çəkdiyi əziyyəti hiss etdim. Hərçənd ki, bu film Qarabağ mövzusunda çəkilmiş film idi. Buna çox yaxşı vəsait ayrıla bilərdi. Filmdə hadisələr qırıq- qırıq və rabitəsiz idi. Bu da texniki və maddi çatışmazlıqdan irəli gəlir.
Biz filmimizlə dünyaya çıxmaq istəyiriksə, canımızla- qanımızla işləməliyik. Bu məsələyə səthi yanaşmaqla heç bir uğur əldə edə bilmərik.
-Teatra gedirsiniz?
-Sonuncu dəfə Yuğ Dövlət Teatrında “Sonuncu” tamaşasına baxmışam. Tamaşanı çox bəyəndim. Zövq aldığım tamaşadır desəm, yanılmaram.
Birdə elə tamaşalar var ki, ” sağ qulağı sol əl ilə qaşıyırlar”. Belə tamaşaları heç sevmirəm.Adətən ekspriment edənlər bu üsuldan istifadə edir. Kinomuz da, teatrımız da hələ laboratoriya işi ilə məşğuldur. Hələ axtarışdayıq.
– Kino və teatr üçün hansı arzularınız var?
-Arzularıyıram ki, müəllif filmlərimiz çox olsun. İstedadlar itib-batmasın. Əksinə, daha da təkmilləşsin. Azərbyacan kinosu və teatrı dünyada tanınsın.
Əntiqə Kərimzadə
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP