Türk dünyasına layiqli, vətən, millət sevdalısı gənclər yetişdirməyə davam edəcəyik- MÜSAHİBƏ

Eylem Gültekin: “Atatürk Liseyində təkcə təhsil verilmir, şagird həm də layiqli vətəndaş kimi yetişdirilir”

Bu il Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının 30 ili tamam olur. 30 il əvvəl TDAV başqanı, mərhum Turan Yazqan tərəfindən əsası qoyulan Atatürk Liseyi ötən illər ərzində minlərlə azərbaycanlı gəncin layiqli vətəndaş, Vətən, millət sevdalısı kimi yetişməsində mühüm rol oynayıb. Bu gün də təhsil ocağı eyni məram və məqsədlə uğurlu fəaliyyətini davam etdirir. Bəs görəsən qarşıdakı illərdə təhsil ocağının planları, qarşısına qoyduğu növbəti məqsədləri nədən ibarətdir? “OLAYLAR”-ın bu və ya digər suallarını Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekin cavablandırıb.

-Eylem xanım, bildiyimiz kimi bu il Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının 30 ili tamam olur. 30 il əvvəl Türk Dünyası Araşdırmalar Vəqfinin qurucu başqanı, mərhum Turan Yazqan Bakı Atatürk Liseyini açarkən qarşıya qoyulan əsas məqsəd, hədəf nə idi və ötən 30 il ərzində bu hədəflərə, məqsədə nail olunubmu?

-Türk Dünyası Araşdırmalar Vəqfinin qurucu başqanı, Türk dünyası sevdalısı Turan Yazqanın əsas hədəfi, məqsədi bütün türk dünyasının eyni türkcəni danışmasına nail olmaq idi. Təəssüflər olsun ki, həmin illərə qədər müəyyən assimiliyasiya, yaxud digər müxtəlif səbəblərdən ortaq türk dilində danışmaq, eyni əlifbadan istifadə etmək mümkün olmamışdı. Bu da ondan ibarət idi ki, tarixin müxtəlif dövrlərində türklərdən qorxduqları, onlardan ehtiyyat etdikləri üçün bizləri assimiliyasiyaya məruz qoymuş, dilimizi unutdurmağa çalışmışdılar. Bütün bunlardan dolayı mərhum Turan Yazqan hocamızın əsas məqsədi həm Turanı qurmaq, həm də türklərin eyni əlifba, eyni dildən istifadə etməsinə nail olmaq idi. Bu istiqamətdə atılan ən önəmli addım, həyata keçirilən ən mühüm iş Azərbaycan türklərinə Türkiyə türkcəsi ilə təhsil vermək, eyni zamanda onların ali təhsil həyatlarını Türkiyədə davam etdirməsinə nail olmaq idi. Bu mərhum Turan Yazqanın ən ümdə məqsədi olub. Günümüzdə buna nail olmuşuqmu sualına gəlincə, məncə bu məqsədə hətta çox-çox illər öncəsindən nail olmuşuq. Mən deyərdim ki, Bakı Atatürk Liseyinin fəaliyyətə başlamsının ilk 10 ilində artıq qarşıya qoyulan hədəfə çatmışdıq.

-Artıq yeni tədris ilində birinci siniflərə və məktəbəqədər hazırlıq kurslarına qeydiyyat başlayıb. Maraqlıdır, valideyn nə üçün uşağını Atatürk Liseyinə əmanət etməlidir? Sizin rəhbərlik etdiyiniz liseyin digər təhsil ocaqlarından hansı üstün cəhətləri var?

-İlk növbədə bizim liseyin qurulma, yaradılma məqsədi bəllidir və nəyə xidmət etdiyimiz, qarşımıza hansı hədəfləri qoyduğumuz da hər kəsə məlumdur. Bizim hədəf və məqsədlərimiz azərbaycanlı qardaşlarımızın da arzuladığı, istədiyi hədəf və məqsədlərdir.  Ona görə də valideynlər övladlarının Atatürk Liseyində oxumasına üstünlük verirlər. Digər tərəfdən təhsilin Türkiyə türkcəsində keçirilməsi də müsbət bir məqamdır. Akademik anlamda da bizim fəaliyyətimiz fərqlidir. Türkiyə təhsil sistemi pedoqoji anlamda dünyadakı bir çox ölkəyə görə 10 pillə öndədir. Çünki biz riyaziyyat, fizika, kimya, coğrafiya və s. kimi elmləri daha dolğun, daha yaddaqalan halda tədris etməkdən öncə şagirdi layiqli bir vətəndaş, əxlaqlı, yardımsevər, güvəncli bir insan kimi yetişdirmək istəyirik. Bütün müəllim heyətimiz eyni məqsəd, eyni hədəfə çatmaq üçün çalışır. Eyni zamanda şagirdlərimizi vətən, millət, bayraq, Türk dünyası sevdalısı kimi yetişdiririk. Dolayısıyla Atatürk Liseyində təkcə təhsil verilmir,  şagird yaxşı təhsil almaqla yanaşı, həm də layiqli vətəndaş kimi yetişdirilir. Ona görə də bunu istəyən, övladlarının bu yolda getməsini arzulayan ailələrin təhsil ocağıyıq.

-Bəs əldə edilən nəticələr ürəyinizcədirmi? Yəni, liseyi bitirən şagirdlərin hamısı ali təhsil ocaqlarına daxil olurmu?

-Təkcə son 3-4 ilin statistik göstəricilərinə nəzər yetirdikdə görürük ki, liseyi bitirən şagirdlərin hamısı universitetlərə daxil olub və bu da bizim üçün gözəl bir duyğu, qürurdur. Ümumiyyətlə, burada çalışdığım son 7-8 il ərzində liseyi bitirən bir nəfər şagirdimiz belə universitetlərdən kənarda qalmadı, hər biri istər Azərbaycan, istər Türkiyə, istərsə də Avropadakı təhsil ocaqlarına daxil oldu. Təbii ki, bundan əvvəlki illərdə də nəticələr eyni şəkildə olub.

-Bəs əsas etibarilə liseyi bitirən şagirdlər hansı ölkələrdə təhsil almağa üstünlük verirlər?

-Liseyi bitirən şagirdlərimizin 90 faizi bir qayda olaraq Türkiyə universitetlərində təhsil alırlar. Yerdə qalan 10 faizin içərisində isə Avropa və Azərbaycan universitetləri yer alır.

-Bir neçə il əvvəl Atatürk Liseyinin Azərbaycanın regionlarında fəaliyyət göstərəcəyi və bəzi şəhər və rayonlarda liseylərin açılacağı bildirilirdi. Hazırda bu istiqamətdə fəaliyyətlər hansı mərhələdədir?

-Biz ilkin olaraq Azərbaycanın hansı şəhər və rayonlarında bu tipli liseylərə ehtiyac olub-olmadığını müəyyənəlışdirmək üçün dəyərləndirmə apardıq və artıq harada Atatürk Liseyinin açılmasına ehtiyac olduğunu bilirik. Məsələn, Sumqayıtda belə bir təhsil ocağının açılmasına ciddi ehtiyac var. Eyni zamanda Gəncədə Türkiyə türkcəsində təhsil verən məktəblərə ehtiyacı duyulur. Gəncədə bunu həyata keçirmək üçün müəyyən fəaliyyətlərimiz var. Onu nə zaman, necə həyata keçirəcəyik, hələlik bu barədə söyləmək tezdir. Ümumiyyətlə, əlimizdən gəldiyi qədər bütün türk dünyası coğrafiyasını əhatə etmək istəyirik. Məsələn, Vəqf başqanının Özbəkistanda belə bir lisey açmaq barədə planları var. Çünki Özbəkistanda Türkiyə türkcəsində təhsil verən məktəblərin açılmasına ehtiyac var.

-Liseyin 30-cu ildönümü ilə bağlı yubiley tədbirləri nəzərdə tutulurmu?

-Belə bir tədbir keçirmək istəyirik. Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümü ilə Bakı Atatürk Liseyinin yaranmasının 30 illiyini birlikdə qeyd etməyi planlaşdırırıq. Bundan başqa 6 iyun tarixində 11-ci siniflərin məzuniyyət törəni olacaq. Həmin məzuniyyət törənində də liseyin 30 illiyi qeyd ediləcək. Ancaq yuxarıda da bildirdiyim kimi, Bakı Atatürk Liseyinin 30-cu ildönümü 15 sentyabr tarixində, tədris ilinin başlandığı gün Bakının işğaldan azad edilməsinin ildönümü günü ərəfəsində bərabər şəkildə qeyd olunacaq. Bildiyiniz kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsi də fəaliyyət göstərir. Türk Dünyası İqtisad fakültəsi Türk Dünyası Araşdırmaları Vəqfi başqanı professor doktor  Turan Yazganın təşəbbüsü ilə o zamankı Azərbaycan Xalq Təsərrüfatı İdarəetmə İnstitutu və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanan müqavilə ilə 1992-ci ildə yaranıb. Həmin fakultənin də yaranmasının 30 ili tamam olduğu üçün iki qurum birlikdə yubiley tədbiri keçirməyi nəzərdə tutmuşuq.

-Yəqin ki, həmin yubiley tədbirinə xaricdən də qonaqlar dəvət ediləcək

-Əlbəttə. Xarici qonaqların da həmin tədbirlərdə iştirakı nəzərdə tutulur.

-Liseydə şəhid və qazi övladlarından təhsil alan varmı və onlara hansı güzəştlər tətbiq olunur?

-44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış YAŞAT Fondu bu istiqamətdə alqışlanası, təqdirəlayiq addımlar atdı. Liseyin Nəsimi rayonu, 28 may metrosu yaxınlığında yerləşən ofisində 44 günlük Vətən müharibəsindən əvvəl də şəhid olmuş qəhrəman oğulların övladları 100 faizlik təhsil haqqından azad olunurdu. Qazi övladlarına isə 50 faizlik güzəşt edirdik. 44 günlük Vətən müharibəsindən sonra liseydə təhsil alan şəhid və qazi övladlarının da sayı artdı və biz də təhsil ocağı olaraq həmin şagirdlərin təhsil haqqlarının qarşılanması məqsədilə YAŞAT Fonduna müraciət etdik. Sözügedən Fondun Azərbaycan Prezidenti tərəfindən yaradılması, ona xüsusi nəzarət edilməsi də bizim üçün böyük bir güvənc, ümid verdi. Beləliklə, 20 şəhid övladı təhsil haqqından azad edildi. Yaxın dost-tanışlar isə həmin uşaqıara kömpüter və digər vacib dərs vəsaitləri hədiyyə etdi. Qarşıdakı ildə də Türk Dünyası Araşdırmalar Vəqfindən müəyyən kvota rica edib bu sayı artırmaq istəyirik.

-Onlar 11-ci sinfi bitirənə qədər təhsil haqqından azad olacaqlar?

-Bəli. 11-ci sinfə qədər həmin uşaqlar təhsil haqqı ödəməyəcəklər. Düşünürəm ki, həmin uşaqlar 11-ci sinfi bitirdikdən sonra da Vəqf başqanımız Közhan Yazqanın onlara dəstəyi davam edəcək və həmin şəhid övladlarının Türkiyədə təhsil almasına da Vəqf başqanımız dəstək olacaq. Yetər ki, onlar ali təhsillərini başa vurub bacarıqlı kadr kimi vətənə geri dönsün və əldə etdikləri təcrübəni, qazandıqları bilikləri burada tətbiq etsinlər. Bundan sonra da Bakı Atatürk Liseyi olaraq Türk dünyasına layiqli, vətən, millət sevdalısı gənclər yetişdirməyə davam edəcəyik.

-Yeri gəlmişkən, liseyi bitirib Türkiyədə təhsil alan, sonradan Azərbaycana qayıdıb oxuduğu liseydə çalışmaq istəyənlər də olurmu?

-Bəli, universitet həyatını bitirib Azərbaycana qayıdan və liseydə müəllim kimi çalışanlar var. Onu da deyim ki, o başqa bir duyğu və qürur hissidir. Bir neçə müəllim həmkarımız var ki, vaxtı ilə liseydə təhsil alıblar.

-Nəsillərin dəyişməsindən söz düşmüşkən, heç kimə sirr deyil ki, zaman keçdikcə insanlarda daha çox aqressivlik, əsəbilik müşahidə edilir və təbii ki, bu kimi mənfi xüsusiyyətlər uşaqlarda da özünü büruzə verir. Bu cür uşaqlarla işləmək nə dəcərədə çətindir?

-Təbii ki, çətin olur. Buna baxmayaraq biz, müəllim həmkarlarımız da kifayət qədər səbrli olmalıdırlar. Valideynlər özləri də etiraf edirlər ki, evdə 2-3 uşağın öhdəsindən gələ bilmirik, siz bu boyda məktəbdə uşaqları necə idarə edirsiniz. Ancaq onu da qəbul etmək lazımdır ki, nəsillər dəyişir və bu dəyişiklik hər birimizin övladında hiss edilir. Heç nə yerində saya bilməz və hər şey dəyişikliyə uğrayır. 2,5 illik pandemiya uşaqların həyatına çox böyük təsir göstərdi, onlar çox böyük travma aldılar. Bu da bir növ nəsil dəyişməsi oldu. Bütün bunlara rəğmən biz hər bir uşaqla fərdi qaydada məşğul olur, onların hər hansı problemlərinin olub-olmadığı ilə maraqlanırıq. Təbii ki, bu kimi məsələlərdə ailələr də bizə dəstək olurlar. Dəstək ola bilməyən ailələrlə isə bir müddət sonra yollarımızı ayırırıq.

-Ayrılmalar çoxmu olur?

-Bu il təxminən 10-12 şagirdlə yolumuzu ayırdıq.

-Səbəb?

-Uşağın durumu ilə bağlı ailə ilə yetərincə əlaqə qura bilmirik. Ailə uşağının hər hansı bir problemi ilə bağlı telefonda da olsa belə bizimlə danışmalı, problemin birlikdə həllinə çalışmalıdır. Çünki hər ikimiz bir uşağın probleminin həlli üçün çalışırıq. Bizim qədər ailənin də bu kimi məsələlərdə əmək sərf etməsini istəyirik. Ancaq təəssüflər olsun ki, bəzi hallarda ailələr bunu etmirlər və nəticə etibarilə onlarla yollarımızı ayırmaq məcburiyyətində qalırıq.

-Pandemiya artıq bitmək üzrədir. Liseydə təhsil tam normal halına dönübmü?

-Hesab edirəm ki, bəli, liseydə təhsil normal hala dönüb. Buna rəğmən hələ də müəyyən tədbirlər həyata keçiririk. Lisey daxilində müəllimlərimiz könüllü şəkildə qoruyucu maskadan istifadə edirlər. Bundan başqa 15 gündən bir liseydə dezinfeksiya tədbirləri davam edir. Hətta bundan sonra da bir müddət bu cür dezinfeksiya tədbirlərini davam etdirməyi düşünürəm. İnşallah, növbəti tədris ilindən bütün bu kimi problemlər arxada qalar.

Süleyman İsmayılbəyli

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP