Regionun əksər dövlətləri Azərbaycanın müəllifliyi ilə yaranan yeni geosiyasi reallıqla hesablaşırlar
Vüqar Əhmədov: “Azərbaycanın yaratdığı yeni reallıq artıq bölgədə tamam yeni konfiqurasiyanın formalaşmasına təkan verdi”
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovun müsahibəsi
-Vüqar bəy, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbədən sonra regiondakı yaranmış yeni geosiyasi vəziyyəti necə xarakterizə edirsiniz?
-Şübhəsiz ki, Azərbaycanın 44 günlük “Vətən Müharibəsi”ndə qazandığı qələbə nəinki region, bütün dünya üçün şok effekti verən bir hadisə oldu. Dünyanın ən böyük dövlətlərinin uzatmağa çalışdığı, dünya erməniliyinin bu münaqişənin mövcud olmasına maraqlı olduğu bir vaxtda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu bütün bu reallığı dəyişdi. Əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıq artıq bölgədə tamam yeni konfiqurasiyanın formalaşmasına təkan verdi. Birincisi ondan başlayaq ki, məhz 44 günlük müharibədən sonra Azərbaycan ilə Türkiyə arasında hərbi-strateji müttəfiqlik ən yüskək səviyyəyə qalxdı, Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənata əsasən Azərbaycan Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana və Türkiyəyə birbaşa quru yol əldə edəcək. Rusiya özü də bu prosesdə maraqlı tərəfə çevrildi, çünki bu dəhliz vasitəsi ilə Ermənistana daha rahat keçilən quru yol əldə edəcək. Müharibədən sonra İranın Ermənistana müəyyən dəstəyini müşahidə etsək də, Azərbaycan hökuməti bu istiqamətdə də ciddi nəticələr əldə edərək İranın regionda yaranan vəziyyətə uyğun davranmasına nail olmuşdur. Artıq İran rəsmləri Zəngəzur dəhlizinin tikintisinə öz maraqlarını ifadə ediblər. Bununla paralel olaraq Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması istiqamətində müvafiq addımlar atılır. Sözsüz ki, bütün bunlar regionun rifahına, itqtisadi inkişafına və əməkdaşlığa yönələn bir addımlardır. Bütün bu irəliləyişlərdən Ermənistan da bir regional dövlət kimi faydalanacaq. Məhz bu səbəbdən erməni cəmiyyətində artıq illərdir Qarabağ münaqişəsinin və dünyadakı erməni diasporunun qurbanına çervildiyini anlamağa başlayıblar. Əlbəttə ki, bütün bunların fonunda Rusiya da Qafqazın bu iki dövləti olan Ermənistan və Azərbaycanı özündən narazı salmamaq üçün vasitəçilik missiyasında müsbət istiqamətdə səylərini artırmağa çalışır. Türkiyənin bu proseslərdə fəal iştirakı da Rusiyanın bu prosesdə tam dominantlığının qarşısını alır. Yəni, göründüyü kimi geosiyasi vəziyyət ciddi şəkildə regionda dəyişib və ən əsası da Azərbaycanın xeyrinə dəyişib. Bu gün regionun əksər dövlətləri Azərbaycanın müəllifliyi ilə yaranan yeni geosiyasi reallıqla hesablaşırlar və hətta Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda quruculuq işlərində fəal iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan tərəfindən təklif olunan 3+3 formatında olan əməkdaşlıq da məzh bu reallıqdan qaynaqlanan ideyadır.
-İşğal zamanında Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən tədbirlər, atılan addımlar hansı səviyyədədir?
-Hesab edirəm ki, bu istiqamətdə də işlər Azərbaycan hökuməti tərəfindən uğurla aparılır. Bu istiqamətdə qurulan strategiya doğru hədəfə yönəlmişdir, çünki Azərbaycan dünya təcrübəsindən çıxış edir. İkinci dünya müharibəsində Hitler Almaniyasının törətdiyi cinayətlərin bəlkə də misli bərabəri yoxdur, amma dünya Almaniya ilə normal münasibətlər qurmaqla yanaşı onların törətdiyi dəhşətli cinayətləri də unutmur. Eyni yanaşma bizim vəziyyətdə də davam etdirilməlidir. Azərbaycan Ermənistana konstruktiv münasibət qurmağa, sülh sazişi imzalamağa və regionda birgə dinc yaşamağı təklif edir, lakin bu Ermənistanın törətdiyi cinayətlərin üstündən keçməyi istisna edə bilməz. Dünyaya da, Ermənistana da yüz il sonra belə törətdiyi dəhşətli müharibə cinayətləri, dinc əhaliyə tutduğu dəhşətli işgəncə faktları, vandallıq aktları xatırlanmalıdır ki, həm dünya, həm ermənilər, həm də biz xalq olaraq bu tarixi unutmayaq. Ermənistan da yenidən belə cinayətlərə əl atmağa can atarsa, bütün bunların dünya tərəfindən xatırlanmağına imkan olsun. Məhz bu məqsədlə həm hökumət səviyyəsində, eyni zamanda qeyri-hökumət təşkilatları səviyyəsində bu təbliğat işləri davam etdirilir, dağıdılmış şəhərlərə xarici mütəxəssislərin, bloqerlərin və diplomatların müntəzəm səfərləri təşkil olunur. Bununla bağlı beynəlxalq məhkəmələrə çoxsaylı müraciətlər də edilir və Qarabağın quruculuq prosesində dağıdılmış mədəni və tarixi abidələrin, yaşayış məntəqələrinin bir qismi saxlanılacaq ki, hər dəfə bura səfər edən qonaqlar ermənilərin vandallıq aktlarının şahidi olsunlar. Düşünürəm ki, zaman keçəcək və Ermənistanda dünyaya gələn yeni nəsil hardasa bu görəcəkləri mənzərəyə, hərbi cinayətlərə görə utanclıq hissi keçirəcəklər. Azərbaycan ictimaiyyəti də bu istiqamətdə təbliğatını davamlı aparmalıdır.
-Bir təşkilat olaraq bununla bağlı hansı tədbirlər görürsünüz və mübarizənin, erməni vəhşiliyinin dünyaya daha yaxından çatdırılması üçün daha hansı sanballı, nəticəyə hesablanmış addımlar atmaq lazımdır?
-Biz təşkilat olaraq çalışırıq ki, layihələrimizi bu yöndə aparaq, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün beynəlxalq səviyyədə təbliğatımızı quraq. Sözsüz ki, burada bizə ən böyük köməyi Azərbaycan dövləti, hörmətli Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycanın şanlı ordusu etdi. Çünki hər nə qədər təbliğat olsa da, min dəfə eşitməkdənsə, bir dəfə görməyin təsiri tam başqadır. Bu baxımdan məhz torpaqlar işğaldan azad olunduqdan sonra biz artıq əmin şəkildə dağıntıları, vandallıq aktlarını göstərə bilirik. Ermənistanın da məhz münaqişəni uzun illər uzatmaqda məqsədi bu dağıntıları dünyadan gizlətmək olmuşdur. İndi isə bütün dünyanın bunu öz gözləri ilə görmək şansı yaranıb. Dövlətimizin təşkilatçılığı ilə birinci növbətə biz QHT nümayəndələrinin iştirakı ilə erməni vandalları tərəfindən dağıdılmış bölgələrə səfər etmək imkanı yarandı. İndi isə növbəti mərhələ kimi biz çalışırıq ki, dünyada beyin və analitik mərkəzlərin nümayəndələri, ekspertlərin iştirakı ilə bu mövzuya həsr olunmuş beynəlxalq forumlar təşkil edərək xarici nümayəndələrin işğaldan azad olunmuş bölgələrə səfərlərini təşkil edək. Belə bir layihənin icrasına artıq start vermişik və keçiriləcək beynəlxalq Forum nəticəsində sözügedən ekspertlər görəcəkləri mənzərə və təəssüratları haqqında beynəlxalq mediada analitik yazılarla çıxış edəcəklər.
Bundan başqa mən düşünürəm ki, biz xarici ölkələrdə bu mövzuda sərgi və səyyar muzeylər təşkil etməliyik, dünyanın aparıcı universitetlərinə və kitabxanalara bununla bağlı materiallar göndərməliyik. ABŞ, Kanada, İngiltərə, Fransa və digər dövlətlərdə vaxtaşırı foto və digər görüntülərlə aksiyalar keçirilməlidir. Gələcəkdə Qarabağa təşkil olunacaq turistik səfərlərdə mədəni abidələrin ziyarəti zamanı dağıdılmış məkanlara səfər prioritet təşkil etməlidir. Bu istiqamətdə paytaxt Bakıda müasir texnoloji görüntülərdən ibarət 3D format və digər formatlarda memorial muzey yaradılmalıdır. Dünyada belə bir təcrübə mövcuddur və beynəlxalq aləm bu kimi mövzulara böyük maraq göstərir. Sosial şəbəkələrdə və digər platformalarda bu istiqamətdə təbliğat davamlı aparılmalıdır. Xüsusən dünyada söz sahibi olan analitiklər və jurnalistlərin araşdırma məqalələrində bu mövzuya geniş yer ayrılması üçün lobbiçilik işi davamlı aparılmalıdır.
-Ancaq görünən odur ki, Ermənistan üçtərəfli bəyanatlara belə əməl etmir. O halda erməni vandallıqlarının dünya ictimaiyyətinə çatdırılması və bundan müsbət nəticə gözləməyimizə dəyərmi?
-Bəli, təəssüf ki, dünya birliyi ədalətsizdir, burada dini faktorlar və ermənilərin uzun illər apardığı təbliğat, dünyadakı erməni diasporunun böyük təsirləri var. Amma müsbət nəticə olmasa da, biz təbliğatımızı davam etdirməliyik. Ermənilər sözdə olan və uydurulan erməni genosidi ilə bağlı İrəvanda abidə yaradıblar və ölkəyə gələn bütün qonaqları ora aparırlar. Biz isə, yaxın tarixdə olan və video görüntüləri və foto faktlar olan və bu il 30 ili tamam olan Xocalı soyqırımı ilə bağlı Bakıda hələ də bir muzey yaratmamışıq. Mən təklif edərdim ki, bununla bağlı müasir texnologiyalardan istifadə olunaraq innovativ əsasda bir muzey yaradılsın. Vətən müharibəsi onu bir daha sübut etdi ki, nə dünyadan, nə ermənilərdən öz xoşu ilə müsbət nəticə gözləməyə dəyməz. 44 günlük vətən müharibəsində olduğu kimi, biz erməniləri beynəlxalq təzyiqlər vasitəsi ilə üçtərəfli bəyənatlara əməl etməyə məcbur etməliyik. Bunun üçün beynəlxalq mexanizmlər mövcuddur. Əgər Ermənistan öz xoşu ilə bunları etmək istəmirsə, onun aslı olduğu regional dövlətlər vasitəsi ilə bunu həyata keçirməyə məcbur etməliyik. Mənim müşahidələrimə görə 44 günlük müharibədən sonra bu istiqamətdə ciddi nəticə əldə olunub. Belə ki, həm qərb, həm də Rusiya regionda növbəti müharibə alovlanmasın deyə iki ölkə arasında vasitəçilik missiyasını artırmağa çalışırlar. Son 2 ayda Avropa İttifaqının bu istiqamətdə ən azı iki təşəbbüsü bunu deməyə əsas verir və bu onu göstərir ki, informasiya müharibəsində mübarizəmizi davam etdirməklə yanaşı Azərbaycan hərbi baxımdan da hər zaman güclənməlidir.
Süleyman İsmayılbəyli
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP