“İntihar edəcəyini söyləyən şəxs mütləq psixoloqa aparılmalı, onun niyə bu yola əl atmasının səbəbləri araşdırılmalıdır”
İntihar mövzusu son zamanlar daha geniş vüsət alıb və istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan ən aktual birinə çevrilib. Kimisi özünü yandırmaqla, kimisi hündürmərtəbəli binadan özünü atmaqla, kimisi damarını kəsməklə, kimisi isə maşının altına atılaraq, öz əlləri ilə həyatını bitirir. İnsanlar sanki bütün problərin həlli kimi bu yola əl atır. Hətta, canından bezən insan belə, son anda canının daha az ağrımasını istəyir. Çox təəssüf ki, bu hal son zamanlar daha çox artıb. Bəs buna səbəb nədir? İntihar çıxış yoludurmu? Onları intihara nələr sürükləyir?
Məsələ ilə bağlı suallarımıza cavab tapmaq üçün sosioloq Ramil Nəcəfli ilə həmsöhbət olduq.
-Ramil bəy, bilirsiniz ki, necə düşünürsüz? İntihar hallarının armasına səbəb nədir və burada cəmiyyətin rolu nə qədərdir?
-Hesab edirəm ki, intihar hallarının artmasında cəmiyyətin rolu çoxdur. Çünki, intihara sürükləyən hallar, birbaşa cəmiyyətin hadisəsidir. Cəmiyyət dediyimiz nədir? Sosial çevrə. Ən başda ailə, qohum-əqrəba, məktəblidirsə sinif yoldaşları, işləyirsə iş yoldaşları, dostları, sevgilisi, boşanıbsa keçmiş həyat yoldaşı və iş yeri ilə əlaqədar olan situasiyalar, bunlar hər biri cəmiyyəti təşkil edirlər. İnsan özü-özündən intihar etmir. Təbii ki, düşdüyü vəziyyətlə əlaqədar intihar edir və düşdüyü vəziyyətin də birbaşa əlaqəsi və səbəbkarı elə cəmiyyətdə rastlaşdığı hansısa problemdir. Bu problem də, onun şəxsi həyatı, iqtisadi vəziyyəti, sosial durumu, əlillik statusu, xəstəliyi ilə bağlı ola bilər və yaxud ola bilsin ki, hər hansısa bir yaxınını itirə bilər. Bu baxımdan konkret olaraq, cəmiyyətin rolu çoxdur. Hətta, əksəriyyəti cəmiyyət təşkil edir desək, daha doğru olar.
-Adətən biz bu xəbərləri daha çox sosial mediadan əldə edirik. Bəs sosial media insanları intihara təşviq edə bilərmi?
-Adətən bir qrup insan var ki, sosial mediaya bağlanır, həyatının mənasını sosial mediaya adayır. Real ünsiyyətcil deyil, əsasən virtual aləmə bağlı olan bir insandır və sosial mediadan çox təsirlənir. Məsələn müğənni öz kefində, damağındadır, öz həyatını yaşayır, amma, elə qəmli musiqilər, insani riqqətə gətirən, insana toxunan, insanın daxili aləmini hərəkətə gətirən, ruh halınıdan xəbər verən mahnılar oxuyur ki, bu insanı depressiyaya salır və nəticədə şəxsi intihara sürükləyir. Onun timsalında sosial mediada belədir ki, insanın real həyatdaki aləmi bir başqadır, amma sosial mediada gördükləri görüntülər, onu nəyəsə sürükləyə bilər. Şəxs görüntülərdən təsirlənə bilər. Digər baxımdan isə sosial mediada ola bilsin ki, dolayısı ilə səbəb olsun. Sosial şəbəkədə tanışdığı hansısa bir şəxs sonradan onun həyatına girə bilər və nəticədə dələduzluqla rastlaşa, ona böyük bir maddi itki verə bilər. Görürsüz, bəzən sosial şəbəkələrdə söhbətlər zamanı davalara qədər gəlib çıxır. İnsanlar bir-birini davaya çağırırlar. Nəticədə bıçaqlanma, ölüm-itim hadisəsi ola bilir. Kimləsə tapışar, sevişər və nəticədə ağır ruhi sarsıntı keçirə bilər. Bunun da sonu intiharla yekunlaşır . Bu baxımdan sosial media insanı, dolayısıyla intihara təşviq edə bilər.
– Ramil bəy, valideynlərin və yaxın ətrafın intiharda rolu cəmiyyətimizdə neçə faiz təşkil edir?
-Maraqlı və çox doğru sualdır. Valideynlər bəzən elə fikirləşirlər ki, uşağı yalnız yedizdirirsən, içizdirirsən, pulunu verirsən, xərclərini ödəyərsən, vəssalam. Bununla da vəzifən bitdi. Halbuki, elə deyil. Ümumiyyətlə uşağın ruh halından xəbərdar olmaq lazımdır. Gündəlik nələr yaşayır, kimlərlə oturur, durur, görüşür, məktəb həyatı necə keçir, dostları kimdir, nə düşünür, nə fikirləşir, bu barədə valideynlər istəyir kasıb olsun, istəyirsə də varlı, heç bir fərqi yoxdur, daha diqqətli olmalıdırlar. Uşaqlara daha çox vaxt ayrılmalıdır. Uşaqlarla düzgün ünsiyyət qurumalıdırlar. Çünki, uşaqla nə qədər çox ünsiyyətdə olsan, ona nə qədər sevgi bəxş etsən, ona nə qədər çox anlayış göstərsən, bu şəkildə uşağın ruhunu ələ ala bilər, onun əhval-ruhiyyəsini qaydaya sala bilərsən. Uşaqlara valideynlər maddi yox, mənəvi dəstək olmalıdırlar. Burada vaxt ayırmaq çox önəmlidir. İkinci bir rol onda olur ki, valideynlər bəzən uşaqların etdikləri səhvi bağışlamır, düzgün ünsiyyət qura bilmirlər. Ona görə də, uşaq bəzən elə günahlar, səhvlər işlədəndə “görəsən atam, anam bunu necə qarşılayar, necə sərt reaksiya verər”, “başıma oyun acacaqlar mənim”, incidəcəklər” deyə düşünür və nəticə isə yenə də intihara sürükləyir.
-İntihar hallarının qarşısının alınması üçün sosial baxımdan hansı addımların atılmasını məsləhət görürsünüz?
-Bilirsiniz ki, intiharın bir çox səbəbləri var. İntihar artıq elə bir məsələdir ki, insan həyatın mənasını itirir, həyatı anlamsız hesab edir. İnsan artıq bir boşluğa , kəskin bir depressiyaya girir. O anda ona dəstək olmaq, həmin şəxsi o vəziyyətdən çıxarmaq lazımdır. Çünki, həmin anda insanda intihara əl atmaq keçici bir vəziyyət ola bilir. O anda intihara əl atan adam, əslində müəyyən duyğularını intihar etmək istəyir, hisslərindən yaxa qurtarmaq istəyir. Onu incidən hansısa bir duyğular, hisslər var ki, o duyguları, hissləri boşalda və bunları başqa bir tərəfə yönəldə bilsə, o anda intihardan qurtulmuş olur. Çünki intihar qərarı anlıq baş verir. Bir anın içində olur. Yəni, bir insan uzun müddət intihar barəsində fikirləşmir. Bu qərar çılğın bir qərardır və anidən olur. O anda da, insanın duyğusunu boşaltmaq, intihardan qurtarmağa bərabərdir. Ümumilikdə isə cəmiyyətimizdə bu baxımdan çox problemlər olur. Məsələn, insanların bir-birləri ilə ünsiyyət problemi olur. Hər bir insan çalışmalıdır ki, həyatında heç olmasa bir nəfər olsun ki, ağır vəziyyətlərdə heç kimlə paylaşmadığı, bölüşmədiyi, heç kimə deyə bilmədiyi və yaxud danışarkən sakitləşdiyi, rahatlıq tapdığı şəxs olsun. Artıq o son nöqtəyə dirənəndə gedib onunla birlikdə bölüşüb- paylaşsın, söhbət etsin. Bu da öz yerində çox əhəmiyyətli bir haldır. Ən əsas münasibət uçurumlarının qarşısını almaq lazımdır. İntihar obyektlərinin, intihara meyilli insanların, onlarla əlaqədə olan, onları əhatə edən müəyyən insanların arasında münasibət uçurumlarının qarşısını almaq lazımdır. Daima əlaqələr, ünsiyyət olmalıdır ki, insanlar bir-birinə getdikcə güvənsinlər ki, onlarla nəyisə bölüşə bilsinlər. Tənha qalmaq və depressiyanı intihara adlatmaq hər adamın işi deyil. Çox nadir hallarda olur ki, insanlar tək qalır, heç kimi olmur, heç kimlə söhbət etmir, amma, eyni zamanda güclü bir şəxsiyyət olur, vəziyyəti adlaya bilir. Bu hər adamın işi deyil. Cəmiyyətdə müəyyən qədər sağlam bir münasibətlər sistemi olmalıdır ki, insanlar özlərini pis hiss etdikləri vaxt, ağır depressiya hallarında sığına biləcəkləri müəyyən bir çevrələr olsun.
Mövzu ilə bağlı “Sirdaş psixologiya mərkəzi”nin psixoloq-konsultant Aytac Zeynalova ilə də danışdıq.
-Aytac xanım, intihar etməyi planlaşdıran şəxs bunu hansısa hərəkətlərlə yaxınlarına göstərməyə çalışırmı?
-İntihar etmək istəyən şəxs birbaşa və dolayı yollarla mesajlar verə bilər. Bu hazırkı dövrdə ən aktual, dəbdə olan ünsiyyət vasitələri, formaları, internet, sosial şəbəkələr vasitəsilə, Instaqram, whatsapp, Facebook, vasitələri ilə bu mesajları verə bilər. Məsələn, şeirlər, oforizmlər paylaşaraq birbaşa mesaj verir. Ümumiyyətlə onun həyatdan küskün olduğunu göstərə bilər. Sevdiyu insanların yanında tez-tez belə söhbətlər aça bilər. Ən çox sevdiyi, bahalı əşyasını kiməsə bağışlaya bilər. Halbuki, bu əşya onun üçün çox dəyərlidir və bunu bir anın içində kiməsə bağışlaya biləcək hala gəlir. Ona görə də intihara meyilli, intihar etməyə çalışan insan, bu mesajı digər vasitələrlə verə bilər. Ümumiyyətlə insan həyatın anlamsız olduğunu başlayıb bəyan etməyə çalışan şəxslərə, həyatında olan problemlərin içərsindən çıxa, onlara çarə tapa bilməyəcəyini deyər. İstər xəstəliklər barədə, istərsə də hər hansı bir məsələ ilə bağlı olsun onlar bu mesajları söz şəklində də verə bilər. Bəzən olar ki, bədən dili davranışları ilə də, insanlara bunu nümayiş etdirməyə çalışar. Əslində çox zaman önəmsənilmir. Amma, çox önəmli bir haldır. Çünki, mütləq şəkildə biz artıq onlardan bu mesajları almalıyıq ki, həmin şəxs artıq intihara meyilldiri, bunu anlamalıyıq.
-Sosial şəbəkələrdə yayılan intihar və ya ölüm videoları şəxsdə intihar riskini artırırmı?
-Ümumiyyətlə son zamanlar internetdə yayılan bir çox intihar videoları var ki, tək intihardan söhbət getmir, ölüm videoları və buna bənzər bir neçə videolardır ki, bu insanların, istər gənclərin, istərsə də yetişkin insanların intihar riskini artırır. Çünki, biz istəsək də, istəməsək də, gün ərzində sosial şəbəkələrdən, yutubdan, instaqramdan istifadə edir və belə xəbərlər insanlara pis təsir edir. Bu yetişkin insan, gənc də olsa təsiretmə gücü böyükdür. Məktəblərdə intiharların sürətli şəkildə olması və bunun internet vasitəsilə hər kəsə çatdırılması. Bundan başqa hər hansı bir ailədə binadan özünü atmaq, özünü qəza şəklində, maşının altına atmağı, asması və.s, bir neçə xəbərlərdə biz bunu istəsək də, istəməsək də, görürük. Ümumiyyətlə internetdə yayılan bir çox üzüntülü videolar, xəbərlər, bir çox insanların bəzi vida mətnlərinə rast gəlmək olur. Bunların hamısı insanlarda bir təşviş yaradır. Təbii ki, bu digər insanları da təsir altına salır. Cəmiyyət olaraq biz bu hala gəlməklə intiharın riskini daha cox artırırıq. Məsələn, görürük ki, bu gün filan nömrəli məktəbin 11-ci sinif şagirdi filankəs intihar etdi. Təbii ki, insanlar bunu bir cür qarşılamır. İnsanlar müxtəlif xarakterlərə malikdir və onlar belə xəbərlərə müxtəlif reaksiyalar göstərir. İntiharın ən böyük risk faktoru şiddətli depressiyadır. Hər bir insanın depressiyasını artıran bir çox faktorlar ola bilər. Buna ailədaxili münaqişələr, iflas, yaxınını itirmə, ugursuzluq və.s bütün bunlar insanda depressiv vəziyyət yaradır. Bu tip xəbərlərə və videolara baxdıqca həmin şəxs özündə cəsarət taparaq intihara əl atır. Nəticədə intiharlar günü-gündən artmağa davam edir.
– Ətrafımızdaki insanlar şəxsi intihardan uzaqlaşdırmaq üçün hansı addımları atmalı, necə davranmalıdır?
-İntihar haqqında düşünən bir insanla söhbət etdiyimiz zaman, rahat bir şəkildə, komfortlu bir yer seçməli, kifayət qədər vaxtımızın olmağını təmin etməliyik. Əsas odur ki, səbrlə, təmkinlə qarşı tərəfi dinləməli, həmsöhbət olmalı, ona müxtəlif suallar, sözünü kəsib fərqli fikirlər bildirməməli, başqa tərəflərə yönləndirməməliyik. Onun keçirdiyi hissləri birbaşa qayıdıb ona söyləmək olmaz. Ümumiyyətlə ola bilər ki, burada intihar edən bir insanın həyatında müxtəlif faktorlar var. Bunlardan cəmiyyət, ailə dostlar, sevgi və.s qeyd etmək olar. İntihar fikri olan bir insanı bu yoldan çəkindirmək üçün bu addımları ata bilər ki, onlara dəstək versin, onlarla əlaqə saxlasın, ( tez-tez onlarla əlaqə saxlayıb harda olduğunu, necə olduğunu soruşmaq) öldürücü vasitələrin əlçatanlığını məhdudlaşdırmaq, ümumi nəzarət fonunda şəxsin özü bilmədən nəzarət edilməsi lazımdır. Mühakimə etməmək xüsusilə qeyd olunmalıdır. Mütləq şəkildə biz intihara meyilli insanı mühakimə etməməliyik. Ona daimi şəkildə, peşəkarcasına olmasa da, istər bir yaxın, qohum, dost kimi dəstək olmalıyıq. Çalışdığımız qədər onu hər hansı bir mütəxəssisə, peşəkara yönləndirməliyik ki, mütləq şəkildə bir dəstək görsün və bu yoldan tamamilə düşüncələri dəyişilsin. Ona bu günün olduğunu başa salmalıyıq. Biz niyə varıq? Biz həyatda nə üçün lazımıq? Həyat bizə nə üçün lazımdır?. Bütün bu açıqlamaları həmin insanla etməliyik.
-Aytac xanım, intihar cəhdindən qurtulan şəxslə sonraki mərhələdə hansı yol izlənilməlidir?
-İntiharlara həddən artıq alkoqoldan və yaxud maddə istifadə edən insanlarda rast gəlinir. Daha əvvəllər intihara cəhd etmiş insan yenidən intiharla bağlı nələrsə deyirsə mütləq şəkildə həmin şəxs bir mütəxəssis nəzarətində olmalı, müalicə almalıdır. İntihar riski olan bir şəxs hər zaman nəzarətdə saxlanılmalıdır. Bunu hər zaman bilməliyik. intihar edəcəyini söyləyən şəxs, mütləq şəkildə psixoloqa aparılmalı, psixiatra göstərilməli, onun niyə bu yola əl atmasının səbəbləri araşdırılmalıdır. Həmin səbəblər təbii ki, kökündən həll olunmasa, o intihar daha dərin bir hallara gedib çıxa bilir. Məsələn, bu gün sadəcə intihardan danışırdısa sabah artıq intiharı reallaşdırmağa çalışacaq. Ona görə də mütləq şəkildə belə olduğu hallarda, mütəxəssislərə, psixoloqlara müraciət etmək lazımdır.
Mehriban Xəlilli
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP