BNA-nın paytaxt sakinləri hesabına qazandığı milyonlar
Əldə edilən qeyri-qanuni vəsait dövlət büdcəsinə qaytarılmalıdır
Vətəndaşların çoxdan gözlədiyi hadisə baş verdi. Qeyri-qənaətbəxş fəaliyyəti, qəbul etdiyi qərarlara özü əməl etməyən, paytaxt sakinləri arasında narazılığı getdikcə artıran Bakı Nəqliyyat Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. Dövlət başçısının məlum sərəncamı paytaxt sakinləri tərəfindən sevinclə qarşılandı desək, yanılmarıq. Çünki son illərdə Bakı Nəqliyyat Agentliyi sözün həqiq mənasında Bakı sakinləri üçün kabusa çevrilmişdi. Paytaxtda addımbaşı Agentliyin tətbiq etdiyi əsassız, heç bir əsaslandırması olmayan cərimələr, şəhərin ictimai nıqliyyatının iflic duruma salınması, paytaxt sakinləri, sərnişinlərin heç bir irad və şikayətlərinin qəbul edilməməsi BNA-ya vətəndaş nifrətini sonsuz həddə çatdırmışdı. Buradan sürücülərin sərnişinlər tərəfindən fiziki təzyiqə məruz qalmasına haqq qazandırmasam da, əslində əksər hallarda bu kimi xoşagəlməz hallar məhz sürücü özbaşınalıqlarından dolayı meydana çıxırdı. Şəxsən ictimai nəqliyyatdan istifadə edən bir sərnişin olaraq dəfələrlə paytaxtın ictimai nəqliyyatında sürücü özbaşınalıqları ilə qarşılaşıb bu neqativ hərəkətlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin “qaynar xətt”inə etirazımı bildirib, şikayətimi etmişəm. Ancaq biz sərnişinlər üçün dəyişən heç nə olmayıb. Daha doğrusu dəyişib. O da bəzi sürücülərin, eləcə də şikayət edilənlərin tərbiyəsiz davranışları daha da artıb.
Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinə birləşdirilməsindən sonra ortaya bir sıra maraqlı suallar çıxıb ki, cəmiyyət həmin suallara aydınlıq gətirilməsi arzusundadır. Bu da BNA-nın indiyə qədər həm dövlət büdcəsi, həm də vətəndaşlara vurduğu maddi ziyanın ödənilməsi ilə bağlıdır. Daha doğrusu vətəndaşlar Bakı Nəqliyyat Agentliyi rəhbərliyinin zamanında dövlətə və paytaxt sakinlərinə vurduğu ziyanın elə BNA-nın rəhbərliyi tərəfindən ödənilməsini məqbul sayırlar. Burada söhbət vətəndaşlara əsassız cərimələrin yazılıb həmin vəsaitin dövlət büdcəsindən yayındırılması, onun hesabatının verilməməsi və mənimsənilməsi ilə yanaşı, paytaxtda gətirilən avtobusların qısa müddətdə istismardan çıxarılması kimi faktlar da daxildir. Redaksiyamıza verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı ilk aylarda paytaxtın ictimai nəqliyyatını müasirləşdirmək adı ilə xarici ölkələrdən birindən 5 ədəd avtobus alıb. Düvlət büdcəsi üçün kifayət qədər yüklü bir rəqəm olan həmin avtobusların alınması zamanı BNA rəhbərliyi paytaxtın infrasturkturu, yollarda yarana bilən problemləri nəzərə almayıb və kor-koranə şəkildə külli miqdarda vəsaiti 5 ədəd yeni avtobusun gətirilməsi üçün ödəyib. Lakin avtobuslar cəmi bir neçə gün paytaxt küçələrində görünüb. Bakıya yağan güclü yağış avtobusların bütün mühərrik sistemini sıradan çıxarıb. Çünki BNA-nın paytaxta gətirdiyi həmin avtobusların elektrik və digər sistemləri, onları mühərriklə əlaqələndirən sistem nəqliyyat vasitəsinin döşəmə hissəsindən keçirmiş. Paytaxta yağan bir balaca yağış və küçələrə yığılan sular həmin avtobusların bütün elektrik və mühərrik sistemini sıradan çıxarıb və beləliklə 5 avtobus üçün verilmiş külli miqfarda vəsait BNA-nın sayəsində çölə atılmış olub.
Bakı Nəqliyyat Agentliyinin pandemiya zamanı da vətəndaşların deyil, öz şəxsi maraqlarına işlədiyi barədə məlumatlar dolaşır. Belə ki, koronavirusun birinci dalğası zamanı sərnişin avtobusları üçün alınan dezinfeksiya qabları və məhlullarının dəyərindən çox aktlaşdırıldığı iddia olunur. Bununla da arada yaranan külli miqdarda vəsaitin mənimsənildiyi bildirilir. Həmçinin pandemiyanın ikinci dalğası zamanı tibbi spirtin alınması barədə sənədlər bəlli rəqəmlər göstərilsə də, lakin əslində həmin məhsul alınmayıb və ona görədir ki, bu gün avtobuslarda dezinfeksiyaedici məhlul olan qablar tamamilə boşdur.
Göründüyü kimi, Bakı Nəqliyyat Agentliyi fəaliyyəti dövründə paytaxt sakinlərinin rahatlığından daha çox, öz rahatlığı, Agentlik rəhbərliyində təmsil olunan şəxslərin dəbdəbəli yaşam tərzi üçün daha çox çalışıb. İndi isə paytaxt sakinləri hesabına qazanılan qeyri-qanuni vəsaiti dövlət büdcəsinə qaytarmağın zamanıdır. Ümid edirik ki, tezliklə BNA-nın bu qeyri-qanuni hərəkətləri araşdırılıb qurumun rəhbərliyi tərəfindən dövlət büdcəsinə dəyən ziyan elə onun özü tərəfindən ödəniləcək.
Məhəmməd
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP