Yaponiya saytı AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş məqaləsini yayıb
Yaponiyanın “ajmedia.jp” saytı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin məqaləsini yayıb.
“Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyinin başlanğıcı oldu” sərlövhəli məqalədə yapon oxuculara faciənin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib.
Yazıda vurğulanır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, Dağlıq Qarabağ Muxtar Vilayətinə iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış xalqımıza amansız divan tutulub. Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan rəhbərliyinin apardığı mənfur siyasətin nəticəsi olaraq yüz minlərlə azərbaycanlı öz ata-baba torpaqlarından didərgin salınıb və Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatlar törədilib. Xalqımızın bu təxribatlarla bağlı haqlı etirazının qarşısının alınması məqsədilə həmin gecə sovet ordusunun mülki əhaliyə amansız divan tutması və bu qanlı rəftarın mübariz Azərbaycan xalqını müstəqilliyə gedən yoldan döndərməyə qadir olmadığı xüsusi qeyd edilib.
147 nəfərin şəhid olduğu, yüzlərlə insanın yaralandığı bu qanlı faciə ilə bağlı ətraflı məlumatların əks olunduğu yazıda 32 il əvvəl baş vermiş hadisələrin “Qara Yanvar faciəsi” adlandırılmasına baxmayaraq, həmin tarixin Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin şanlı səhifələrindən biri olduğu vurğulanıb.
Məqalədə xüsusi vurğulanıb ki, 20 Yanvar şəhidlərinin uğrunda canlarını verdiyi arzular Azərbaycan xalqının mərdliyi, apardığı mübarizə nəticəsində artıq həyata keçib. Azərbaycan nəinki müstəqil dövlətə çevrilib, həmçinin qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızı azad edib. Bu möhtəşəm Qələbə şəhidlərimizin xatirəsinə ən layiqli hədiyyədir.
Həmçinin qeyd edilib ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından illər ötməsinə baxmayaraq, xalqımızın azadlığı, şərəfi və ləyaqəti uğrunda həlak olmuş şəhidlərimiz heç vaxt unudulmur. Hər il yanvarın 20-də Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur və yüz minlərlə insan şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP