“Taliban” hərəkatının tərkibi kimlərdən ibarətdir?

Əfqanıstanda baş verən hakimiyyət böhranı hərbi və siyasi proseslərin sürətlə bir-birini əvəz etməsinə şərait yaradıb. Artıq Əfqanıstan prezidenti Əşrəf Qani istefa verib. O, istefa səbəblərini belə açıqlayıb: “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”.Məlumata görə, artıq radikal “Taliban” silahlıları paytaxt Kabilə  daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani Kabildən Tacikistana uçub və oradan Omana gedib.

Bəs, “Taliban” hərəkəti nədir və onun liderləri kimlərdir? Siyasi icmalçı, politoloq Əlimusa İbrahimov “Olaylar”a bildirib ki, “Taliban” 1994-cü ildə yaranan və 1996-2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə, təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı taliblər, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı.

Talibanların hakimiyyəti zamanı orta əsr cəza növləri yeridilmişdi: oğurluğa görə bir və ya iki əl kəsilirdi və s. Talibanlar digər dinin nümayəndələrinə və onların mədəniyyətinə qarşı olduqca aqressiv mövqedədirlər. Belə ki, onlar Əfqanıstanı idarə etdikləri dövrdə Buddanı canlandıran, III və VI əsrlərə aid ən böyük buddist abidəsini məhv etmişlər. Bundan əlavə İslamın sələfi qoluna məxsus olduqlarına görə şiələri təqib edirdilər. 2001-ci ildən bu vaxta qədər “Talibanın” Əfqanıstandakı mübarizəsinə 6 şəxs rəhbərlik edib. Taliban 2001-ci ildən, hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra  Qərbyönümlü Əfqan hökumətinə qarşı mübarizə aparırdı. Bu hərəkat öz qüvvəsini 1980-ci ildə Sovet İttifaqına qarşı döyüşən mücahid qruplaşmasından götürürdü.Taliblər 1994-cü ildə vətəndaş müharibəsi aparan qruplaşma kimi yaradıldı və 1996-cı ildə İslam üsul idarəsi tətbiq etməklə bütün ölkəyə nəzarəti ələ aldı. Ona qarşı çıxan daxili qüvvələr və Qərb dövlətləri Taliblərin ciddi şəriət qaydaları tətbiq edən qəddar döyüşçülər kimi qiymətləndirirlər.

Molla Məhəmməd Ömər hərəkatın əsasını qoyan və ona uzun müddət rəhbərlik edən şəxsdir. 11 sentyabr 2001-ci il Amerikadakı terror hadisəsi və onun ardınca Amerika ordusunun Əfqanıstanı işğal etməsi Molla Ömərin gizlənməsi ilə nəticələndi. Onun 2013-cü idə ölməsi haqqında məlumat belə ölümündən iki il sonra gün işığına çıxmışdı.Hərəkatın digər liderləri aşağıdakılardır.:

Heybətullah Axundzadə- ” Möminlərin rəhbəri” ləqəbini daşıyır. “Talibanın” dini lideri funksiyasını həyata keçirir, qrupun siyasi, dini və hərbi işlərində son söz onundur.  60 yaşında olması deyilən dini rəhbər 2016-cı ildə onun sələfi Əhtər Mənsurun Amerikanın dron hücumu nəticəsində Əfqanıstan-Pakistan sərhədi yaxınlığında öldürülməsindən sonra bu vəzifənin icrasına başlayıb.

Uzun müddət Pakistanın Əfqanıstanla sərhədində yerləşən yaşayış məntəqələrinin birində dini təlimlə məşğul olub.

Molla Məhəmməd Yaqub-“Talibanın” yaradıcısı Molla Ömərin oğludur. Yaqub hərəkatın hərbi əməliyyatlarına rəhbərlik edir və əldə edilən məlumatlarına görə Əfqanıstandadır. Yaqubun 30 yaşı olduğu bildirilir.

Siracuddin Həqqani- Məşhur mücahid komandiri Cəlaluddin həqqaninin oğludur. O Həqqani şəbəkəsini idarə edir. Şəbəkə “Talibanın” xaricdə və Əfqanıstan-Pakistan sərhədi boyu maliyyə əməliyyatlarını həyata keçirir.

Molla Abdul Hani Bəradər-“Talibanın” əsasını qoyanlardan biridir. Hərəkatın siyasi ofisinə rəhbərlik edir. Doha da aparılan danışıqlar onun rəhbərliyi altında həyata keçirilir. Talibanın Dohadakı siyasi ofisinin də rəhbəridir. Bəradər Molla Ömərin ən yaxın adamlarından biri olub. 2010-cu ildə Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində  təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, 2018-ci ildə azadlığa buraxılıb.

Şer Məhəmməd Abbas Stanikzay-“Taliban” hökumətində nazir müavini vəzifəsini icra edib.Uzun müddət Doha da yaşayıb və 2015-ci ildə burada ” Talibanın” siyasi ofisinə rəhbərlik edib. Əfqan hökuməti ilə danışıqlarda iştirak edib ” talibanı ” xarici ölkələrə səfərlər zamanı təmsil edib.

Əbdül Hakim Həqqani- ” Talibanın” danışıqları aparan komandasının rəhbəridir. Ədliyyə Naziri funksiyasını həyata keçirir, din alimləri şurasına başçılıq edir və Axundzadənin ən çox etibar etdiyi şəxs hesab olunur.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP