Sabahımız gələcəyi ilə oynadığımız uşaqların əlindədir

Valdeynlər vahid, tam dərsliklərin olmasına maraqlıdırUzun illərdi Azərbaycan təhsilində valideynləri və şagirdləri narahat edən problemlərdən biri də ağır məktəbli çantasıdır. İbtidai sinifdə oxuyan şagirdin gündəlik məktəbə apardığı çantanın ağırlığı 10 kq-a  yaxındır. Təkcə 3 -cü sinfdə oxuyan uşağa iş dəftərlərindən əlavə 9 test və çalışma toplusu alınması tapşırılır. Qeyd olunan kitablar Azərbaycan dili və riyaziyyat fənnindəndir. Alınması vacib olan kitablardakı çalışmaları, testləri dərsliklərə əlavə etmək mümkün deyil?

Və təsadüfü deyil ki, bu gün uşaq və yeniyetmələrdə onurğa əyriliyi, kifoz, skalioz kimi xəstəliklər geniş yayılıb. Həkimlər, valdeynlər, ekspertlər bu problemin əsas səbəbi kimi məktəbli çantalarının ağırlığını göstərirlər. Hətta valideynlər qeyd edirlər ki, onlar belə bir məktəbli çantasını  götürməkdə çətinlik çəkirlər. Səhhətlərində problem yaşayırlar.

Gündəlik məktəbli çantasında nələr olur? Təsəvvür edin, əgər bir gündə 4 dərs keçilirdisə normalda çantada 4 dərslik olmalı olduğu halda, ölkədə məktəblinin çantasında hər dərsə aid azı 3 kitab, 2 dəftər və üstəgəl qida və su qabı olur. Şagirdin götürməli oluğu çantanı məhz bu səbəbdən valideyn “daşıyır”. Hər il  dəyişən Təhsil nazirinə də hər zaman birinci bu sual verilir: Şagirdlər əlavə kitablardan nə zaman qurtulacaq və ya dərslikləri elə hazırlamaq olmazmı ki, şagirdlərin əlavə vəsaitlərə ehtiyacı olmasın?

Bir çox valideyn düşünür ki, bu problemi həll etmək, yəni, dərslikləri əlavə vəsaitə ehtiyac olmadan hazırlamaq mümkündür. Bəs o zaman nəyi gözləyirik? Gələcəyimiz dediyimiz uşaqların bellərini indidən niyə əyirik?

Pandemiya səbəbi ilə dərslərin həftənin müəyyən günlər onlayn və canlı olması valideynləri bu fiziki ağırlıqdan xilas etsə də, maddi ağırlıqdan qurtulmaq hələ də mümkün deyil. Belə ki, şagirdi yalnız kitabla təmin edən nazirlik bununla  öz borcundan çıxmış sayısa da, müəllimlər bildirirlər ki, uşaqlara mövzunu tam mənimsəməsi üçün mütləq hər fənnin iş dəftəri, müxtəlif məşhur müəlliflərə məxsus test, çalışma və məntiq topluları alınmalıdır. Hər bir kitabın da qiymətini 5 manatdan hesablasaq və üstəgəl dəftər, məktəbli forması, çanta, rəngli karandaşlar, kitab və dəftər üzləri, qələmlər, markerlər, rəngli yapışqanlar (plastilin), gündəlik və s. saymaqla bitməyən məktəb hazırlığı… Və üstəlik pandemiya dövrünün tələb etdiyi daha bir texniki avadanlıq: mobil cihaz və ya kompüter. Bir ailədə ən azı 2 uşaq və sadalanan bunca ləvazimat. Bəlkə, Təhsil Nazirliyi yalnız kitabı valideynlərin öhdəsinə verib, digər ləvazimatları şagirdlərə pulsuz paylasın?

Təhsil üzrə ekspert Nadir İsrafilov Olaylar.az-a açıqlamasında bildirir ki, artıq yeni nəsil dərsliklər hazırlandıqdan sonra iş dəftərlərinə ehtiyac qalmayıb:

“Sanki, bir qayda olaraq, hər tədris ili başlayanda, iş dəftərləri mövzusu aktuallaşır. Hər dəfə də bildirilir ki, müəllimlər valideyinlərə iş dəftərlərini məcburi aldıra bilməz. Lakin məsələ olduğu kimi qalır. İş dəftəri aldırılır, onlardan ev tapşırıqları verilir. “Məktəblilərin iş dəftəri bəlası”, “Orta məktəblərdə iş dəftəri biabırçılığı”, “Valideynlər üçün “məktəb faciəsı”, “İş dəftərləri bilik mənbəyidir, yoxsa qazanc?” və s. bu kimi başlıqlı yazılar dəfələrlə manşetlərin bəzəyi olub. Bir daha xatırlatmaq yerinə düşər ki, Təhsil Nazirliyi “İş dəftərləri”nin tətbiqini kurrikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı. Bununla belə üstündən artıq neçə illər keçməsinə baxmayaraq, vəziyyət o qədər də dəyişməyib. Təhsil Nazirliyindən dəfələrlə bildirilib ki, “İş dəftərləri” dərslik komleksindən çıxarılıb, onların istifadəsi məcbur deyil. Hətta belə bir rəsmi bəyanat da verilmişdi ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırırlarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. “Qanunverciliyə əsasən buna dair ciddı ölçü götürüləcək. Belə hallar baş verirsə, biz buna qarşı mübarizə aparacağıq.””

Ekspert bu məsələdə  bir az da valideynləri səbəbkar bilir və qeyd edir ki, hansısa valideynin hüquq-mühafizə orqanlarına müraciət etməsinin və bu hala qarşı hansısa ciddi bir ölçü götürülməsinin şahidi olmamışıq:

“Belə çıxır ki, məsələ hələ də açıq qalır… Kimsə bunu belə qəbul edir ki, iş dəftərləri dərslik komplektindən çıxarılıb, tədris prosesindən ki, çıxarılmayıb. Eynilə belə çıxır ki, iş dəftərlərindən istifadə edə də bilərsən, etməyə də. Bu məsələdə Təhsil Nazirliyindən asılı olmayan səbəblər də var, digər korporativ və kommersiya maraqları və s. də var. Məlum olduğu kimi “İş dəftərləri” Nəsriyyatlar tərəfindən nəşr olunur və onların satışında da heç bir mane ilə rastlaşmırlar. Bir çox məktəb rəhbərləri də bizə məlum olan və məlum olmayan səbəblərdən bu dəftərlərin istifadəsində maraqlıdırlar. “İş dəftərləri”nin alınmasında ayrı-ayrı valideyn və şagirdlərə müəyyən təzyiqlər barədə də çox deyilib, çox yazılıb. Bir çox valideynlərimiz də bu kimi məsələlərə loyallıq göstərməkdə davam edirlər.”

Təhsil üzrə ekspert nazirliyin bu məsələdə mövqeyini də qeyd edir: Nəşriyyatlara qadağanın qoyulması mümkün deyil.

“Çünki vəsait könüllü olaraq istifadə oluna bilər. Gəlin görək “İş dəftərləri”nin tətbiq olunduğu dövrdən bəri hələ valideynlərin maddi sıxıntısı bir yana, zehni və fiziki gərginlikdən savayı şagirdlərin müsbət yöndə inkişafında hansısa dəyişikliyin baş verməsini kim müşahidə edib? Bu dəftərlər şagirdlərin bilik, bacarıq və vərdişlərini inkişaf etdirməkdən daha çox nəşriyyatların və ayr-ayrı işbazların kommersiya maraqlarına xidmət edir. Nə deyə bilərəm.Təhsil sahəsidə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Təhsil Nazirliyidir. Dərslik siyasəti də təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Hələ də dərsliklərə əlavə qismində tətbiq edilməkdə davam edən “İş dəftərləri”nin nəşri və məktəblərə yol açmasına müdaxilə üçün Nazirlyin nəşriyatlara təsiri olmalıdır. Yaranmış vəziyyət bir vaxtlar bu mühüm strateji sahənin əldən verilməsinin təzahürüdür.”

Ekspertin açıqlmasından sonra ortaya çoxlu suallar çıxır. Əgər, nazirlik iş dəftərlərini 2007-2011 -ci illər üçün məqbul saymışsa və yeni nəsil dərsliklər hazırlandıqdan sonra iş dəftərlərinə ehtiyac yoxdursa, o zaman niyə nazirlik nümayəndələri məktəblərdə bununla bağlı vəziyyətə nəzarət etmirlər? Dərslik komplektindən çıxarılan kitabların nəşrində kimlər maraqlıdır? Müəllimlər, ya valdeynlər? Təbii ki, nə müəllimlər, nə də valdeynlər iş dəftərinin alınmasında maraqlıdı.  Bizlər-valdeynlər vahid, tam dərsliklərin olmasına maraqlıdır. Bir fənn üçün ən azı üç kitab almaqda çox az valdeyn maraqlı ola bilər.

Problem təkcə iş dəftəri ilə bitmir. Övladı yuxarı sinifdə təhsil alan valdeynlər də demək olar ki, oxşar problemdən əziyyət çəkirlər. Burada isə bütün fənlərin DİM kitabları, çalışma, test topluları aldırılır. Doğrudan bütün bunları yalnız dərsliklərdə cəmləşdirmək mümkün deyil, ya başqaları qazansın deyə biz və övladlarımız əziyyət çəkməliyik? Bunun adı nə olsa da, bircə təhsilin səviyyəsini yüksəltmək deyil. Buna uşaqları kitablardan soyutmaq, təhsildən diksindirib, uzaq salmaqdan başqa ad qoymaq mümkün deyil. Sabahınız və sabahımız gələcəyi ilə oynadığınız uşaqların əlindədir.

Ay An

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP