Azərbaycan mətbuatı kifayət qədər söz azadlığına malikdir
Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir
Söz və mətbuat azadlığı problemi dünya jurnalistikasında hələ də aktuallığını saxlamaqdadır və müasir medianın inkişafında, şübhəsiz ki, bu problem ən çox müzakirə olunan mövzulardandır. İnformasiyanın sərbəst və sürətlə yayıldığı indiki zamanda söz və mətbuat azadlığına münasibət bir çox yönləri ilə diqqət çəkir. Bu problemə əksər nəzəriyyəçilərin elmi və konseptual yanaşmaları əslində mövzunun dərin və çoxşaxəli olduğunun göstəricisidir. Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar. Azərbaycanda da bu bayram geniş və rəngarənk şəkildə qeyd olunmaqdadır.
Bütün ölkələrdə azad mətbuat məsələsində problemlər var. Çünki azad mətbuat elə bir təzahür fomasıdır ki, bunun minumum və maksimum həddini müəyyən etmək çətindir. Hər bir ölkədə problemlər var. Amma Azərbaycanda yaxşı cəhət ondan ibarətdir ki, azad, etik mətbuatın yaranması və formalaşması üçün geniş və hərtərəfli işlər görülür. Mətbuatın inkişafı ilə bağlı bir sıra tədbirlərin görülməsi nəticəsində Azərbaycan mətbuatı Cənubi Qafqazın ən demokratik və azad mətbuatına çevrilib. Söz azadlığı həmişə gündəmdədir. Azərbaycan mətbuatı kifayət qədər söz azadlığına malikdir. Təəssüf ki, bəzi qəzetlər söz azadlığından istifadə edərək, təhqirə, şantaja yol verirlər. Bütün bunlarla yanaşı, söz azadlığı demokratiyanın ən lazımlı atributlarından biridi. Ölkəmizdə Azərbaycan mətbuatının inkişafı üçün mükəmməl qanunvericilik bazası yaradılıb.
Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.
Bu gün Azərbaycan mətbuaında əldə olunan nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması isə tarixi reallıqdır. Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub. Məlum olduğu kimi, müasir informasiyanın, vətəndaş cəmiyyətinin, eləcə də, azad medianın əsasını dəyərlər fikir, söz və məlumat azadlığı təşkil edir. Cəmiyyət demokratik şəkildə inkişaf etdikcə informasiya cəmiyyətinə keçid sürətlənir, informasiya mühitinin texnoloji komponentləri, informasiya resurslarının formalaşması, yayılması və istifadə sistemləri, informasiya telekommunikasiya infrastrukturu yaranır və inkişaf edir. Azərbaycan Respublikasında söz, fikir, məlumat, o cümlədən mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas vəzifələrindən biridir. Dövlətin informasiya və mətbuat siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş söz, fikir və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Kütləvi informasiya vasitələrinin inkişafına və mətbuata dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin və mətbuatın müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən olunan təşkilati – texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu əks etdirir.
Ümummilli lider söz və məlumat azadlığını, KİV-in müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə ulu öndər jurnalistikanın inkişafına, KİV-in maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərib, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideologiyasının, milli mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verib.
Ümummilli liderin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkə mətbuatına göstərdiyi qayğı da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Milli mətbuatımızın hər 5 ildən bir yubileylərinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir.. Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldü. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il ikinci dəfə “Jurnalistlərin dostu” seçildi.
Azərbaycan dövlətinin azad mətbuatın inkişafında bundan sonra da fəal olacağını vurğulayan dövlətimizin başçısı hər zaman bildirir ki, jurnalistlər üçün bütün şərait yaradılıb: ” Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın.”
Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin dediyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözü onun siyasi fəaliyyətini əsas qayəsidir. Azərbaycan Prezidenti verdiyi vədə və sözə həmişə sədaqət nümayiş etdirib. Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının verilməsi zamanı dövlətimizin başçısı bildirmişdi ki, mən dostluğa sadiq adamam və hesab edirəm ki, dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.