Rəsulullahın(s) möcüzələri haqqında- BU YAZI COX MƏTLƏBLƏRƏ AYDINLIQ GƏTİRƏCƏK

Tərcümə edəni Elmira Qafarova

Oxuculara təqdim olunan bu yazı “Məvahibu-l-ləduniyyə”-(“İlahi rəhmət”) əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlani(h.t 851-923;miladi 1473-1545) mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik “İrşədu-s-sari li şərhi sahih əl-Buxari”(digər adı “Məvahibu-l-ləduniyyə”); 8  cildlik “Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac”;”Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin “Burda”qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  “Məvahibu-l-ləduniyyə”-“İlahi rəhmət”-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı”Fəthu-l-Bəri”, digəri isə Bədruddin əl-Ayninin “Umdatu-l-qari”əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin “Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə”adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

Əvvəli 1 iyul tarixli sayımızda

İnsanın “Qurani-Kərim”in ecazı qarşısında acizliyinin səbəbləri

Həqiqətən də insan “Qurani-Kərim”in ecazı qarşısında son dərəcə aciz və gücsüzdür. Alimlər bunu müxtəlif səbəblərlə izah edirlər.

Birinci səbəb: ayələrin qısa və bəlağətli olmasıdır. Məsələn: “va ləkum fi-l-kısasi hayətun yə uli-l-əlbəbi ləalləkum təttəkunə”-Ey ağıl sahibləri, qisas [hökmü] sizin üçün həyat deməkdir. Ola bilsin ki, [bununla] pis əməldən [qətldən] çəkinəsiniz” (Əl-Bəqərə;179). Bu şərəfli ayə cəmi bir neçə sözdən ibarətdir, lakin mənası çox geniş və dərindir, başqa sözlə desək, ayənin kəlməsi az, mənası çox zəngindir, nöqsan və naqislikdən xalidir, bu da ayənin ilahi vəhyin məhsulu olması səbəbindəndir.

Əbu Ubeydə bildirir: “Bu ayənin: “Fasda bimə tuməru va arıd anil-muşrikinə”-(Ya Muhəmməd!)Sənə əmr olunan Quranı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!”(Əl-Hicr;94)- oxunduğunu eşidən bir bədəvi ərəb dərhal səcdə edib :”Bu kəlamın qeyri-adi fəsahət və bəlağətinə səcdə etdim”-deyə söylədi.Ayədəki cəmi üç sözdən ibarət olan: “Fasda bimə təmuru”cümləsi bir neçə variantda, yəni : “Sənə əmr olunanı açıq-aydın təbliğ et”; “Sənə əmr olunanı açıq söylə”; “Onunla haqla batili bir-birindən ayır”; “Dinini bəlli etdir”və “İnsanları tövhid ilə ayırd et” -kimi tərcümə edilə bilər. Ayənin bütün variantlarda tərcüməsi doğrudur.

Qısası, bir neçə sözdən ibarət olan bu şərəfli ayə(Quranda belə ayələr çoxdur-tərc) belə çox məna kəsb edir. Hər mənası da doğrudur, hansı ifadə olunsa caiz hesab edilər, bəlağət elminə vaqif olanlar bu kəlamın nə olduğunu gözəl bilərlər.

Əsmai bildirir:”Bir gün beş-altı yaşlı bir ərəb qızın: “Əstəğfirullah min zunubi”-“Günahlarımdan tövbə və istiğfar edirəm” dediyini eşidib ondan:-Sən yaşının günah çağında deyilsən,niyə tövbə edirsən?-deyə soruşdum. Qız günahının nədən ibarət olduğunu və istiğfarının səbəbini izah etməyə başladı və bir-iki beyt oxudu. Mən ona : “Nə gözəl bəlağətin var”-dedim. Qız: “Bu dediyim sözlərmi,yoxsa “Qurani-Kərim”dəki bu sözlər daha bəlağətli və fəsahətlidir”-soruşub bu ayəni oxudu: “Va auheynə ilə ummi musə…-Biz, Musanın anasına[ilham yolu ilə,yaxud röyada ]: “Musanı əmizdir;elə ki ondan ötrü qorxdun,onu dəryaya at. [Uşağın suda boğulacağından] qorxma və[ayrılığına da]kədərlənmə. Biz onu sənə qaytaracaq,özünü isə[şəriət sahibi olan]peyğəmbərlərdən edəcəyik!”-deyə bildirdik”(“Əl-Qəsəs”;7). Ayə yüksək bəlağətilə özündə iki əmr, iki nəhy(xəbərdarlıq), iki xəbər və iki müjdə ehtiva edir. Qazinin(r) dediyinə görə, vəhy ilham mənasındadır, yəni Allahın xəbərlərinin Peyğəmbərin qəlbinə ilqa(nüfuz etmə) edilməsi, yaxud röyada bildirilməsi deməkdir;mələklə xəbər göndərmək-“vəhy etmək” yalnız peyğəmbərlərə məxsusdur.

Belə rəvayət edirlər ki,bir gün Ömər(r) məscidi-şərifdə ikən bir nəfər onun yanına gələrək şəhadət kəliməsini söyləyib islamı qəbul etdi.Həmin adam rum(Bizans) keşişlərindən idi. Ərəb və başqa dillərdə çox gözəl danışırdı.O, Ömərə(r) özü haqqında məlumat verdikdən sonra dedi: “Bir gün müsəlman əsirlərdən biri Kitabınızdan bir ayə oxudu. Bu ayə üzərində düşündüm və Allah-Təalanın İsaya(ə) bu dünya və axirətlə bağlı bildirdiklərinin hamısının həmin ayədə toplandığını anladım. Məhz bu ayə mənim İslama gəlməyimə səbəb oldu”-dedi.Həmin şərəfli ayə budur: “Va mən yutıı-l-lahə va rasuləhu va yaxşə-l-lahə va yattəkhi fə uləikə humu-l-fəizunə- Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər-məhz belələri uğura çatanlardır[əbədi səadətə-Cənnətə qovuşanlardır]”(“Ən-Nur”;52).

Bu şərəfli ayəyə əməl edəcək hər bir kəsin hər iki -həm bu, həm də o biri dünyada Allah-Təalanın sonsuz lütf və kərəminə nail olacağı şübhəsizdir. Bircə cümlə ilə bir çox mənanı qeyri-adi bəlağətlə ifadə edib iki-üç sözə sığışdırmaq, həqiqətən də insan gücünün xaricindədir.

Deyilənlərə görə,fəsahət və bəlağətilə ad qazanmış bəzi kafirlər Qurana bənzər bir əsər yaratmağa cəhd etmiş, lakin [az sonra] təkrarsız və bənzərsiz Quranın bəlağətinin ulduzlar qədər uca, əlçatmaz olduğunu anlamış, ona görə də bu fikirdən vaz keçmişlər. Belə ki, onlar Quranın üslubunun mükəmməlliyi qarşısında acizliklərini anlayır, qısa surələr yazmağa çalışırdılar. Lakin bunu da bacara bilmədilər və axırda Qurana bənzər bir əsər yaratmaq xəyalının mümkünsüz olduğunu anlayıb bu işdən əl çəkdilər.

Həmin kafirlərdən biri də yalançı peyğəmbər Müseylimə idi. O, peyğəmbərlik iddiası ilə çıxış edərək, Qurana bənzər sözlər söyləyib onların[əstəğfirullah] Allahın sözü olduğunu iddia edirdi. Məsələn: “Ya dıfda kəm tənkinə alaki fi-l-məva əsfəluki fi-t-tin ləl-məə təkdirinə va lə-ş-şəribə təmnəinə”.Bu batil sözlərin mənası budur: “Ey gurbağa! Sən nəyə görə quruldayırsan? Yuxarın suda,aşağın da palçıq içindədir,nə suyu bulandıra bilirsən, nə də[su]içmək istəyənə mane ola bilirsən”.

Müseylimə Quranın “Əl-Qariə” surəsinə bənzətdiyi bu cür cümlələr uydurmuşdur:”Əl-filu mə-l-fil va mə ədrakə mə-l-fil ləhu zənəbun vasilun va muşrifun tavılun va innə zəlikə min xalki-r-rabbinə kalil”-Bu batil sözlərin mənası budur: “Fil! Nədir fil?!Nə bilirsən ki,nədir fil?!Filin nə olduğunu[Rəbbimiz] sənə bildirdi.Onun xurma lifindən olan ipə bənzər quyruğu və uzun bir xortumu vardır.Həqiqətən, bu Rəbbimizin yaratdıqlarından biridir”.(Müqayisə et: “Ürəkləri dəhşətə salan qiyamət!*Nədir qiyamət?!*Nə bilirsən ki,nədir qiyamət?!…”(Əl-Qariə”;1,2,3).-tərc)

Müseylimə bu cür mənasız sözlərlə Qurana bənzətmək istədiyi “ayələr” yazsa da, bu “ayələr” bəlağət sahibi olan ərəblərin təqdirini qazanmadı.Müseylimə Yəmamə savaşında öldürülərək cəhənnəmə vasil edildi. Allah ona lənət eləsin!

İkinci səbəbi “Qurani-Kərim”in özəlliyindədir. Bəzi alimlərin söylədiyinə görə,Quran ərəb dili qaydaları çərçivəsindən çıxmışdır, yəni Qurandakı sözlər,ifadə və tərkiblər ərəb dilində işlənən söz, ifadə və tərkiblərdən ibarət olmasına baxmayaraq Quranda onların düzülüşü, ardıcıllığı, lakonikliyi və tutumu o qədər qeyri-adidir ki, o nə ərəb şeirinə, nə də ərəb nəsrinə bənzəyir; Quran ayələri oxunanda insana əsrarəngiz təsir bağışlayır, başqa sözlə nəzm və nəsr baxımından Quranın sözləri ərəb ifadələrinə oxşamır. Ərəb sözlərinin Quran sözlərindən fərqi mislə almazın fərqi kimidir. Quranın həqiqəti bəlağət əhlinə gün kimi aydındır. Məhz buna görə söz sərrafları Quranın ecazı qarşısında heyran olub çaşır və onun bənzərini yarada bilmirlər. Bu işə cürət edənlər isə başlarına gələn fəlakət və bəlalardan xilas ola bilmədilər.

Qurana bənzər bir əsər yaratmağa girişmiş şairlərdən bəziləri belə nəql edirlər : “Biz Qurana bənzər sözlər söyləmək istədik,lakin ruhumuzu bürümüş qəribə bir qorxu və vahimə hissi bizi bu işdən vaz keçməyə məcbur etdi”. Bu  cür məşhur şairlər “Qurani-Kərim”in bənzərsiz və təkrarsız bir əsər-vəhy məhsulu olduğunu, onun bənzərini yaratmağın mümkün olmadığını dərk etmişlər.

Dövrünün ən məşhur şairlərindən olan İbnul Müqəffa da belələrindəndir. Bir gün o, bir uşağın bu ayəni tilavət etdiyini eşitdi: “Va kılə yə ardu-b-ləi məəki…[Allahdan bir əmr olaraq]: “Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla, açıl!”-deyildi. Su çəkildi. İş bitdi[Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi].Gəmi Cudi dağı üzərində oturdu və: “Zalimlər məhv[Allahın mərhəmətindən uzaq]olsun!”-deyildi”(“Hud”;44). Şairin eşitdiyi sözlərin bəlağəti,fəsahəti və ahəngdarlığı ruhuna elə təsir etdi ki, o, həmin vaxta qədər yazdıqlarının hamısını məhv edib: “Şəhadət edirəm ki, bu kəlamın bənzərini bir kimsə yaza bilməz.Bu,bəşər kəlamı deyil!Bu ilahi kəlamdır!”-söyləmişdir.

Quranın üçüncü ecazı-Bəzi alimlərin fikrinə görə bu ecaz Quranı nə oxuyanı, nə də dinləyəni yormamasıdır. Bir insan Quranı nə qədər çox oxusa və ya dinləsə ona qarşı arzu və istəyi, sevgisi o qədər artar və könül rahatlığı duyar, halbuki ən gözəl şeir və yazını bir- iki dəfə oxuyan bezər, bir daha onu əlinə almaq istəməz.Quranı oxuyan və dinləyən isə yorulduqda bir az dincəlib eyni həvəslə bir daha oxumaq istəyər.”Fatihə”surəsini gündə bir neçə dəfə oxuyan bezməz, lakin ən gözəl şeirləri belə iki dəfə oxusa bir daha oxu desələr, yerə çırpmaq istəyər,  oxumaz. “Qurani-Kərim”dən hər hansı bir ayəni min dəfə oxuyan isə onu yenə də həvəslə,könül xoşluğuyla həm  oxuyar, həm  dinləyər. Peyğəmbər(s) də “Qurani-Kərim”i tərifləyərkən onun bu xüsusiyyətlərini qeyd etmiş və buyurmuşdur:”Quran oxumaq və dinləmək insanı yormaz,onun ibrətamizliyi və əsrarəngizliyinin dərəcəsi sonsuzdur.Bütün alimlər bu həzzi almaqdan doymazlar”.

Quranın dördüncü ecazı özündə daşıdığı xəbərlərlə bağlıdır.İnsanlar qədim zamanlarda baş vermiş hadisələrin yalnız az qismini bilirdi.Zülqərneyn və Əshəbu-l-kəhv-mağara əhli,Musa(ə),Xızır(ə)və digər peyğəmbərlər, onların ümmətləri ilə bağlı bir çox hadisələr isə Quranda yer almışdır.

Quranın beşinci ecazı Kitabda yer alan qeyb elmi ilə bağlıdır.Quran,gələcəkdə baş verəcək hadisələri bildirmiş və həmin hadisələr xəbər verildiyi kimi də meydana gəlmişdir.Yəhudilər haqqında: “(Ya Peyğəmbər!)De ki: “Ey yəhudilər!Əgər bütün insanlardan fərqli olaraq,özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və bu iddianızda doğrusunuzsa,onda[Allahdan]ölüm diləyin!(Çünki Allah dərgahındakı nemətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar)***Halbuki onlar [dünyada]öz əlləri ilə etdikləri pis əməllərə[qazandıqları günahlara]görə heç vaxt ölümü diləməzlər.Allah zalimləri[kafirləri]çox gözəl tanıyandır!”(Əl-Cumuə;6,7)-buyurmuş və buyurduğu kimi də olmuşdur.

Yəhudilər: “[Yəhudilər və xaçpərəstlər]dedilər:”Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!”Bu ancaq onların xülyalarıdır.[Ya Muhəmməd!]Onlara söylə: “Əgər[bu iddianız]doğrudursa,dəlilinizi gətirin!”(“Əl-Bəqərə”;111)-dedilər. Allah-Təala bu ayəni nazil etdi və Rəsuluna buyurdu ki: “[Ya Peyğəmbər!]Onlara söylə:Əgər…iddianızda doğrusunuzsa,onda[Allahdan]ölüm diləyin!Halbuki onlar [dünyada]öz əlləri ilə etdikləri pis əməllərə görə heç vaxt ölümü diləməzlər”-yəni yəhudilər Rəsulullahı(s) və “Qurani-Kərim”i inkar etdiklərinə, Tövratı dəyişdirib onu saxtalaşdırdıqlarına görə Cəhənnəmə girəcəklərini bildiklərinə görə Allahdan ölümü diləməzlər, ölümdən qaçarlar. Peyğəmbər(s) Allah-Təalanın əmrini yəhudilərə bildirdi. Lakin onlar Allahın əmrini yerinə yetirmədilər.

Qüreyş qəbiləsinə isə: “Əgər bəndəmizə [Muhəmmədə] nazil etdiyimizə [Qurana]şəkkiniz varsa, siz də(fəsahətdə və bəlağətdə)ona bənzər bir surə gətirin və əgər sizin[bu, bəşər kəlamıdır]iddianız doğrudursa, Allahdan savayı bütün şahidlərinizi(bütlərinizi,şair və alimlərinizi)bu işdə köməyə çağırın!”( “Əl-Bəqərə”;23)-buyuruldu.Onlar da bunu edə bilmədilər.

“Qurani-Kərim”də qeybdən verilən xəbərlərin bir qismi Peyğəmbər(s) həyatda ikən gerçəkləşmişdi. Məkkənin fəthini vəd edən ayədə buyurulur: “(Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə[müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin,habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə]açıq-aşkar bir zəfər bəxş etdik!”(“Əl-Fəth”;1).

Qeybdən verilən digər qismi isə Peyğəmbərin(s)vəfatından sonra gerçəkləşdi. Allah- Təala buyurur: “Rumlular[bizanslılar iranlılara]məğlub oldular.***[Ərəbistana]ən yaxın bir yerdə[Şamda və ya Urdunda]. Lakin onlar[bu]məğlubiyyətlərindən sonra qalib gələcəklər”(“Ər-Rum”;2,3).

Quranın altıncı ecazı: “Qurani-Kərim”in bir ecazının da səbəbi bir çox elmləri özündə toplamasıdır.Həmin elmlər nə ərəblərə məlum idi,nə də onları keçmiş ümmətlərin alimləri dərk etmişlər. Bu elmlər  haqqında heç bir kitabda bəhs edimirdi. Allah-Təala Kitabında keçmişdə yaranmış və gələcəkdə [məlum olacaq] elmlərdən xəbər vermiş, onları qəbul edənlərin savablarını,əleyhinə çıxacaq,üsyan edəcək kəslərin isə acı sonluqlarını bildirmişdir.

Beləliklə, Quranın bənzərini yaratmaqda göstərilən acizlik və gücsüzlük bu altı səbəbdəndir. “Qurani-Kərim” məhz buna görə möcüzədir. Allah-Təala buyurur: “[Ya Peyğəmbər!]De ki: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr,yenə də ona bənzərini gətirə bilməzlər”(“Əl-İsra”;88).

Ardı var