Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidəki Azərbaycan mədəniyyət ocaqlarında olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində iyunun 12-də Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında olub.

Qurumdan verilən xəbərdə deyilir ki, komitə sədri teatrın rəhbərliyi və aktyorlarla görüşüb.

Teatrın bədii rəhbəri Varlam Nikoladze, direktor müavini, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Namiq Hacıyev teatrın fəaliyyəti, hazırladığı tamaşalar, Azərbaycan mədəniyyətinin təbliği, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı ilə bağlı gördükləri işlərdən danışıblar.

Eyni zamanda, komitə sədrinə bu mədəniyyət ocağındakı vəziyyət barədə məlumat verilib.

Fuad Muradov teatrın kollektivini narahat edən məsələlərlə ciddi məşğul olacağını, bununla əlaqədar lazımi qurumları məlumatlandırılacağını bildirib.

Dövlət Komitəsinin sədri, həmçinin Nəriman Nərimanovun ev-muzeyində, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub, Botanika bağındakı köhnə müsəlman qəbiristanlığında Azərbaycanın tarixi şəxsiyyətlərinin məzarlarını ziyarət edib.MediaZona.Az