İmperator Akihitonun taxtı tərketmə mərasimi 2019-cu il aprelin 30-da keçiriləcək

İmperator Akhitonun taxtı tərketmə mərasimi 2019-cu il aprelin 30-da keçiriləcək. Monarx elə həmin gün taxtı tərk edəcək. Mərasim dövlət tədbiri kimi təşkil olunacaq.

Bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın rəhbərlik etdiyi komissiya İmperatorun 2019-cu il aprelin 30-da taxtı tərk etməsi və vəliəhd-şahzadə Naruhitonun növbəti gün taxta çıxması mərasimlərinə hazırlıq işlərinə başlayıb. Komissiya fevralın 20-də keçirilən iclas zamanı mütəxəssislərin rəylərini dinlədikdən sonra bununla əlaqədar əsas planı qəbul edib.

Plana əsasən, mərasimin məqsədi İmperatorun taxtı təketməsi ilə əlaqədar geniş ictimaiyyəti məlumatlandırmaqdır. Bu, xalqın nümayəndəsi kimi İmperatorun Baş nazirlə sonuncu görüşü olacaq.

Mövcud yapon qanunvericiliyinə görə, həmin mərasimin təşkili qaydaları müəyyən edilməyib. Komissiya bununla əlaqədar müvafiq qanunvericiliyin hazırlanması barədə də razılığa gəlib.