Yalnız cənub bölgəsi üçün ödənişli yol olacaq? – Haqlı narazılıq

Yaxın zamanlarda istifadəyə veriləcək Ələt-Astara yoluna paralel tikilən magistral yolun ödənişli olması ilə bağlı yayılan rəsmi məlumatlar cənub bölgəsində narahatlıqla qarşılanmaqdadır. 
Qeyd edək ki,  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakı-Ələt-Astara-İran sərhədi  yolunun ödənişli olması ilə təklifləri Nazirlər Kabinetinə təqdim edib. Təkliflərə görə, magistraldan yalnız xüsusi təyinatlı avtomobillər pulsuz istifadə edəcəklər.
Hazırda yeni yolda tikinti işləri həyata keçirilir. İşlərin demək olar ki, 70-80 faizi yekunlaşmaq üzrədir. Torpaq yatağının eni 26,5, ayırıcı zolağı 4 metr olan magistral 4 hərəkət zolağından ibarət olacaq. Magistralda yol polisi və radar nəzərdə tutulmayıb. Sürət həddi isə saatda 110 km–dən çox olacaq. Yolun daha bir özəlliyi isə onun heç bir yaşayış məntəqəsindən keçməməsidir. 
Xatırladaq ki, bir çox ölkələrdə ödənişli yollardan yararlanırlar. Bunun sayəsində büdcəyə də müəyyən qədər vəsait daxil olur. Amma büdcə vəsaitləri hesabına tikilən yolun ödənişli olması heç bir məntiqə sığmır.
Ekspertlər hesab edir ki, sürücülərin seçim imkanı olmadığı təqdirdə ödənişli yollar fəsadlara səbəb ola bilər. Belə ki, müəyyən kriteriyalar baxımından ödənişli yol sürücülər üçün əlverişlidir. Bu zaman onlar həm vaxta, həm də yanacağa qənaət etmək imkanı qazanırlar. Belə yollar yeni olmaqla yanaşı, həm də kifayət qədər sürətlidir. Yəni, hər tərəfdən insanların rahatlığına hesablanmış bir yoldur. Ödənişli yolların ödəniş haqqı o səpkidə olmalıdır ki, sürücülər rahat şəkildə bu yoldan yararlana bilsin və ödəniş edərək daha az məsafə qət etməklə təyinat ünvanına çatsınlar. Bu, o deməkdir ki, ödənişli yolun qiyməti təxminən həmin məsafə üçün sərf olunan yanacaqdan artıq olarsa, insanlar əvvəlki yolan istifadə etməkdə daha çox maraqlı olacaq. Çünki həmin qiymət fonunda yaranmış bu vəziyyət sürücüyə vaxtdan başqa heç bir divident vermir.
Amma ödənişli yollar üçün nəzərdə tutulan ödəniş haqları sürücüərin digər yollardan istifadə edərkən sərf etdiyi yanacağın məbləğindən aşağı olarsa, insanlar da sərbəst şəkildə məhz ödənişli yoldan istifadə etməkdə maraqlı olacaq.
Ən əsası isə Azərbaycan ərazisinin kiçik olmasını nəzərə alsaq ödənişli yolların iqtisadiyyatımıza ciddi rəqəmlərlə ölçüləcək gəlir gətirməyəcək. Ödənişli yolların tam infrastruktur olaraq oturuşması üçün bir müddət keçməsi və insanlarımızın belə yollara öyrəşməsi lazımdır. Çünki dünyanın bütün ölkələrində alternativlər də var. Yəni, insanlara alternativlər də təklif olunur ki, pullu yollardan, ya da daha uzun, amma pulsuz yollardan istifadə etsinlər.
Azərbaycanda gələcəkdə ödənişli yolların olması praktikası yayılsa, sürücülərin ona öyrəşməsi üçün də müəyyən zaman kəsiyinə ehtiyac olacaq. Bir müddət zaman keçməlidir ki, insanlar bu yeniliyə alışsın. İkincisi, ödənişli yollar daha keyfiyyətli və daha sürətli olmalıdır ki, insanlar prosesə maraq göstərsin və pul ödəməklə mənzil başına daha tez çata bilsinlər.
Bu istiqamətdə bəzi ölkələrin maraqlı təcrübələri var. Bir sıra ölkələrdə alternativ pullu və sürətli yolların çəkilişini dövlət biznesin üzərinə qoyur. Nəticədə bu işi xüsusi kapital görür, investisiya yatırır və ödənişli yoldan gələn gəlirlə öz qazancını artırır. Azərbaycan kimi ərazisi kiçik olan ölkələrdə də bu praktikadan istifadə edilməsi daha doğru olardı.
Yəni dövlətin 100 milyon, milyardlarla vəsait ayırıb pullu yollar çəkməsi doğru olmazdı.