Müstəqilliyin doğulduğu gün

XX əsrin 80-ci illərindən keçmiş SSRİ-də təzə-təzə işlənməyə başlayan aşkarlıq, perestroyka, demokratiya sözlərinin qısa zamanda bu nəhəng ittifaqı yıxa biləcəyini bəlkə heç o zaman ittifaq rəhbərliyi də güman etmirdi. Əks təqdirdə zamanında bunun qarşısını alar və aşkarlıq arzusunda olanları yerindəcə boğardı. Bəlkə də talenin bir qisməti, taxud düşünülmüş planın tərkib hissəsi idi ki, aşkarlıq, perestroyka ilə başlayan situasiya, proseslər ildırım sürəti ilə bütün müttəfiq respublikalara yayılaraq ittifaq ölkələrinin müstəqilləşməsinə yol açdı.

Beləliklə, artıq ittifaq ölkələrində xalq hərəkatları geniş vüsəl almağa başlamışdı. Pribaltika ölkələrindən tutmuş Cənubi Qafqaza, o cümlədən Orta Asiyaya qədər bütün coğrafiyada azadlıq, müstəqillik ab-havası, istək və arzusu baş qaldırmışdı. Təbii ki, bu proseslərin, ittifaq respublikalarının müstəqilləşməsinin keçmiş SSRİ-nin dağılacağına gətirib çıxaracağını Sovetlərin rəhbəri strukturları çox gözəl bilirdi və bütün mümkün vasitələrdən istifadə edərək xalqların demokratiya, azadlıq, müstəqillik arzularını gözündə qoymağa, onları bu yoldan döndərməyə çalışırdı. Hər halda Tbilisidə, Bakıda, eləcə də Pribaltika ölkələrində keçmiş SSRİ-nin güc strukturlarının, ordu birləşmələrinin törətdiyi cinayətlər, qırğınlar məhz bu prosesi əngəlləməyə hesablanmışdı. O zaman müstəqillik, azadlıq şüarlarının ən çox səsləndiyi, milli oyanış dalğasının geniş yayıldığı məkan Azərbaycan olduğu üçün elə keçmiş SSRİ rəhbərliyi də Bakıya daha ağır cəzanı verməyi qərarlaşdırdı və beləliklə, Azərbaycan xalqının dinc şəkildə müstəqillik, azadlıq, demokratiya istəyinə qarşı rus silahları ilə cavab verildi. Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ qoşunları Azərbaycanın paytaxtı Bakıda qətliam həyata keçirərək bir çox insanı qətlə yetirdi, şəhəri viran qoydu. Bir növ bu Moskvanın azadlıq istəyən Azərbaycan xalqına verdiyi göz dağı idi. Amma hər bir qalibiyyət, zəfərin itkisiz olmadığını nəzərə alan Azərbaycan xalqı heç nədən, hətta rus tankı və topundan belə qorxmayaraq, çəkinməyərək öz müstəqillik mübarizəsini davam etdirdi. Və beləliklə, Azərbaycan xalqı qısa bir zamanda başladığı mübarizəni uğurla başa vuraraq 1991-ci il, oktyabr ayının 18-də müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. Azərbaycanın öz müstəqilliyini elan etməsi bir növ Bakının SSRİ-nin ürəyinə zərbə vurması demək idi. Çünki Azərbaycanın müstəqilliyini elan etməsi ittifaqın ölkəmizin timsalında süd gölündən məhrum olması kimi bir şey idi. Bu vaxta qədər Azərbaycanın bütün yeraltı və yerüstü sərvətləri hesabına həm özünü, həm də müttəfiq respublikaları yaşadan SSRİ rəhbərliyi üçün təbii ki, Azərbaycan itirmək ağır bir itgi idi. Ona görə də istər ittifaq dağılan müddətə qədər, istərsə də onun varisi sayılan Rusiya Federasiyası ciddi cəhdlə Azərbaycanı yenidən boyunduruğa salmağa, onun müstəqilliyinə son qoymağa çalışırdı. Bu məqsədlə sonrakı illərdə ölkədə yaradılan gərginlik, xaos, anarxiya da elə Azərbaycanın müstəqil bir ölkə kimi mövcudluğuna qarşı yönəlmiş cəhdlər idi. İstər Surət Hüseynovun Gəncədə qiyam qaldırması, istər Əlikram Hümbətovun Talış Muğam Respublikası elan edərək özünü həmin qurumun prezidenti elan etməsi, istərsə də mərhum Rövşən Cavadovun xarici antiAzərbaycan dairələrin məkrili planının tərkib hissəsinə çevrilib ölkədə vətəndaş qarşıdurmasına cəhd göstərməsi məhz Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş hadisələr idi və hər bir planın da arxasında məhz Moskva dayanırdı. Çünki Rusiya müstəqil Azərbaycanın qısa zamanda inkişaf edəcəyi, öz müstəqil siyasət kursu həyata keçirəcəyindən əndişələnirdi. Nədən ki, bundan sonra artıq Moskva Bakı ilə diqtə dilində deyil, qarşılıqlı hörmtə əsasında danışmalı idi. Və “insanın qorxduğu başına gələr” el məsəlinə uyğun olaraq Rusiya belə bir arzu etmədiyi tendensiya ilə üzləşməli oldu. Belə ki, 1993-cü ildə ölkədə planlı şəkildə yaradılan xaos, anarxiya, idarəsizliyin aradan qaldırılması üçün ümummilli lider Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət edən Azərbaycan xalqı bir müddət sonra müstəqil ölkənin sükanını da ona etibar etdi. Beləliklə, 1993-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycanın prezidenti seçilən Heydər Əliyev müstəqil respublikanı inkişiaf etdirmək, onun iqtisadiyyatını dirçəltmək, ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində əzmlə, yorulmadan çalışmağa başladı. Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində cəmi 2 yaşı olan müstəqil Azərbaycan ciddi siyasi və iqtisadi uğurlara imza atdı, bir çox müstəqil dövlətlərin 10-20 ilə keçdiyi yolu qısa zamanda qət edə bildi. Müstəqil Azərbaycanın iqtisadiyyatının dirçəldilməsi üçün həyata keçirilən ən mühüm tədbir. atılan addım isə 1994-cü il, sentyabrən 20-də imzalanmış “Əsrin müaviləsi” oldu. Siyasi cəhətdən müstəqil bir ölkə kimi özünü tanıdan Azərbaycan bu sazişlə eyni zamanda iqtisadi sahədə də öz müstəqilliyini sübuta yetirmiş oldu.

Ötən 26- ildə uğurlu inkişaf yolu keçmiş müstəqil Azərbaycan Respublikası bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əzimlə, inamla irəliləyir. 26 yaşlı müstəqil gənc Azərbaycan həyata keçirilən siyasət, atılan düşünülmüş addımlarla yeni-yeni uğurlar, nailiyyətlər əldə edir.

S.İsmayılbəyli