Nəsimi rayonunda “Yaşıl Soyqırım” davam edir -FOTO

Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsinin bir qrup sakinləri Fədail adlı iş adamının qanunsuz əməllərindən boğaza yığılıblar.

Vətəndaşlar Ulu Öndər Heydər Əliyevin Sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi zamanlarda 4-cü mikrorayon ərazisində xeyli sayda agac əkilərək yaşıllıq zonası yaradıldığını vurğulayıblar. Sakinlər bildiriblər ki, “aparılan yaşıllaşdırma işləri zamanı, Nəsimi rayonu, 4-cü mikrorayon, Mircəlal küçəsi ərazisində torpaq sürüşməsi və ya digər baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə xeyli sayda iynə yarpaqlı ağaclar əkilmiş, həmin küçənin 37 saylı binasının qarşısı mişar daşı ilə hörülmüşdür.Bundan sonra sakinlər tərəfindən burada xeyli sayda müxtəlif növ ağac və gül kolları əkilərək, yaşıllıqlara qulluq edilmişdir.

Nəsimi rayonunda "Yaşıl soyqırım" törətməyə cəhd edən Fədail kimdir?...- Şikayət

2018-ci ildə özünü tikinti şirkətinin rəhbəri kimi təqdim edən Fədail adlı şəxs binanın qarşısında olan bu yaşıllıq ərazisində Laçın rayonundan olan Şahruz adlı şəxslə əlbir olaraq, ikinciyə məxsus yardımçı tikilinin sökülərək yerində hündür mərtəbəli yaşayış binasının tikintisini planlaşdırmışdır. Bununla bağlı ölkə rəhbərliyinə və müvafiq qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə müraciətin nəticəsi olaraq, tikintinin qarşısı alınmışdır.

Lakin, son günlər həmin ərazidə adları yuxarıda qeyd olunan Fədail adlı şəxs tərəfindən yenidən yaşayış binasının tikintisinin planlaşdırıldığı məlum olmuşdur. Belə ki, Fədail adlı şəxsin yaxın adamları vasitəsilə həmin ərazidə tikinti ilə bağlı icazənin (sərəncam) alındığı bildirilərək, ətrafda yaşayan sakinlərə müxtəlif vədlər verilərək tikinti başlanılan zaman səs-küy salmamaları barədə xahiş etmişlər.

Qeyd olunan ərazidə xeyli sayda iri gövdəli iynə yarpaqlı ağaclar, meyvə ağacları və gül kolları vardır ki, bu da tikinti zamanı gələcəkdə yaşıllığın məhvi ilə yanaşı fövqəladə halların yaranmasına da şərait yaradır.”

Oliqarx kimi tanınan Fədail adlı şəxs kimdir? 

Əslində Fədail kifayət qədər kapitala malik olan qaranlıq oliqarxlardan biridir. Bakı şəhəri daxil olmaqla bölgələrdə də geniş imtiyazları olan iş adamıdır. Ölkə üçün xarakterik olan qohumluq və yaxınlıq əlaqələrindən bəhrələnmək tendensiyası Fədailin timsalında özünü çılpaq biruzə verir. Məlumatlara görə, Fədail Milli Məclisin üzvü Malik Həsənovla qudadır. Malik Həsənovun isə, öz növbəsində kimin qardaşı olması haqqında fikir söyləməyə ehtiyac yoxdur. Ölkədə narazılıq yaradan, hər addımda vətəndaşların hüquqlarını pozan, insanların haqqlarını mənimsəyən, pul qazanmaq naminə dövlətin imicinə xələl gətirən oliqarxların arxasından həmişə yüksək çinli məmurların çıxması adi hala çevrilib. İddia olunur ki, Fədail adlı iş adamı da məhz bu səbəblərdən özünü fövqəl gücə malik qüvvə kimi təqdim edir.

Mövzu ilə bağlı adıçəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP