Keçmişdən doğulan gələcək: Türk Dövlətləri Birliyi
Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı üzərində düşüncələr
“Bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür… Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
SSRİ dağılandan sonra dünya faktiki olaraq, tarixin postimperium (imperiyalarsonrası) mərhələsinə qədəm qoydu. Postimperial dövr isə ümumbəşəri tendensiyalar formasında dərk olunan qloballaşma anlayışını zərurətə çevirdi. Dünyada qlobal inteqrasiyanın dinamikası sürətləndi və bunun sayəsində, daha çox eyni sivilizasiyaya mənsub ölkələrin, xalqların, mədəni, iqtisadi, siyasi birliklər formasında birgə fəaliyyəti intensivləşdi. Avrasiya regionunda MDB, QİƏT, TÜRKSOY, GUAM kimi siyasi birliklər yarandı, Avropa İttifaqının əhatə dairəsi genişləndi. Belə demək mümkünsə, indi biz artıq ayrı-ayrı dövlətlərin milli, lokal siyasi münasibətlərdən ittifaq münasibətlərinə keçdiyi planetarlaşma zamanında yaşayırıq. Məhz, bu kontekstdə “planetin ürəyi” adlandırılan Avrasiya regionunun, onun aparıcı kontinenti olan türk respublikalarının indiki vəziyyəti və gələcəyi qlobal siyasət müstəvisində maraq doğuran məsələlərdəndir.
Bu anlamda Azərbaycan geopolitik baxımdan Avrasiya məkanının əsas strateji mövqeyində yerləşən və son illər bölgədə fəal siyasət apararaq, böyük tarixi uğurlara imza atan müstəqil türk respublikalarından biridir. Azərbaycanın işğalçı Ermənistanla qırx dörd günlük müharibədə qazandığı tarixi qələbə, təkcə ölkəmizin taleyini deyil, həm də qlobal güclərin regionda yaratdığı siyasi atmosferi də dəyişdi.
Bugünlərdə Qarabağda sülh və təhlükəsizliyə nəzarət məqsədilə Rusiya – Türkiyə birgə Monitorq Mərkəzinin fəaliyyətə başlaması ilə artıq bölgədə yeni reallıqlar yarandığını söyləyə bilərik. Beləliklə, geosiyasi vəziyyət tarixi gedişatı dəyişir, dünyada Azərbaycanın mövqeyi möhkəmlənir, Rusiya- Türkiyə münasibətləri yeni fazaya keçir, Azərbaycanla qarşılıqlı əməkdaşlıq və birgəfəaliyyət şəraitində münasibət qurmaq istəyən dövlətlərin, (xüsuilə, Mərkəzi Asiyanın türk respublikalarının) sayı artır. Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının birgə işlənilməsinə dair tarixi razılaşma dediklərimizə əyani sübutdur.
Bu situasiyada beynəlxalq güclərin Şərqdə daim toqquşan maraqları, II Qarabağ müharibəsi ilə əlaqəli siyasi vəziyyətin dəyişməsi, Türkiyənin artan hərbi-siyasi nüfuzu Avrasiya regionunda Türk respublikalarını ittifaq şəklində birləşdirən Türk Dövlətləri Birliyinin yaradılması zərurətini yenidən gündəmə gətirir.
Ümumiyyətlə, “Türk Dövlətləri Birliyi” ideyası hansı mənəvi-siyasi ehtiyacdan doğur və bu ideyanın daxili potensialı, gerçək perspektivi nə qədərdir?
Bu məsələləri köklü və sistemli şəkildə anlamağımız üçün azərbaycanlı millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabını oxumaq lazımdır. Bu kitabı türk milli-siyasi düşüncəsinin mini ensiklopediyası da adlandıra bilərik. Türk xalqlarının tarixi, coğrafi, siyasi və mədəni varlığının təbii eskizlərini canlandıran, bu eskizlər əsasında türk dünyasının real mənzərəsini çəkən kitab, hər biri ayrılıqda müstəqil monoqrafiya kimi təhlil oluna biləcək altı geniş fəsildən ibarətdir.
I fəsil – Tarixdən doğulan gələcək;
II fəsil – Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi;
III fəsil – Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri;
IV fəsil – Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti;
V fəsil – Sarsılmaz təməllər üzərində;
VI fəsil – Türk Dövlətləri Birliyinin strategiyası adlanır.
Fəsillərin adlarından da göründüyü kimi müəllif, oxucuya təqdim etdiyi bütün materialları: ideya, mülahizə, ümumiləşdirmə və analizləri
real, tarixi-siyasi mənbələrdən qidalandıraraq, türk dünyasının taleyüklü problemlərinə ənənəvi turançı romantikası ilə deyil, bir alim kimi praqmatizmlə, empirik metodlar əsasında yanaşmışdır. Monoqrafiya – görkəmli alimin türk dünyasının keçmişi, türk geopolitikasının gələcəyi, Avrasiyanın taleyi barədə çoxillik tədqiqatlarının, topladığı qiymətli materialların, gerçək olaylar əsasında ortaya çıxardığı elmi nəticələrin məcmusu hesab edilə bilər. Zənnimizcə, hər bir türkün stolüstü kitabı olması gərəkən bu əsərdə müəllif keçmişin verdiyi dərslərlə gələcəyin perspektivlərini unikal şəkildə işıqlandırmağı bacarıb.
Türkçü-turançı ideyalar tarixi zərurətə çevrildiyi andan Türk Dövlətləri Birliyinin siyasi quruluşu barədə müzakirələr ön plana çıxır. Bu diskussiyalar əsasən iki istiqamətdə aparılır:
1. Federasiya. Müstəqil və qeyri-müstəqil Türk respublikalarının vahid dövlətin tərkibində birləşdirilməsi;
2. Konfederasiya. Yaxud bərabərhüquqlu üzvlər tərəfindən Avropa İttifaqı tipli qurumun təşkili.
Türk dünyasının bir çox nüfuzlu elm və siyasət adamları, siyasi texnoloqları Türk Dövlətləri Birliyinin beynəlxalq qanunların tələblərinə uyğun, üzv dövlətlərin hər birinin bərabərhüquqlu və qarşılıqlı maraqlarının təmin olunduğu birlik formasını dəstəkləyirlər. İyirmi yeddi Avropa dövlətini müstəqil, suveren varlıqlarını saxlamaq şərtilə, əməkdaşlıq formatında, lakin vahid iqtisadi-siyasi məkanda birləşdirən Avropa İttifaqı kimi.
Ara – sıra səsləndirilən federasiya təklifləri isə çağdaş düşüncədə imperiya təəssüratı yaratdığından, tərəfdarları çox deyil. Çünki federativ birləşmənin hər hansı müstəqil respublikanın milli maraqlarına cavab verəcəyi bəribaşdan şübhə doğurur.
Məsələn, indiki Rusiya Federasiyasında olduğu kimi.
Tarixin aynasında
Bütün mühakimələrində tarixi gerçəklikdən çıxış edən hörmətli fəlsəfə doktoru Cavanşir Feyziyevin xatırlatdığına görə əsrlər boyu Avrasiyanın əsas sakinləri və sahibləri türklər olub. Türklər bu nəhəng geoməkanı 2000 ildən çox öz hökmranlıqları altında saxlayaraq, burada 200 –dən çox dövlət və 16 (son araşdırmalara görə 21) nəhəng imperiya qurublar. Avrasiyada türk geopolitikasının iki min illik tarixə malik hakimiyyəti isə regionun həm Asiya, həm də Avropa istiqamətli inkişaf dinamikasını şərtləndirən əsas amil olub. Konkret desək, Avrasiya coğrafiyası Qərb və Şərq sivilizasiyalarının qovuşduğu, əks qütblərin birləşdiyi, nəhəng imperiyaların doğulduğu və öldüyü, dünya supergücləri tərəfindən daim parçalanmaq və işğal təhlükəsi yaşayan, unikal geosiyasi mövqeyə malik nəhəng bir ərazi, türk xalqlarının əski çağlardan yaşayıb yaratdığı anayurdudur. Türk fenomeninin dünya miqyasında yüksəlişi isə onun dünya düzənini formalaşdıran imperiyalar tarixini əhatə edir.
Cavanşir Feyziyev türk dövlətlərinin qədim orta əsrlərdə Avrasiyanın hegemon gücünə çevrildiyi epoxanı belə təsvir edir:
“Əgər biz Avropa kontinentinin qlobal siyasi özünüdərkinin başlanğıc mərhələsinə baxsaq, görərik ki, elə o zamandan başlayaraq türksoylu xalqlar burada imperiyalararası güc balansını yaratmağa qadir olmuşlar. Belə ki milada qədərki və miladdan sonrakı ilk əsrlərdə (təqribən dörd yüz il ərzində) Çin Han imperiyası Asiya üzərində hökmranlığa can atıb. Aralıq dənizi hövzəsindən Şərqə doğru istilalarını getdikcə gücləndirən Roma imperiyasının da həm cənubdan, həm də şimaldan Asiyanın mərkəzinə istiqamətlənməsi qaçılmaz olacaqdı. Amma Çin və Roma imperiyaları tarixdə heç zaman üz-üzə gəlmədilər. Avrasiyanın Şərqi ilə Qərbinin bu qlobal toqquşmasına yalnız Hun-türk qüdrəti maneə oldu: Hun imperiyası Şərq istiqamətində Çin, Qərb istiqamətində isə Roma imperiyası ilə döyüşərək, onların heç birinin Avrasiyanın mütləq hökmranı olmasına imkan vermədi. Şərqdə Çini, Qərbdə isə Romanı əzdi,. Bununla da Pax Turcica (türk dünyasının universal hakimiyyəti) – Pax Sinica (Çin dünyasının universal hakimiyyəti) və Pax Romana (Roman dünyasının universal hakimiyyəti) qarşısında əsl Avrasiya iradəsinin nə olduğunu nümayiş etdirdi. Bundan sonra daha heç kimin Avrasiyada mütləq hökmranlığına imkan verilmədi. Qarşıdakı iki min ildə bu böyük məkanda dövlət və imperiyalarını qurub genişləndirən yalnız türklər və onların yaratdığı birliklər oldu.”
(C. Feyziyev: “ Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli”. Səh: 38).
Tarixi mənbələrdə Hun-Çin savaşlarında hunların çinlilərlə müqayisədə xeyli az (300 min nəfər), çinlilərin sayının isə 56 milyon yarıma çatdığı barədə faktlara diqqət çəkən Cavanşir Feyziyev, türklərin bu qədər böyük fərqlə qalibiyyətini türk iradəsinin yenilməzliyi və onların hərb sənətinin bilicisi olmaları ilə əsaslandırır. Müəllif kitabda türk imperiyalarının varislik əlaqələrinə xüsusi önəm verərək, türk dövlətlərinin inkişaf dinamikasının tarixi köklər üzərində formalaşdığı qənaətinə gəlir:
“Hun imperiyasının Çin imperiyasına qalib gəlməsindən düz yüz il sonra – 552-ci ildə həmin imperiyanın etnik və mənəvi dayaqları üzərində daha böyük əzmkarlıq gücünə və dövlətçilik qabiliyyətinə malik olan – Mərkəzi Asiyanın Türk Dayağı – Göy Türk imperiyası meydana gəldi. Yapon dənizindən Xəzər dənizinə qədər uzanan bu qüdrətli imperiyanın ərazisi 14 milyon kv.km təşkil edirdi”.
(Cavanşir Feyziyev: göstərilən əsəri)
Beləliklə, Türk – Uyğur imperiyası, Monqol – Türk imperiyası (Çingiz xan), Teymuri imperiyası, Qızıl Ordu (Altun Ordu) imperiyası Göy Türk imperatorluğunun dayaqları üzərində formalaşdı. Sonralar Moğol, Osmanlı, Səfəvi imperiyaları da Avropa, Asiya və Afrika qitələrinin qədim sivilizasiyalarının yarandığı ərazilərdə öz hakimiyyətlərini sürdürdü. Beləliklə, tarix türk irqinin qədim dövlətçilik ənənələrinə, oturuşmuş siyasi mədəniyyətə malik olduğunu, eləcə də Avrasiyanın taleyində bəşəri məsuliyyəti türk iradəsinin müəyyənləşdirdiyini sübut edir. “Türklər tarixi yaratdılar, amma yazmadılar” deyiminin əksinə olaraq, islamaqədərki türklərin qədim mədəniyyəti olan Orhun abidələrini, altaylarda saxlanan daş bitikləri, “Tonyukuk”, “Kül Tigin” yazıtlarını, “Alp Ər Tonqa”, “Kitabi – Dədə – Qorqud” eposlarını, tarixin lap dərininə getsək, türklərin əcdadı sayılan şumerlərdə mövcud olan yazılı abidələri, dünyanı su basması haqda mifi, “Gilqameş” dastanını və digər möhtəşəm tarixi salnamələri, sənət nümunələrini misal çəkə bilərik. Çox təəssüf ki, ərəb xilafətinin istilaları nəticəsində türklərin bu böyük abidələrinin əksəriyyəti dağıdılıb məhv edilmiş, kitabxanaları yandırılmışdı. Elə bu səbəbdəndir ki, türk kultunun daş bitik nümunələri (Orhun-Yenisey yazıtları) məhz, ərəblərin əli çatmayan soyuq şimalda, Altay – Ural ərazilərində salamat qalmışdır.
Ona görə də inamla deyə bilərik ki, türklərin dünya tarixində oynadığı həlledici rol onların təkcə hərbi-siyasi qüdrətindən ibarət deyildi, qədim türklərdə yazı mədəniyyəti, mifologiya, fəlsəfi fikirlər, əksər xalqların yüzillərdən sonra təkamüllə gəlib çıxdığı təktanrılı din (Tenqriçilik) və bütün bunların hamısından daha vacib yüksək mənəvi keyfiyyətlər üzərində formalaşan türk əxlaqı, türk yaşam tərzi, mentaliteti mövcud olmuşdur. Bu faktlardan sonra Danilevski kimi panslavistlərin türk kultunu mədəniyyətin dağıdıcı tipinə aid etməsi qərəzli subyektivizmdən başqa bir şey deyil.
Bəs Danilevski kimi “alimlər”in türk irqini bilərəkdən aşağılamaqda məqsədləri nədir?
Cavanşir Feyziyevin söz açdığımız kitabında bu sualların əhatəli və məntiqi əsaslandırılmış cavabları var. Kitab ümumtürk problemlərinin dəqiq mənbələr əsasında, (xüsusilə, xarici müəlliflərə istinad edərək) ümumiləşdirilmiş şəkildə və bütün vacib istiqamətlər üzrə mükəmməl izahını verməklə yanaşı, danilevskimilərin simasında antitürkist psixologiyanın faşist mahiyyətini təbii formada açıqlayır.
Bütün qarşıdurmalar isə bu sual ətrafındadır:
– Avrasiyanın hakimi kim olmalıdır?!
Avrasiyaçılıq – rus imperializminin ideoloji konsepsiyası kimi
C. Feyziyev yazır: “Tarixi-siyasi proseslərin kəsişmə və düyünlənmə nöqtəsini təşkil etdiyindəndir ki, geopolitikasının əsas paradiqmasına görə, Avrasiya – planetin “içtorpağı” (Heartland) və tarixin coğrafi özəyi “The Geographical Pivot of History”) adlandırılır. Bu ideyanın müəllifi ingilis coğrafiyaçısı, akademik Halford Makkinder həm də geopolitikanın banisidir. Geopolitika isə öz missiyasına – Avrasiyanı beynəlxalq siyasətin mərkəzinə gətirməklə başlayır. XX əsrin başlanğıcında Halford Makkinder öz nəzəriyyəsinin substansional ideyasını belə formullaşdırır: “Avrasiyanı idarə edən – dünyanı idarə edir”.
(Cavanşir Feyziyev “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli”. Səh: 117).
Beləliklə:
“Ona görədir ki, beynəlxalq siyasətin hegemon gücləri elə həmin nəzəriyyənin imperativlərinə uyğun olaraq, “dünyanı idarə etmək üçün”, “Avrasiyanı idarə etməyə” can atır”. (Cavanşir Feyziyev, göstərilən əsəri)
Bəli, gəlib çatdıq problemin nüvə nöqtəsinə.
Avrasiyaçılıq nədir?
Bu ideya 1917-ci il oktyabr inqilabından sonra Avropaya səpələnmiş Trubetskoy, Savitski, Florovski, Suvçinski və digər rus mühacir fikir adamları tərəfindən ortaya atılmışdı. Avrasiyaçıların fikrincə, Rusiya bütünlüklə nə Şərqdir, nə də Qərb. Rusiyanın gələcəyi yalnız slavyan-türk birliyindədir.
Klassik avrasiyaçılığın “ata”sı knyaz Nikolay Sergeyeviç Trubetskoy 1920-ci illərdə öz mülahizələrində etiraf edirdi ki, Çingiz xan hələ 700 il bundan qabaq Avrasiyanın bütövlüyünü təmin edən geopolitik əsasları yaratmışdı. Onun iddiasına görə:
“İndiki tarixi perspektivdə Rusiya və ya SSRİ adlandırılan bu müasir dövlət Çingiz xanın təməlini qoyduğu Böyük Türk-Monqol imperiyasının bir hissəsini təşkil edir… Rusiyanın coğrafi ərazisi bu imperiyanın özək hissəsi ilə üst-üstə düşür”.
Beləliklə, Trubetskoyun timsalında rus hakimiyyətinin idarə edəcəyi Avrasiya imperiyası qurmaq istəyən millətçi ideoloqlar, indiki Rusiya ərazilərinin vaxtilə, türk səltənətinin tərkib hissəsi olduğunu dolayısı ilə etiraf edirlər. Əlbəttə, bu etirafın xoş mərama xidmət etdiyini düşünmək sadəlöhvlük olardı. Cavanşir Feyziyev məsələni doğru analiz edərək, aşağıdakı nəticəyə gəlir:
“N.S.Trubetskoy belə hesab edir ki, Moskva knyazı Qızıl Orda xanının varisi olduğu kimi …. Avrasiya ərazisindəki rus dövlətçiliyi də Çingiz xan dövlətinin varisi və davamçısıdır. Rus ideoloqunun fikrincə, Avrasiya dövləti o zaman öz tarixi simasını tapacaq ki, Rusiya böyük Çingiz xanın varisi və davamçısı olduğunu dərk edəcək. Məqsəd aydındır: deməli, siyasi məqsədlərə çatmaq naminə rus düşüncəsinin və siyasətinin ən tanınmış simaları belə lazım gəldikdə, özlərini əsrlər boyu vuruşduqları türklərlə eyniləşdirməkdən və özlərini onların varisi elan etməkdən belə çəkinmirlər. Knyaz Trubetskoydan da əvvəl rus ideoloqu Konstantin Leontyev isə bir dövlət kimi Rusiyanın gələcəyini Asiya ilə bağlayır və yazırdı ki, Rusiya… “slavyan dünyasından daha çox, Turan dünyasına məxsusdur”. Deməli, “Turan dünyası” elə rus düşüncəsində də Avrasiyanın özünə bərabər tutulan məkan anlayışıdır”.
Cavanşir müəllim problemin yuxarıda vurğuladığımız xüsusilə, həssas tərəfinə diqqət çəkməklə göstərir ki, məqsədli, taktiki gediş olsa belə, hətta rus millətçiləri də tarixi reallığı inkar etmək gücündə deyillər.
Yeri gəlmişkən, bir məsələni də qeyd edək. Zənnimizcə, rus nasionalizmini “panslavizm”, “slavyanofiliya” kimi anlayışlarla eyniləşdirmək doğru olmaz. Çünki Rusiyanın millətçi hakim elitası başqa slavyan xalqlarına da daim öz təəbəsi kimi baxaraq, bütün variantlarda onların müstəqillik qazanmasına əngəllər törədib. Bu, ümumən, imperializmin xarakterindən, şovinist psixologiyadan irəli gəlir. Ona görə də rusların məsələn, ukraynlara münasibəti türklərə bəslədikləri duyğulardan çox da kəskin fərqlənmir.
Neoavrasiyaçılıq ideologiyası klassik avrasiyaçılığın təməlləri üzərində formalaşsa da, sələfindən daha konkret ştrixlərlə seçilir. Hazırda Rusiyanın xarici siyasətinin başlıca istiqamətini təşkil edən Duqin neoavrosionizmi Qumilyov avrosionizmindən Rusiyanın imperialist maraqlarına birbaşa xidmət göstərməsi ilə fərqlənir.
Belə ki Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü A. Duqinin başçılığı altında hazırlanmış avrasiyaçılığın yeni konsepsiyası materikdəki müstəqil dövlətlərin Rusiyanın rəhbərliyi altında mərkəzləşdirilməsini nəzərdə tutur. Bu səbəbdən Rusiyanın keçmiş SSRİ-ni diriltmə cəhdlərinin, özünün suverenliyini, siyasi və iqtisadi müstəqilliyini hər şeydən üstün tutan region dövlətləri tərəfindən dəstəklənmədiyini açıq hiss etmək mümkündür. Qloballaşma tendensiyasından istifadə edərək, Avrasiyada hegemonluq iddiasına düşən Rusiyanın xüsusilə, türk dövlətlərini avrasiyaçılıq çadırı altında öz tərkibinə qatmaq siyasəti Qərb dairələri tərəfindən də narahatlıqla qarşılanır. Qısası, müasir dövrümüzdə rus avrasiyaçılığı – rus imperializminin ideoloji qaynağı rolundadır. Siyasi elmlər üzrə mütəxəssis Cavanşir Feyziyev isə uzaqgörənliklə qeyd edir ki, dünya artıq tarixin postimperium mərhələsini yaşayır. Alimin fikrincə, modern dünya, xüsusilə, Qərb, xalqları və dövlətləri idarə etmək üçün imperiya üsuli-idarəsinin çoxdan arxaikləşdiyini, tarixin arxivinə gömüldüyünü dərk edib. Təəssüflər olsun ki, ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiya Federasiyasında bu həqiqəti hələ də anlamaq istəmirlər.
Bəs belə bir mürəkkəb geosiyasi şəraitdə müstəqil türk respublikaları özlərini necə aparmalı, milli müstəqilliklərini saxlamaq şərti ilə qloballaşma proseslərinə hansı formada qoşulmalıdırlar? Fəlsəfə doktoru Cavanşir Feyziyevin fikrincə, Azərbaycan və Türkiyənin də daxil olduğu altı müstəqil türk respublikası türk avrasiyaçılığı modeli üzərində Türk Dövlətləri Birliyini yaratmalıdırlar. C. Feyziyevə görə Türkiyənin Avropa İttifaqına üzv olma cəhdlərinin Aİ tərəfindən süni əngəllərlə qarşılaşması sözügedən qurumun Türkiyə dövlətini roma sivilizasiyasına aid etməməsi səbəbi ilə əlaqəlidir. Fərqli etnomədəni kultun daşıyıcısını öz sivilizasiyasına mənsub ölkələrin birliyində görmək istəməməyi anlaşılan sayan Cavanşir Feyziyev, Türkiyənin Aİ-ə daxil olmaq əvəzinə, Türk Birliyinin yaradılması istiqamətində fəaliyyətini artırmağı arzuedilən sayır.
Sitat:
“Əgər bizim əcdadlarımızın qurduğu azman türk dövlət və imperiyaları uzun əsrlər boyu və davamlı şəkildə təkcə türklərin özünü deyil, Avrasiya boyunca bir çox millətləri və etnosları vahid siyasi, ideoloji, dini, sivilizasion sistemdə birləşdirməyə qadir olublarsa, bu gün yalnız Türk Dünyası miqyasında – vahid bir regionun vahid bir superetnosu çevrəsində biz – dünya türkləri niyə buna nail olmayaq?! Bu gün bizim birləşməyimiz üçün ortada olan əsaslar keçən əsrin ortalarından başlayaraq Avropanın bir ittifaqda birləşməsi üçün mövcud olmuş əsaslardan daha çoxdur. Bu baxımdan ən böyük üstünlüyümüz və fərqimiz də ondadır ki, biz onlar kimi biri-birimizə qarşı qanlı müharibələrdən çıxmamışıq. Böyük imperiyadan qopub müstəqilləşərək, öz milli dövlətlərimizin və dövlətçiliyimizin quruculuğu prosesində yanaşı addımlamışıq. Biri-birimizin uzanmış əllərini dərhal sıxmışıq. Yaxınlaşmağa, yenidən doğmalığımızın hərarətini hiss etməyə başladığımız zamandan bəri öz içərimizdən heç bir maneə ilə qarşılaşmamışıq. Tarixi proseslərin bütün məntiqi bizi birləşdirməyə doğru aparırsa, bundan nə üçün imtina edək?!
Niyə biz Avropa İttifaqına, NATO-ya kənardan həsrətlə baxıb, belə alyansların dünya miqyasında nüfuzuna qibtə edək? Və nəhayət, niyə biz öz qüdrətli birliyimizi tarix səhnəsinə gətirməyək?! Mövcud qlobal siyasi vəziyyət onu göstərir ki, artıq Türk Dövlətləri Birliyinin yaradılmasına doğru getdiyimiz yolun təməl mərhələsində tərəddüd etməməli, ləngiməməli, bu yolda hələ qarşımıza çoxlu sualların və problemlərin çıxacağına hazır olaraq, siyasi-ideoloji kompasımızın əqrəbini düzgün istiqamətə yönəltməliyik. Biz artıq Birliyə doğru birgə hərəkatın humanitar mərhələsini keçmiş, siyasi, iqtisadi və hərbi sahədə müttəfiqliyin bəzi özüllərini qoymuşuq”.
Cavanşir Feyziyev Türk Dövlətləri Birliyinin ideoloji konsepsiyasını hazırlayarkən, bu birlikdə hər hansı türk dövlətini dominantlaşdırmağın da doğru olmadığını, belə bir halın əksinə, xarici düşmənlərin əlinə “imperiya” bəhanəsi verə biləcəyini də xüsusilə vurğulayır. Cavanşir müəllim bu kontekstdə gedən müzakirələrdə haqlı olaraq, bütün tərəflərdən rasional zəka sərgiləməyi, maksimalizmə və romantizmə varmamağı, məsələlərə obyektiv və realist yanaşmağı vacib sayır. Ona görə də vacib qaynaq kimi böyük türk alimi Nəzmi Çoranın “Birleşik Türk Devletleri” kitabından dəfələrlə sitat gətirən C. Feyziyev, böyük alimin öz konsepsepsiyasında Türk Dövlətləri Birliyini “Türkiyə Dövlətləri Birliyi” kimi təqdim etməsini qəbul etməyərək, müstəqil türk dövlətlərindən hər hansı birinin bu anlayış altında toparlanacağı ehtimalını inandırıcı hesab etmir:
“Həmişə ölçülü-biçili addım atan, türk dünyasına və beynəlxalq aləmə münasibətdə konstruktiv siyasəti rəhbər tutan, subyektiv və yanlış hərəkətlərə yol verməyən Türkiyə özü də buna getməz. Bu düşmənlərin, “neoosmançılıq” iftiralarına əsas vermiş ola bilər. Ona görə belə fikirlərdən qaçılmalıdır”.
(Cavanşir Feyziyev: göstərilən əsəri)
Bu yazıda kitabı bütün bölümlər üzrə ayrı-ayrılıqda təhlil etmək imkanımız olmasa da, oxucu təəssüratı üçün qısaca onu deyə bilərik ki, Cavanşir Feyziyev bu əsərində gələcəyin gerçəyinə çevriləcək Türk Birliyinin ümumilli strategiyasını, məqsəd – vəzifələrini, dünya miqyasında ümumtürk təşkilatlanmasının əsas şərtlərini və prinsiplərini işləyib hazırlamışdır.
- Feyziyevin platformasına görə, Türk Dövlətləri Birliyi öz siyasəti ilə Avropa İttifaqına zidd olmayacaq, lakin birlik, zamanla regionda ciddi politik gücə çevrilərək, Avropa İttifaqının alternativinə çevriləcək.
Alim Türk Dövlətləri Birliyində Azərbaycanın aparıcı rola malik olacağı barədə də iddialı proqnozlar verir. Bu sırada mütləq qeyd etməliyik ki, Cavanşir müəllim Türk Dövlətləri Birliyi ideyasını təkmilləşdirdiyi sözügedən əsərində, (2013) yaxın yeddi il içərisində real təsdiqini tapan bir neçə proqnozun müəllifidir. Artıq reallığa çevrilən həmin tarixi-siyasi proqnozlar bunlardır:
1. Türkiyənin yaxın illərdə ABŞ – ın Şərqdə əsas müttəfiqinə çevriləcəyi və bunun sayəsində hərbi-siyasi qüdrətinin yüksələcəyi;
2. Azərbaycan – Ermənistan münaqişəsinə son qoyulacağı, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad edəcəyi;
3. İki qardaş türk dövləti: Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki bizim “Kəpəz”, türkmənlərin “Sərdar” adlandırdığı (indiki “Dostluq”) yatağının birgə istismarı ilə bağlı razılaşmanın baş tutacağına inam.
Hamımız bu olayların gerçəyə dönüşdüyü o möhtəşəm tarixi anları birlikdə yaşadıq və gördük. Buradan belə nəticəyə gəlmək olar ki, çoxlarının hələ də təsəvvür edə bilmədiyi, reallaşacağına şübhə ilə yanaşdığı Türk Dövlətlərinin Birliyi ideyası göydəndüşmə bir mif deyil, ciddi tarixi- siyasi, etnik-kulturoloji dayaqlara əsaslanan ümumilli konsepsiya, müəllifin obrazlı şəkildə söylədiyi kimi “keçmişdən doğulan gələcək”dir. Bu gələcək isə mütləq gələcək, biz artıq onun addım səslərini eşidirik…04.02.2021
Şəlalə Göytürk
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP