Budapeştdə Bərdə terroruna etiraz bildirilib

Macarıstanda yaşayan azərbaycanlı icmasının və tələbələrin təşəbbüsü ilə
Budapeşt şəhərinin Azadlıq meydanında Bərdə və Gəncə şəhərlərindəki terror
qurbanlarının anım mərasimi keçirilib.
Bərdə, Gəncə və digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun
terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların
qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün baş tutan aksiya terror
qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Aksiyada 50 nəfər gənc soydaşımız əllərində Ermənistanın işğalçı siyasətini,
Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat
lövhələrini, "Körpələr mələkdirlər, mələklərin öldürülməsinə son qoyulsun!", "Mən
sülhəm, amma Ermənistan məni öldürdü!", "Bərdə üçün dua et!" və sair şüarları
tutublar. Meydanda yanan şamlarla "Bərdə" sözü əks olunub və ətrafına boş qalmış
ayaqqabılar düzülüb.
Aksiya ilə maraqlanan şəhər sakinlərinə işğalçı Ermənistan ordusunun mülki
insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə Azərbaycanın dinc sakinlərini
hədəfə alması barədə məlumat verilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP