Azərbaycan xalqı növbəti 7 ildə də öz taleyini layiqli liderinə həvalə etdi
Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Seçicilərin 86 faizi Prezident İlham Əliyevə səs verdi.
Səsvermənin belə nəticələnəcəyi əslində gözlənilən idi. Hələ seçkilərdən əvvəl “ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi, ABŞ-ın “AJF & Associates Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”, Fransanın “OpinionWay” təşkilatı və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi tərəfindən əhali arasında aparılan rəy sorğuları, həmçinin Bolqarıstanın Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (QİSDİ) qeyri-hökumət təşkilatının və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) aralıq hesabatları göstərdi ki, seçicilərin böyük əksəriyyəti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir.
Azərbaycan Prezidenti seçkiləri azad, demokratik, şəffaf, beynəlxalq standartlara uyğun şəkildə keçirildi, heç bir ciddi qanun pozuntusu qeydə alınmadı. Bunu ölkəmizə gəlmiş yüzlərlə beynəlxalq müşahidəçi də təsdiq etdi.
Seçkilərdə Prezident İlham Əliyevin qələbə qazanması Azərbaycan xalqının son 15 il ərzində ölkəmizin şərəfli və uğurlu yol keçməsinə verdiyi qiymət idi. Azərbaycan xalqı növbəti 7 ildə də öz taleyini layiqli liderinə – Prezident İlham Əliyevə həvalə etdi.
Əslində, qədirbilən xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın saysız-hesabsız nailiyyətlərini görməzdən gələ bilməzdi. Axı son 15 ildə ölkədə, demək olar, bütün sahələr inkişaf edib, Azərbaycanın beynəxalq aləmdə nüfuzu birəbeş artıb, Azərbaycan regionda ən güclü, ən inkişaf etmiş ölkədir, hətta qonşu regionların ictimai-siyasi həyatını dəyişdirəcək bir sıra beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarıdır, onları həyata keçirir, bir çox nüfuzlu tədbirlərin, o cümlədən idman yarışlarının təşkili Azərbaycana həvalə olunur və s. və i.a.
Dünya maliyyə-iqtisadi böhranının davam etdiyi bir vaxtda Azərbaycan bu böhrandan minimum itkilərlə çıxıb, ölkədə bir çox sahələrdə, o cümlədən qeyri-neft sektorunda uğurlar əldə olunub, əhalinin rifahı yaxşılaşıb, əməkhaqqı və pensiyalar dəfələrlə artıb. Təsadüfi deyil ki, son 15 ildə Azərbaycanda ümumi daxili məhsul 3.2 dəfə, büdcə gəlirləri – 13.5, strateji valyuta ehtiyatları – 23, xarici ticarət dövriyyəsi – 4.6, ölkə ixracı isə 6 dəfə artıb. Bu illərdə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycanın maliyyə vəziyyəti də kifayət qədər sabitdir. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb, 1 milyon 400 min iş yeri yaradılıb, işsizliyin səviyyəsi 9,2%-dən 5%-ə, yoxsulluğun səviyyəsi 44%-dən 5,4%-ə enib.
Son 15 il ərzində Azərbaycanda 3100-dən çox məktəb, 600-dən çox xəstəxana inşa olunub və yenidən qurulub. Əhalinin elektrik enerjisi, təbii qazla təminatı baxımından böyük irəliləyiş əldə olunub. Ölkədə 30-dan çox elektrik stansiyası istifadəyə verilib, ilin sonuna qədər qazlaşdırmanın səviyyəsinin 95 faizə çatacağı gözlənilir. Son 15 ildə Azərbaycanda təqribən 15 min kilometr yol çəkilib.
Regionda aparıcı iqtisadi gücə çevrilən Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr qonşu bölgələrin inkişafına da mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, eləcə də Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar. Bundan başqa, Azərbaycan kosmik ölkəyə çevrilib. Cari ildə ikinci peykin orbitə buraxılışı nəzərdə tutulur. Bu meqalayihələr heç şübhəsiz ki, İlham Əliyevin qətiyyətli siyasəti sayəsində mümkün olub.
Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə son illərdə sürətlə inkişaf edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə də tanınır. Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2017-2018-ci illər Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 137 dövlət arasında 35-ci yerdə qərarlaşıb və MDB ölkələri arasında 8 ildir ki birincidir. G-20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Türkiyə, Hindistan, Cənubi Afrika Respublikası kimi ölkələr bu rəqabət indeksinə görə Azərbaycandan geridə qalıb. İllik İnklüziv inkişaf indeksində isə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerdə qərarlaşıb.
Son 15 ildə Azərbaycanın xarici siyasətində əsas prioritet olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində də müəyyən irəliləyişlər qeydə alınıb. Belə ki, rəsmi Yerevanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesində münaqişə tərəfi kimi iştirak etməsinə çalışması iflasa uğradı. Azərbaycan Ermənistanı münaqişə tərəfi kimi danışıqlar masasına oturmağa məcbur etdi.
2016-cı ilin aprel döyüşləri isə göstərdi ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən vaxt düşməni məhv etməyə, işğal altındakı torpaqlarımızı qaytarmağa tam hazırdır.
Belə ki, aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm əraziləri azad etdi, bu ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı: 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi.
Bununla belə, Azərbaycan nümayiş etdirdi ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Münaqişəyə cəlb olunmasına, ərazilərinin işğal edilməsinə baxmayaraq, Azərbaycan dünyada multikulturalizmi, tolerantlığı təbliğ edir. Bəli, Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi dövründə dünyada mədəniyyətlərarası, dinlərarası dialoq məkanı, multikulturalizm mərkəzi kimi tanındı. 2016-cı ildə ölkədə “Multikulturalizm ili” elan olundu. Multikulturalizm işinə mühüm töhfə verən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü olan Dünya Dini Liderlərinin Forumu təşkil edildi, həmçinin Bakıda davamlı olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülmüşdü. Bu təşəbbüs çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə isə 2009-cu il oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirildi. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə Avropadan 10 ölkənin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirdi. Artıq bu il “Bakı “Prosesi”nin 10 illiyi qeyd olunacaq.
Prezident İlham Əliyevin idman sahəsinə diqqət və qayğısı nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi də tanındı. Azərbaycanda bir çox idman yarışları ilə yanaşı, 2015-ci ildə ilk Avropa Oyunları təşkil edildi – hətta Olimpiya Oyunları səviyyəsində. İki il sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirildi. 2020-ci ildə isə Bakıda milyonlarla izləyicisi olan UEFA futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyunu təşkil olunacaq.
Beləliklə, artıq Azərbaycan son 15 ildə bir yazıya, bir kitaba sığmayacaq, saysız-hesabsız uğurlarının, inkişafının növbəti 7 illik mərhələsinə başlayır. Heç şübhəsiz ki, qarşıdakı illərdə də Azərbaycan xalqını yeni-yeni nailiyyətlər gözləyir. Bu nailiyyətlərin, inkişafın davamlı olması üçün Azərbaycan əhalisi məhz Prezident İlham Əliyevə səs verdi.
Bir sözlə, Azərbaycan xalqı işıqlı gələcəyə, sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdi.