Demokratik ənənələrə sadiqlik və yüksək seçici fəallığı
Aprelin 11-də Azərbaycanın ictimai-siyasi həyatında daha bir mühüm hadisə baş verdi. Ölkə vətəndaşları azad və müstəqil şəkildə növbəti müddətə öz prezidentini seçdi. Məlumat üçün qeyd edək ki, ölkənin bir nömrəli postu uğrunda mübarizəyə 8 namizəd qoşulmuşdu ki, bunlar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, millət vəkili Zahid Oruc, ASDP-nin həmsədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və AXCP sədri Razi Nurullayev idi. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan vətəndaş var ki, onlar da respublikadakı 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində öz vətəndaşlıq hüquqlarından istifadə etdilər.
Azərbaycanda keçirilən prezident seçkilərinə daxildə olduğu kimi, beynəlxalq aləmdə də ciddi maraq, diqqət vardı. Bunu seçki prosesini izləmək istəyində olan yerli və beynəlxalq müşahidəçilərin sayından da aydın görmək mümkün idi. Belə ki, aprelin 11-də keçirilən prezident seçkilərini ümumilikdə 59 mindən artıq müşahidəçi izləyirdi ki, bunlardan 58 175 nəfəri yerli, 894-ü isə beynəlxalq müşahidəçi idi. Ümumilikdə, seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında 59 ölkə və 60 beynəlxalq təşkilatdan beynəlxalq müşahidəçi qeydə alınıb.
Səsvermə gününə qədər olan müddətdə ölkə ərazisində aparılan müşahidələr, keçirilən sosioloji sorğular cəmiyyətdə prezident seçkilərinə ciddi maraq olduğundan xəbər verirdi. Həm prezidentliyə kifayət qədər namizədin irəli sürülməsi, həm seçkilərin təbliğat-təşviqat mərhələsində seçicilərlə keçirilən görüşlərdə müşahidə edilən fəallıq bunu deməyə əsas verirdi ki, səsvermə günü yüksək seçki fəallığı müşahidə ediləcək. Elə seçki günü apardığımız müşahidələr də bunu bir daha təsdiqləmiş oldu.
29 saylı Səbail seçki dairəsinin bir neçə məntəqəsində apardığımız müşahidələr belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, 30 seçki məntəqəsinin mövcud olduğu 29 saylı Səbail seçki dairəsi üzrə ümumilikdə 38782 seçici var. Səsvermə müddətində 16, 17, 18, 19 saylı seçki məntəqlərində müşahidə edilən seçici fəallığı vətəndaşların nizamlı olaraq seçki məntəqələrinə baş çəkməsi səsvermə prosesinin uğurla baş tutduğundan xəbər verirdi. Hər bir seçki məntəqəsi səhər saatlarından qapılarını seçicilırin üzünə açıb. Bütün seçki mənətəqələrinə seçki bülletenleri paylanılıb, seçici siyashıları məntəqələrin qarşısına vurulub. Həmçinin seçki məntəqələrində bütün zəruri tədbirlər görülüb, lazımı vasitələrlə təmin olunub.
Müşahidə 29 saylı Sabil seçki dairəsinin 16 saylı seçki məntəqəsində də səhər saatlarından seçici fəallığı müşahidə edilib. Məntəqə seçki komissiyasının sədri Fərhad İsmayılov bildirib ki, məntəqə ərazisində seçici siyahıları üzrə 1380 seçici var. Səsvermə prosesinin obyektiv və şəffaf şəkildə təmin olduğunu deyən məntəqə sədri istər yerli, istərsə də xarici kütləvi informasiya vasitələrinin seçki prosesini normal müşahidə etməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb: “Həmçinin səsvermə prosesini yerli müşahidəçilər də yaxından izləyirlər. Təxminən 18 nəfərə yaxın yerli müşahidəçi səsvermə prosesini müşahidə edir. Onların içərisində həm hakim Yeni Azərbaycan Partiyası, həm də müxalifət partiyalarından olan nümayəndələr var. Eyni zamanda müstəqil müşahidəçilər də seçki prosesini yaxından izləyirlər. Ümumiyyətlə, məntəqədə prezident seçkiləri demokratik və şəffaf şəraitdə davam edir”. Fərhad İsmayılov onu da qeyd edib ki, komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqədə hər cür şərait yaradılıb. Daşınan seçki qutularına gəlincə 16 saylı seçki məntəqəsində daşınan seçki qutularından istifadə edilmədiyini diqqətə çatdırıb. Fərhad İsmayılov hər hansı bir seçicidən bu barədə müraciət olmadığı üçün məntəqəyə daşınan seçki qutuları ayrılmayıb. Ancaq ehtiyac yaranacağı təqdirdə müvafiq dairələrə müraciət əsasında daşınar seçki qutularından da istifadə edilə bilər. Bundan başqa müxtəlif səbəblərdən adı seçici siyahılarında olmayan seçicilər mənəqə seçki komissiyasına müraciət etdiyi halda, dərhal onun müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Əlavə seçici siyahısı müəyyən edilərək vətəndaşın adı həmin siyashıya daxil edilib və onun səsvermə hüququ tanınıb.
Elə seçicilər də bizimlə söhbətində məntəqədə yaradılan şəraitdən razılıq ifadə ediblər. Vətəndaş Ruhiyyə Mehdiyeva deyib ki, seçki məntəqəsində seçicilərin azad və şəffaf şəkildə səs verməsini təmin etmək məqsədilə hər cür şərait yaradılıb: “Məntəqədə bütün demokratik prinsiplər təmin olunub. Səsverməyə gələn seçiciyə heç bir kənar müdaxilə olmadan onun adı seçici siyahısında tapılır, müvafiq proseduru keçdikdən sonra seçki bülleteni təqdim olunur. Və o, müstəqil şəkildə öz seçimini edir”. Ruhiyyə Mehdiyeva deyib ki, seçki məntəqəsində müşahidəçilər üçün də normal şərait yaradılıb və onlar seçkiləri tam aydın, maneəsiz izləyə bilirlər: “Hesab edirəm ki, Azərbaycan xalqı bu dəfə də azad və demokratik şəkildə seçki keçirərək bir daha dünyaya demokratiya nümunəsi göstərəcək. Çünki Azərbaycanda uzun illədir ki, bu ənənə formalaşıb”. Ruhiyyə Mehdiyeva seçkilərdə ən layiqli namizədə səs verdiyini də deyib. Bildirib ki, bir vətəndaş kimi 2003-cü ildən etibarən müşahidə edilən davamlı inkişafa, sabitliyə, bunların fonunda Azərbaycanın sürətli inkişafına səs verib.
9 saylı Binəqədi ikinci seçki dairəsinin əhatə dairəsinə daxil olan bir neçə məntəqədə aparıdğımız müşahidələr də seçkilərin azad və ədalətli şəkildə keçirildiyi gerçəkliyini ortaya qoyurdu. Məlumat üçün qeyd edək ki, sözügedən seçki dairəsi üzrə 37 seçki mənətəqəsi mövcuddur. Ümumilikdə, 9 saylı Binəqədi ikinci seçki dairəsində 49064 seçici var. Müşahidə apardığımız bir neçə məntəqədə səhər saatlarından yüksək seçici fəallığı hiss olunurdu. Elə seçki məntəqələrində müşahidəçi qismində seçkiləri izləyən müxtəlif partiyaların nümayəndələri və müstəqil müşahidəçilər də bunu təsdiqləyiblər.
Qeyd edək ki, Binəqədi ikinci seçki dairəsinin əhatə dairəsinə daxil olan seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb və səsvermə prosesinə gələn seçicilər heç bir müdaxilə görmədən, kənar təsirlərlə üzləşmədən öz səsvermə hüquqlarından istifadə edirlər. Müşahdiçilər bildirirlər ki, səsvermə prosesində heç bir qanun pozuntusu, seçicilərə müdaxilə hallarına rast gəlinməyib. İstər hakim partiyanın, istərsə də müxalifət partiyalarının müşahidəçiləri qeyd edirlər ki, səhər saatlarından səsvermə prosesini yaxından izləyirlər. Hər bir müşahidəçi etiraf edir ki, səsvermə prosesi kifayət qədər obyektiv, şəffaf və ədalətli keçirilir. Həmçinin digər seçki məntəqələri üzrə də eyni sözü demək olar. Səsvermə prosesində heç bir kənar müdaxilə, seçiciyə təsir elementləri ola bilməz və belə bir hal qeydə alınmayıb. Seçki məntəqəsində bütün texniki prosedurların yüksək səviyyədə həll olunduğundan, seçicilər üçün hər hansı bir problem qeydə alınmayıb. Seçki məntəqəsinin girişinə seçici siyahıları asılıb. Səs verməyə gələn hər bir seçici əvvəlcə seçici siyashından adını tapır, sonra bir sıra prosedur qaydalarından keçdikdən sonra səsvermədə iştirak edirlər. Heç bir kənar müdaxilə olmadan seçicilər məntəqəyə gələrək öz seçimlərini edir, prezident seçkilərində yaxından iştirak edirlər.
Ümumilikdə, ölkənin mənzərəsinə və aprelin 11-də baş tutan prezident seçkilərinin gedişinə nəzər yetirdikdə aydın şəkildə onu müşahidə etmək mümkündür ki, həm ayrı-ayrı dövlətlər, həm də xarici mətbuat Azərbaycanda keçirilən seçkilərə böyük diqqət göstərib. Hər halda xarici televiziya kanalları, mətbuatda, internet portallarında verilən materiallarda aprelin 11-də keçirilən prezident seçkilərinin yüksək qiymətləndirilməsi belə deməyə əsas verir. Bir sözlə tam əminliklə deyə bilərik ki, aprelin 11-də Azərbaycanda baş tutan prezident seçkiləri demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində baş tutub. Beynəlxalq və yerli müşahidəçilər də məhz seçicilərin yüksək fəallığını xüsusi qeyd ediblər. Bundan başqa prezident seçkilərinin qanunauyğun və yüksək səviyyəli təşkili, Mərkəzi Seçki Komissiyasının, Seçki İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti barədə müsbət fikirlərin bildirilməsi prosesin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinmədiyini söyləməyə əsas verir. Elə səsvermə müddəti ərzində müşahidə missiyalarının kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalar, təşkil etdikləri mətbuat konfranslarından bunu aydın görmək mümkündür. Əksər beynəlxalq müşahidəçilər 11 aprel prezident seçkilərini demokratik və beynəlxalq standartlara əsasən keçirildiyini təsdiq ediblər. Bununla da xaricdən idarə olunan “5-ci kolon”un faktları təhrif etməklə seçkilərin guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa yönəlik daha bir cəhdi uğursuzluğa düçar olub. Nəticə etibarilə heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiyalar, irəli sürülən iddiaların heç bir öz təsdiqini tapmayıb. Və Azərbaycan vəıtəndaşları azad və demokratik şəkildə öz prezidentini seçiblər.
Qeyd edək ki, 2016-ci il, sentyabr ayının 26-də konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilmiş ümumxalq səsverməsindən (referndum) sonra Azərbaycanda prezidentin səlahiyyətləri 5 ildən 7 ilə artırılıb.