Goranboy, Samux, Göygöl və Naftalanda səsvermə prosesi uğurla davam edir

Aprelin 11-də səhər saat 8:00-da Goranboy rayonundakı seçki məntəqələrində prezident seçkilərinə başlanılıb.Rayonun ərazisində yerləşən 96 saylı Goranboy-Naftalan seçki dairəsinin 40 məntəqəsində, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin isə 28 məntəqəsində seçicilər səs verirlər.

Rayon üzrə qeydə alınan seçicilərin sayı 55 min 949 nəfərdir. Onlardan 2 min 193 nəfəri ilk dəfə səs verən gənclərdir. Seçki dairələrindən bildirilib ki, məntəqələrdə səsvermənin ilk saatlarından seçici fəallığı müşahidə olunur.

Hazırda Goranboy rayonundakı bütün seçki məntəqələrindəki prosesi yerli müşahidəçilər, 96 saylı Goranboy-Naftalan seçki dairəsindəki seçkiləri isə həm də xarici müşahidəçilər izləyirlər.

Prezident seçkiləri Samux rayonunda da seçicilərin fəallığı ilə başlayıb.

102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səsvermə hüququ olan seçicilər səhər saat 8:00-dan etibarən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.

Bildirilib ki, seçki dairəsi Samuxda 44 məntəqədən ibarət olmaqla, rayon üzrə 38 min 510 seçicini əhatə edir. Şəmkir rayonunu əhatə edən 7 məntəqədə isə 6 min 735 seçici qeydə alınıb.

Ümumilikdə seçki dairəsini əhatə edən 51 məntəqədə 45 min 245 seçici var. Səsvermənin gedişini izləmək üçün 9 məntəqədə veb-kamera quraşdırılıb. Bu məntəqələrdə seçicilərin sayı 11 min 309 nəfərdir. Səsvermənin gedişini 440 yerli müşahidəçi, 3 saylı seçki məntəqəsindəki seçkiləri isə 2 xarici müşahidəçi izləyir.

X X X

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində yerləşən məntəqələrdə də səsvermə vaxtında – saat 8:00-da başlayıb.

Dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda dairə üzrə Göygöl rayonuna aid olan məntəqələrdə 37 min 26 nəfər qeydiyyatdadır. Dairə üzrə 50 məntəqə fəaliyyət göstərir ki, bunlardan da dördü qapalı məntəqədir. Mülki şəxslər üçün fəaliyyət göstərən məntəqələrdə səsvermə hüququ olan seçicilərin sayı 35 min 50 nəfərdir. Seçicilərdən 562 nəfəri ilk dəfə səs verən gənclərdir. Seçkilərdə 100 yaşdan yuxarı 4 nəfər iştirak edəcək. Ümumilikdə 9 məntəqədə veb-kameralar quraşdırılıb.

Seçki prosesini izləmək üçün 460 yerli müşahidəçi qeydiyyata alınıb.

X X X

Naftalanın kurort-sanatoriya mərkəzlərində müalicə alan yerli turistlər qeydiyyatda olduqları şəhər və rayonlardakı seçki məntəqələrindən əvvəlcədən aldıqları çıxarış əsasında bu şəhərdə onlar üçün yaradılmış seçki məntəqəsində səs verirlər.

96 saylı Goranboy-Naftalan seçki dairəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda dairə üzrə şəhərdə səs verəcək seçicilərin sayı 4 min 930 nəfərdir. Naftalanda 5 məntəqə fəaliyyət göstərir.

Dairə üzrə Naftalanda iki məntəqədə veb-kamera quraşdırılıb. Seçki prosesini izləmək üçün 50 yerli müşahidəçi qeydiyyata alınıb. Həmçinin 42 saylı seçki məntəqəsində Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən “exit-poll”  keçirilir. AZƏRTAC